Cib soyqrımı

cib-soyqrimi
Oxunma sayı: 1031


Əvvəllər toylar bütün tanışların, qonşuların, illərdir bir-birini görməyən qohumların biraraya gəlməsi üçün yaxşı fürsət idi. Hər kəs toylarda sözün əsil mənasında doyunca əylənirdi. Zarafat deyil axı hər hansı bir tanışımızın, dostumuzun şad günü bizim də şad günümüz idi. 

Ən az qız köçürən, oğul evləndirən valideynlər qədər biz də sevinirdik. Nə toya “nə qədər pul salacam?” dərdi vardı, nə də “nə geyinəcəm?”. Heç kəs toya moda müsabiqəsi kimi baxmırdı. Qızımın filankəsin qızından nəyi əksikdi deyib geyim dərdi çəkmirdi heç kəs. Qonşunun ziynət əşyalarını taxan, bununla da qohumlara türklər demiş “hava atan” insanlar da yox idi. Amma indi...

Toy dəvətnamələri görəndə “qanımız qaralır”

Sözsüz ki, evə toy dəvətnaməsi gələndə əksərinin halı dəyişir. İstər bahalı şadlıq sarayı olsun, istərsə də ucuz. Toy dəvətnaməsi görəndə ağlımıza gələn ilk sual bu olur “Mən bu toya salacaq pulu hardan tapım?”. Çünki toy məclisində iştirak etmək maddi cəhətdən o qədər də ucuz başa gəlmir. Vay o gündən ki, toy dəvətnaməsi ayda bir deyil, bir neçə dəfə gəlsin. Bax onda əsəblər sözün əsil mənasında tarıma çəkilir.

Övladının toyuna qazanc mənbəyi kimi baxan valideynlər var

Hər bir valideyn öz övladının toyunu görmək istəyir. Təbii ki zamanı gələndə... Amma sırf pul yığmaq məqsədilə övladını vaxtından tez evləndirən, yəni övladının toyuna qazanc mənbəyi kimi baxan valideynlər də az deyil. Bu cür valideynlər nəinki toy, yeri gəldi-gəlmədi hər xırda hadisəyə görə qohum-tanışı ətrafına toplayıb məclis qurur. Üstəlik, bütün bu dəm-dəskahı şadlıq sarayında həyata keçirir. Hələ bu da azmış kimi hər xırda məsələyə görə dəvətnamə yazıb paylayırlar. Əsla məclislərə qarşı deyiləm. Təbii ki, toy etmək hər kəsin haqqıdır. Amma toy etmək, toy tutmaq yox...