31 Oktyabr 1921-ci il - “Həyatımın hekayətləri” IX hissə

31-oktyabr-1921-ci-il-heyatimin-hekayetleri-ix-hisse
Oxunma sayı: 979

Məlumat üçün bildirək ki, XX əsr Azərbaycan tarixinin ensiklopediyası adlandırılan bu əsər çox ciddi və maraqlı faktlarla zəngindir. Əsərdə XX əsin əvvəllərində Cənubi Qafqazda, İranda və Türkiyədə baş verən proseslər əks olunub. Kitabda Əziz Alpoudun Məhəmmədəmin Rəsulzadənin, o cümlədən digər demokratik respublika qurucularının ünvanına şok ittihamları, onları satqınlıqda ittiham edən fikirləri yer alıb. Olduqca maraqlı və qalmaqallı məqamların yer aldığı kitabın elektron versiyası müəllif tərəfindən “Qafqazinfo”ya təqdim olunub. Biz kitabı bu gündən hissə-hissə çap etmək fikrindəyik. Kitabda yer alan fikirlərlə bağlı müzakirələrə qoşulmaq istəyənlər öz rəylərini göndərə bilərlər.

Əvvəli BURADA




Rus çəkməsi

Millət başa düşmüşdü ki, bu öncədən hiyləgərliklə hazırlanmış rus istilasından başqa bir şey deyildir. Bunu anlayan xalqımız, artıq boş-boş uydurmaları dinləmir, dərin, kədərli düşüncələr içində çatlayırdı. Artıq başa düşməyən yox idi ki, Mübarək üçrəngli bayrağımız endiriləcək və onun yerində düşmənin qırmızı bayrağı dikələcəkdir...
Heç kəs ilk baharın gəlişini, quşların nəğməsini, açan çiçəkləri görüb duymurdu. Millətin içi qan ağlayırdı: Satıldıq! Satıldıq!..
Hər tərəfdə ilanlar baş qaldırırdı. Harada zatı qırıq, haram süd əmmiş, əxlaqsız, vicdansız, dinsiz və milləti olmayan vardısa, hamısı qırmızılara itaət edib, xidmətində dururdu.
Ruslara xidmət! Avamlıq! Belə şey ola bilərdimi? İnsanlıqdan, sosializmdən dəm vuran ağzı köpüklü köpəklər hamısı bunların arasındaydı.Vəzifə üçün, yer qamarlamaq üçün bir-biriylə yarışa girmişdilər. Kimin əlindən gözləyirdilər bu “ehsanı”... Vətənlərini zəbt edən; malına, canına sahib olmağa gələn Qırmızı rus imperialistlərindən... Bu xainlər bir şeyi qanmırdılar: öz vətəninə, millətinə xəyanət edənlərə rusmu etimad edəcəkdi? Zaman bunu sübut elədi. Rus mütəxəssisləri yaxşı psixoloqdurlar, kimdən və necə faydalanmağı bilirlər. Başlanğıcda onlara “buyur” deyən, ağzı köpüklü:”Başbilən”,”mənəm-mənəm!” deyə nitq söyləyən “intellektual sosialist solçulardan” faydalandılar. Sonra:”Vətən xainlərindən mənə də fayda olmaz” mülahizəsinə əsaslanaraq, bunları “təmizlədilər” və onların yerinə hər zaman əmrlərinə hazır olan, quzu kimi nazirlər qoydular. Baş nazir-qəssab, Maarif naziri-suvaqçı və s... Yanlarında da bir rus qadın-“katibə”... Kəs, soy millətini...
Bir dəfə Milli Məclisin binasına girdim. Əsas məqsədim, endiriliəcək bayrağımızı gizlicə götürüb saxlamaqdı. İçəridə etimad və etibar ediləcək bir kimsə gözümə dəymədi. Tanıdıqlarım dəyişmişdilər. Binanın tirinə çıxmaq imkanı yox idi. Hayıf!..
Aşağı enəndə, Məclis küçəsindən rus hərbi dəstələri keçirdi.Əsgər kimi deyil, çapoulçu sürüsü kimi; at, dəvə, qatır, ac, səfil, cır-cındır içində və tüfənglərində qayış yerinə ip... Ac çəyirtkə sürüsünü xatırladırdı bu “ordu”... Çaşdım.

General Tlexas

Çaşdım: ”Bu əsgərlər, bu hərbi birləşmələrdirdimi yurdumuzu işğal edənlər?!”
Zavallı General Tlexas! Allah qəni-qəni rəhmət eləsin bu Böyük Şəhidə; Quzey Qafqazlı qardaşımıza!..
Çaşqınlıq göstərən hökümətə Milli Məclisdə:”Mənə səlahiyyət verin; bircə həmləyə bu oğru, quldur sürüsünü darmadağın edim!”-demişdi.
Bu sözləri də onun başını yedi. İşğaldan bir müddət sonra rus çapoulçuları Bakı Opera Teatrı binasında məhkəmə qurdular.Və general Tlexası edama-güllələnməyə məhkum etdilər...
Rus kölələri, satılmışlar, rus “hakimləri” ilə birlikdə:
-Sən, fəhlə- kəndli düşməni, burjuasan!-deyə ittiham irəli sürəndə, general Tlexas qamətini dikəltdi.Uca boylu, başında qəhvəyi rəngli qaragül papaq, əlini “hakim”lərə doğru uzatdı və qürurla hayqırdı:
-Mən nə fəhlə, nə də kəndli düşməniyəm! Burjua da deyiləm. Bütün var-dövlətim, namusum bu şərəfli Azərbaycan əsgərinin hərbi paltarıdır!..
Əvvəlcədən hazırlanmış edam qərarı oxundu. Bu mərd əsgərin heç tükü də tərpənmədi. Bu alçaqlara qartal kimi yuxarıdan aşağı baxırdı. O anda bizimlə bərabər, iki qız uşağının da göz yaşı axdı.Onlar general Tlexasın qızları idi... Atalarının məmləkətinə gəlmişdi balaları... Rus əsgərini görəndə, nifrətim də artırdı. Onlara əsgər, ordu deməyə şahid lazım idi. General Tlexas haqlıymış. Bu çəyirtkə sürüsünün qarşısı zorla alınıb, süpürülərək, çölə tökülə bilərdi. Amma nə etməli? Olan olmuşdu...
Bunlardan indi necə yaxa qurtarmalı? Bu tələyə qarşı hansı tələ qurulmalıydı? O anda öz-özümə cavab tapa bildim: Gizli bir təşkilat qurmalıyıq!.. Ruslar hələ yaxşı dirçəlib, neftimizlə qüvvətlənməmişdən qabaq, Vətənimizdən süpürülüb atılmalıdır! Təş-ki-lat!.. Birinci qurtuluşumuz yaxşı bir təşkilata bağlıdır. Əvvəlcə canını belə düşünmədən fəda edə biləcək dostlar tapmaq lazımdır.
Qurduğum ilk əlaqələr məni çox sevindirmişdi.Sən demə, məndən əvvəl də hərəkətə keçənlər varmış... Lakin bir şey bizləri çox üzmüşdü: bir neçə türmədən çıxmış, saxtakar, hətta, qumarbazlar da, xalqımızın həyəcanından faydalanaraq, ianə toplamağa başlamışdılar... Amma rus ajanları xəbər tutduqda, bu hoqqabazları izləyərək, qısa bir vaxtda “üsyançılar”dı, deyə yaxalayıb güllələmişdilər. Bu zaman bəhanə axtaran rus səlahiyyətliləri, üsyana hazırlıq görürlər deyə, generallarımızı, yüksək çinli zabitlərimizi və ölkənin bir çox üzdə olan adamlarını güllədən keçirməyə başladılar. Gecənin səssizliyində uzaqdan gələn makinalı tüfəng səsləri, baş verən bu cinayətlərin xəbərçiləriydi. Artıq, ruslar bəhanə də axtarmırdılar.Gözlərinə dəyən varlıların, mal-mülk sahiblərinin zorla evlərinə soxulur, orada məskunlaşır və evdə olan hər şeyə sahiblənirdilər. Azacıq bir etirazla qarşılaşanda da,elə yerindəcə güllə ilə dəlik-deşik edirdilər və”inqilab düşməni” adıyla adamı günahkar çıxarırdılar...
Eyni şeyi, Əli bəygilin qonşusu, milyoner Musa Nağıyevə də tətbiq etmək istədikdə, o tapancasını çıxarmış və gələn rus əsgərlərindən üçünü yerə sərmiş, sonra da özünü güllələmişdi: ”Bu evə ancaq mənim cəsədimin üstündən keçib, girə bilərsiniz!”-demişdi...

