Nazirlik müasir toxum təmizləmə avadanlıqları alıb

Nazirlik müasir toxum təmizləmə avadanlıqları alıb
Oxunma sayı: 306

Ölkəni yüksək keyfiyyətli taxıl toxumu ilə təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi müasir toxum təmizləmə avadanlıqları alıb.

"Qafqazinfo" xəbər verir ki, Nazirliyin Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsi çərçivəsində alınmış avadanlıqlar Əkinçilik Elmi Tədqiqat İnstitutunun nəzdində toxum təmizləmə məntəqələri kimi fəaliyyət göstərəcək. Saatda 2 ton toxum təmizləmə gücü olan məntəqələrə toxumun ilkin təmizləməsindən başlayaraq, çəki, ölçü və formasına görə çeşidləyən qurğular, dərmanlama aparatları, tərəzi və kisə tikən maşınlar daxildir.

Toxum təmizləmə məntəqələri yeni məhsuldar sortların yaradılması ilə məşğul olan Əkinçilik Elmi Tədqiqat İnstitutunun işlərində keyfiyyəti yüksəldəcək.

Bundan başqa, məntəqələr özəl toxum yetişdirən fermerlərə də xidmət göstərəcək. Toxum yetişdirən fermerlər öz toxumlarını bu məntəqələrə gətirməklə, yüksək keyfiyyətli təmizlənmiş toxum əldə edə biləcəklər. 

İlk məntəqə artıq Qobustan rayonunda Əkinçilik Elmi Tədqiqat İnstitutunun Bölgə Stansiyasında quraşdırılıb. Bu tip məntəqə ölkəmizdə ilk dəfə quraşdırılır. Buna görə də istehsalçı firmanın mütəxəssisləri Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşlarını, eləcə də özəl toxumçuları avadanlıqlarla tanış etmək üçün sentyabrın 14-də Qobustanda seminar keçiriblər.

Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində 6 belə məntəqə açılıb, alimlərə və özəl toxum istehsalçılarına xidmət göstərəcək.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi