“Neftçi”, yoxsa “Xəzər Lənkəran” deyənlər çox oldu? - Sorğu

neftci-yoxsa-xezer-lenkeran-deyenler-cox-oldu-sorgu
Oxunma sayı: 661

Sualımızı ilk olaraq, bir vaxtlar milli komandanın baş məşqçisi olan Şahin Diniyev cavablandırdı: “Heç kəs indidən kimin qalib gələcəyini deyə bilməz. Çünki bu tapmaca deyil, Azərbaycan kubokunun final oyunudur. Bir tərəfdə mövsümü çempionluqla başa vuran “Neftçi”, digər tərəfdə isə uğursuzluqla yadda qalan “Xəzər Lənkəran”. Mən düşünürəm ki, sabahkı final oyunu “Xəzər”in özünü göstərməsi baxımından olduqca vacibdir. Ancaq kağız üzərində favorit “Neftçi”dir. Lakin ümumən götürsək, şanslar bərabərdir”

Sabahkı final qarşılaşması ilə bağlı sualımızı cavablandıran digər bir mütəxəssis “Qəbələ” klubunun keçmiş baş məşqçisi Ramiz Məmmədov oldu. Ramiz müəllim favoritinin olmadığını bildirdi : “Açığı, mənim bu oyunla bağlı konkret bir favoritim yoxdur. Hər iki kluba həm Avropada, həm də milli çempionatda uğurlar arzulayıram”

Təcrübəli futbol adamı Ağasəlim Mircavadov da final oyununa dair fikirlərini bizimlə bölüşdü: “Belə oyunlarda favorit olmur. Bu kubok matçıdır. Yalnız onu deyə bilərəm ki, sabah bizi çox gərgin ya 90 dəqiqə, ya da ki,120 dəqiqə gözləyir. Hər kəsi bu oyuna dəvət edirəm”

AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov “Neftçi” ilə “Xəzər Lənkəran”ın şanslarının bərabər olduğunu və açıq - aşkar üstün tərəfin olmadığını dedi: “Bu kubok oyunudur, hər an hər bir şey baş verə bilər. Şansları 50/50 ə- kimi qiymətləndirirəm. Çünki “Neftçi” bu il çox yaxşı mövsüm keçirdi. “Xəzər” isə hazırda qələbəyə acdır. Ona görə də sizi inandırım ki olduqca maraqlı, çəkişməli bir finalın şahidi olacağıq”

Daha sonra Azərbaycan kubokuna hansı tərəfin daha yaxın olmasını öyrənmək naminə, bəzi futbolçuların fikri ilə də tanış olduq. Yaxın günlərdə “Qarabağ”dan “Bakı”ya transfer olunan millimizin üzvü Əfran İsmayılov “Neftçi”ni bira baş üstün gördüyünü dedi: “Əslində kubok finalında favorit olmur. Hər iki komanda güclüdür ki, finala çıxıblıar. Lakin bununla belə qismən də olsa, mən düşünürəm ki, “Neftçi” qalib gələcək”

“Bakı” klubunun digər yeni bir üzvü Rəşad Abdullayev də tərəflərin şanslarını bərabər qiymətləndirib: “ İndi belə baxanda düşünmək olar ki, yəqin sabah “Neftçi asan qələbə qazanacaq. Ancaq yox, bu əsla belə olmayacaq. Çünki “Xəzər Lənkəran”da olduqca güclü komandadır. Ona görə kimin favorit olduğu barədə söz demək çox çətindir”

Son olaraq möhtəşəm “Neftçi” “Xəzər Lənkəran” finalı barədə öz fikirləri “Qarabağ” və milli komandanın üzvü Vaqif Cavadov da bildirib: “İnanın ki, bu sualı cavablandırmaq mənim üçün çox çətindir. Sözsüz ki, final matçında açıq-aşkar favorit olmur. Ancaq bununla belə, mənə düşünürəm ki, kubok “Neftçi” yə qismət olacaq.”

İqbal