14 mərtəbəli tikili tarixi binaya birləşdirilir? - Fotolar

14-mertebeli-tikili-tarixi-binaya-birlesdirilir
Oxunma sayı: 4809

Bakının Nəsimi rayonu Həzi Aslanov küçəsi 56 ünvanında yerləşən tarixi binanın sakinləri həmin tikiliyə bitişik inşa edilmiş çoxmərtəbəli bina ilə bağlı vəziyyətdən şikayətçidirlər.

Bina sakinləri adından “Qafqazinfo”ya müraciət edən vətəndaş İlahə Məcidova bildirib ki, dövlət qeydiyyatında olan tarixi binanın yanında tikilmiş 14 mərtəbədə artırmalar edilib.

O, “Konsul MTK”nın tikinti zamanı qanunvericiliyin tələblərinə məhəl qoymayaraq 2-ci mərtəbədən 14-cü mərtəbədəyək normaları pozduğunu iddia edib: “MTK tərəfindən yeni bina tikilərkən bizim bina ilə arasında FHN-in tələbinə uyğun olaraq mühafizə zonası qoyuldu. Belə ki, birinci mərtəbənin divarı ilə bizim binanın divarı arasında boşluq saxlanıldı. Lakin növbəti mərtəbələrdən, yəni 2-ci mərtəbədən 14-cü mərtəbəyədək artırmalar edərək bizim bina ilə bitişik formada tikintini davam etdirdilər. Binaların arasında yerləşən mühafizə zonasını da sonradan zəbt etdilər. Araya darvaza salaraq tarixi binaya bitişik şəkildə tualet tikiblər. Həmçinin oraya 5 tonluq su çəni yerləşdiriblər”.

Şikayətçi əlavə edib ki, yeni tikilmiş binanın tarixi binaya bitişdirilməsi təhlükəli vəziyyət yaradır: “Hündür binalar zəlzələdə yellənmək xüsusiyyətinə malikdir. Əgər yeraltı təkanlar olarsa, həmin bina dərhal bizim binanı dağıdacaq. Həmçinin hazırda yaşadığımız bina dövlət tərəfindən mühafizə altında olan tarixi binalar siyahısındadır. “Tarixi və mədəniyət abidələrinin mühafizəsi haqqında” Qanunun 10-cu maddəsinə əsasən, abidələrin bədii və estetik görkəminin dəyişilməsi, məhv edilməsi, onlar üçün təhlükə yarada bilən genişləndirmə, təmir-tikinti, təsərrüfat və digər işlərin aparılması qadağandır. Buna baxmayaraq “Konsul” MTK tariximizə qanunsuz müdaxilə edir. Bir sıra məmurlar də qanunu pozaraq onlara dəstək olurlar”.

İlahə Məcidova məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də daxil olmaqla ümumilikdə 12 dövlət qurumuna müraciət etdiklərini bildirib: “Müraciətlərimizə baxmayaraq, binalar arasındakı məsafəni zəbt edənlər barəsində tədbir görülmür və yaradılmış vəziyyət aradan qaldırılmır. Dəfələrlə qəbula yazılsaq da, bizi qəbul da etmirlər. İcazəsiz inşa edilmiş bu artırmalar insanların həyatını təhlükə qarşısında qoyur”.

İddialarla əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat xidmətindən mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, Nəsimi rayonu, 341-cı məhəllə, Tolstoy Topçubaşov və H.Aslanov küçələrinin kəsişməsindəki torpaq sahəsi Bakı Çəhər İcra Hakimiyyətinin 103 saylı, 13.05.2004-cü il tarixli Sərəncamına əsasən tərtib edilmiş 13.08.2004-cü il tarixli 191 nömrəli ayrıca aktına əsasən “Konsul” MTK-nın istifadəsinə verilib: “Həmin ünvanda Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər Tikintiyə icazə və Qeydiyyat Müfəttişliyi tərəfindən verilmiş 31.12.2008-ci il tarixli icazə əsasında tikinti-quraşdırma işləri aparılıb və hazırda bina uzun müddətdir ki, istismar edilir. Qeyd edirik ki, Nəsimi rayonu, H.Aslanov küçəsi 56, mənzil 3 ünvanda yaşayan vətəndaş İlahə Məcidovanın şikayəti əsasında yuxarıda qeyd olunan ünvana baxış keçirilərkən MTK tərəfindən sanitar qovşağının uzun müddət öncə tikilməsi və su çəninə metal boru dayaqlarının quraşdırılması məlum olub.

Bununla əlaqədar yaranmış narazılığın aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısına 02 oktyabr 2023-cü il tarixli məktubla müraciət edilib. Müraciətə cavab olaraq bildirilib ki, vətəndaş İlahə Məcidovanın müraciəti əsasında sözügedən ünvana baxış keçirilib və ona məxsus mənzilin MTK-ya ayrılmış torpaq sahəsinə aid olmadığı, sözügedən tikilinin isə uzun illər öncə mövcud olduğu və MTK-nın texniki işçiləri üçün təsərrüfat otağı kimi istifadə edilməsi qeyd edilib”.

Problemlə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrəndik. RİH-dən müraciətimizə cavab kimi bildirildi ki, İcra Hakimiyyətinin əməkdaşları qeyd edilən ünvanda dəfələrlə olub: “Müvafiq qurumlarla birgə şikayətlərlə bağlı həmin ünvanda olmuşuq. Orada tualetin tikildiyi ərazi “Konsul” MTK-ya sənədlə məxsus olan sahədir. Dəfələrlə şikayətçiyə hüquqları izah edilib və hüquq müstəvisində şikayətini edə biləcəyi deyilib”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, artıq qurumun əməkdaşları həmin ünvanda olublar: “Ötən ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 56 ünvanında yerləşən memarlıq abidəsi olan yaşayış evi ilə “Konsul” MTK tərəfindən inşa olunmuş bina arasında su çəninin quraşdırılmasının qarşısının alınması və iki bina arasında olan darvazanın sökülməsi barədə vətəndaşın müraciəti əsasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları qeyd olunan əraziyə yerində baxış keçirib. Baxış zamanı iki bina arasında dəmir darvazanın, eləcə də əlavə qurğunun quraşdırıldığı faktı öz təsdiqini tapıb. Məlum olub ki, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan yerli əhəmiyyətli memarlıq abidəsinə yaxın bina 2008-ci ildə inşa olunub. Məsələ ilə əlaqədar qanunvericiliyə uyğun birgə tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına məktub ünvanlanıb”.

Nizam Rza