Qarət

Məmləkəti işğal edən 11-ci Qırmızı Ordu əməlli-başlı oturuşmuşdu. Artıq açıq-aşkar soyğunçuluq edilirdi. Öz ciblərini doldurduqdan sonra, indi də Rusiyaya daşıyıb aparmaq üçün bəhanə tapılmışdı. Ələ keçirilən sərvət- ev əşyaları, xalılar, zinət əşyaları; yəni əllərinə keçən, pula gedən hər nə varsa, hamısı qatarlara, gəmilərə yüklənir və çapoulçuluqlarını gizlətmək üçün də üstünə şüarlar asılırdı:”Sovet Azərbaycanının Rusiyaya ərməğanı!”
Aylarla davam edən bu yaltaqlıq və təbliğatın daim Moskvaya ünvanlanması, o qədər yaxşı görünməz deyə, bəzən həm də şüarlarda dəyişiklik etmək lazım gəlirdi:”Azərbaycan xalqının yoldaş Leninə”, ”Yoldaş Trotskiyə... hədiyyəsi”dir deyə...
Birdən, ölkədə qıtlıq, pulsuzluq başladı. Azərbaycan görmədiyi günlərə şahid oldu; çörək dükanlarının önündə növbələr... Hələ açmaq cəsarətində olan müxtəlif dükan və mağazaların qarşısında da eyniylə... Qısa zamanda bu dükanlar da bağlandı. Sahibləri ya gülləyə tuş gəldi, ya da qaçıb gizləndilər. Pulsuz-parasız, bir təşkilatın qurulmasının çətin olduğunu yaxşı bilən, hiyləgər rus səlahiyyətliləri, məmləkətdə qəsdən dəhşətli yoxsulluq və qıtlıq yaradırdılar. Məmurdur deyə, hər evə bir xəfiyyə yerləşdirirdilər.Di gəlsin də biri buna etiraz etsin... Artıq o aldadıcı “beynəlmiləl”,”qardaş fəhlələr”,”zəhmətkeş kəndlilər” və s. ibarələr unudulmuşdu. Neft ölkəsi olan Azərbaycanda, fəhləsi, kəndlisi evində yandırdığı lampasına nöyüt tapa bilmirdi. Hamısı qatarlara yüklənib, gəmilərə doldurulub, Rusiyaya daşınırdı... İndi yavaş-yavaş rusların “sosializm”,”qardaşlıq” sözlərini başa düşən, onların xidmətində olanlar da, nə etdiklərini anlamağa başlamışdılar. Amma nə fayda, çox gecikmişdilər...
Bir gün Əli bəydən iş yerimə telefon zəngi oldu. Mən hələ də Dövlət Dəmiryolları İstintaq Hakimliyində çalışırdım. İmkan daxilində, işarası vaxt tapıb ona baş çəkməyi xahiş edirdi. Anladım ki, nəsə gizlin bir şey var.Görüşdüyümüz vaxt öyrəndim ki, mərtəbələrinin altında olan balkonlu böyük otağa ruslar xəfiyyə yerləşdirmək istəyirlər. Mən Əli qardaşımla bir evdə qaldığım üçün, köməyim də asan idi. Mən dərhal o otağa daşındım. Hakim olduğumdan ruslar bir şey söyləmədilər. Beləcə də otağı xilas edib, bəladan qurtardıq. Hakim olmağım, otağa telefon çəkdirməyə də imkan verdi.
Telefondan təşkilat üçün faydalanmaq mümkün deyildi ,çünki, mərkəzi avtomat olmadığından, hər dəfə ”sentral”dakı qızlara müraciət etməli olurdun. Beləliklə, hansı nömrə ilə danışmaq istədiyin bəlli olurdu və gözə çarpırdı. Xüsusən də, telefon qovşağındakı qızların, aşağı-yuxarı hamısı da rus və ya türk olmayan şəxslərdi. Lakin bu otaq, fəaliyyətimiz üçün münasibdi. Çünki, ala qapıdan (rəsmi qonaq qapısı) girən, qara qapıdan (həyətdən keçən xidmətçi və satıcılar qapısı) çıxa bilirdi.Və ya əksinə olurdu.Yəni, işdi-şayət əgər izləyən olsaydı, onu aşkar etmək asan olurdu...
Təşkilatımızın mərkəzi bizim Çəmbərəkənddəki məhəlləmizin ucqar bir guşəsindəydi. Qala kimi divarlarla əhatələnmiş bu kiçik evə, iki adamın yan-yana yeriməsi mümkün olmayan dar bir küçə aparıb, çıxarırdı. Buna görə də, izləndiyimizi dərhal bilərdik və təqib edəni də asanlıqla görmək mümkün olardı.
Təşkilatımız “üçlü sistem”ə görə qurulmuş və qısa vaxtda ölkəmizin hər yerinə yayılmışdı. Məhkəmə işlərinə ruslar hələ burunlarını soxmadığı üçün, sahəmə sənədlərlə bərabər gələn silahlardan da xəbərləri yox idi. İnandığım komissarlarla danışırdım və silahları sənədlərdən sildirirdim...

Buz anbarı

Bizimlə əlbir olan bir çox komissarlar da vardı. Ayrıca onların vasitəsilə də təşkilatımız silah və məlumat əldə edə bilirdi. Bu yolla əldə edə bildiyimiz silahların çoxunu mən işə gedərkən və ya işdən gələrkən Milli Məclis küçəsinin aşağılarında, dar küçələr arasında olan buz anbarına aparıb, oraya təhvil verirdim, onlar da yoxlayıb, qeydə alardılar. Hərçənd ki, əldə etdiyimiz silahlar ehtiyacımıza nisbətən dəvədə qulağdı, bununla belə, başlanğıc və basqın üçün vacib idi.
Bu vəziyyət bizə çox ağır gəlirdi.Ordumuz vardı, silahı, cəbbəxanası vardı... Vaxtında qarşısı alınsaydı və yalanlara inanılmasaydı, bu gün vəziyyətimiz başqa cür ola bilərdi. Bax iqtidarda olan iqtidarsız Ədəmi-Mərkəziyyət Müsavat partiyasının idarətetmə acizliyi...

