Gənc prorektor məqalə yazdı

genc-prorektor-meqale-yazdi
Oxunma sayı: 3755

“Azərbaycan xalqı indiyədək 2003, 2008 və 2013-cü illərdə keçirilmiş prezident seçkilərində daxili inamına söykənərək prezident İlham Əliyevin namizədliyini dəstəkləyib və siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə edib”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Bakı Avrasiya Universitetinin prorektoru Günhan Hüseynlinin Azərtac-da dərc olunan məqaləsində yer alıb. Məqalədə deyilir ki, ötən 15 ildə Azərbaycan vətəndaşının birmənalı seçimini təmin edən ən başlıca amillərdən biri də ölkəmizdəki siyasi sabitlik və həmrəylik mühitidir. “Bu illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi bu seçimin doğru olduğunu göstərir. 

İnkişaf etmiş ölkələrdə milli sərvətin böyük hissəsini insan kapitalı təşkil edir və iqtisadi artımda intellektual əmək üstün çəkiyə malikdir. Ötən illər ərzində insan kapitalının inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilərək icra olunan bir sıra strategiya, dövlət proqramları və konsepsiyalarda da öz əksini tapıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda elm və təhsilin inkişafı prioritet məsələlər kimi önə çəkilib”.