Suraxanıda Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar

suraxanida-zerife-eliyevanin-xatiresi-anildi
Oxunma sayı: 1058

Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Akademik, Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə göz müayinəsi aksiyası və “İki Ali Dəyəri Birləşdirən Müdrik Qadın” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təşkil edilmiş göz müayinəsi aksiyasında 100-dən artıq sakin 1 №-li Birləşmiş Uşaq Xəstəxanasının, 23 və 24 saylı Şəhər Poliklinikalarının oftalmoloqları tərəfindən müayinə olunublar.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, RİHB-nin müavinləri, şəhid ailələri, rayonun səhiyyə və təhsil müəsissələrinin nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən videoçarx nümayiş olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanı xalqımız sonsuz hörmət və məhəbbətlə xatırlayır. O, qeyd edib ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək üçün səbəb olub. 

Həmçinin YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov bildirib ki, akademik Zərifə xanım Əliyeva milli oftalmologiyamızın banilərindəndir. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan Zərifə xanım Əliyeva xalq üçün, vətən üçün əlindən gələni əsirgəməyərək öz mənalı ömrünü Ulu Öndərə və övladlarına həsr edib.

Milli Məclisin deputatı Etibar Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur və 43 saylı Şəhər Poliklinikasının oftalmoloqu Dürdanə Kəngərli çıxış edərək bildiriblər ki, Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox geniş fəaliyyət göstərib. Eyni zamanda, Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır.

Tədbir Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin “Dan Ulduzu” instrumental ansamblının, Şiraz qrupunun üzvləri Elmar Əmiraslanov və İsa Müseyibovun, əməkdar artist Elçin Nağıyevin, xalq artistiləri Gülyaz və Gülyanaq Məmmədovaların təqdimatında bədii hissə ilə davam edib.