Sərbəst rejim

Bir gün iş yerimdə işləyərkən, katibəm-rus qızı Anna Truşeçkina gülümsəyərək, rəsmi partiya (təbii ki, kommunist) möhürü olan bir dəvətnaməni mənə uzatdı:
-Nə var?-deyə soruşdum.
-Seçkiyə dəvət edirlər- deyə cavab verdi.
Məmur və vəzifəlilərin bir araya gələrək, özlərinə idarə heyəti seçməsi lazımmış. Günortadan sonra hamımız Ağır Cəza Məhkəməsinin geniş salonuna toplaşdıq. Toplantıya gələn bəzi hakim dostlarım (bunların içində Rusiyadan-yəni “qızıl cənnət”dən qaçıb Azərbaycana sığınanlar da vardı) nə olacağını bizə gizlicə danışdılar: ”Biz bunların içini-çölünü yaxşı bilirik. Sizlər bu “seçki”nin nə olduğunu bilməzsiniz. Kommunizmin dadını yaxşı bilmirsiniz. Bunlar indi idarə heyətinə öz partiya dostlarını gətirmək arzusundadırlar. Əgər indi biz-savadlı, ağlıbaşında birisini başçı gətirmək istəsək, qiyamət qopar.Yaxşısı budur ki, partiyaya dəxli olmayan, fəhlə adlandırılan, buranın xidmətçisindən, qapıçısından birini təklif edək. Təklif etdiklərimiz fəhlə adlandırıldıqlarından kommunistlər etiraz etməzlər.
Hamımız gizlicə razılaşaraq, bu qərarı qəbul etdik. Seçiləcək “yoldaşlar”ı öyrəndik. Katibə qız da bizim qərarı dəstəkləyirdi, xoşuna da gəlmişdi.
Ancaq qurduğumuz plan boşa getdi.Toplantını, hələ hüquq fakültəsini bitirməyən və hansı kursda olduğu da bilinməyən bir tələbə- erməni Baxşinov açdı. Özü-özünü sədr seçmişdi... Təbii, biz dərhal başa düşdük bu səlahiyyəti hardan alıb gəldiyini. Belində köhnə tapança, kürsüyə çıxdı və basmaqəlib cümlələrlə kommunizm rejimini tərifləyib, sonra da “seçki” keçiriləcəyini söylədi. Dərhal da :
-Kim buna qarşıdır?-deyə, bizə baxdı.
Mən əlimi qaldırıb söz istədim. Baxşinovun sərt baxışından hiss olunurdu ki, xoşuna gəlmədi.
-Söyləyin!- dedi.
-Mənim bildiyim seçki qaydası belə deyil; əvvəla,”lehinə” və “əleyhinə”olanlar müəyyən olunur!-dedim.
Salondakılar mənim sözlərimi alqışlarla qarşıladılar. Baxşinov qıpqırmızı qızardı, tapancasını çıxarıb, göyə qaldırdı və mənə tərəf cumaraq:
-Sən, fəhlə, kəndli, proletar düşmənisən... Səni!..
Bir anda özümü adamların arasına atdım. Arxadan bir əl məni açıq qapıya tərəf itələyirdi:
-Aman, tez olun, tez!..
Bu, mənim katibəmin səsiydi. Kütlənin içində özümü küçəyə çatdırdım. Təsadüfən, oradan keçən faytona atıldım və düz evimizə getdim.Əli bəylə əlaqə saxladım. Dərhal, Mərdəkan tərəfdəki evlərinə getməyimi məsləhət gördü. Xəbər gələnə kimi, orada qalmağımı tövsiyə etdi.
Qərar verdim və bir tanış faytonçu çağırtdırdım. Axşam Mərdəkanakı villaya gəldim. Artıq burada, Bakıdan müsbət xəbər gözləyəcəkdim. Hər ehtimala qarşı, silahımı da yanımda götürmüşdüm. Nə olar, nə olmaz, deyə...

Teymur Əliyev

Teymur mənim lisey yoldaşım idi. Tiflis liseyində birlikdə oxuduq, həm də dost olaraq. Özü bir az yaşca məndən böyük idi. Onu millətçi kimi tanıyırdım. Sonra ayrıldıq. Hər ikimiz hüquq məzunuyduq. Hər ikimiz də Bakıda İstintaq Hakimi olmuşduq. Amma rus orduları Azərbaycana girdikdən və kommunistlər də iş başına keçdikdən sonra, yollarımız ayrıldı... Teymur kommunist rejiminin Ədliyyə Naziri (komissar) olmuşdu. Demək, milli yoldan ayrılmışdı...
“Seçki hadisəsi” hay-küyündən sonra, böyük qardaşım Əli vasitəsilə Teymur mənə xəbər yolladı:”Çəkinmə, gəl görüşək” deyə.
Bir səhər gəldim.Ədliyyə Nazirliyinin giriş qapısına yaxınlaşdığım vaxt, bir avtomobil dayandı; Teymur yerə düşdü, görüşdük. Kabinetinə getdik. İkilikdə qayıdıb mənə:
-Ayə, sən nələr eləmisən?..
Mən məhşur “seçki”dən danışdığını zənn etdim, o barədə ona izahat verməyə başlayanda:
-Yox , canım, onu qurtardıq-dedi.- Məsələ budur ki, sən mənim müavinim olan yoldaş Qaregin Apresovun qardaşı, yoldaş Zovakı polisə verərək, həbs etdirmisən...
Qaregin Apresov,vaxtilə Lənkəranda basqın edib, süvarilərin hərbi hissəsindəki silahlarını əllərindən aldığımız zaman, komandan Ostensakenin yavəri idi. Mən başa düşmürəmmiş kimi:
-Hansı yoldaş Zovakdan danışırsan? Bu erməni “Daşnaq” partiyasının üzvü və erməni tələbələr komitəsi olan Zovakdanmı? Onu sənə izah edərəm. O, Bakını da Ermənistana qatmaq üçün ,Qırmızı əsgərlərlə və İngilislərin də təkidi və köməyi ilə İrana, Ənzəli limanına getmiş və mən qardaşımla Rəştdən Ənzəliyə iş üçün gəlib,velosipedlə geri dönəndə, bizi silahla təhdid edib, yaxalatdırdı və yolumuza davam etməyə qoymadı. Bir də,Ənzəlidən kənara çıxarıqsa, bizi güllələyəcəyini söylədi. O gecə çətinliklə qurtulub, evimizə- Rəştə gedə bildik...
Teymur məni diqqətlə dinlədi və sonra:”Vay, namussuzlar! ”Daşnaq” partiyasına mənsub olduqları halda, kommunist donu geyinirlər” deyə qışqırdı.
Mən məmnundum. Teymur da sanıram ki, məmnun idi.Çünki, ertəsi gün görüşdük, vəzifəmi davam etdirməyi söylədi, vidalaşıb, çıxdım.
Təşkilatımız yaxşı işləyirdi. Ruslar bəzi şeylərdən şübhələnmişdilər, amma hər hansı bir ipucu əldə edə bilməmişdilər.Pula çox ehtiyacımız vardı. Bu işi görən (tapşırılan) yoldaşlarımız əziyyət çəkirdilər. Xüsusən, pul toplamaq məsələsi bizə ziyan vurdu. Pul topladığımızı duyan ruslar şübhələnmişdilər. Bu vaxt dostlarımızdan bəzilərinin izləndiyini bildik.Təqib olunan yoldaşlarımızla dərhal əlaqələr kəsildi. Doqquz nəfər təşkilatı idarə edirdik. Hələlik heç birimiz izlənmirdik, bunu bilrdik.
Son vaxtlar Ruqiyyə mənə o qədər isinmişdi ki, bir neçə gün evlərinə gəlməsəm, bir bəhanə tapıb, telefonla məni axtarar, gəlməyimi istəyərdi.Əli bəylə mən də, keçirdiyimiz siyasi yığıncaqlarda onun da iştirak etməsini arzulayırdıq.Bu görüşlər, danışıqlar bir-birimizi yaxından tanımağa imkan vermişdi. Artıq bir-birimizi görməyəndə darıxırdıq. Darıxdığını telefon danışıqlarında da sezmək mümkündü-səsi titrəyirdi. Bir neçə gün görüşmədiyimiz vaxtlar olurdu, o hallarda qarşımda dayanır, gözləri yaşarır və susub başını aşağı salırdı. Bizim bu yaxınlığımızdan evlərimizdə heç kimin xəbəri yox idi.
Bir gün Əli bəyi axtarırdım. Ruqiyyə mənə onun özünü pis hiss etdiyini və yataqda olduğunu deyəndə, baş çəkməyə getdim.Əli bəylə bir az işlərimiz barədə danışandan sonra, yanındakı istilikölçənlə istiliyini ölçdüm, gördüm normaldı.Onunla zarafat etdim:”Amma bir az yorğunsan, başqa heç bir şeyin yoxdu!” dedim. Bir ara özüm də fərqinə varmadan xəyallara dalıbmışam.Əli bəy məni həmişə şux və danışqan gördüyündən, niyə fikrə getdiyimi, nə düşündüyümü soruşdu və əlavə etdi:
-Vecinə alma! Bir kərə ruslardan qurtulmuşuq, inşallah bu dəfə də xilas olacağıq!
-Yox, düşündüyüm o deyil. Onu necə olsa da, Allahın izniylə bacaracağıq.Ancaq ürəyimdəkiləri sənə necə deyəcəyimi düşünürəm.
Əli bəy söhbəti zarafata saldı:
-Elə isə, sən də fikirləşmədən de gəlsin-dedi.
-Yaxşı, elə isə bil, Ruqiyyə ilə evlənməyi düşünürəm... Nə deyirsən?
Əli bəy yatağında dikəldi, çaşqın-çaşqın üzümə baxdı:
-Nə ?.. Zarafatmı edirsən? Nə vaxt razılığa gəldiniz, xəbərimiz olmadı?
-Yox, canım, nə zarafat... İkimizin də arzumuz budur.
-Səni nə qədər çox istədiyimi bilirsən, Əziz! Buna ancaq sevindim. Mübarək olsun!-deyə, boynuma sarıldı. Öpüşdük. Artıq qohum sayılırdıq...
Doğum günüm olan 27 iyulda Ruqiyyəgilin evində, yaxın qohumların iştirak ilə nişanımız oldu, üzüklər taxıldı. Millətimizin,Vətənimizin bu qara günlərində, şadyanalıq eləmək yaraşmazdı.

