İstifadə müddəti bitmiş insan

istifade-muddeti-bitmis-insan
Oxunma sayı: 3579

Raminə Eyvazqızı

Xose Muhikanın yeri məlum. Siyasətçi, dövlət rəhbəri kimi yox, sadəcə bir vətəndaş kimi nümunə götürmək üçün.  “Dünyanın ən yoxsul prezidenti” adı ilə məşhur olan və hörmət qazanan Xose Muhikanı illər əvvəl Türkiyəyə də gətirmişdilər. Belə bir insanın ölkəyə gətirilməsi və onun dərslərlə dolu fikirlərini Türkiyədə manşetlərə çıxarılması da bir sosial mesaj idi. 

Onun kimi sadə siyasətçini hər kəs ölkəsinə gətirməyi istəməz. Səbəbləri yaxşı bilirsiz. Ona və onun düşüncələrinə baxıb nə deyər həmin ölkənin acgöz məmurları. Utanıb eləməzlər də, amma heç onlara lazım da deyil. Prezident sarayından imtina edən və kənddə sadə həyatına davam edən 82 yaşlı Xose babadan cəmiyyətə bəyanat : “mənə yoxsul prezident” deyənlərə səslənirəm, yoxsul olan gözləri doymayanlardır”.

Bu kişiyə hörmətimin artmasında bir səsbəb də vardı. Onun  üç  ayaqlı iti ilə yaşaması. Adam deyir : “Zəngin olmaq istəyən, axır- əvvəl ruhunu şeytana satar. Var-dövlət qazanmaq istəyi bir xəstəlikdir. Beləsi elə düşünür ki, xoşbəxtlik -bitməyən bir iştahla hər şeyi satın almaqdır. Çox yanılırlar”. 

İndi deyə bilərlər ki, Xose Muhika həbsdə yatıb və bu ona çox yarayıb. Amma biz axı həbsdə yatıb ağlı başına gələn birilərini də görmədik ki, oradan çıxandan sonra da hikmətli sözlərini əzbərləyək. Cəzasızlığa öyrənmiş cəmiyyətdə bu çətin məsələdir.
İndi bu Xose babanı xatırlatmağım tək səbəbi var. Sənə həyatının fürsətini verdilərsə, insanları və onların həyatını etibar etdilərsə, beşini özünə, doğmalarına edəndə, barı birini əmanət olunan insanlara et. Yaxşılıqlar da, pisliklər qədər unudulmur. Hələ bizim kimi sadəlövh insanları olan ölkədə bir məmurun camaatın xeyrinə dediyi qeyri-səmimi sözü belə alqışla qarşılayırlar. Fürsətini qaçıranlar, artıq uduzmuşlardır. O halda gedin, hər axşam pullarınızı sayıb, özünüzü dərmanla yuxuya verin!

***

Yaşlanmaq bəzisinə dəhşətli, bəzisinə kamilləşmə dövrü kimi gəlir. İllərini hədər verib, yarıtmaz olanlar da var. Təhlükəli olanı, başqalarına görə ömrünü satanlar da var. Vəzifədə olub, heç xatırlanmayanların, ağzını açıb özünü biabır edənlərin də aqibəti hüznlü olur. İnsanlar dillərinin altında gizləniblər. Ürəklərini görə bilmədiyimizdən dillərinə görə hörmət qazanırlar.

Daha çox yediyimiz məhsulların istifadəyə yararlı olmağına baxırıq. Birdən xarab məhsuldan yeyib zəhərlənib ölərik deyə. Onsuzda hamımızın dərdi-səri gec ölməkdir. Amma nəticədə öləcəyimzi də yaxşı bilirik. Bəs qocalanadək pislik edənlər bunu niyə anlamırlar? 
Camaata əmanət kimi yox, əmanət kassası kimi baxanların yavaş-yavaş sonlarını izləyirik. Allah da bizi beləcə sevindirir. 

İstifadə olunan və ya istifadə müddəti bitmiş insandan olmağı biləndə gec olur. Qadınlar kişilərdən, kişilər qadınlardan , lap ailə qurmaq adı ilə belə hamı bir-birindən istifadə edir. Cəmiyyət fərdləri elə bu istifadə, yararlılıq xüsusiyyətinə görə bir-birinə bağlıdır. Söz yox, belə də olmalıdır. Bu hərdən söydüyümüz həyatın nizamıdır. Ən ağrılı olanı insanlardan sui-istifadə, öz maraqları, mənafeyi uğruna istifadədir. İstifadəyə yararlı olmadınsa, səni asanlıqla kənara atarlar. Yaşının üstünə yaş gəldisə, halın daha ağlamalı olur. Yaşlananda artıq çox məsələni xatırlamırsan, etdiklərini unudursan, əvvəlki kimi əməl qulu olmursan, kələyinin də effektləri azalır, dost qruplarında hər məsələdən gec agah olursan. Məclislərə pulun bitibsə, heç çağıran da olmur. Artıq istifadəyə yararsızsan. İnsanın istifadə müddəti baldan belə çox az olur. Söhbət təmiz baldan gedir. Xarab olmur, nə vaxt istəyirsən ye. İnsan şəraba da uduzur. Təmiz insan QALİBdir.

Ay qafil insan, niyə sadə yaşamağı bu qədər çətin bilirsən. Niyə doymursan? İkicə gözün var, onu idarə etməyi niyə qəliz sanırsan? Nəfsinə təslim olursan? 

Bizim ölkədə var-dövlətsiz yaşlanmağı da arzulayan insanlar var. Xose babanın tərəfdarları əslində doğru da edirlər. Amma özünü istifadə müddəti keçmiş insan kimi görən yaşlı insanların da çoxu elə bil ölümünü gözləyir. Onlardan siz də görürsüz hər yerdə. Xalq şairimiz Bəxtiyar Vahabzadə demiş: 

Çənə əl üstündə, əl çomaq üstə, 
qocalar əyləşir tin başlarında. 
Yaşıdlar köç edib, cavanlar işdə. 
Tək-tənha oturmaq son əlacları. 
Doqqazlar başında bizim qocalar. 
Düçüncə heykəli, fikir heykəli.

Həmin yaşlı insanların cəmiyyətə heç bir zərəri yoxdur. Yaşlandıqca pul hərisliyi də yaşlananların, sağlığında xeyir verməyənlərin  şər məclisinə gələnlərsə, uzağı 10-15 dəqiqəyə görünüb gözdən itirlər. Ağıllı qocalmaq, ağılla qocalmaq xoşbəxlikdir. O xoşbəxtliyi özünə çox görənlər yazıqdırlar. Yazıq olanda  pul da dada çatmır. Həmin pul ki, qəpik-quruşunu kiməsə verməyə əli də gəlməyib. Vaxtiylə xeyirxahlıq, mərhəmət hisslərini öldürmüşlərin vayı da çox maraqsız olur!