22 yaşında Estoniyada nazir olan azərbaycanlının - həyat hekayətləri, IV hissə

22-yasinda-estoniyada-nazir-olan-azerbaycanlinin-heyat-hekayetleri-iv-hisse-
Oxunma sayı: 1851

İstedadlı telejurnalist, yazıçı-publisist Zakir Sadatlı 12 il axtarışdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınmış simalarından olan Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı əsərinin əlyazmasını gizli arxivlərdən üzə çıxardıb və onu dilimizə uyğunlaşdıraraq çap etdirib.

Məlumat üçün bildirək ki, XX əsr Azərbaycan tarixinin ensiklopediyası adlandırılan bu əsər çox ciddi və maraqlı faktlarla zəngindir. Əsərdə XX əsin əvvəllərində Cənubi Qafqazda, İranda və Türkiyədə baş verən proseslər əks olunub. Kitabda Əziz Alpoudun Məhəmmədəmin Rəsulzadənin, o cümlədən digər demokratik respublika qurucularının ünvanına şok ittihamları, onları satqınlıqda ittiham edən fikirləri yer alıb. Olduqca maraqlı və qalmaqallı məqamların yer aldığı kitabın elektron versiyası müəllif tərəfindən “Qafqazinfo”ya təqdim olunub. Biz kitabı bu gündən hissə-hissə çap etmək fikrindəyik. Kitabda yer alan fikirlərlə bağlı müzakirələrə qoşulmaq istəyənlər öz rəylərini göndərə bilərlər.

Beləliklə, kitabın üçüncü hissəni ixtiyarınıza veririk:



Türkiyə Birinci Dünya müharibəsinə qatılır


İstəmədiyimiz baş vermişdi-Türkiyə də müharibəyə girmişdi. Səbəbini bilmirdik. Qəzetlərin yazdığına görə, Qoben və Breslau adalarında almanların iki hərbi gəmisi Türkiyə limanlarına sığınmış və sonra da Türkiyə bayrağı altında Qara dənizə keçərək Rusiyanın Odessa limanını atəş altına almış və geri qayıtmışdı. Bax beləcə də, Türkiyə müharibəyə qatılmış oldu.

Bir gün Türk yoldaşlarımızdan biri dedi ki, stansiyadan Batuma gedən qatarda evlərinə dönən Türkiyə türkləri var. Çox maraqlandım.O vaxta qədər Türkiyə türklərini görməmişdim. Bir faytona minib, stansiyaya getdim. Qapıçıya pul verib, icazə almışdım.O da məni çölə buraxmışdı. Stansiyada, həqiqətən də, bir Batum qatarı dayanmışdı. Mən dərhal vaqonları gəzməyə başaldım. Bir maşinistdən soruşdum:”Burada Vətənlərinə qayıdan türklər varmış, haradadır onlar?” Maşinist üçüncü təbəqə adamların mindiyi vaqonu göstərdi:”Bax , burada!”-dedi. Sevincək içəri girdim.Çox kasıb geyinmiş iyirmi-otuz nəfər kişi, başlarında yastı fəs, ayaqlarında köhnə ayaqqabı, yanlarında heybə və torbaları, oturub siqaret çəkir, söhbət edirdilər. Mən salam verdim. Onlar üzümə belə baxmadan salamımı aldılar. Ancaq əynimdə rəsmi lisey forması , başımda lisey şapkası olduğundan mənə çox da əhəmiyyət vermədilər. Bəlkə də, öz-özlərinə:”Müsəlman deyildir”-deyə düşündülər. Mən birinin yanındakı boş yerə oturub, onların söhbətlərinə qulaq asdım, amma nə danışdıqlarını o qədər də yaxşı anlaya bilmədim. Ancaq birisi , yarı gürcü, yarı rus dilində:”Pursçik” (çörəkçi) dedi. Təəssüfləndim.Onlarla dərdləşmədən çıxıb getdim. Halbuki, onlara :”Liseyi bitirmək üzrəyəm, bitirəcəm, tibb təhsili alıb, sonra Türkiyəyə gəlib, Orduda həkim olacağam”-demək istəyirdim. Ancaq onlar bəzən Türk sözləri işlənən başqa bir ləhcədə danışırdılar.Olmadı, dərdimi deyə bilmədim, onları sevindirəmmədim: ”Mən də sizin qardaşınızam,təhsilim tez bitsin, sizə gələcəyəm”-deyə bilmədim. Arzum ürəyimdə qaldı...
Kədərli halda liseyə döndüm. Halbuki, dərdimi danışmaq üçün orada siqaret tüstüsünə, ayaq qoxusuna fikir vermədən oturmuş, yaxınlıq görmək,doğmalıq göstərmək istəmişdim. Olmadı... Olmadı...
İlk dəfə türkiyəli qardaşlarımla danışacaq, dərdləşəcəkdim... Bir neçə gün dərsdə, yataqxanada bunu düşünüb, kədərlənirdim. Axı, atam sağ ikən bizə bir əmi gəlirdi, onunla bir-birimizi başa düşürdük... Yazıq!..
Müharibə get-gedə qızışırdı. Bir gün çox sevindirici bir xəbər eşitdim. Mazur bataqlığında (göllərində) Hindenburq rusları mühasirəyə almış, üç rus ordusunu məhv etmiş, bir çox generallarını da əsir götürmüşdü. Bu xəbəri qəzetdə necə də yazmışdılar. Halbuki, güclü bir senzura vardı...
Türkiyə cəbhəsindən də rusların lehinə bir xəbər gəlmirdi. Üstəlik, qışda bizi sevindirən, ancaq bizim milliyyətcə rus olan müdir müavinimiz Yastrebovu dəli edən bir xəbər gəldi.O vaxtdan Yastrebov elə hey mənə sataşırdı:”Sizin türkləri məğlub edəcək, İstanbulu alacağıq...” Mən də uşaq ağlımla ona qəzəblənərək:”Hə... ə... alarsız! Hələ bir az gözləyin, türklər necə zəfərlər qazanacaq”-deyə Yastrebovla mərcə girərdim.
Belə söhbətlərimizin birinin əsnasında Yastrebov yenə də mənə sataşdı:”Mənim dediyim olarsa, sən mənə bir kilo şokolad alacaqsan.”Mən də onu cavabsız qoymadım:”Mənim dediyim də olarsa, siz mənə bir kilo şokolad alacaqsınız.”-dedim.
Halbuki, nə qədər mənasız bir söhbət olduğunu sonradan anladım, ancaq artıq olan olmuşdu.Uşaqlıq!..