Son bahar (payız)

Yay ayları necə gəlib keçdi, bilmədik. Payızın gəlişini yalnız havaların xeyli sərinləşməsindən bilirdik. Xəzər dənizindən əsən xəzri küləyi getdikcə şiddətlənirdi. Ruslar dinc durmurdular. Azərbaycana yerləşdikdən sonra, digər islam ölkələrinə də yayılmaq istəyirdilər. Sözdə yardım edirdi; əslində isə, yetişdirdiyi kommunistləri orada inqilab eləmək üçün Türkiyəyə göndərməyə çalışırdı. Başqa tərəfdən də, digər İslam dövlətlərinə girmək üçün hazırlıq görürdü. Bax, bu məqsədlə də Bakıda “Şərq Dövlətləri Qurultayı”nı hazırlayırdı.

Ənvər Paşa

Ruslar Şərq Dövlətləri Qurultayından gözlədikləri nəticəni ala bilmədilər. Düzüb-qoşduqları kommunist təbliğatı yerinə, böyük bir Türk millətçiliyi gördülər. Buna səbəb isə, məlum qurultaya ƏnvərPaşanın bir çox müsəlman dövlətlərinin təmsilçisi olaraq gəlməsiydi. Bizdə Ənvər paşanın adını Ədirnə və Sarıqamış fatehi olaraq tanımayan yox idi. Azərbaycan türkləri onu çox sevirdi. Buna görə bir çox ailələrdə doğulan oğlan uşaqlarının adını Ənvər qoymuşdular. Heç vaxt unutmaram, səhv etmirəmsə,1917-ci ildə Ənvər Paşanın Ədirnəni xilası xəbəri gələndə, Azərbaycan səhnələrində bu hadisəni canlandıran “Ədirnənin fəthi” adlı bir pyes oynanılırdı. Hətta, Çar rusiyası höküməti də buna qarşı çıxa bilmədi... Ənvər Paşanın Azərbaycana gələcəyini eşidən millətimiz, bayram günlərini yaşayırmış kimi üzü gülür, bir-birini təbrik edirdi. Sanki gecənin səssizliyində, sabaha qədər eşidilən makinalı tüfənglərin səsi,verilən şəhidlər heç elə bil bu məmləkətdə deyildi... Hamı öz dərdini unutmuşdu.Sanki qurtuluş ümidi Ənvər Paşanın gəlişi ilə bağlı idi... Küçələrdə ,evlərdə, tarlalarda günün əsas söhbəti Ənvər Paşa idi... Gizli Qurtuluş partiyamızın da ümid yeri Ənvər Paşaydı.
Araşdırıb, bir yol tapdıq.Gizlincə əlaqə saxladıq özü ilə. Görüşə yalnız yavəri gəldi.Ənvər Paşanın salamı və uğur arzuları ilə bərabər bizə bir xeyir-dua “şirinliyi” də gətirmişdi. Osmanlı Dövlətinin lirəsiydi.Danışıqlarda bizə Ənvər Paşanın əmrlərini də çatdırdı: Hələlik hazırlıq görməliyik və inqilabi çevrilişdən çəkinməliyik.Özü Türkistana gedəcək,vaxtı gələndə bizə də əmrlər verəcəkdi...
Bu görüş, bizim ümidlərimizi artırdı. Deməli, Ənvər Paşanın dəqiq qurtuluş planı vardı-bütün türk yurdları üçün... Böyük bir ümidlə vidalaşdıq.
Mən Əli bəylə daim əlaqədəydim.Qurtuluş yollarını birlikdə görüşüb, müzakirə edirdik. Münasib bildiyimiz inqilabçı dostlarımızı dəqiqləşdirirdik. Söhbətləşdiyimiz otağa xidmət üçün ya Ruqiyyə, ya da Səlimə gəlirdi. Xidmətçi rus qızı o məqamlarda hər hansı bir bəhanə ilə yaxın qoyulmurdu. Bəzən çay gətirən Ruqiyyə bizimlə bərabər oturur və gözlərində narahatçılıq, söhbətlərimizi dinləyirdi. Ürəyində qorxu vardı, fəlakəti sezirdi sanki...
Ruslar Azərbaycan Respublikasının oyuncaq hökümətilə birlikdə, Ənvər Paşa və başqa nümayəndələrin şərəfinə şəhər parkının yuxarı sahəsindən başlayan Bağça küçəsindən, Xəzər dənizinin sahilinə uzanan Sahil küçəsinədək davam edəcək bir rəsmi keçid tərtib etmişdilər. Əslində, rəsmi keçiddə Azərbaycanın “xilaskar”-Qırmızı ordu dəstələri iştirak edəcəkdilər. Lakin son dəqiqədə nədənsə,(bəlkə də Ənvər Paşaya xoş gəlmək üçün) tələm-tələsik Azərbaycan süvarilərindən də bir dəstəsi iştirak edəcəkdi. Bunların böyükləri də hələ başlarına güllə çaxılmaq növbəsi çatmayan kiçik zabitlərdəndi.Generallarımız və yüksək rütbəli zabitlərimiz, ilk növbədə,”xilaskar rus ordusu”nun güdazına getmişdilər. Guya məhkəmə qərarı ilə edam edilmişdilər...
Vaxtında tərpənib, General Tlexasa qulaq assaydı və onu dəstəkləsəydi; hərəsi ağzından bir şey çıxaran höküməti kənarlaşdıraraq, idarəçiliyi ordu əlinə almış olsaydı,düşmən tərəfindən şəhid də edilməzdilər...
Ənvər Paşanın erməni sui-qəsdçilərindən qorumaq üçün təşkilatımız gənclərdən, tələbələrdən ibarət, üstündə silah olmayan, gizli qoruyucular təyin etmişdi.Ətrafını dövrələyənlərdən şübhələnməməsi üçün,özünü də yavəri vasitəsilə vəziyyətdən hali etmişdik. Bu hərəkətimiz Ənvər Paşanın çox xoşuna gəlmiş və razılığını bildirmişdi.

