Prezidentdən müxalifətə müraciət

prezidentden-muxalifete-muraciet-
Oxunma sayı: 643

Anspress-in məlumatına görə, Yəmən prezidenti Əli Abdullah Saleh müxalifəti hakimiyyətin təhvil verilməsini müzakirə etmək üçün danışıqlara dəvət edib. “Frans Press” agentliyinin məlumatına görə, Yəmənin dövlət başçısı bu çağırışı Qurban bayramı ilə bağlı çıxışında səsləndirib. O, müxalifət qüvvələrini hakimiyyətin təhvil verilməsi mexanizmi ilə bağlı mübahisəli məsələləri həll etmək üçün danışıqları davam etdirməyə çağırıb.


Yəmən prezidenti müxalifəti ölkədə 10 aydır davam edən siyasi böhranın həllinə mane olmaqda günahlandırıb. “Böhran bir sıra siyasi partiyalar tərəfindən yaradılıb. Onlar qeyri-leqal yollarla hakimiyyəti ələ almağa çalışırlar”, - Əli Abdullah Saleh bildirib.


Yəməndə hakimiyyətin təhvil verilməsi planı Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq Şurası tərəfindən hazırlanıb. Təxminən yeddi ay əvvəl təqdim edilən plana görə, Əli Abdullah Saleh barışıq sazişi imzalandıqdan sonra 30 gün ərzində vəzifəsini tərk etməli və səlahiyyətlərini vitse-prezidentə ötürməlidir. Bunun əvəzində prezidentə və ailəsinə məhkəmə təqibindən immunitet verilməlidir.


Yəmənin siyasi böhrandan çıxarılması ilə bağlı müxalifətlə aparılan danışıqlar sentyabrın ortalarında yarımçıq dayandırılıb. Əli Abdullah Saleh danışıqlar aparmağı öz müavininə tapqırıb, müxalifət isə dialoqdan imtina edib.


Yəməndə 30 ildən çoxdur hakimiyyətdə olan prezident Əli Abdullah Salehin istefası tələbi aksiyalar fevralın əvvəllərindən keçirilir. Qərbi KİV-inin məlumatına görə, indiyədək iğtişaşlar zamanı yüzlərlə adam ölüb, minlərlə yaralanan olub.