Sevinc

Soyuq bir qış səhəri türk dostlarımdan Abbas-Əli Kazım gəldi və məni qucalayıb, öpərək:”Gözün aydın, qardaşlarımız Sarıqamışı aldılar!..”-dedi.
-Hardan öyrəndin bunu, qəzetlər axı heç nə yazmır-deyəndə, cibindən “Molla Nəsrəddin” jurnalını çıxardı.
-Bax , gör nə yazır”-dedi:”Ey,camaat! Bilməzsiniz başıma gələni. Mənim bir qələmim vardı, özü də sarı qamışdan. Bu gün yazarkən sındı... Ah, Sarıqamış, vah Sarıqamış!..”
O gün biz Türklər bayram etdik, ruslar isə çox narahat oldular. Dostlarımın dediyinə görə, şəhərdə, xüsusən də, zabit ailələri arasında, böyük bir təlaş, narahatçılıq varmış.Hamısı:”Türklər gəlir...”-deyə, Qafqazı tərk etməyə hazırlaşırmışlar.Səhəri gün tezdən müdir müavini Yastrebov bizi zala yığdı və dərslərin dayandığını dedi; təhlükə var deyə, liseyimizin yataqxana hissəsi Şimali Qafqaz Stavropol liseyinin binasına köçürüləcəkmiş.İndi hamı evinə gedə bilər.Yola icazə kağızını növbətçi müəllim verəcək. Dərslərin Stavropolda nə vaxt başlayacağını ayrıca bildirəcəkdilər.
Bunları həyəcanla başa saldıqdan sonra Yastrebov öz otağına getmək üçün yanımızdan uzaqlaşdı. Mən arxasınca qaçdım və dəhlizin başında ona çatıb:”Necə, şokoladı mən qazandımmı?”-deyəndə,Yastrebov dayandı, qızardı və mənə baxaraq:”Xain! Sinəmizdə ilan bəsləyirik!”-deyə, qışqırdı.
Ətrafıma yığışan Türk yoldaşlarım Yastrebovu sakitləşdirərək: ”Uşaqdı, sizinlə zarafat edirdi”-deyə, onu uzaqlaşdırdılar.Sonra məni əhatəyə alaraq :”Sən əməlli-başlı uşaq imişsən. Allah bəlasını versin bu rusların, heç düşünmədinmi ki, başına nə oyun açarlar... Nəyinə lazım, hissini içində saxla, əlbət bir gün vaxt gələr, açıq-aşkar sevinərik...” Yoldaşlarımın dediklərinin doğru olduğunu başa düşdüm, amma o, namussuz Rus xəfiyəsində çoxdandı heyfim vardı.
Heç unutmuram, bu axmaq adam bir gün az qala başımı bəlaya salacaqdı. Keçən il bir axşam bir neçə yoldaş məndən xahiş etdilər ki:”Sən balacasan və Yastrebov da həmişə səninlə zarafatlaşır.Onun yanına get və bu axşam üçün dövlət opera teatrına getməyə icazə al”-dedilər. Dərslərimizi hazırlamışdıq, ona görə də getməməyimizə heç bir səbəb yox idi.Onsuz da bazar axşamı idi. Tələbələrin adını yazdım və Yastrebovun yuxarı mərtəbədəki evinə qaçdım.Yastrebovu evində tapdım. Kefi yaxşı idi və heç bir etiraz etmədən imzaladı. Sən demə, o axşam operetta (Geyşa) oynanılırmış.Yoldaşlarım bunu mənə deməmişdilər. Halbuki, operettaya (heç bir eyib tərəfi olmayan, hətta baletdən belə) lisey tələbələri, xüsusən də, ümumiyyətlə, tələbələr (yüksək məktəbləri çıxmaq şərtilə) gedə bilməzdilər. Biz səkkiz nəfərlik bir lojaya girib, oturduq. Pərdə qalxanda “Geyşa” operettasının oynandığını gördüm.Yoldaşlarım hamısı məndən beş-altı yaş böyük, həyatlarından məmnun halda mənə baxıb, bic-bic gülümsəyirdilər. Mən ömrümdə ilk dəfə operetta görürdüm.Əvvəllər düşünürdüm ki, operettada eyib şeylər söylənir (bizə belə başa salmışdılar), halbuki, burada heç elə bir şey yoxuydu.Yalnız əyləncəli idi, vəssalam.Oyunları, hərəkətləri, mahnıları və əcayib rəqsləri ilə bizləri güldürürdülər.

Birinci pərdə sona çatdı. Mən ətrafa boylandım, bizdən başqa heç bir tələbə yox idi. Aman Allah!Birdən növbətçi müəllimlərdən biri bizi görsə, nə olacaq- deyə düşünürdüm. Elə bu vaxt ikinci pərdə açıldı və onu da izlədik.Üçüncü pərdə açılacağı vaxt lojamızın qapısı açıldı və içəri formada növbətçi müəllim girdi:”Batdıq!”-deyə düşündüm. Ancaq yoldaşlarım boy-buxunlu, bığlı cavanlar heç veclərinə də almadılar.İcazə kağızını müəllimə uzatdılar.”Bu necə işdi, nə cəsarətlə, hansı nizamnaməyə əsaslanaraq müdir müavini belə bir icazə verir?”-deyə , deyinirdi. Növbətçi müəllim:”Dərhal teatrı tərk edin. İcazə kağızı məndə qalacaq, lazımi yerlərə xəbər verəcəyəm”-deyə , əlavə etdi. Ancaq bizim cavan yoldaşlar heç əhəmiyyət belə verməyib:”İcazə kağızımız var, deməli baxmağa da haqqımız var”-deyə, təkid etdilər. Amma az sonra teatrı tərk etmək məcburiyyətində qaldıq.

İş bununla qurtarmadı.Yuxarı dairələrdə sıxışdırılan Yastrebov bu dəfə bəladan qurtulmaq üçün israrla deyib:”Mən heç kimə icazə vermədim. Mənim imzamın quyruğu var, halbuki, bunda quyruq çox qısadır.” Yəni bu məqamda mən saxtakarlıq etmiş sayılırdım. Məsələ müəllimlər yığıncağında da müzakirə olunub.Orada da yenə sinif rəhbərimiz və Latın dili müəllimim Şamov məni müdafiə edərək:”Bu uşaq saxtakarlıq etməz, mən onu yaxşı tanıyıram”-deyib. Bir ara Şamov özü Yastrebova çox əsəbiləşdi. Mən ona :”Haqqımı tələb edəcəm, Yastrebovu məhkəməyə verəcəyəm”-deyəndə -“Bu iş mənlikdi, çox israr etmə, o da çaş-baş qalıb, neyləyəcəyini bilməyib və belə deməli olub”-deyə, məni sakitləşdirdi. Müəllimlər yığıncağında isə məsələnin üstündən keçib, ört-basdır etməyi münasib biliblər. Hamı Yastrebovun yalan dediyini anlayıbmış.
Bu məsələdən sonra tələbələr arasında Yastrebovun heç bir etibarı qalmamışdı. Bir çoxları onun çar rejiminin gizli casusu olduğunu deyirdi.

Tiflisi tərk edirəm

Bir dəfə teleqramla evdən pul istədim. Ertəsi səhər Tiflisdən gedirdim. Artıq buradakı təhsilim sona çatmış, yenisinə, daha doğrusu, axırıncı sinifin son üç ayını Stavropol şəhərində yerləşən yataqxanalı liseydə davam etdirəcəkdim. Bakıya gəldiyim vaxt türklərin üzü gülürdü. Fəqət bu gülüş təəssüf ki, uzun müddət davam etmədi.Mən Stavropol liseyinə çatdıqdan az sonra Sarıqamış fəlakətini eşitdim.Gecə yerimə girəndə hirsimdən ağladım. Niyə Allah bizə kömək etmir deyə... Yaradana yalvardım:”-Nə olar, sən bizə kömək et, qurtar bizi ruslardan...”

Stavropol liseyinin ərazisi bizim liseyin ərazisindən daha genişdi. Şəhərdə həm boş ərazi çox idi, həm də yer düz olduğundan bu kimi tikililərin ərazilərinin geniş olma imkanları da çox idi. Əslində, Stavropol Tiflisdən, bəlkə, də on dəfə balaca idi. Ancaq küçələri çox təmiz idi. Xüsusən də, liseyin hamamı çox geniş və səliqəli idi. Hər tərəfdən çox işıq düşürdü. Orada yuyunmaqdan xoşum gəlirdi. Qış burada olduqca sərt və bol qarlı keçdiyindən, qısa bir vaxtda hər tərəfi qar örtürdü. Biz küçəyə həftədə bir dəfə çıxdığımıza görə, qışı bir o qədər də hiss etmirdik. Ancaq bizim “Mixako” (Yastrebovun adı Mixail olduğuna görə, yoldaşlar ona bu adı qoymuşdular) liseydən kənarda yaşamaq məcburiyyətində qaldığından, hər gün qara bata-bata gəlirdi.Boyu da balaca olduğundan , xüsusən, gülməli hala düşürdü.Yoldaşlarım bir gün gülə-gülə içəri girdilər:”Xəbəriniz varmı? Mixako çuxura düşüb”. Hamı sevinirdi.Gecə yağan qar yolun kənarında qazılan kanalın üstünü örtübmüş. Mixako da düz bu yerdən keçmək istəyərkən ora düşüb. Kanal dərin olmayıb, amma qar yağdığından oradan çıxmaq çətin olub. Mixako hər keçən tələbəyə yalvarırmış:”Mixakonuza kömək edin də... çıxsın.”
O qədər qorxubmuş ki, artıq özü-özünə Mixako deyərək, tələbələrin ona yazığı gəlməsini istəyirmiş.Nəhayət, tələbələr onu çıxarıblar. Bizi görən kimi yalvardı:”Görün, nə haldayam, yıxıldım.Mənə bir xatirə olaraq çəlik alın”. Ancaq heç birimiz onu sevmədiyimizdən, buna cəhd belə göstərmədik.

Stavropol liseyinin müdir müavini (Ukraynalı) sarışın,yekəpər bir adam idi. Bizə Latın dili dərsi deyirdi.(Köhnə müəllimlərimiz Tiflisdə qalmışdılar) Çox ədalətli bir insan idi. Heç bir haqsızlıq etməzdi.