Rəsmi keçid

Rəsmi keçid əvvəlcədən elan olunduğu kimi, səhər saat onda başlandı. Amma nədənsə türklərin əksəriyyəti Təzə Pir məscidinin qədim həyətində toplaşmışdılar. Hər halda türkləri rəsmi keçid yerindən uzaqlaşdırmaq üçün,Ənvər paşanın Təzə Pir məscidinə gələcəyi xəbəri, qəsdən, ruslar tərəfindən yayılmışdı...
Məscidin həyəti; kişi, qadın, uşaq və ayaqlarını zorla sürüyən qocalarla ağızbaağız dolmuşdu. Hamı dərdini unutmuş və həyəcan içində Ənvər Paşanı görmək səadətinə nəsib olmaq arzusundaydı. Millətin ümidi sanki, bircə Ənvər Paşaya idi. Qurtuluşunu bircə onda görürdü Türk milləti...
O gün bacım Sürəyya da uşaqları ilə birgə Təzə Pirin həyətində idi. Ruqiyyəyə də telefonla xəbər vermişdilər,o da,Ənvər Paşanı görməyi çox arzuladığını deyəndə, başa düşdüm ki, onu da aldadıblar...
Vətəni işğal olunmuş yazıq türklər, məscidin həyətinə o şəkildə doluşmuşdular ki, mübaliğəsiz, iynə atsaydın,yerə düşməzdi. Mən təsadüfən oradan keçərkən izdihamı görüb, pilləkənlərlə həyətə doğru qalxıb, bizimkiləri orada tapdım. Burada nə axtardıqlarını soruşanda, Ənvər Paşanı gözlədiklərini söylədilər...
-Bunu sizə kim deyib? Ənvər Paşa Bağça küçəsindəki rəsmi keçiddə iştirak edəcəkdir. Burada nə işi var- dedimsə də, Ruqiyyə israr etdi:
-Hamı elə deyir!..
Və sıxıla-sıxıla əlavə etdi:
-Noolar, sən düzünü öyrən də...
-Eh, hamı deyirsə, məsələ bitib, demək... - gülümsəyərək cavab verdim və Ruqiyyənin könlünü qırmamaq üçün rəsmi keçidin olacağı tərəfə getdim.
Oraya çatanda əsgərlərin yürüşü yenicə başlamışdı. Bağça küçəsinin üst tərəfinə keçdim. Burada böyük bir izdiham yoxdu. Amma küçənin başında duran qara bir avtomobilin ətrafını Türklərdən ibarət izdiham, böyük bir kütlə əhatəyə almışdı: papaqlı kişilər, çadralı-çadrasız qadınlar...
Avtomobilə yaxınlaşanda, içində başlarında qaragül papağı olan iki kişinin oturduğunu gördüm.Üzləri addımlamaqda olan əsgərlərə tərəf çevriliydi. Sən demə, bunlar Ənvər Paşa ilə yavəriymiş. İkisi də, aşağı-yuxarı eyni yaşda görsənirdilər.Tünd boz rəngli paltar geymiş Ənvər Paşanın üzündə nazik çopur izi seçilirdi, bəlkə də mənə elə gəldi... Avtomobilin ətrafını dövrələyənlər arasında bizim gənc mühafizəçiləri görə bildim. Bu ara, Milli Məclis küçəsi istiqamətindən gələn rus hərbçiləri, bağça küçəsinə doğru dönərək, Ənvər Paşanı salamladılar.Yerindən qalxmadan salamı aldı. Arxalarınca lağ edirmiş kimi baxdı Ənvər Paşa. Çünki, yerişlərində əsgər nizamı görünmürdü...
Ənvər Paşanı ömrümdə ilk dəfəydi ki, görürdüm, amma şəkillərinə çox baxmışdım. Oxşayırdı, ən çox da bığları...
Birdən Ənvər Paşanın gözləri parladı- bizim süvarilər gəlirdi; əyinlərində milli qiyafə, boyunlarında başlıq və hamısının başlarında eyni rəngli qaragül papağı. Ənvər Paşa və yavəri ayağa qalxdılar, salamı aldılar. Əsgərlərimiz gözlərində sevinc Ənvər Paşanı seyr edirdilər:
-Ən-vər Pa-şa!.. Ən-vər Pa-şa!..
Ənvər Paşanın “Merhaba çocuklar!” salamına, hamısı “Sağ ol!” –deyə cavab verdilər və iri addımlarla keçdilər.
Süvarilər ötüb keçmişdi, lakin Ənvər Paşa ilə yavəri hələ də ayaq üstəydilər. Kim bilir, nələr düşünürdülər o anda... Sonra oturdular. Bu arada yenə də rus əsgərləri keçdi.Ənvər Paşa onları görmədi sanki... Bəlkə də, görmək istəmədi... Yavəri ilə söhbətə “başı qarışmışdı”. Buna çox sevindim. Təbii deyildimi? Türk yurdunda, işğal altında olsa belə, Ənvər Paşa Türkün əsgərini salamlayar... İşğalçıları deyil!..
Bu hərəkət, bəlkə də, rusların gözündən yayınmamışdı, lakin Ənvər Paşa bir neçə Müsəlman dövlətinin təmsilçisiydi. Ruslar hələ daxili müharibələrdən qurtulmamışdı, zəifdi, dolayısıyla, dost kimi keçinmək məcburiyyətindəydi...
Fürsətdən faydalanaraq, avtomobilə yaxınlaşdım. Başımda əsgər papağı və əynimdə milli qiyafə olduğuna görə ,ona əsgəri qaydada salam verdim.Ənvər Paşa da yerindən yarıdurmuş kimi salamımı aldı. Azəri şivəsiylə ona:
-Paşam, əhali sizi Təzə Pir məscidinin həyətində gözləyir-dedim.
Ənvər Paşa dediklərimi yaxşı başa düşmədiyi üçün yavərinə dönərək:
-Bu bəy nə buyurur?-deyə soruşdu.
Bu dəfə də yavər mənə üz tutaraq, nə istədiyimi xəbər aldı. Eyni sözləri təkrarladım.Yavər Ənvər Paşaya dönərək anlatdı:
-Paşam, zati-ailənizi əhali məscidin həyətinə dəvət edir, Sizinlə görüşmək arzusundadırlar...
Ənvər Paşanın üzündə kədər göründü və mənə tərəf qanrılaraq:
-Təşəkkür edirəm,oğlum, mən də sizləri görmək, danışmaq istərdim... neyləyək... Nə isə, fürsət tapsam gələrəm...- deyə, əlini mənə uzatdı.
Hörmətlə əlini sıxdım, təşəkkür edərək ayrıldım. Arxamda xeyli həmyerlilərimiz yığışmışdı. Mən maşından aralanarkən, ağ saqqallı, yaşlı bir qoca, iki əli ilə sağ əlimə yapışdı və mən onun nə istədiyini anlayıncaya qədər əlimdən öpdü... Çünki bu əlim Ənvər Paşanın əlinə toxunmuşdu...
Mən uzaqlaşarkən, bizim əsgərlərdən biri avtomobilə yaxınlaşdı. Əlində kiçik bir çiçək dəstəsi vardı.Əsgəri qaydada salam verib, gülləri Ənvər Paşaya uzatdı. O, əsgərin salamını aldı və gül dəstəsindən yaşıl bir yarpaq qopararaq, pencəyinin döş cibinə taxdı. Əsgər, təkrarən, hörmətlə salamlayıb, uzaqlaşdı. Sevinc içindəydi, qürurlu yeriyirdi... Rus işğalçılarından qorxusu yoxdu.Türklüyü təmsil edən Ənvər Paşaya qarşı ürəyində olan sevgi, ona təhlükəli nəticələr doğura biləcək addımı atdırmışdı... Bu gözəl mənzərəni seyr edənlərin gözlərindən sevinc yaşları axırdı...
İçimdə həm sevinc, həm də can sıxıntısı Təzə Pir məscidinə doğru addımlayırdım. Oraya çatan vaxt, xalq hələ də dağılışmamışdı. Bizimkiləri görəndə, qəsdən uzaqdan qışqırdım:”Ənvər Paşa buraya gələcək!..” Bu şad xəbər sürətlə ağızdan-ağıza dolaşdı:”Ənvər Paşa gəlir!..”
Üstündən 15-20 dəqiqə keçmişdi, fəqət gələn yox idi... Artıq özüm də şübhələnməyə başlamışdım: Görəsən,doğrudan da gələ biləcəkmi?..
Birdən, aşağıdakı küçədə qara bir avtomobil göründü və pillələrin qarşısında dayandı. Minlərcə insanın hayqırtısı eşidildi. Hamı sevinclə:”Gəlir!.. Ənvər Paşa gəlir!..”
Amma maşının içindən Sovet Başbakanı, doktor Nəriman Nərimanov çıxdı və xalqa:”Yoldaşlar, dağılışın, Ənvər Paşa gəlməyəcək”-deyərək, məscidin həyətinə doğru özünə yol açmağa başladı. Lakin heç kim ona inanmadı. Hamıda bir inam vardı:”Ənvər Paşa gələcək!..”Sevgili qardaş Türkiyənin qəhrəmanı Ənvər Paşa Azərbaycana gəlsin və onu dörd gözlə gözləyən qardaşları ilə görüşməsin... Belə ola bilərmi?.. Buna rəğmən doktor Nərimanov bir daha bağırdı:”Yoldaşlar, dağılın,evinizə gedin, Ənvər Paşa buraya gəlməz!”
Amma onun dediklərini vecinə belə alan olmadı. Doktor Nərimanov, avtomobilinə minərək, gəldiyi kimi də getdi...
Bütün xalq kimi biz də ümidlə gözlədik. Ruqiyyə gülümsəyərək, üzümə baxdı:
-Həqiqətən də gələcəkmi?..
-Gəlir- dedim.
Bunu söyləyərkən, içimdə inanırdım... Üstündən beş-on dəqiqə ancaq keçmiş olardı. Uzaqdan avtomobil mühərrikinin səsi eşidildi. Bu dəfə narahatlıqla öz-özümə: ”Olmaya bizi dağıtmağa gəlirlər...”
Avtomobil aşağıda pilləkənlərin bərabərində dayandı. Birdən hər tərəfdən səslər eşidildi:”Ənvər Paşa gəlir!”
Və bir neçə saniyə sonra o möhtəşəm izdihamın hamısı sevinclə qışqırırdı:”Ənvər Paşa gəlir!”
Birdən, əmr verilibmiş kimi, bu qələbəlik yolu açdı; pilləkənlərin başından, məscid həyətinin ortasına qədər... Sanki bu insan dənizi Ənvər Paşanı bağrına basmaq istəyirdi. Aşağıda, pilləkənlərdə xalq həyəcanla qışıqırırdı:”Yaşasın Ənvər paşa!Yaşasın Türkiyə! Yaşasın türkiyəli qardaşlar!..”
Ənvər Paşa yavaş-yavaş onun üçün açılan yolla irəliləyərək, əli ilə sağa, sola salam verirdi. Möhtəşəm xalq həyəcanıydı; bəziləri keçdiyi yolu öpür, bəziləri sevincdən ağlayır, bəziləri böyük fərəh içində gülürdü.
O anda Ənvər paşa:”Ruslara hücum edin! Qovun bu düşmənləri!” əmrini vermiş olsaydı, millətimiz tərəddüdsüz; kişili, qadınlı həmin an hücuma keçərdi...
Ənvər Paşa həyətin ortasına gəlmişdi.Sağ əlini havaya qaldırdı.O anda hər kəs susdu, minlərcə insan qələbəliyi cınqırını belə çıxarmadı.
-Sevgili qardaşlarım! İcazə verin qadınlar məscidə keçsinlər, orada onlarla danışıb, sonra çöldə sizinlə danışarıq!..
Uşaqlar və qadınlar məscidə girdilər.Ənvər Paşa məscidin mərmər pilləkənlərinn üstündə göründü və sözə başladı:
-Sevgili qardaşlarım! Gözəl yurdunuz Azərbaycanı ziyarət edib, siz qardaşlarımla görüşməyi çoxdan arzulayırdım, lakin... Bu günümüzdə deyil... Sizlərə çox şeylər demək istərdim, amma... bilirsiniz...”
Bu sözləri deyəndə, ona yaxınlaşmaqda olan Nərimanovu göstərirdi...
-İnşallah, daha yaxşı, daha gözəl günlərinizdə bir daha görüşərik... Hələlik, Allaha əmanət olun!..
Çıxışı bitdi. Millət meyidə döndü. Kimsədən səs çıxmadı. Bütün dərdlər, yaralar yenidən təzələndi, millətin qəlbində. Artıq xəyallardan ayılıb, acı həqiqəti gözünün önündə görürdü... Ancaq bu bir anlıqdı. Ənvər Paşa avtomobilə minərkən millət yenidən hərəkətə gəldi. Alqış tufanı qopdu.Yenə də canı-dildən qışqırdı:”Yaşasın Ənvər Paşa!... YaşasınTürkiyə!...”
O getdi. Millət ölü kimi yerində qaldı. Ancaq bir müddət sonra, cənazə götürülübmüş kimi, hər kəs səssiz- səmirsiz evinə dağılışdı...
Yenə də hər kəsin içində sızıltı, yenə də hər tərəfdə rus çəkişmələri... Yenə güllələnmə sırası, yenə damğalanma, yenə də bütün evlərdə göz yaşları...
Bir neçə gün sonra “Şərq Xalqları Qurultayı” açıldı. Tədbir Opera teatrının böyük salonundaydı. Burada Ənvər Paşa çıxış etmək istədi, lakin ona icazə verilmədi. Bu arada bəzi Türkiyəli kommunistlər onu təhqir edən sözlər söylədilər. Bu səbəbdən də, Ənvər Paşa nitqini yazılı olaraq verdi, oxutdu və onu təhqir edənlərə də belə bir cavab verdi:
-Burada adlarınızı, hətta, dilimə gətirmək belə istəmirəm, gözəl tariximizə düşməsin deyə...
Bu sözlər kommunistləri çox əsəbləşdirdi.Qəzetlərdə, yığıncaqlarda Ənvər Paşanı gözdən salmaq üçün nə bacardılarsa, nə lazımdısa etdilər. Haqqında uydurma şeylər yazıldı: burjua, xalq düşməni... Ayrıca mitinqlər təşkil etdilər. Ənvər Paşa buradan ayrılıb Almaniyaya getdikdən sonra, hətta, bu yazıları davam etdirdilər, lakin, nə etdilərsə, Azərbaycan türklərinin qəlbindən o sevgini çıxarammadılar.

