Dizinin üstündə qəzet çıxarmağı bacaran oğlan

dizinin-ustunde-qezet-cixarmagi-bacaran-oglan
Oxunma sayı: 634

“Qabil Abbasoğlu dizinin üstündə qəzet çıxarmağı bacaran oğlandır!” Bu sözləri hələ 8-9 il bundan əvvəl jurnalistikamızın digər bir nəhəngi Hikmət Sabiroğlu demişdi. Məncə, hələlik (hələlik ona görə deyirəm ki, onun fəaliyyətinin əsl qiyməti verilməyib. R.K.) Qabil bəyin jurnalistikamızdakı xidmətinə verilmiş ən gözəl qiymətdir. Düz sözə nə deyəsən? Əslində Qabil bəyi nə vaxt tanıdığımı, yəni onunla nə vaxt tanış olduğumun konkret tarixini xatırlamıram. Belə məqamlar insan həyatında çox nadir hallarda olur. Elə bilirəm onunla uzun illərdir tanışıq, dostuq. Amma tanışlığımızın, dostluğumuzun dəqiq tarixi bəlli deyil. Ara-sıra ayaqüstü görüşlərimizi, atüstü söhbətlərimizi saymasaq, heç əməlli-başlı oturub doyunca dərdələşə də bilmiməmişik Qabil Abbasoğlu ilə. Hər dəfə deyirik, bir əməlli-başlı oturub söhbətləşək, danışaq, amma vaxt-vədə imkan vermir, alınmır görüşümüz. Yenə Qafqazinfonu, daha doğrusu Elbrusu sağ olsun ondan müsahibə götürüb, Qabil Abbasoğlunu virtual da olsa dinləməyimizə, bir çox məsələlərə baxışları ilə tanış olmağımıza şərait yaratdı. Əslində uzun illərdir Qabil bəy böyük bir missiyanı yerinə yetirir-oğulluq, vətəndaşlıq, atalıq və jurnalistika missiyasını. Hamısı ayrı-ayrılıqda ağır və şərəfli bir missiyadır. Bunları isə onun sözügedən müsahibəsindən götürdüm:

Bu onun bir vətəndaş olaraq dövlətinə münasibətidir: “Bizim gəncliyimiz, yeniyetməliyimiz müharibə dövrünə təsadüf edib. Biz əyləncə bilmədik. Bizim əyləncəmiz ölkənin, millətin gələcəyi ilə bağlı məsələlər oldu. Biz kiminsə yanında qürrələnmək üçün bahalı maşınlar sürmədik, daha ağıllı ifadələr işlətməklə qürrələndik”.

Bu da onun vətənə, cəmiyyətə münasibəti:”Vətən seçilmir. Doğulursan, orada var olursan, ora sənin vətənin olur. Mən naşükür adam deyiləm. Adamlar tanıyıram ki, 40 yaşı var, özünü dərk edəndən deyinir. Mən də onunla bərabər yaşayıram və özümü dərk edəndən bəri gördüyüm işlərdən zövq alıram. Səmimi olaraq zövq alıram. O adam ölməkdən qorxur, mənsə qorxmuram. Daxilində bir sevgi olmalıdır. Oranqutan balasını sevir, amma meşəni sevmir, qorumur. Fərqimiz ondadır. Bu təbii hissdir ki, hər kəs balasını sevir. Amma axı insan həm də ictimai varlıqdır. Bəs bu yazı-pozu nəyə görədir? Bəşəriyyət niyə kitab oxuyur? Çünki yaxşını tapmağa çalışır.”

Bu da onun bir valideyin kimi övladına münasibəti, digərlərinə də örnək ola biləcək münasibətdir: “Gün səhər” qəzetində işləyən vaxt redaksiyada oturmuşdum. Birdən oğlum zəng vurdu. Dedi ki, ata, riyaziyyatda bir məsələ var həll edə bilmirəm kömək lazımdır. “5x”-lə başlayan bir tənlik dedi. Mən də tənliyi buna izah etdim. O da hələ təzə keçirdi tənliyi, nəsə izahı başa düşmədi, istiqamət verdim. Dedim tap 5x nəyə bərabərdir. Gördüm tapa bilmir. Bir az səsimi yüksəltdim, əsəbi tonla soruşdum ki, Tural, 5x nəyə bərabərdir? Xalid Kazımlı da bizimlə bir yerdə işləyirdi. Bir az kənarda üzbəüz oturmuşdu. Gördüm səsimi eşidib baxır. Girdi içəri, mənə dedi ki, “camaat uşağına “X5”-dən danışır, sən də “5x”-ə görə uşağı danlayırsan”. Mən hesab edirəm ki, mən haqlı idim. Uşağa “5x”-i başa salmaq lazımdır.”

Düşünürəm ki, Tanrı heç nəyini əsirgəmədiyi bu oğlanın başına özü hər gün sığal çəkir, sığal çəkdikcə də saçında bir tel ağarır. Elə bil qurban olduğum bunun saçını da fəhmlə, asta-asta xüsusi bir zövqlə dizayn verir ey. Bunu onun saçına baxanda da aydınca görmək olur...

Amma qəm yemə, əziz qardaşım! Sənin saçının bəyazlaşması da müdrikləşməyinlə, kamilləşməyinlə, daha da peşəkarlaşmağınla bərabər gedir. Hamı da belə olmur ha, bəy! Doğum günün mübarək, Qabil Abbasoğlu!

P.S. Mən səhərin gözü açılmamış bu sətirləri yazarkən məlum oldu ki, Qabil Abbasoğlu digər çox dəyərli jurnalistlərimiz İlqar Rəsul, Anar Yusifoğlu, Mahir Məmmədli və Elbrus Ərudla birgə xudmani bir xaş məclisi qurublarmış. Nuş olsun, dostlar))))