Çəhrayı sünbül

Şəhərdə bəzən kinoya gedərdim. Burada Tiflisdəki kimi böyük teatr binları yox idi. Şəhər əhalisi xeyli qarışıq idi: ukraynalılar,qalmıqlar,Şimali qafqazlılar, ruslar... Məni Şimali Qafqazlı bir ailə ilə tanış etdilər. Şənbə günü çay süfrəsinə dəvət etmişdilər. Bunlar orta yaşlı ər-arvad idilər.Uşaqları yox idi. Ona görə məni evlərində görməkdən çox şad olmuşdular.Mən də hörmət əlaməti olaraq bəzi şənbə günlərində saat üç-beş radələrində onlara baş çəkər, bir az milli münaqişələrdən, müharibənin gedişindən danışar, çay içərdik.

Bir gün axşam bunlara gəlmişdim.Qapını on beş yaşlarında kürən bir qız açdı və məni tanıyırmış kimi salamlayıb, içəri dəvət etdi.Otağa girən kimi Həmzə bəylə arvadı qızı mənə bacısı qızı kimi təqdim etdilər: Məltəm! Qız türkcə bilmirdi. Mən də çərkəz dilini bilmədiyimə görə Məltəmlə rusca danışırdıq. Halbuki, dayısı ilə arvadı Azərbaycanın bir çox vilayətlərində olmuş və türkcə ikisi də olduqca yaxşı bilirdilər.Qızla çox tez bir vaxtda dost olduq.Çox tərbiyəli qız idi. Tanınmış bir ailənin qızı imiş. Aulları (dağlıq kənd) uzaq deyildi.”Yayda bizə gəlin, atam və böyük qardaşımla ova gedərsiniz”-deyirdi ,Məltəm. Dəvətinə görə təşəkkür etdim. Bəyəndiyimiz kitablardan,çiçəklərdən söhbət etdik.O,qızılgülü- özü də al olanını, mən isə sünbül çiçəyini sevdiyimi dedim, xüsusən, qoxusuna valeh idim.

Bir gün Məltəmin dayısı bizi xizəklə sürüşmək üçün “Arxiyerey bağçası”nın qarla örtülü bir təpəsinə apardı. Bakıda qar yerdə çox da qalmadığı üçün o vaxta qədər xizəklə heç sürüşməmişdim.Hava soyuq idi. Amma həyəcandan soyuqu heç hiss etmirdik. Məltəm arxadan iki əli ilə belimdən yapışmış, yüksək təpədən sürətlə aşağı enərkən isə heç qorxmurdu. Şirin uşaq səsi ilə:”Sizinlə sürüşərkən heç qorxmuram”-deyirdi. Artıq liseyə qayıtmaq vaxtı gəldiyindən dayısına çox təşəkkür edib, oradan ayrıldıq.

Sonuncu sinfin dərsləri çox ağır olduğundan bir neçə həftə heç yerə getmədən çalışdım. Bir gün günortadan sonra yenə də dərslərlə məşğul olduğum vaxt aşağı sinif tələbələrindən biri gəldi və: ”Sizi qapıçı çağırır”-dedi.”Görəsən nə olub?”-deyə, qapıya tərəf getdim.Qapıçının yanında on yaşlarında balaca bir qız uşağı dayanmışdı.Qapıçı məni ona göstərən kimi, qız əlindəki kiçik bağlamanı mənə uzadıb qaçdı. Mən heç ağzımı açıb:”Haradan, kimdəndir?” soruşana qədər qız qaçıb küçədə gözdən itdi. Mən bağlamanı yazı stolunun üstə qoyub açanda içindən gözəl, açıq çəhrayı rəngli sünbül çiçəyi çıxdı.Bağlamada nə bir ad, nə də bir işarə vardı. Bunu kimin edəcəyini öz-özümə düşündüyüm vaxt ağlıma böyük təsərrüfat malları mağazasının satıcı qızları gəldi. Hamısı da sarışın rus qızları idi. Bunlar mənim vitrinlərə baxdığımı görən kimi uzaqdan öpüş göndərib, əlləri ilə gözlərimə işarə edərdilər.Yəqin onlar mənimlə oyun oynamaq istəyiblər... Neyləyəcəkdim mən bu gözəl çiçəyi? Bir stəkan su doldurub, çiçəkləri içinə qoydum.”Səhər şənbədir, çiçəyi Məltəmə apararam, sevinər,”-deyə öz-özümə plan qururdum.

Şənbə günü günorta çayına Məltəmgilə getdim. Çiçəyi də incə bir kağızla dəstələdim. Məltəm gülər üzlə qapını açdı. Əl verib görüşdükdən və kef-əhvalını soruşduqdan sonra gülü ona uzatdım.Qəfildən qızın rəngi saraldı ,gözləri yaşla doldu və mənə heç nə demədən qaçdı və bir də ortalıqda görsənmədi. Dayısı arvadı Məltəmin nasaz olduğunu dedi. Mən də təsdiqləyərək rənginin solğun olduğunu dedim.Çay süfrəsindən sonra ev sahibləriylə sağollaşıb, qaytıdım.

İki həftə sonra bir şənbə günü yenə Şimali Qafqazlı tanışımgilə gəldiyim vaxt Məltəmi onlarda görmədim.Vəziyyətinin necə olduğunu soruşanda da dayısı arvadı gülümsəyərək , Məltəmin axırıncı dəfə onlara gəldiyim günün səhərisi-bazar ertəsi evlərinə qayıtdığını dedi. Sonra da mənə:”Xətrinə dəydiniz Məltəmin, çox kədərləndi...” Mən də səbəbini soruşdum. Neyləmişdim, məndən niyə küsmüşdü? Yoxsa ona çiçək verdiyimə görə küsdü? Vallah mən ona bir dost kimi çiçək verdim.Onu mənə dünən kimin göndərdiyini də bilmirəm. Hər halda yoldaşlarım mənimlə zarafat ediblər. Mən də, bu gözəl güllər liseydəki rəfimdə solmasın deyə Məltəmə gətirdim.Görəsən, bir qəbahətmi işləmişəm? Dayısı arvadının birdən siması ciddiləşdi və mənə: ”Səhvlik olub, balam. Siz bunu bilmədən etmişsiniz. Məltəm isə onun sizə göndərdiyi gülləri ona qaytardığınızı düşünüb, kədərləndi və ağladı. Bir daha sizinlə görüşmək belə istəmirdi. Yazıq!O, qızcığaz sizə sevdiyiniz gülü göndərib, siz də heç fərqinə belə varmamısınız...”

O gün çox kədərlənmişdim. Ancaq bununla belə əlimdən heç nə gəlmirdi.Onsuz da qızlara ayırmağa vaxtım da yox idi. Buna baxmayaraq, bu hadisə məni təsirləndirdi...
Müharibə davam edirdi.Stavropol bələdiyyə binasının zallarından birində böyük bir xəritə asılmışdı: müharibənin vəziyyətindən asılı olaraq işarələr müharibə zolağı boyunca irəli-geri çəkilirdi. Boş vaxtlarımda xəritələri öyrənməklə məşğul olurdum. Rusiya üçün vəziyyər get-gedə daha da pisləşirdi.Almaniya ilə müttəfiqləri xeyli uğur əldə edə bilmişdi. Avstriya-Macarıstan ordusundakı slavyan mənşəlilər vuruşmur, fürsət tapan kimi ruslara təslim olurdular. Bütün bunlara və müttəfiqlərinin köməyinə rəğmən, rus ordusu geri çəkilməyə davam edirdi. Belə ki, bələdiyyədə zəfər nümayiş etdirmək ümidilə asılan xəritələri əllərindən gəlsə, divardan qoparacaqdılar... Son vaxtlar isə geri çəkilmələri xəritədə olduqca gec göstərirdilər. Birinci Dünya Müharibəsində sürətli irəliləyişlər qeydə alınmır, ordular yavaş-yavaş irəliləyir, ancaq buna baxmayaraq, insan tələfatı çox olurdu. Bir ara tərəflər zəhərli qazlardan da istifadə etməyə başladılar. Ancaq bəzi hallarda əsən külək zəhərli qazı elə onu atanın öz üzərinə aparırdı.

Rusların ermənilərə vədi

Müharibənin gedişində rusların müvəffəqiyyət qazanması xalq arasında narazılıq yaradırdı. Artıq əvvəlki despotik rejim qalmamışdı. Rus ordusuna “Böyük Hayıstan” (Böyük Ermənistan) vədi ilə axın edən ermənilərin Türkiyə cəbhəsində sayları artırılır, durmadan önə çəkilirdilər... Ruslara yaltaqlanmaq üçün də türk kəndlərində inanılmaz qətliamlar törədirdilər.