31 Oktyabr 1921-ci il

Havalar xeyli soyumuşdu. Nədənsə bu il soyuqlar əvvəlki illərə nisbətən, tez düşmüşdü. Azərbaycanın bir çox məntəqələrindən, şiddətli yağışlara, çaylarda sel-su daşqınlarına, sellərin yardığı bəndlərə aid acı xəbərlər gəlirdi. Bu vaxt Astara ərazisinə göndərdiyimiz təşkilatçımızın da acı xəbəri gəldi.Yazıq, daşan çayı keçmək istəyərkən boğularaq,Vətənimizin uğrunda şəhid olmuşdu. Bu xəbər bizi çox kədərləndirdi...
Üsyana hazırlığımız başa çatmışdı. Hər tərəfdən müsbət xəbərlər gəlirdi.Qərarımıza görə, hələ qarşıda üç həftə vaxt vardı. Millətimiz sevinc içində o qurtuluş gününü gözləyirdi.O gün -31 oktyabr idi. O gün rus işğalçılarını yurdumuzdan qovduğumuz gün olacaqdı.
Təşkilatımız paytaxt Bakıda mükəmməldi.Qırmızıların Nazirləri birbaşa öz maşınları ilə həbsxanaya aparılacaqdılar. Çünki, sürücüləri millətçi təşkilatın üzvləri idilər. Bütün iş bir neçə saatın içində və hər yerdə eyni vaxtda başlayıb, sona çatacaqdı...
Bu vaxt toplaşdığımız otağın qapısı astaca döyüldü. İçəriyə, çox inandığımız növbətçilərdən “Kor” (Ələsgər) girdi. Çox həyəcanlıydı. Əlindəki naqan tapançanı masanın üstünə qoydu:”Xəfiyyələrini yaxaladıq, buralarda dolaşırdı. Onu izlədik və qəfildən üstünə tullanıb “xıxırtdıq”... Görünür burunlarına iy dəyib... Leşini susuz quyuya atdıq...”
-Üst-başını axtardınızmı?
-Axtardıq. Bax bu tapançaydı və bir neçə açar vardı.
-Yazı, kağız yox idimi?
-Cibində bir yazılı kağız vardı, heç nəyə yaramırdı deyə tulladıq.
-Hayıf, əslində o bizə çox şey anlada bilərdi. Hər halda o, tək deyildir, yoldaşları da vardır. Onlar tək fəaliyyət göstərmirlər.
-Nə isə, keçənə güzəşt deyərlər. Artıq olan oldu.
Söhbətə “Kor” qarışdı:
-Qaç! Tez yoldaşlarını da götür, yenə də pusquda durun. Bu dinsizlər, necəsə buranın iyini alıblar, amma harada olduğunu öyrənə bilməyiblər. Artıq çox diqqətli olmalıyıq.
Kor çıxdı. Qaranlıqda dar küçənin evlərinə sürtünə-sürtünə getdi ki,yoldaşlarını tapsın. Künc-bucaqları yenə də nəzarətə götürdülər.
Toplantı otağında bir səssizlik hökm sürürdü. Başqanımız Həsən bəy-“Quş”, kiçik qaz lampasının zəif işığında üzümüzə təkrar-təkrar, diqqətlə baxdı:
-Bizim burada toplanmağımızı düşmən haradan bilər? Dostlar! İçimizdə yəni xain var deyirsiniz?..
Kimsədən səs çıxmadı.Quş davam etdi:
- Nə isə, dostlar, buna inanmaq istəmirəm, amma çox diqqətli olmalıyıq. Bu qədər ağır zəhmətlə hazırladığımız üsyanı bu ayın 31-də bacarmasaq, artıq sonu çox pis olacaq, çünki, ruslar dirçəlirlər- bu bolluq və zənginlik içində. Neftimizin sayəsində motorlu vasitələrdən faydalanmağa başlayıblar. Düşməni qüvvətlənməmiş əzməliyik!.. Bir həftə toplantımıza ara verək. Bu müddətdə, içimizdən hansı birimiz izlənəriksə, onu öyrənərik və bir-birimizə xəbər verərik.
Bu fikir məqbul görüldü.Yığıncağı başa vurub, bir-bir evdən çıxdıq. Dar və qaranlıq çıxış nöqtəsindən, birbaşa evə getməyi doğru bilmədim.Özümün də izlənib-izlənmədiyimi bilmək istəyirdim.
Küçələrdə bir kimsəyə rast gəlmirdim.Gecənin bu səssizliyi içində, ancaq öz addımlarımın səsini eşidirdim. Lakin ara-sıra sahil tərəfdən gələn tüfəng səsləri içimi ürpədirdi. Ürəyimdən:”Axx,vicdansız, qəddar Qırmızı rus köpəkləri! Hələ dayanın! Əlbəttə, intiqamımızın necə olduğunu bu yaxınlarda anlayarsınız!..”-deyə öz-özümə mırıldanırdım. Küçələrdə bir az da veyil-veyil dolaşandan sonra ,evimizin qapısına yaxınlaşdım, səssizcə açıb, otağım yerləşən birinci mərtəbənin şüşəli dəhlizinə çıxdım.Otağımın da qapısını ehmalca açıb, içəri keçdim. Çox şükür, kimsə məni izləmirdi.
Son vaxtlar adət etmişdim, otağımın qapı- pəncərəsini kilidləmirdim.Əslində, içəridə oğrunun götürə biləcəyi bir şey yox idi.Oğurlanmalıları baş oğru rus oğurlamışdı... Ayrıca, güllələnmə sırası mənə çatarsa, gələnlər qapını açmaq üçün zəhmət çəkməsinlər düşüncəsiylə, bəlkə də, qapını açıq saxlayırdım.
Sübh tezdən yuxudan duranda,ağlıma bir şey gəldi. Məndə axtarış aparılarsa, rusları yalnış yola azdırmaq...

