İctimai Palatanın inhisarda olması təsdiqləndi

ictimai-palatanin-inhisarda-olmasi-tesdiqlendi
Oxunma sayı: 648

AXCP-nin sədr müavini Razi Nurullayev “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, hər bir şəxsin fikirlərinə hörmətlə yanaşır: "Ancaq, kimin nə deməsindən asılı olmayaraq, bizim üçün Azərbaycan xalqının mövqeyi vacibdir. Artıq xalq İP-ni əsas güc mərkəzi kimi qəbul edir. Azərbaycanın siyasi spektrinin əksər hissəsi İctimai Palatada təmsil olunur. Bu təşkilatın tədbirlərinə, yerli media ilə yanaşı, beynəlxalq medianın da diqqəti böyükdür. Azərbaycanda təmsil olunan beynəlxalq təşkilatlar və xarici səfirliklər də İP-ni nəinki qəbul edir, hətta onunla əməkdaşlıq da edir. Bu bizim üçün əsas göstəricidir. Azərbaycan siyasi səhnəsinə baxanda nə görünür?

Görünür ki, ölkənin ən güclü partiyaları sırasına AXCP və Müsavat daxildir. Bu partiyalar da İP-də təmsil olunur. İP-də həmçinin bir neçə güclü partiyalar, 10-larla QHT, 10-larla tanınmış siyasi xadim təmsil olunur. İP-də AXCP ilə Müsavat əsas güc mərkəzidirsə, bu onların günahı deyil. Bu o deməkdir ki, hər iki partiya gücləri hesabına inhisarçıya çevrilir. Mən bu məsələdə digər təşkilatları günahkar sayıram ki, güclənərək bu inhisarı dağıtmaq istəmirlər. Nə AXCP, nə də Müsavat inhisarçı olmaq məqsədini qarşısına vəzifə qoymayıb. Təbii proseslərin siyasi axarı onları inhisarçıya çevirir. Bunu isə onlara günah kimi yazmaq, ən azından ədalətsizlikdir.

İnhisarı dağıtmaq üçün digər təşkilatlar strukturlaşa, ətrafına çoxlu üzvlər toplaya və nəhayət gəlib İP-yə qoşularaq güclərini ortaya qoya bilərlər. Bu potensiala malik bir neçə partiya var.

AXCP və Müsavat heç bir partiyanın qarşısını almır. İP-yə qəbul prosesi çox şəffafdır. İP daha çox partiyanın bu formatda birləşməsini istəyir. Hər bir partiya, təşkilat və xadim üzv olmaq üçün müraciət edə bilər".

Partiya rəsmisi daha sonra qeyd edib ki, “AXCP sədri Əli Kərimli də artıq bir neçə dəfə vurğulayıb ki, AXCP və İP heç bir müxalifət yönlü qüvvə və birliklərlə münaqişəyə getməyəcək, heç bir birliyin yaranmasına maneçilik də etməyəcək. Azərbaycanda siyasi dəyişikliklərin yaranması üçün fəaliyyət göstərən bütün partiya və bilriklərlə İP-dan kənar əməkdaşlıq ediləcək. Bundan açıq bir ismarıc ola bilərmi? Ona görə də heç kim bizi siyasi münaqişələr, didişmələr və müxalifətarası çəkişmələrə cəlb etməyə çalışmasın”.