Məhkəmədən “Pokrov Məhərrəm”lə bağlı qərar - Ev dustağı oldu

mehkemeden-pokrov-meherremle-bagli-qerar
Oxunma sayı: 4413

Moskva vilayəti İstra rayon məhkəməsi azərbaycanlı iş adamı Məhərrəm Quliyev barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb. 

“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsilə (dələduzluq) ittiham edilir.
 
Hüquq-mühafizə orqanlarından Rusiya KİV-ə sızan məlumatlarda deyilir ki, Quliyevə istintaq müddətində çoxlu suallar ünvanlana bilər. Çünki o, Moskvanı meyvə-tərəvəzlə təmin edən ən böyük fiqurlardandı.

Söhbət azərbaycanlı milyonçular Qod Nisanov və Zarah İliyevin sahibi olduqları “Fud Siti” bazasının idarəçiliyindən gedir. Onlar bazanın gerçək sahibləri olsalar da, obyektin idarəçiliyi Məhərrəm Quliyevin əlindədir.
 
Əslən Şəmkir rayonundan olan Quliyev “Pokrov Məhərrəm” kimi tanınır. O, bu ləqəbi məşhur “Pokrovsk” bazarını işlədərkən alıb. “Rosbalt”ın məlumatına görə, ötən əsrin 90-cı illərində Məhərrəm və kiçik qardaşı Rövşən Moskva metropoliteninin “Tyoplıy stan” stansiyası yaxınlığında meyvə-tərəvəz alverilə məşğul olublar. Bundan sonra onlar Rusiya paytaxtında daha uğurlu yer seçirlər: “Şeremetyevo” aeroportunda məskunlaşırlar. Həmin ərəfədə isə Ağbaş Çingiz və Sabirabadlı Hikmət kimi nüfuzlu “qanuni oğru”larla əlaqə yarada bilib. Daha sonra isə Rövşən Lənkəranskiylə münasibət yaradıb. 2006 və 2007-ci illərdə Hikmət və Çingiz Moskvada qətlə yetiriləndən sonra Məhərrəm Rövşənin patronajlığı altına keçdi.
 
“Rosbalt”ın yazdığına görə, məhz Məhərrəm kriminal generallara Pokrov bazasının yaratmağı təklif edir və onlardan dəstək istəyir. Və o dəstəyi alır. Bundan sonra Pokrov bazasının yerləşəcəyi ərazi İqor İsayev və Əlisahab Hacıyev adlı iş adamlarından icarəyə götürülür. Qısa zamanda Pokrov bazası Moskvanın ən böyük meyvə-tərəvəz bazarına çevrilir. Və uzun illər belə davam edir. Amma hər şey məlum olaydan sonra dəyişir.
 
Bazanın yerləşdiyi qərbi Bryulovo rayonunda Orxan Zeynalovun Yeqor Şerbakovu öldürməsindən sonra başlayan qalmaqal o qədər böyüyür ki, Pokrov bazarı bağlanır.
 
Pokrov bazasının bağlanmasından sonra yəhudi əsilli iş adamları “Fud Siti”nin əsasını qoyaraq, azərbaycanlıları məhz ora köçürmək istəyirdilər. Amma illərdir Moskva bazarında çalışan həmyerlilərimiz “Fud Siti”yə yox, Domodedovo rayonunda yerləşən və loqistik baxımdan daha əlverişli sayılan “Çetıre sezona”ya üz tutdular. Bunun bir səbəbi də, Pokrov bazasını işlədən Məhərrəmin və onun şəriki Nuruşun məhz bu bazanı seçməsi idi. Məhərrəm uzun illər məhz Rövşən Lənkəranskin patronajlığı altında çalışıb. Həmin bazanın əsl sahibləri Ananyev qardaşları və keçmiş avtoritet Timofey Kurqin olsa da, Moskvada heç kimə sirr deyildi ki, oranın “krışalığını” məhz Rövşən edirdi. Təkcə Pokrov bazasında yox, Moskvada bağlanmış bütün irili-xırdalı bazarlarında çalışan azərbaycanlılar Rövşənin timsalında etibarlı hami kimi məhz bu bazanı seçmişdilər. “Fud siti”nin mağaza və piştaxtaları isə həmin vaxt bomboş qalmışdı.
 
Məlumatda deyilir ki, “Çetıre sezona”nın qara günləri Məhərrəm və ortağı Nuruşun Rövşənə və bazar rəhbərliyinə pul atmasından sonra başlayır. Bir yandan da illərdir Moskvada bazar idarəçiliyi ilə məşğul olan Məhərrəm və Nuruş “Fud siti” rəhbərliyi tərəfindən şirnikləndirilərək, ora cəlb edildilər.
 
“Fud Siti”də, necə-deyərlər, əmin-amanlığı Rövşənin yaxın qohumu Zaur qoruyur. Məhz bu səbəbdən Moskvadakı heç bir kriminal qruplaşma bu bazara girə bilmir. Hətta Lotu Quli belə nə qədər cəhd etsə də, “Fud Siti”yə nəzarəti ələ keçirməyə nail ola bilməyib.
 
İndi ev dustağı olan Məhərrəm isə kriminal “razborka”lardan daha çox haqqında açılan cinayət işi narahat edir.