Ziya Məmmədov taksilərin planını iki dəfə qaldırdı

ziya-memmedov-taksilerin-planini-iki-defe-qaldirdi
Oxunma sayı: 1382

“Eurovision”dan sonra ölkədə bir sıra sahələrdə bahalaşma olacağı deyilirdi. Bu iddiada olanlar fikirlərini belə əsaslandırırdılar ki, müsabiqənin xərcləri iri şirkətlərin üzərinə qoyulub və təbii ki, onlar da çəkdikləri xərci sonradan sadə vətəndaşın cibindən çıxaracaqlar. Həmişə olduğu kimi…

Artıq proqnozlar özünü doğrultmağa başlayıb. El arasında “London taksiləri” kimi tanınan yeni taksilərdə plan artırılıb. Bu barədə ANN.Az-a həmin taksilərdən birinin sürücüsü məlumat verib. Həmsöhbətimiz bildirir ki, “Eurovision”dan əvvəl onlara qoyulan gündəlik plan 20 manata endirilib: “Ona qədər plan 40 manat idi. Çox adam işlədə bilmədi götürdüyü taksini, qaytardı. Gördülər ki, müsabiqə ərəfəsində xaricdən gələnlərin yanında biabır olacaqlar, planı endirdilər 20 manata”.

Sürücü deyir ki, plan 20 manata endiriləndən sonra yeni taksilərə maraq artıb. Belə ki, həmin qərarın nəticəsində demək olar ki, bütün maşınlar götürülüb və insaf naminə, yaxşı da işləyiblər: “Gündə 20 manat plan çox normaldır. Məsələn, mən gün ərzində təxminən 50-60 manatlıq işləyirəm. Bunun 20 manatını plana, 12-15 manatını yanacağa, 3-5 manatını da yeməyə-suya xərcləyəndə evimə heç olmasa 10-15 manat apara bilirəm. Amma plan 40 manat olanda evə heç nə aparmaq olmur. Onda gərək gecə-gündüz istirahət etmədən işləyəm ki, ailəmin içinə 10-15 manat pulla gedəm”.

Qeyd edək ki, müsabiqədən sonra plan dayanma yerindən asılı olaraq 26 manata qədər artırılıb. Onu da xatırladaq ki, “London taksiləri”nə gündəlik plan qoyulduğunu nə “Bakı Taxy” şirkəti, nə də Nəqliyyat Nazirliyi rəsmən etiraf etmir. Hər iki qurumun yetkililəri israrla bildirirlər ki, sayğac nə yazırsa, sürücüdən onu tələb edirik. Guya sürücülərə əməkhaqqı verilir. Amma bu haqda bir qədər sonra…

Bir neçə gün əvvəl Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov mətbuata açıqlama vermişdi ki, “London taksiləri”nə tələbat həddən artıq çoxdur. “Növbəyə yüzlərlə insan yazılıb ki, “London taksi”si götürüb işlətsin. Gün ərzində 5 nəfər mənə zəng edir ki, “London taksiləri” işlətmək istəyirlər. İndi heç bir ədəd də yoxdur. 1000 ədəd gəlib və hamısı da paylanıb. Əlbəttə, kiminsə etirazı ola bilər və bu istisna deyil. Xoşuna gəlməyib qaytara bilənlər ola bilər”.

Açıqlamadan da göründüyü kimi, nazirlik rəsmisi öz işlərindən razıdır və hər hansı çatışmazlığı etiraf etmək niyyətində deyil.

Təsadüfən əyləşdiyimiz “London taksisi” sürücüsünün yuxarıda qeyd etdiyimiz məlumatlarından giriş edərək bəzi araşdırmalar aparmaq qərarına gəldik. Məlum oldu ki, hələ bunlar azdır, “Baku Taxy” şirkətinin sürücülərə qarşı daha böyük amansızlıqları var. Belə ki, “Eurovision”da gecə-gündüz işlədiklərinə görə onlara “premya” yazılıb. Daha doğrusu, müsabiqədən əvvəl deyilib ki, kim şəhərin mərkəzində gecə-gündüz dayanmağa razı olsa, müsabiqədən sonra ona 100 manat mükafat veriləcək. Bir neçə gün əvvəl müsabiqə ərəfəsində fəallıq göstərən sürücüləri çağırıb mükafata qol çəkdiriblər. Amma onların görüb-görəcəyi elə bazaya gedib imza atmaq olub, mükafat isə verilməyib. Elə əməkhaqları kimi…

Əməkhaqqı demişkən, yuxarıda da bildirmişdik ki, bu barədə yazacağıq. Həm şirkət, həm də nazirlik rəsmiləri dönə-dönə bəyan ediblər ki, yeni taksilərə gündəlik plan qoyulmayıb və onlar sürücüdən sayğac nə yazırsa, onu tələb edirlər. Ayın sonunda isə sürücülərə əməkhaqqı, üstəlik, yaxşı işləyənlərə mükafat verilir. Planla bağlı məsələ artıq aksiomadır və bunu təkzib etmək özünü danmaq kimidir desək, yanılmarıq. Əməkhaqqına gəlincə, bizimlə həmsöhbət olan sürücülər bildirirlər ki, onlara yazılan əməkhaqqı özlərinə çatmır: “Biz ancaq imza atırıq, vəssalam. Hələ gündəlik plan 40 manat olanda dəfələrlə tələb etdik ki, heç olmasa yazdıqları əməkhaqqını da plana çıxsınlar, etmədilər. İndinin özündə də biz əməkhaqqı üzü görmürük”. Sürücülərin dediyinə görə, onlara 300 manat əməkhaqqı yazılır.

Bu yerdə kiçik bir hesablama aparmaq yerinə düşər. N.Həsənov deyir ki, Bakıya gətirilən 1000 ədəd “London taksi”sinin hamısı istifadədədir. Sürücülər isə deyirlər ki, onlardan gündəlik 20 manat plan alınır. Daha doğrusu, onlar həftədə bir dəfə Binəqədidə yerləşən bazaya gedərək günü 20 manatdan olmaqla həftəlik planı ödəyirlər. Bu, o deməkdir ki, “Baku Taxy” şirkətinə hər gün üçün 20 min manat daxil olur. Bu isə ayda 600 min manat edir. Nəzərə alsaq ki, şirkət əməkhaqqı, yanacaq, yemək və s. kimi bütün xərclərdən azaddır, yəni bunların heç birini ödəmir, o zaman ayda 600 min manatın əhəmiyyətli hissəsinin qazanc olduğu üzə çıxır. Bundan əvvəl isə gündəlik plan 40 manat idi və bu da o deməkdir ki, şirkətin aylıq gəliri 2 dəfə çox olub. /Ann.az/