“Mənim oğlum sifarişlə həbs olunub”

menim-oglum-sifarisle-hebs-olunub
Oxunma sayı: 1470

Ucar rayon sakini Hüseynova Süsanə Yusif qızı oğlu Fuad Hüseynovun qanunsuz həbs edildiyini iddia edərək “Qafqazinfo”ya müraciət edib. Ucar rayon postunun qarşısında baş verən bıçaqlanma hadisəsinə görə 2010-cu il oktyabrın 14-də həbs olunan Fuad Hüseynovun anası oğlunun günahsız yerə həbs edildiyini bildirib: “Oğlum Fuad Hüseynov Ucar rayon Prokuroru Miramil Ağamirovun, Ucar RPŞ-nin rəisi Tahir Quliyevin və məhkəmə hakimi Çingiz İsgəndərovun sifarişi ilə həbs edilib. Keçən ilin dekabrın 20-dən 2011-ci ilin fevralın 3-ə kimi oğlum bu haqsızlığa qarşı aclıq elan edib. Ürəyində, mədəsində, böyrəyində yaranan problemlərə görə, bu ayın 1-də aclığı dayandırıb. Vəziyyəti çox pis idi. Həkimlər aclığı dayandırmasa öləcəyini demişdilər. Bütün aidiyyatı qurumlara müraciət etmişəm, dəfələrlə mətbuatda bu məsələ işıqlandırılıb. Martın 7-də hazırlıq məhkəməsində vəkillə təmin olunmaması ilə bağlı işini yenidən istintaqa qaytardılar. İstintaqın ikinci dəfə düzgün aparılacağına ümid edib sevindik. Əksinə bu dəfə ona qarşı 6 şahid qoydular. Həmin istintaqı aparan müstəntiqə isə töhmət verdilər”. Süsanə Hüseynovanın bildirdiyinə görə, Ucar rayon prokuroru ilə Fuad Hüseynov arasında münaqişə Fuad Hüseynovun maşınında baş verən oğurluq hadisəsindən sonra başlayıb. O, polisə müraciət etsə də Ucar rayon polisinin rəisi olan Ənvər Quliyev oğruları axtarmaqdan imtina edib.

F. Hüseynovun anası mətbuata, ölkə prezidentinə, onun xanımına, Prezident Aparatının hüquq – mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, DİN-nə yazılı müraciət etdiyini qeyd edib: “Ucar rayon prokurorluğu səhvini heç vaxt boynuna almayacaq. Mənim oğlum azad olunsa Ucar rayon prokurorluğu həbs olunacaq. Çünki cinayətkarın böyüyü Miramil Ağamirovdur. Ucarda cavanları hökumətə qarşı qaldırılar. Korrupsiyanın ən böyüyü Ucar rayonundadır. Xahiş edirəm bununla bağlı ölçü götürsünlər. Mənim oğluma kömək etsinlər, çünki o günahsızdır”.

Səidə Teyyubqızı