Anna Belska

Rastov şəhərində yaşayan, ailə dostumuz, polşalı gənc, sarışın və gözəl bir qadın vardı: Anna Belska. Əri “Siemen Qolske” firmasın mühəndisi idi. Bu ailə ilə Şimali Qafqazın Dəmirsu bölgəsində tanış olmuşduq.O zaman onlar Peterburq şəhərində yaşayırdılar. Dəmirsuda ailəvi görüşüb,yaxın dost olmuşduq. Ayrılandan sonra da Anna ilə məktublaşırdıq. Rusiyada inqilab qarışıqlıqları baş verəndə, mən Dorpat universitetindən Xarkov universitetinə təyin olunmuşdum. Heç olmasa, məmləkətimizə bir o qədər də uzaq deyildi.Son buraxılış imtahanlarını Xarkovda verəcəkdim. Annanın Ukraynada qohumları vardı. Peterburqdan onları ziyarətə gələndə bir neçə gün də mənim yanımda qonaq qalmışdı. Xarkovda çox gəzdik, əyləndik, teatra getdik.Çox səmimi bir dost olmuşdu mənə, tənha vaxtlarımda. Elə qaynayıb-qarışmışdıq ki, bacı-qardaş kimi, ayrılanda göz yaşlarını saxlayammadı. Dostluğumuz daha da möhkəmləndi. Qatar yola düşərkən əl yellədi və məni heç vaxt unutmayacağını söylədi... Daha sonra, acı günlərimdə bu sözlərin-Annanın dostluğunun nə qədər həqiqi olduğunu gördüm.Tez-tez olmasa da, yenə də məktublaşırdıq. O, mənə öz həyatından, mən də ona öz vəziyyətimdən müəyyən məqamları yazırdıq.
Anna ilə aramızdakı səmimiyyəti düşünərək, ona bir məktub yazmağı planlaşdırmışdım. Lakin bu məktub özünə heç vaxt göndərilməyəcəkdi. Altına yazılma tarixi atmağı düşünmürdüm. Masamın üstündə hər vaxt yazılmağa başlanılmış bir məktub kimi qalacaqdı... Başlanılmış, amma bitirilməmiş bir məktub kimi...
“Çox hörmətliAnna Andreyevna!
Çoxdandır sizə məktub yazmamağımın səbəbi Azərbaycanın son zamanlarda siyasi çöhrəsinin dəyişməsi oldu. Bir ara hər şey qarışmışdı. Bizdə də indi kommunist cəmiyyəti qurulmuşdur. Bu vəziyyət məni əvvəlcə, çox hürkütmüşdü. Mən bu rejimi 1918-ci ilin mart ayındakına bənzətmişdim.O zaman inqilabçılarla ermənilər (Daşnaqlar) əlbir olub, on mindən çox günahsız, silahsız türkləri faciəvi şəkildə qətlə yetirmişdilər.Halbuki, indi heç elə bir şey olmadı. Qızıl Rus ordusu məmləkətimizə girdi və heç kimə toxunmadı.
Təbii, kommunist cəmiyyətinə qarşı olanlar cəzalandırılır, günah özlərindədir.Gördüm ki, narahatçılığım yersizmiş. Belə ki, mən hələ də hakim olaraq, vəzifəmi eyni yerdə davam etdirirəm. Kimyaya həvəsim olduğu üçün, eyni zamanda yenidən universitetə də sənədlərimi verdim. İndi kimya fakültəsinin tələbəsiyəm.
İndi də siz özünüz haqqında yazın. Bacınız-balaca Mariya necədir?Yaxşı oxuyurmu? Məndən ibrət götürsün, yenə də oxumağa başladım... İndi hər halda on bir-on iki yaşındadır, deyilmi? Xatırlayırsınızmı, necə qucağıma dırmanır, başımdan papağımı götürür və saçlarımı dağıdarkən qəhqəhə ilə gülərdi... Nə yaxşı günlərdi... Siz mənə baxmayın, mənim işlərim çoxdur. Mariyaya salam de. Çilli yanaqlarından öpürəm. Bir də...”
Bitməmiş sinfoniya kimi mənim də “məktub”um qəsdən yarımçıq qalacaqdı. İşdi-şayət evimdə axtarış aparılarsa, qırmızı köpəklər oxusun,onlara necə də ürəkdən bağlı olduğumu görsünlər. Bir dəfə də biz onları “dostluqla” aldadaq... Zarafat hazırdı, ünvanı da yazılmışdı. Məmləkətimizə “dost kimi” gəlmişdilər,”dost” olaraq işğal etmişdilər. Mən də “dostluğu” özlərinə göstərməyi özümə borc bilirdim...