Azərbaycan türkləri bunların qarşısını almaq üçün Rusiya hökümətinə müraciət etmişdi. Rusların kimsəyə bir şey verməyəcəyi hala öyrənmiş ermənilərin başçıları, xüsusən də,”Daşnaq” partiyasının adamları, zavallı erməni millətini fəlakətə sürükləyirdilər. Ruslar “Böyük Ermənisatn” nağılını Türkiyədəki ermənilərə də çatdırmışdılar.Onları da Türkiyəyə qarşı baş qaldırmağa, daxili ixtişaşlara sövq edirdilər. Erməni milləti və başçıları daha sonralar rusların oyununu anladılar, lakin bu da xeyli gec oldu. Bir dəfə dost olan hər iki milətin arasına kin və nifrət toxumu səpmiş; ikincisi də ermənilər yaxşı bir gələcək qurmayan və qurmaq fikri də olmayan ruslar xeyli sonralar Duma üzvü Milyukovun ağzı ilə açıqlanmışdı:”Biz ermənizis , Böyük Ermənistan qurmaq niyyətindəyik”-demişdi...

Dövlət buraxılış imtahanları

İlk bahar yaxınlaşırdı. Qar əriməyə başlamış, ətraf kirli ağ rəngə boyanmış, küçələr isə büsbütün çamur içində idi.Ətraf kəndlərdən gələn nəqliyyat şəhərin küçələrinə daşıdığı palçığı tökürdü.Onsuz da təmizliyə baxan da yoxu idu.Gənclər müharibədəydi, yaşlılar isə kəndlərədə işləyirdilər. İşçi tapmaq, hələ bir küçə də təmizləmək artıq iş sayılırdı. Apreldə Pasxa tətilində Bakıya getdim.Tətildə liseydə qalıb, dərslərə hazırlaşmaq daha faydalı idi. Onsuz da may və iyun aylarında dövlət buraxılış imtahaları başlayacaq və bir ay davam edəcəkdi...

Nəhayət, imtahanlara başladıq.”Yazılılar” çox çətin idi. Amma öhdəsindən gəldim. Hər yazılı imtahandan sonra Kiçik gölə gedər, qələmimi ora atardım.Nədənsə bu mənə gələcək imtahanlar üçün cəsarət veridi. Xeyli müddətdi ki, bir yəhudi ailəsinə gedib-gəlirdim. Liseyli dostum Nevoloviçin evi idi. Mən o zaman yəhudilərə acıyır və onları ruslardan qorumağa çalışırdım. Xüsusən də, yəhudilərə qarşı rusların tətbiq etdikləri “poqromlar”(ani basqın və qırğın) və hələ “Beylis davası” adı altında uzun müddət məhkəməsi davam edən məhşur dava ilə bağlı (guya, bir rus uşağının Beylis başını kəsmiş və qanından yəhudi pasxasında çörək bişirmişdi) yəhudilərin haqsızlığa uğradıqları qənaəti, mənim fikrimə hakim olmuşdu.

Nevoloviçin və əslində, bacısının da soyadları Penknoviç idi. Nevoloviç soyadını babasından almışdı. Çarlıq zamanı Rusiyada yəhudilər arzu etdikləri universitetlərə girə bilməzdilər.Yalnız bir istisna ilə, yəni müharibədə “Georgi” xaçı olan yəhudinin uşaqları üçün yol açıq idi. Nevoloviçin babası da bir medal aldığına görə, dostuma məhkəmə yolu ilə öz soyadını vermiş və övladlığa götürmüşdü... Yəni babasının oğlu olmuşdu...

Hipnoz təcrübəsi

Günlərin bir günü onlarda oturduğumuz zaman, hipnozçu olan bir qohumları mənə xitabən:”Siz də hipnoz edə bilərsiniz, gözlərinizdə belə bir güc sezirəm”,-dedi və belə bir təcrübə etməyimi təklif etdi. Necə edəcəyimi mənə anlatdıqdan sonra ,qarşıma Nevoloviçin bacısı İda Perknovnanı oturtdu. Mən də onun gözlərinin içinə diqqətlə baxaraq, içimdən:”Mənim adımı yaz” əmri verdim.Təbii, bu əmri verən anda dodaqlarım əsla tərpənmirdi. Az sonra İda trans halına gəldi, önündəki masaya bir kart qoyduq, əlinə də qələm verdik. Mən eyni şeyi içimdə təkrarladım.Nəhayət, qızın əli oynamağa başladı və qələm rus dilində “Aziz” yazdı. Doğrusu, bu uğuruma özüm də çaşmışdım.O, mənə tövsiyyə etdi:”Bu işi davam etdirin!” onsuz da həkim olacağıma görə mən də belə qərar vermişdim. İndi ayrıca hipnoz üzərində çalışım deyə, başımda planlar qururdum...
İmtahanları uğurla başa vurdum... Necə də sevinirdim, necə də!.. On ildən bəri gözlədiyim an, nəhayət, gəlmişdi. Buraxılış imtahanlarını verdim, artıq ali məktəb tələbəsi ola bilərdim. Əlimdə diplomum Stavropoldan çıxıb “Kafqazskaya” stansiyasına gəldim. Az sonra Moskvadan gələn ekspresə minərək, Bakıya yola düşdüm.
Bakıda məni böyük bir sevinclə qarşıladılar. Doğmalar, qohumlar hamısı təbrik etdi. Hədiyyələr verildi... Hələ bacım Sürəyya dərhal Bakının məhşur dərzisinə- polşalı Barinskiyə, mənim üçün kostyum sifariş etdi.

Avestafa (Ağstafa) səfəri

Yayda Şimali Qafqaza getdik.Dəmirsuda (Jeleznovodsk) bacımgilin villaları vardı. Birində də biz yerləşdik. O yay yenə də Dilican bölgəsinə getdik.Velosipedlərimizi baqaja vermişdik.Səhər tezdən Qarakilsəyə çatmağımız çox yaxşı olmuşdu. Bizimkilər dilijans, ya da faytonlarla gələcəkdilər.Yusiflə mən baqajdan velosipedlərimizi götürüb yağladıq, təkərlərin havasına baxdıq və sonra minib Dilicana doğru sürdük. Heç yorulmadan , yollarla dincələ-dincələ, gözəl turş sulardan içə- içə bizimkilərdən bir neçə saat əvvəl Dilicana çatdıq və kiçik körpünün yanında ayaq saxladıq. Bu körpü mənim üçün çox əzizdi. Balaca uşaq olanda anam mənə bu körpünü göstərib:”Səni bu körpünün altında tapdıq”-deyərdi. Mən də inanır, hansı tərəfindən tapdıqlarını göstərməsi üçün yalvarırdım...

Təbii ki, hamı gülüşürdü. Dilicana çoxlu ana qohumlarım gələrdi.Çünki Qazax kəndlərinin yaylaqları olan Əyriqara (Eğrikar) Dilicandan keçib gedilirdi.
Bir gün buradan keçən qohumlardan biri bizi- yəni Yusiflə məni Qazax şəhərinə dəvət etdi.O özü faytonla gedirdi, bizsə, velosipedlə... Yol rahat olduğundan , biz qısa bir zamanda atla gedərkən uzaq görünən məsafəni qət etdik. Qazaxda seyr etməli bir şey yox idi, yalnız qohumlarımız Binnət dayının gözəl bağçası vardı. Orada oturub, istirahət etdik, yemək yedik; bir az da dincələndən sonra Ağstafa çayına getdik- balıq ovuna. Lakin heç nə tuta bilməyib, geri qayıtdıq.Gecəni Qazaxda qaldıq. Ağcaqanadlar çox rahatsız etdi. Sabah alaqaranlıqdan yola çıxdıq. Bir ara “Mollaqayası” deyilən yerin yaxınlığından keçdik. Bizimkilərin dediyinə görə, (təbii əfsanəydi) bir gün molla ordan keçərkən qarşısına ayı çıxır.O qorxur və Allaha yalvarır:”Ulu Tanrı, sən məni ayıya yedirtmə!” Tanrı da duasını qəbul etmiş, onu və ayını daşa döndərmişdir. Bax , o gün- bu gün qayaya çevrilmiş molla durub gözləyir.Gözləyir ki, Tanrı onu nə vaxt yenidən insana döndərəcək. Bu iman məsələsidir: Bəlkə də bir gün oldu. Ayı daş olaraq qalar, amma imanlı Türk canlanar və qurtular!..

Şossedə qabağımızca qoyun sürüsü irəliləyirdi. Arxasınca toz buludu yüksəlirdi. Bunlara çatanda, necə keçib gedəcəyimizi düşünürdük. Həlli müşkül məsələydi; çünki yolu tam tutmuşdular. Karvansaray kəndinə gəldiyimiz vaxt çobanlar ayaq saxladılar; qoyunları yolun kənarındakı otlağa buraxdılar, beləcə də biz toz- dumandan qurtulduq.

