Zorlanmış qadınların haqları

zorlanmis-qadinlarin-haqlari-
Oxunma sayı: 645

Kursları təşkil edənlərin amacı qadınlara qarşı zorrakılıq edən kişiləri – onların yaxınlarını silahla necə yola gətirməyi öyrətməkdir. Yəni, deyirlər ki, biri səni vurur, deyək ki, bu, sənin ərin, qardaşın və ya atandır, sən də onu silahla vur, öldür. Görün bu insanlar necə də “ağıllıdırlar”. Zorakılığa qarşı zorrakılıqla cavab verməyi öyrədirlər qadınlara. Amma bu qadınların bir çoxu, onsuz da, cahil qadınlardır. Bildiyiniz psixologiyası pozulmuş, üstəlik də, cahil qafalı bir insanı caniyə çevirmək istəyirlər. Kimsənin ağlına gəlmirmi ki, bu insanları caniyə çevirmək deyil, maarifləndirmək lazımdır? Bu da sizə bizdən daha sivil ölkə hesab etdiyimiz Türkiyə, daha doğrusu, Türkiyə dövləti. Bunun bircə adı var, “zorlanmış qadın haqlarını zorlamaq”.
Çox maraqlıdır, qızını ərə verən ana-ata deyir ki, “ərin sənə söysə də, döysə də sənin ərindir, səsini çıxartma, otur. Ərin səni gecənin saat üçündə bayıra ata da bilər, əlbət ki, bir az sonra barışacaqsan, səsini çıxartma. Ərin evə lülqənbər də gəlsə, səni yeddi sülalənlə bərabər o dünyaya göndərsə də, “isti ocağını” dağıtma”. Qadın yazıq neyləsin? Elə bilir ki, həyat elə belə də olmalıdır. Ər dediyin səni o dünyalıq da edə bilər, amma dinməyəcəksən.

Bizim qonşuluğumuzda yeniyetmə qızını ərə verən bir qadından soruşanda ki, nə tələsiyə düşmüsən? Dedi ki, “onsuz da, qızım oxumayacaq, oxumursa, ver ərə getsin”. Gənc yaşda ərə gedən qız dünyaya gətirdiyi övladı necə tərbiyə edəcək? Bu, bir tərəfə, dünyaya uşaq gətirən azyaşlı qadının sağlamlığı necə olacaq? Bunları valideynlər, əlbəttə, düşünmür. Belə çıxır ki, qadınların başına gələn bəlaların çoxuna səbəb onların cahil valideynlərdir.

Çox uzağa getmirəm, öz valideynlərim ali məktəbi bitirdiyimdə mənə dedi ki, “məktəbi də bitirdin artıq ailə qurmaq vaxtıdır, bəs nə vaxt ərə gedəcəksən?”. Hər dəfə Bakıdan evə gedəndə qohumlarım mənə sual verirdilər ki, “nə vaxt gedirsən, istəyənlərin varmı?” Məni bu suallar o qədər bezdirmişdi ki, evimizə getmək istəmirdim. Sanki, plan doldurursan, ali məktəbi bitirdinsə, mütləq ərə də getməlisən.
Bizim bəzi qadın haqları ilə məşğul olan təşkilatlarımız var. Mənim tanışlarımdan bəziləri də bu təşkilatlarda işləyirlər. Təşkilat xaricdən maliyyə dəstəyi alsın deyə, döyülmək, söyülməklə uzaqdan-yaxından əlaqəsi olmayan insanları, öz tanışlarını cəlb edir, guya, bu qadınlar hüquqları tapdanmış qadınlardır. Gözlərinin altı boyalarla rənglənmiş qadınların bir-iki şəklini də çəkib sosial şəbəkələrdə yerləşdirirlər. Adını da qoyurlar ki, ciddi bir işlə məşğul olurlar.

Bəs bütün bu məsələləri kim tənzimləməlidir, bu problemləri həll etmənin yolu nədir, qızını tələm-tələsik ərə verən valideynləri, arvadını, yaxınını döyməyi özünə vəzifə borcu sayan zorrakı, cahil kişiləri, evdə qız-oğlan ayrımı edib, oğlunu tərbiyəsiz, ağzı söyüşcül, kobud böyüdən anaları kim maarifləndirməli, ağıllandırmalıdır?

Suallarımızın cavabını kimə soruşaq? Hər şeyi dövlətdən istəməkdə nə qədər haqlıyıq? Bilmirəm. Bircə onu bilirəm ki, qadın olmaq dünyada ən çətin vəzifədir. Qadın Haqları Gününüz mübarəkdir, qadınlar!