İcra başçısı zorlanan qızdan danışdı –Açıqlama

-icra-bascisi-zorlanan-qizdan-danisdi-aciqlama-
Oxunma sayı: 693

Son günlər ölkə gündəminin əsas mövzularından birinə çevrilən Zərdabda məktəbli qızın zorlanması ilə bağlı məsələyə rayonun icra başçısından da reaksiya gəlib. Hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Zərdabın icra başçısı Lütvəli Babayev bildirib ki, zorlandığı iddia edilən məktəbli Əminənin nə valideynləri, nə də özü son vaxtlara qədər faktla bağlı şikayətçi olmayıblar: “Uşaq yanvarın 27-də doğulub. Bir həftə də xəstəxanada qalıb. Nə bu hadisə baş verəndə, nə də uşaq doğulandan sonra heç bir şikayət olmayıb. Uşaq valideynlərin və Əminən təkidli tələbindən sonra Gəncədəki uşaq evlərindən birinə təhvil verilib. Bundan sonra məsələ rayonda icra hakimiyyətinin azyaşlılar üzrə komissiyasında, rayon Səhiyyə şöbəsinin verdiyi rəsmi arayış nəticəsində müzakirə edilib. Valideynlərdən və qızdan şikayətçi olub-olmadıqları soruşulub. Onlar izahat veriblər ki, heç bir şikayətləri yoxdur. Şikayət olmadığı üçün hər hansı addım atılmayıb. Sonradan onlar martın sonunda Respublika Prokurorluğuna şikayət ərizəsi yazıblar” .

İcra başçısı deyib ki, bütün hallarda baş verən hadisə ilə bağlı qanuni ölçü götürülməsini istəyir: “Artıq bu işlə bağlı bizdə olan şifahi məlumatlara görə Respublika Prokurorluğu tərəfindən cinayət işi açılıb. Qanun necə tələb edirsə, o şəkildə də ölçü götürüləcək. Lakin bu ailə məsələsidir. Bu hadisəni törədən də onların öz qohumu, əmisi oğludur. Təəccüblüdür ki, nə hadisə baş verən zaman, nə də hamiləlik dövründə heç bir döyülmə, fiziki zorakılıqla bağlı şikayət etməyiblər”.

L. Babayev bildirib ki, Əminənin özünün reablitasiyası, digər bacılarının isə təhsil almaları ilə bağlı heç bir problem yoxdur: “Biz ailəyə lazımı dəstəyi verməyə hazırıq. İcra Hakimiyyəti də bu məsələyə həssas yanaşır və onun bacılarının təhil almasına heç kim mane ola bilməz. Hər hansı problem varsa biz onu həll etməyə hazırıq” .