Kənd əhvalatları

Üç il əvvəl də Hüseyn və Sarı adlı oğlanlarla buradan keçmişdik. İyun ayında imtahanları başa vurub, Hüseynlə ikimiz Salahlı kəndinə gəlmişdik. Stansiyada bizi qarşılayan Qasım dayı atları ağacın kölgəsində bağlayıb, hazır dayanmışdı. Kür çayını atla keçdik. Bu, çox həyəcanlı bir keçişdi. Atlarımız axına qarşı və yuxarıya doğru üzürdü. Amma güclü axın onları asta-asta geriyə itələyirdi. Belə ki, atlarımızı qarşıdakı bəlli bir istiqamətə məcbur etdiyimiz halda, ancaq səkkiz-on metr aşağıdan çıxa bilirdik. Atlar bu üzüşə alışdıqları üçün çaya haradan girib, haradan çıxmaq lazım olduğunu özləri yaxşı bilirdi. Bizim vəzifəmiz atları rahat buraxmaq və ara-sıra başının suya batmaması üçün yüyəni yuxarı çəkməkdi... O qədər!..

Günəş yandırırdı.Qarayazı meşələrinə çıxdıqdan sonra, yolçuluğumuz lap açıqda, düz bir çəmənlikdə- günəşin altında keçdi. Belə ki, Salahlıya girdiyimiz zaman, qan-tər içində üzür, haradasa , susuzluqdan yanırdıq. Bizi qurtaran çay oldu: durmadan elə hey çay içirdik. Nəhayət, güclü tər gəldi və ancaq ondan sonra rahatlandıq. Kənd yaylağa köçmüşdü, hər evdən yalnız əkinləri biçəcək və az bir miqdarını döyəcək qədər adam qalmışdı.Heyvanların çoxu yaylaqda idi. Onlar avqust ayına qədər otlaya-otlaya, yavaş-yavaş dağların qarlı təpələrinə doğru dırmanacaqdılar. Ancaq arxada saxlanılan bir neçə yük cöngəsi (bir yaşdan yuxarı dana), bir neçə inək evin dolanışığı üçün və yük heyvanları idi. Biz Hüseynlə qaldığımız bir neçə gün ərzində Kürün bir qolu olan və bulaqlardan qidalanan Qarasuya gedib balıq tutardıq.Qarmağımız arvadlardan aldığımız və ocağın közündə əyib düzəltdiyimiz iynədən ibarət idi. Bir dəfə qarmağa böyük bir çəyirtkə taxıb, suyun sakit yerinə tulladım. Birdən nəsə güclü bir şey var- qüvvə ilə əlimi aşağı dartdı və mən də yuxarı çəkdim. Birdə nə görsək yaxşıdı, suyun üstündə yastı quyruğunu çırpan böyük bir yayın baılğı çıxdı.Tilovu sürətlə geri çəkəndə, balıq daha da qüvvətli çırpınmağa başladı. Sevindiyimizdən biz də balıq kimi tullanıb düşür, gözlərimizə inamırdıq. Hər ikimiz balığın üstünə vaxtında tullandıq, çünki o tilovdan qurtulub, suyu tapmağa çalışırdı. Onu vedrəyə atsaq da , hər dəfə tullanıb, kənara düşürdü. Həmin gün 60-70 santımlıq yayın balığı ilə kifayətlənməyə məcbur olduq. Təbii ki, qadınlar bizim yayın balığına baxmaq belə istəmədilər, gözəl Kür balığı varkən yayın balığı yeyilərmi? Həm də haqlıydılar.”Kür balığı” dedikləri 15-20 santım uzunluğunda, ətli, qısa bığlı, pulcuqsuz, adını bilmədiyimiz balıq növüdür. Bu balıq içi təmizləndikdən sonra, qaynar suya salınar və pörtlədiyi vaxt çıxarılardı. Üstünə duz səpib yeyirdilər. Doğrudan da, çox ləzzətli balıq idi.Yadıma gəlir ki, bu balıqları böyük qardaşım Əli liseyin son sinfindəykən yoldaşları ilə Dilicvandakı leysan yağışlardan sonra daşmış çaya girib suyun üzərinə çıxmış balıqları şalvarlarının balağına doldurar, kənara çıxıb yerə boşaldardılar.Təbii ki, şalvarlarının ayağını iplə bağlayırdılar, yoxsa əlləri boşa çıxardı...

Bir gün axşam tərəfi Hüseynlə taxıl biçilən tarlaya getdik.Uzaqdan -isti havanın səssizliyi içində, qulağımıza qəribə bir səs gəldi, sanki haradasa çəpiş mələyirdi... Dayanıb dinlədik.

Bəlkə, çəpişə hansısa bir heyvan hücum edirdi... Səs gələn tərəfə qıvraqca yüyürdüyümüz vaxt, taxıl zəmisindən tanış kəndlilərdən biri çıxıb, bizə uzaqlaşmaq üçün işarə verdi. Biz istiqamətimizi dəyişdik və yan tərəfdən kişiyə doğru getdik.Ona yaxınlaşanda, aralıda quyruğu üstündə şahə qalxmış və çəpiş kimi səs çıxaran böyük bir ilan gördük.Tükümüz ürpəndi. Mən ilk dəfəydi ki, belə bir ilan görürdüm. Kişi bir neçə dəfə daş atsa da, ancaq ilanı vura bilmədi, daşlar yan keçdi. Bu ilanın adı zınqırovlu ilan imiş... Çox da zəhərli olurmuş. Bir daha tarlaya getməyə həvəsimiz qalmadı. Hələ tüfəngsiz qətiyyən...

Salahlı kəndində bir həftəyə kimi qalıb, əməlli-başlı yanıb qaralmışdıq. Nəhayət, hamı köçə hazır idi.Yəni kəndin ikinci köçü başlayacaqdı.

Hər bir cöngə üçün iki buğda dolu çuval hazırlanmışdı. Arabalara, qoşqu heyvanlarına dönə-dönə göz gəzdirilirdi. Kənarda səyyar dəmirçi körüyü qurulmuş, atların, qoşqu heyvanlarının nalları yoxlanılır, bəziləri təzədən nallanır, arabaların təkərindəki dəmir çarxlara baxılır, köç əhli dayanmadan çalışırdı. Mənzərə çox gözəl idi. O anı təsvir edə bilmək üçün ya rəssam, ya da ki, ədib olmalıydın, ancaq məndə nə rəsssamlıq qabiliyyəti, nə də həmin anı təsvir edə biləcək ədəbi səriştə vardır. Göy üzü gecənin qaranlığında göz qırpıb oynayan parlaq ulduzlarla dolu idi. Qaranlıqda ikitəkərli arabaların siluetləri görünürdü. Ara-sıra, səyyar dəmirçi pul kimi qızarmış dəmiri ocaqdan çıxarıb, suyun içinə atdığı vaxt, qığılcımlar may böcəyi kimi ətrafa yayılır və gecənin qaranlığında yox olurdular. Çəkiclər vurulmağa başlayanda da , o vuruşda xoş bir nəğmə duyulurdu... Arabir yanan ocağın alovları səyyar dəmirçinin heybətli, iri bədənini uzun, sevimli ağ saqqalına işıq salır, əlindəki böyük çəkici göylərə dəyəcəkmiş kimi görünürdü. Bütün bunlar gözəl bir hekayəni xatırladırdı. Nəhayət, gecə yarısına yaxın bütün hazırlıqlar başa çatmış, öküzlər arabalara qoşulmuş, yüklər yüklənmiş, bəzilərinin üstü kilimlərlə örtülmüş, atlar yəhərləndikdən, Tanrıya şükür duası oxunduqdan sonra atlılar qabaqda, arabalar arxada yola çıxdıq...
Bax, elə bu qoyun sürülərinin tozundan qurtulduqdan sonra, mən bu hekayəti Yusifə danışdım.Danışdıqca da yolumuz qısaldı və nəhayət, Dilicana çatdıq.

