Dağ çaylarından daşqın keçib

dag-caylarindan-dasqin-kecib
Oxunma sayı: 650

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 20-21-də Balakən və Qax rayonları ərazisindən axan Balakənçaydan, Kürmükçaydan, Ağçay və Hamamçaydan qısamüddətli daşqın keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-150, Kiçik Qafqazın çaylarında 105-165, Naxçıvan MR çaylarında isə 135-140, ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur, 510-710 faiz təşkil edir.

Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 100 m3/s, ongünlük normanın 82 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 107 m3/s və ongünlük normanın 88 faizini təşkil edib.

Yağan yağışlarla əlaqədar avqustun 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 59 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 162 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 96 m3/s təşkil edib və ongünlük normanın 140 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6 sm, Şirvanda 7 sm, Bankədə 25 sm, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma qeydə alınıb. Salyanda suyun səviyyəsində dəyişiklik baş verməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2011-ci il avqustun 22-də 429 sm), Şirvanda 205 sm (2011-ci il avqustun 22-də 302 sm ), Salyanda 163 sm (2011-ci il avqustun 22-də 299 sm), Bankədə 223 sm (2011-ci il avqustun 22-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2011-ci il avqustun 22-də 158 sm) təşkil edib.

Nigar Məmmədli