“Heç bir sponsor idmana maliyyə ayırmır”

hec-bir-sponsor-idmana-maliyye-ayirmir
Oxunma sayı: 588

“İdman istehsalat deyil, özü-özünü maliyyələşdirə bilmir. Dünyada əsas norma idmanın sponsorlar tərəfindən maliyyələşdirilməsidir. Bu, qanunvericilikdə əks olunmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Milli Məclisin Gənclər və idman komitəsinin təşkil etdiyi 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə bu gün keçirilən ictimai dinləmədə bildirib. 

“Heç bir sponsor idmana maliyyə ayırmır. Bu onun vergi ənənəsinə mənfi təsir göstərir. Dünyanın bir çox ölkələrində idmana sponsorluq edənlər qanunvericiliklə qorunurlar, qanunla onların müəyyən güzəştləri var. Bu güzəştlər Azərbaycanda da təmin olunmadıqca, sponsor məsələsi qəliz olaraq qalacaq”, - MOK-un vitse-prezidenti qeyd edib.

***

“Bu gün bizim gözəl komplekslərimiz var. Amma bu gün federasiyaların fəaliyyəti yüksələndən sonra artıq onlar arasında infrastrukturla bağlı suallar yaranır. Bu, futbol, voleybol, basketbol və həndbolda özünü daha çox göstərir”.

Bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bildirib.

“Biz hansısa məsələni danışanda deyirlər ki, dövlət onu etməlidir, bunu etməlidir. Amma dövlətin də maliyyəsi müəyyən çərçivədədir. İdman iqtisadiyyatı anlayışının komitəyə gəlməsi ilə bağlı düşünürük. Məsələ bundadır ki, bu gün bizim idmanın ÜDM-də çəkisi nə qədərdir? Ümumiyyətlə, idman iqtisadiyyatı deyəndə nə başa düşülür? Bizim idmana qoyduğumuz investisiya uğur qazandıqca geri qayıdır. Ölkəyə gələn turizm, maliyyə axını digər sahələri də əlaqələndirir. İdman sahəsinə daha çox pul lazımdır. Yeganə sahə idmandır ki, uğur inflyasiya gətirir”, - şöbə müdiri əlavə edib. 

Nuranə Daxilqızı