Tartu universitetinə qəbul olmağım və səfərim

Avqust ayında Tiflisə getmək lazım gəldi: Təhsilimin son üç ayını Stavropolda davam etdirdiyim halda, diplomumu Birinci Tiflis Klassik Liseyindən (müharibə ərəfəsində Aleksandar Birinci Tiflis Liseyi adı verilmişdi) almağım lazım idi.
Tezdən Tiflisə gəlib ,axşam qatarı ilə də Bakıya qayıtdım.Çox sevdiyim Latın dili müəllimim Şamovu gördüm. Müəllimlərim hamısı mənə uğur dilədilər.Təşəkkür edərək ,onlardan və xüsusən də Türk dostlarımdan ayrıldığıma görə kədərləndim. Amma bu həyat qabağa getməyi tələb edirdi.
Mənimlə bərabər liseyi türk dostlarımdan Teymur Əliyev və Bəhram Məlikşahnəzərov da bitirdilər. Onların hər ikisi Qarabağ vilayətindəndilər. Çox yaxşı dostlar idi. Xüsusən Teymuru çox istəyirdim. Lakin nə yazıq ki, müstəqillikdə yollarımız ayrıldı; mən sağa, onlar isə sola dönmüşdülər... Diplomu Bakıdan Dorpat (Estoniya) Universitetinə göndərdim və Tibb fakultəsinə qəbul olunmağımı xahiş etdim. Qısa vaxtda qeydə alma başa çatdı və mən uşaqlıqdan bəri arzu etdiyim fakultənin tələbəsiydim... Artıq oktyabr ayını səbirsizliklə gözləyirdim.
Vaxt düşündüyümüzdən daha tez ötür. Sentyabr ayının sonuna yaxın Dorpata yola düşdüm.O zamanlar tələbələrin bəlli formaları vardı. Mənimçün də rəsmi şapka, palto və pencək tikilmişdi. Bunlar hamısı da qalın parçadan idi; palto tünd mavi, pencəksə qaraydı. Pencəyin qızılı düymələrinin üstündə çarlığın xüsusi elementləri vardı. Bir zamanlar bu düymələrin ucbatından başıma iş açıla biləcəyini haradan biləydim?..
Qafqaz stansiyasında gözlənilmədən qatardan endim. Stavropola baş çəkib, tanışlar, dostlar və müəllimlərlə vidalaşacaqdım. Elə də etdim. Stavropola axşam gəldim. Otelə getdim. Artıq azaddım, lisey tələbəsi deyildim. Ertəsi gün səhər liseyə gedərək müdir, çox sevdiyim müdir müavini, müəllim və tələbə dostlarla görüşüb vidalaşdım. Müdir müavini ukraynalı idi, sarı saçlı, uzun sarı saqqallı, mavi gözlü və gülərüzlü bir kişiydi. Xətrimi çox istəyirdi və qarşıda, gözləmədiyim anlarda böyük köməkliyi dəyəcəkdi mənə.
Məltəmgilə də baş çəkdim, ancaq onu görmədim.Salam söylədim. Hava qarışmışdı. Ələkdən süzülürmüş kimi narın payız yağışı yağırdı. Ertəsi gün səhər yoluma davam etdim. Rusiyaya ilk dəfəydi ki, gedirdim.Qatarla hələ üç günlük yolum vardı. Rostovdan Xarkova, oradan da Moskvaya çatdıq.
Moskva gözəl bir şəhər deyildi, amma rusların dediyinə görə (Sorok Sorokovin) qırx dəfə qırx kilsəsi olan yerdi. Bilmirəm, həqiqətən də o qədər kilsəsi vardı, ya yox, amma bol olduğu üzdəydi. Narın qar yağırdı. Faytona minib, Nikolayevskiy stansiyasına sürdürdüm. Bu stansiya geniş və gözəldi. Qatarın yola düşəcəyini gözləyərkən yemək salonuna keçib oturdum və ofisianta yemək gətirməsini söylədim. Borş gəldi. Şorbanı içdikdən sonra ətini yemək istədim.Ət gözümə pis dəydi.Ofisinatı çağırdım:”Bu, nə ətidir?”-deyə soruşanda, gördüm ofisiant birtəhər oldu və sualıma cavab vermədən:
-Siz müsəlmansınızmı?-dedi.
-Bəli!-deyəndə, ofisiant üzr istədi.

Sən demə, ofisiant Kazan türklərindənmiş və mənim də türk olduğumu bilməmişdi. Mən qalxdım, ürəyim bulandı, tualetə getdim və qusdum. Amma artıq iş-işdən keçmişdi.Yemək mənə haram oldu.
Qatar hazırdı, yola düşməzdən yarım saat əvvəl keçib yerimdə oturdum. Ekspreslərdə yerlər hamısı kuşetli olduğu üçün, geniş olan yataqlarda gecə çox rahat yatmaq olurdu.Moskvadan Peterburqa (hərb illərində Petroqrad adlandırılırdı) gedən yol dümdüz idi. Rəvayətə görə, bu dəmiryolunun proyekti hazırlanarkən mühəndis əlində xəritə Çar I Nikolayın yanına getmiş və yolun necə keçməsini əmr etdiyini soruşmuşdur. Buna səbəb isə qarşıya çıxan bataqlıqlar və başqa maneələrmiş. Çar mühəndisə xəritəni ona verməyi söyləmiş və çertyoju əlinə alaraq, Moskvadan Peterburqa doğru bir xətt cızaraq:”Bax belə olacaq”-demişdir... Dərdini anlada bilməyən mühəndis, yolu böyük bir xərclə çarın cızdığı xətt üzrə çəkmişdir.

