Zirəddin böyük ziyarətə gedir

zireddin-boyuk-ziyarete-gedir-
Oxunma sayı: 659



Moskvada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev ziyarətə hazırlaşır. Bu barədə “Qafqazinfo”nun əməkdaşına ekstrasensin özü telefonla məlumat verib. Onun sözlərinə görə, ziyarətə getmək çoxdankı arzusu olsa da, indiyədək bu addımı atmağa özünü hazırlıqlı bilməyib: “Xeyli müddətdir ki, ziyarətə getməyimlə bağlı qərar qəbul etmişdim. Bir çox dostlarım da Məkkəyə, Məşhədə, Kərbəlaya birlikdə ziyarətə getmək təkliflərini etmişdilər. Amma mən özümü ziyarətə getməyə tam hazır hiss etmirdim. Gərək həmin müqəddəs ziyarətgahlara gedəndən sonra o yerlərə layiq olmağı da bacarasan. Ancaq mənim həyatım, fəaliyyət sahəm elədir ki, bəzən ziyarətə getməyimə müəyyən əngəllər yaranır. Məsələn, elə məqamlar olur ki, özümün də arzu etmədiym müxtəlif məclislərə qatılmalı oluram, içkili adamlarla görüşməyə məcbur oluram. Ancaq bütün bunlara baxmayaraq, artıq ruhumda təlabat yaranıb, necə deyərlər, ziyarətə getmək istəyim içimdən gəlib. O müqəddəs yerlər məni çağırır, doğrudan çağırır”.

Z.Rzayevin sözlərinə görə, öncə ziyarətə Məşhəddən başlamaq istəyir, sonra isə Kərbəla və Məkkəyə səfər edəcək: “Məşhəd ziyarətim, inşəallah, bu yaxınlarda baş tutacaq. Fürsətdən yararlanıb ziyarətdən sonra bir neçə gün Ərdəbildə qalmaq, orada Şah İsmayıl Xətainin məzarını ziyarət etmək niyyətindəyəm. Doğrusu, Şah İsmayılı ziyarət eləmək mənimçün böyük şərəf olardı. Sevdiyim yeganə tarixi şəxsiyyətdir ki, onu İmamzadələr qədər müqəddəs sayıram”.

Məşhur ekstrasensin sözlərinə görə, əgər Azərbaycan xalqı bilsə ki, Xətai necə müqəddəs, Allaha yaxın bir insan olub, dar məqamlarında onu “Ya Şah İsmayıl” deyib imdada çağırardılar. “Çünki, Xətai övliyadı, onun məqamı Allah dərgahında çox böyükdü, yüksəkdədi”, - deyə o, bildirib.

Z.Rzayevin fikrincə, bir tarixi və müqəddəs şəxsiyyət kimi Şah İsmayıl onu özünə çox cəlb eləyir: “Səmimi deyim ki, İmam Rzanın (ə), Şah İsmayılın görüşüdü məni oralara çağıran. Hər iki müqəddəslə ruhən də olsa görüşmək istəyirəm”.