Bir ara yolda güclü qar yağmağa başladı.Demək, artıq buraların qışı başlayırdı. Halbuki, indi Bakıda günəşli hava olmalı idi.Ürəyim sızladı. Təhsil məsələsi bais olmasaydı , doğrusu, mən buralara gəlməzdim.
Peterburqda bir gecə oteldə qaldım. Şəhərin görməli yerlərini mənə Üveys Mirzə ilə Mikayıl Mirzə Qacar göstərdilər.Onlar Krallıq Saray Xüsusi Xidmətçi Əsgəri məktəbində təhsil alırdılar. Nevskiy bulvarı, körpüləri, Dəli Pyotrun heykəli, çar sarayı və başqa yerləri gördüm. Yoruldum. Hava tamamilə soyumuşdu. Baltik dənizinə yaxınlaşdığım bəlli olurdu. Artıq paltosuz çölə çıxmırdılar.Üveyslə Mikayıl məni Baltik stansiyasına aparıb, yola saldılar.Baltik stansiyası gözəldi. Ancaq bu dəmiryolu o qədər də baxımlı deyildi. Ruslar başqa millətlərin qanını sormaqda yalnız ustalıq göstərirdilər. Buralar Fin və Baltik dövlətinə məxsus-estonlar, latviyalılar və litvalılar məskunlaşdıqlarına görə, rus üsul-idarəsi onların yaxşı yaşamasını düşünməzdilər.Təəssüf ki, bugünkü Qırmızı ruslar da eyni yolu gedirlər. Hər şey Rusiya və rus milləti üçün! Beynəlmiləl nağılı yalnız başqa millətləri ovlamaq üçündür!
Düzənlik olan Estoniya çölləri qarla örtülü idi.Sağda- solda qara bürünmüş kəndlərdən, qəsəbələrdən keçirdik. Sübh tezdən Dorpat şəhərinə yetişdik. Buranın üç adı vardı: Almanlar və isveçlər “Dorpat” deyir, estonlar “Tartu”, ruslar isə “Yuriyev” adlandırırdılar.
Stansiyada məni Yusif qarşıladı.Tək atlı bir xizəyə minərək, səssiz-səmirsiz stansiyadan ayrıldıq və zəncirlərlə bağlanmış, üstündə latınca yazılı lövhə olan kiçik bir körpüdən keçərək Peypus çayını adladıq. Peypus çayının haraya axdığı məlum deyil. O qədər sakit axır ki, bu çay... Lakin II Yekaterina Estoniyanı işğal edərkən, özünə böyüklük ünvanı vermək üçün bu məhşur lövhəyə latınca bu ibarəni yazdırıb:”Siste giç hiç, impetus flumen, Katherina duo jubet”.Yəni: Dur , ey gur çay, IIYekaterina əmr edir!-demiş və çayı körpüdəki zəncirlərlə buxovlamışdır.
Tartu kiçik, lakin təmiz bir şəhərdir.Universitet İsveç hakimiyyəti illərində yaradılmışdır. Müharibəyə qədər burada alman dili hakimmiş, yeməkxana və ümümi yerlərdə almanca danışırlarmış. Hətta, küçələrin adları belə almanca yazılıbmış. Amma hərb başlayan kimi, almanlarla da düşməçilik başlamışdı.Və bu dildə yazılmış lövhələrin yerinə rus dili hakim olmuşdu.”Mamafih Ritterstrasse”(estonca: Rutli uulis) lövhəsi nədənsə unudularaq qalmışdı...
Qısa vaxtda estonca da bir az öyrənə bildim.Əsasən, yeməkxanalarda donuz ətindən yeməklər verilməməsi üçün:”Minna paalun mitte siya liha saatda” (lütfən, mənə donuz əti verməyin) cümləsindən faydalanırdım.
Estonlar çox işguzar və sakit bir millətdir. Heç dava-dalaş saldıqlarına rast gəlmədim. Hətta , arabaçılar da atlarına bağırmazdılar. Sakit bir:”Yeh!” dedimi, at yeriməyə başlayırdı. Bunlarda iki növ fayton vardı.Tək atlı-“üks”; cüt atlı- “kaks” adlanırdı. Çünki estoncada bir-üks; iki-kaks deməkdir.
Arabaçını, qışda isə xizəkçini çağırarkən “üks!” və ya”kaks!” demək lazımdı. Şəhərdə bərbərlərin çoxu qadın və ya gənc qızlardı. Mənim üzümü qırxan qız soruşurdu: ”Ağrıtdımı?” Ağrıtdısa da ,”ağrıtdı” demək olardımı heç?..
Bir gün hamama getdim.Orada hamamın ayrı-ayrı otaqları müəyyən müddətə kirayələnir. Bu hücrələr dar bir soyunma otağından və bir də yuyunma otağından ibarətdi. Mənim növbəm çatanda içəri girdim və soyundum. Tam soyunub, yaxalandığım vaxt qapı açıldı və içəriyə süpürgə və taxdadan bir vedrə ,yarıçılpaq bir qadın girdi. Estonca nəsə dedi. Mənsə, rusca nə istədiyini soruşdum.Qadın olduqca pozuq bir rusca ilə məni çimizdirməyə gəldiyini bildirdi.Ona təşəkkür etdim, özüm çiməcəyimi söylədim.
Sonralar Yusifə və mənim kimi tibb fakultəsində oxuyan İsmayıl Məhəmmədbəyliyə bunları danışarkən gülməkdən uğunub getdilər və özlərinin də başına eyni hadisənin gəldiyini bildirdilər.
Dərslərə böyük bir həvəslə başlamışdım. Heç bir dərsi qaçırmırdım - bu hissədən o biri hissəyə cumurdum, müəllimləri diqqətlə dinləyirdim, həkim olub, Türkiyəyə gedəcəkdim.
Amma deyirlər ki, Allah deyən olur... Bax, elə belə də oldu. Fevralda gözlənilməz bir soyuq başladı. Qarın içi ilə bir hissədən o biri hissəyə keçərkən sevinirdim. Hələ osteologiya (sümük elmi) dərsini və bu dərsi öyrədən professor Degionu çox bəyənirdim. Amma yuxarı kursların üzərində çalışdıqları, konserv edilmiş ölüləri görəndə ürəyim bulanırdı. Bunula belə alışmağa , şaşmamağa qərar vermişdim.
Lakin bir sabah çölə çıxarkən gördüm ki, hava olduqca soyuqdur. Az qalırdı burnum, qulağım düşsün. Şimala ilk dəfə getdiyimdən, oraların dəhşətli soyuqlarına da öyrəşməmişdim. Yekaterinanın çayı “durdurduğu” körpünün üstündən keçərkən, köksümün altında, ayaq basarkən qalın qarın xışıltısı kimi bir səs eşitdim və az sonra boğazımdan köpüklü qan gəldi... Yoldan keçən bir universitet işçisi “üks” xizəyinə işarə etdi və məni mindirdilər. Ona estonca başa saldı. Az sonra universitetin klinikasındaydım. Təsadüfən məni qarşılayan da, sonralar çox bəyəndiyim profesor Degio idi. Dərhal, baş tibb bacısını çağırtdırdı və ona almanca tapşırıq verdi. Alman dilini o vaxtlar indiki qədər yaxşı bilmirdim. Amma bir az başa düşürdüm, çünki liseydə oxumuşduq. Mən daxili bölmədə nəzarət altına alınmalı idim.
Gecə istiliyim qalxmış, durmadan sayıqlamışam və dərmanların latınca adlarını söyləyirəmmiş:”Os occipitalia, os sphenoidalis, osso temporaliv” kimi... Səhər tezdən halımı soruşmağa gələn və başımın üstündə duran Degio gülümsəyərək, mənə pozuq bir rus dilində (alman =ləhcəsilə):”Kolleqa!(həmkar) Siz çox yaxşı həkim olacaqsınız, gecə birnəfəsə bütün dərmanları sayırdınız”-deyə, saçlarımı sığalladı.
... Amma qismət olmadı! Xəstəliyimi öyrənən böyük qardaşım, doktor Əli teleqram vurub, Bakıya dönməyimi təkid etdi. Xəstəxanadan çıxanda , evdə bir də Əli qardaşımın məktubunu aldım: İxtisasını hüquq fakultəsinə dəyişdir!.. Elə də etdim. Lakin içim sızıldayırdı. Sızlamaq yox, qan ağlayırdı...
Estoniyalı ev sahiblərim ayrılmağıma çox kədərləndilər, yaxşılaşıb tez dönməyimi arzuladılar.Yusif hüquqa dəyişilməyimdən çox razı qalmışdı. Eyni fakultədə bərabər oxuyacaqdıq. Bakıya qayıdandan sonra qardaşım Əli bu ani qərarın səbəbini mənə bildirdi, mən də məqbul bildim. Hüquq fakultəsində davamiyyət məcburi olmadığından, ilin soyuq aylarını Bakıda, isti vaxtlarını da Tartuda keçirərəm. Beləcə, səhhətim də düzələr, tapşırıqları da evdə hazırlayaram.
İlk baharda yenə Tartuya yola düşdüm.Yusif mənə əvvəlcədən bir otaq tapmışdı; körpüyə yaxın, Rossi Uulisdə bir tabutçunun evində... Axşamlar evdən çölə çıxmamaq üçün onun arvadı ilə razılaşmışdıq ki, onlar mənə kiçik samovarda qaynar su verəcəklər, mən də özümə yüngül bir yeməklə çay hazırlayacaqdım.Hər axşam otağıma bitişik mətbəxə keçər, samovarı götürərdim. Bir neçə ay sonra samovarı mənə, on beş yaşlı qız nəvələri Herta gətirməyə başladı.
Herta bütün estonlar kimi girdəsifət, kiçik burunlu, mavi gözlü, sarışın bir qızdı. Qapını döyüb, içəri girər-girməz bir “Tere-Tere”-deyirdi. Estonca,”Günaydın!” deməkdir. Mən də ona eyni şəkildə “Tere-Tere!” deyib, əlindəki samovarı alıb, rusca təşəkkür edərdim.
Tabutçuların ayrı bir evli qızları da vardı. Bitişik otaqda qalırdı. Əri gündüzlər işləyir, yalnız gecələr evə gəlirdi.Onların da iki uşaqları vardı. Biri 3-4 yaşında qız, biri də 2-3 yaşında oğlan uşağı. Qadın almanca bilirdi və mən onunla arabir Alman dilində danışmağa çalışırdım. Bunun mənə xeyri vardı, çünki hüquqda ilk imtahan hər hansı bir əcnəbi dildən olduğu üçün, almanca imtahan verməyi qərarlaşdırmışdım. Bunu sırf, almanlara qarşı rəğbətim olduğundan yana edirdim. Halbuki, fransızca daha yaxşı bilirdim.
Bir ara qadın həddindən artıq yaxınlıq göstərdiyindən, bu mənə yayınmağa bəhanə verdi. Bunu, əsasən, Hertanın xətri üçün etdim. Bir səhər Herta balaca samovarı içəri gətirərkən, salamlaşandan sonra getmədi :
-Nə var, Herta, nəsə sözün var?
-Yatağınızı düzəldəcəyəm.
-Həmişə sən düzəldirdin?
-Xeyr, böyük bacım düzəldirdi. Bundan sonra mənlikdir.
-Böyük bacının vaxtı yoxdur?
-Xeyr , mən özüm belə istədim - dedi və qızardı.
O gündən sonra Herta hər gün mənim otağımı təmizlər, yatağımı səliqəyə salar, samovarı gətirərdi.
Bir axşam Herta samovarı gətirib masanın üstünə qoydu, amma getmədi.Qızara-qızara mənə baxırdı.
-Nə var, Herta?
-Heç...
-“Heç” olmur axı... Hər halda nəsə demək istəyirsən.
-Bəli.
-De görüm nə var?
-Bu qadından dərs öyrənməyin... Yaxşımı?
-Yaxşı, Herta, madam ki, sən istəmirsən, dərs almaram!
Herta arxadan mənə yaxınlaşdı və birdən boynuma sarılaraq yanağımdan öpüb qaçdı.
O gündən sonra Herta ilə dost olduq. Bir bazar günü İsmayıl gəldi:
-Sən canın, bu qadına de, mənə dərs versin.
-Yaxşı, ata-anası ilə görüşərik; bəlkə əri razı olmaz-dedim.
Qadının adı Marta idi. İsmayıla dərs verməyə başladı. Dərs verə-verə ünsiyyət yarandı... Təkidlə İsmayıl da buraya köçməsini israr etdi. Nəhayət, ev sahibləri ona da bir otaq verməyə razı oldular...

Müharibə davam edirdi.1916-cı ilin qışı ruslar üçün heç də yaxşı olmadı; həm ərazi, həm də insan itkisi çoxdu,daxildə xalqın narazılığı hiss olunurdu. Artıq orta məktəb məzunlarının da zabit olmaq haqqı tanınmışdı. Rusiya imperiyasının hər tərəfində çörək qıtlığı yaranmışdı. Artıq”opolçentsı” adlanan yaşlılar da cəbhəyə göndərilirdi. İnsan və qida ehtiyatları azalmağa başlamışdı...

Azərbaycan, o cümlədən, Şimlai Qafqaz Türk və Müsəlmanları bu durumdan zərər görmürdülər - xüsusən, insan itkisi baxımından... Çünki əsgər vermirdilər, lakin bunun da zərərli tərəflərinin olduğu, hərbin sonuna doğru anlaşıldı... Mövqepərəsrt rusların müstəqillik üçün böyük vədlərinə inanaraq, rus ordusunda olan, hərbi məktəbin Türk və Müsəlman zabitlərindən və könüllü əsgərlərdən mütəşəkkil (Türkiyə cəbhəsinə göndərilməmək şərtilə) “Vəhşi” adlanan bir süvari diviziyası təşkil edilmişdi.Qısa bir vaxtda böyük qəhramanlıqlar göstərmiş bu diviziyadakı əsgər və zabitlər arasında milli hiss üstün gəldikcə, məmləkətlərinə gedib geri dönməyənlərin sayı çoxaldı. Onsuz da bütün Rusiya imperiyasında bu ərəfədə iğtişaşlar başlamışdı.Hər kəs evini, məmləkətini qorumaq üçün yurduna dönməyi doğru bilirdi...

Tartu şəhərində də kiçik qaynaşma gözə dəyirdi. Müxtəlif millətlərdən olan tələbələrin öz tələbə qurumları vardı: Almanların –Teutonia; Estonların- Estonia; Litvalıların-Litvania... Biz də dörd nəfər Türk (dostlarımızdan biri Veteriner- baytar həkim fakultəsində oxuyurdu) “Turania” adını almışdıq, lakin inqilab olanda, bu hərəkətimizin başımıza bəla açacağını böyük ehtimalla açıq-aşkar bilirdik.
Teutonia təşkilatına mənsub olan tələbələrin çoxu Azərbaycanın Gəncə vilayətində olan Alman kəndlərindəndi. Hummel, Forer kimi şərabçı ailələrinin uşaqlarıydı.Türkcə bilirdilər. Buna görə də bizim Turania və Teutonia tez-tez birgə əyləncələr təşkil edər, çalıb-oynayardıq.

Bunların da Rus gizli təşkilatının gözündən qaçmadığını, bir il sonra gizli dosyelər əlimizə keçəndə öyrəndik.

Dərslərimi yaxşı oxuyurdum. Hüquq fakultəsini üç ilə bitirməyə qərar vermişdim.Ona görə də, qeydiyyatdan belə keçirilmişdim. Payızda qar çox yağmışdı. Burada qar yağdımı, artıq ilk bahara qədər əriməz. Yağan qar daha əvvəlkinin üstünə qalaqlanır. Küçələr tez-tez təmizləndiyi üçün, buralarda qar 30-40 santımı keçməzdi. Belə bir qarlı payız günündə, başımda saçaqlı quzu papağı Tartunun ana küçəsi olan Rüütli Uulisdən, dostlarım Yusif və İsmayıl ilə universitetə doğru gedirdik.Qarşımızdan xizəyin içində kürkə bürünmüş bir qız keçdi. Xizəyi iri, gözəl bir at çəkirdi. Qız mənə baxıb güləndə, bunu tanışlıq arzusu kimi başa düşdüm və fürsət gözləməyə başladım. Xizək bir də geri dönəndə, küçənin ortasına keçib, atı yüyənindən tutub saxladım. Təbii, Yusiflə İsmayıl gülməkdən uğunub getmişdilər. Qız güldü, buraxmağı rica etdi. Mənsə:”Əvvəl tanış olaq, sonra buraxım!”-dedim: Tanış olduq. Kino sahibi Faurenin qızıymış. Bunu təbii, sonradan öyrəndim.O gün yalnız adını söylədi- Rose. Saat beşdə eyni küçədə görüşəcəkdik. Qızın gəlməyəcəyini düşünmüşdüm, lakin düz saat beşdə , başında yun papaq, əllərində yun əlcək, əynində kürk gülümsəyə-gülümsəyə gəldi.Yun papağının altından çölə çıxan bir əlçim saçları buz bağlamışdı və gümüş kimi parlayırdı.Yaşıla çalan mavi gözləri ilə məni süzürdü. Az sonra bir kafedə oturub südlü qəhvə içirdik. Alman mənşəli Rose heç cür özü haqqında danışmaq istəmədi. Hərləyib-fırlayıb eyni mövzunun üstünə qayıdırdı:”Qarşımı kəsməyə necə cəsarət edə bildiniz? Birdən atam görəydi?” Həm soruşur, həm də gülürdü. Nəhayət, şirin söhbətin sonunda, ertəsi gün ikinci seans kinoya getməyi qərarlaşdırdıq. Səhəri gün vədələşdiyimiz vaxtda kinoya getdik. Mən kassaya keçib, bilet aldığım anda Rose məni saxladı. Sonra qapıda duran nəzarətçilərə nəsə dedi və məcburən əlimdən tutaraq içəri dartdı. Nəzarətçi bizi lojaya dəvət etdi. Hörmətlə Rosenin qarşısında əyilərək, başqa bir əmri olub-olmadığını soruşdu.

Biz rahat lojada yerləşəndən sonra, mən filmi seyr etməyə başladım. Lakin on altı yaşlı Rose kinoya baxmaqdan daha çox mənimlə əylənməkdən zövq alırdı; bir ara, islaq, buzlu şapkasını başından çıxarıb üzümə sürtdü. Mən bunu təsadüf kimi başa düşdüm. Amma bu hal bir də təkrarlananda, mənimlə mazaqlaşmaq niyyəti olduğunu anladım. Mən də papağımı çıxarıb onun açıq sinəsinə sürtdüm və qımıldanıb, boynuma sarıldı. Beləcə, ilk öpüşə başladıq...

Qışın soyuq bir günündə otağımın pəncərəsinə sığınmış ağ bir göyərçin gördüm.Yazığın ayaqları buz bağlamışdı. Pəncərəni göyərçin uçmasın deyə, astaca açdım və onu tutdum.Əslində, göyərçin də elə bunu istəyirmiş kimi heç çırpınmadı.Ona çörək və süd verdim. Sonra haraya qoyacağımı düşündüm. Çünki qışın bu soyuğunda yazıq quşu çölə buraxmaq doğru olmazdı. Nəhayət, fikirləşdim ki, onu şəhər hamballarının biri ilə Roseyə göndərim. Bu hamballar, xüsusi uniforma geyinmiş, başlarındakı kaskalarda nömrəsi olan, bəlli bir təşkilata mənsub insanlaradan mütəşəkkildilər.Onların vasitəsilə, düşünmədən hər şey göndərilə bilərdi. Heç bir şey də itə bilməzdi. Pəncərəmin önündən keçən belə bir hambalı çağırıb, göyərçini ona verdim və ünvanı da bildirdim.

Rose çox sevinmişdi. Atası haradan gəldiyini soruşanda, hambalın gətirdiyini söyləmişdi...

İmtahanların bir qismini verib, Bakıya döndüm. Baltik ölkələrindəki qıtlıq buralarda gözə dəymirdi. Hər şey tapılırdı.O arada Peterburq və Moskvada da aclıq başlamışdı. Bunları qatarda gələrkən yol yoldaşlarımın şikayətlənməklərindən bilirdim. Bakıya günəş batanda çatdıq.Türk üslubunda tikilmiş stansiya binasını çox sevirdim. Həmin stansiyanın qabağındakı qocaman ağacın budaqlarına sığınan, neft dumanından rənglərini dəyişmiş minlərlə qara sərçənin civiltisi, sanki gələnləri salamlayırdı.

Ardı var...


Əvvəli burada