Buz anbarı

Axşam saat altıda otağıma qayıtmışdım.Qaranlıq çökmüşdü.Bir neçə kərə çölə çıxıb, ətrafa baxandan sonra, zirzəmiyə endim.Qəzetə bürünmüş iki tapançanı torpağın altından çıxardım, güllələri ilə birlikdə çantama yerləşdirdim.Sonra təkrar yuxarı çıxdım, həyətə keçib ala qapıya doğru addımladım və oradan küçəyə döndüm.Ətrafda kimsə yox idi.Yaşadığım Vrangelski küçəsindən Persidski küçəsinə adladım ( içimdə böyük bir dərddir: yazıqlar olsun ki, Türk dövlətində küçələrin adları rusca, rəsmi dövlət idarələrində yazışma dili rusca... Təpki, işğal altında olan bu günkü Azərbaycanda olduğu kimi...)
İti addımlarla Parlament küçəsinə tərəf yeridim. Küçə bomboş idi. İzləyən yox idi. Buna əmin olandan sonra, küçənin başındakı kiçik buz anbarına yaxınlaşdım.Ətrafda kimisə görməyəndə, içəri keçdim. İçəridə seyrəklikdi, yalnız bir neçə adam var idi; torbalı, filəli adamlardan təkcə birini tanıya bilmədim.O birilər “bizim uşaqlar”dı. Bu buz anbarı, təşkilatımıza üzv olan dostların gündüz görüşmə yeriydi. Burada xəbər paylaşır, silah gətirilir, silah götürülürdü...

Aslan


Dükanın sahibi, təşkilatımızın dəyərli idarəçilərindəndi. Məni görəndə gülümsündü, amma tanıdığını büruzə vermədi.Gözləri ilə özgə adamlara işarə edərək, him-cim etdi. Salamımı belə almadan növbəm çatanda biganə bir şəkildə:”Buyurun!” dedi. Səsi gur olduğuna görə, öz aramızda ona “Aslan” təxəllüsü vermişdik.
Çantamı ona uzadarkən, gözümlə çantaya işarə etdim və:”Zəhmət olmasa, mənə altı girvənkə buz ver, çox təcili lazımdır”. Aslan nəyin təcili lazım olduğunu başa düşüb, silahların haraya gedəcəyini də yaxşı bilirdi. Çantamı əlimdən alan kimi,”içinə buz doldurmaq üçün”, anbarın içinə keçdi və az sonra, dolu çantanı mənə uzadaraq, qiymətini söylədi və pulu alaraq, tərəzinin böyrünə atdı. Artıq mənimlə heç maraqlanmırdı da... Yenicə gələn müştərilərə baxırdı. Məsələnin ciddi olduğunu anladım. Bizim Aslan başqa vaxt belə eləməzdi. Bir az danışırdıq. Anbardan çıxarkən çantanın “ağır” olduğunu görsünlər deyə, sağ qolumu bir az əydim və iri addımlarla evə tərəf cumdum.

Səlimənin vəziyyəti


Alaqapıdan evə girib, pilləkənlərlə cəld yuxarıya dırmanarkən, ikinci mərtəbənin artırmasından bir səs eşidildi.Oraya qalxanda Ruqiyyə ilə qarşılaşdım. Məni görən kimi, sıxıntılı bir tövrdə:
-Nə olar, bizə gəl, qardaşım çağırır-dedi.
-Xeyir ola? Bir şeymi var?
Ruqiyyə başını aşağı saldı və gülümsəyərək:
-Xeyirdir!-dedi.
Beləcə, danışa-danışa salona girdik. Evin yaxın adamları və dostları burada qəbul olunurdular. Böyü salonda bir kimsə yox idi.
-Qardaşın hardadı?-deyə soruşdum.
-Səlimənin yanındadı, indi özünü çağıraram.
Mən onun qabağını kəsdim:
-Sən zəhmət çəkmə, özü gəlir...
Mən onun yolunu kəsərkən, başını köksümə əydi. Mən onun başını qucaqladım. O da boynuma sarıldı. Dodaqlarımız bir-birini tapmışdı.Yalnız bircə saniyəlik... Bitişik yataq otağından gələn ayaq səsləri bizi ayırdı... Ruqiyyə, utanıb yataq otağına qaçmaq istərkən Əli bəylə toqquşdu və büsbütün çaşdı...
-Qız, sənə noolub?-deyə, içəri girəndə üçümüz də güldük.
Ruqiyyə bacısının yataq otağına girəndən sonra, Əli bəy mənə dönüb:
-Əzizciyim, sənə bir zəhmət vermək istəyirəm, bağışla.
-Bu nə deməkdir, buyur, hər vaxt hazıram.Özgəyikmi?
-Yox , canım,ona görə deyil.Axı, bu məsələ səni narahat etməlidir... Bilirsən, Nağı qaçdıqdan sonra, artıq onun ailəsinin də yükü bizim üstümüzdədi. Mən də təkəm, kömək edənim yoxdur. Bircə ümidim sənsən. Bir neçə gecə sənə də əziyyət verəcəyik...
-Ay aman, sən də söz dedin ha! Nə əziyyəti var ki... Belə rəsmi çıxış etməyə nə ehtiyac var. Bizim borcumuzdur. Çağırarsan, nə eləmək lazımdırsa, mənə deyərsən...
Hər ikimiz gülə-gülə qucaqlaşdıq.
-Sağ ol, canım, əslində məni bu vəziyyətdə tək qoymayacağını bilirdim.
* * *
... Səlimənin toyu hələ mən Əli bəylə təzəcə dostluq etdiyimiz ərəfələrdə olmuşdu.O günlərdə Milli Azərbaycan Cümhuriyyətinin Baş Naziri olan Fətəli xan Xoylunun yerinə Nəsib bəy Yusifbəyli gətirilmişdi.Əslən Gəncəli olan bu şəxs, millətçi və türkçü idi. Eyni zamanda,”Ədəmi-Mərkəziyyət partiyasının”qurucularındandı.(Bu partiya sonradan Müsavat partiyası ilə birləşərək, Azərbaycanın rus istilasına uğramasına qədər, iqtidarda olan “Ədəmi-Mərkəziyyət Müsavat partiyası” adını almışdı) Bir çox yaxşı məziyyətlərinə rəğmən, Nəsib bəy bir Dövlət adamı olaraq, Fətəli xanın yerini tuta bilməzdi. Fətəli xan Avropa çapında bir diplomat, bir dövlət adamıydı.
Heç vaxt unutmaram, Milli Cümhuriyyətimizin bu dəyərli Baş Naziri ilə olan hadisəni: Almanlar Birinci Dünya müharibəsində uduzanda, Azərbaycanı xilas etməyə gələn Türkiyə ( o vaxtlar Osmanlı deyirdilər) ordusu da İngilislərin tələbinə görə, Azərbaycandan çıxmaq məcburiyyətində qalmışdı.Türkiyə ordusu çəkilən kimi, ingilis ordusu Bakıda bir ara sırtıqlaşdılar, özbaşınalıq etməyə başladılar. Türklərin bu məsələdə nə qədər həssas olduqlarını anlaya bilməmişdilər. Bunun nəticəsi olaraq, kazarmadan bayıra çıxan ingilis əsgərləri çox vaxt geri dönmürdü. Səbəbi anlaşılmırdı...
Bu vaxt, ingilis komandanı, gərək ki,Tomson idi, Baş nazir Fətəli xanı ziyarət etmiş və ona bu vəziyyəti danışaraq, izahat istəmişdi... Fətəli xan ona belə cavab vermişdi:
-Biz türklər qonaqsevərik, lakin adət və ənənələrimizə hörmət etmək şərtiylə. Sonra da mən sizdən soruşmaq istəyirəm. Siz buraya hansı səlahiyyətlə təşrif gətirmisiniz?..
Tomson:
-Osmanlı dövləti ilə müharibə etdik,onları buradan çıxartdıq!..
-Unutmayın ki, bura Osmanlı deyil, Müstəqil bir Türk Cümhuriyəti Azərbaycandır. Siz də burada qonaq adlanırsınız.Əgər, siz burada bir işğalçı qüvvə kimi qalmaq niyyətindəsinizsə, onda mən bizim kişilərə əmr verərəm ki, hamısı evdə otursun və sizi buradan bayıra atmağa, təkcə qadınlarımız yetər!..
Bu cəsarətli sözlər Tomsonun çox xoşuna gəlmişdi və oradan dost kimi ayrılmışdı. Qısa bir vaxtda sonra da, bir çox ağır top, silah və cəbbəxanalarını Azərbaycan Cümhuriyyətinə sataraq, ingilislər gəldikləri kimi çıxıb getdilər...
... Nağı Şeyxzamanlı orta təhsilli olmasına baxmayaraq, ağıllı və cəld bir gəncdi.Gəncəli və Nəsib bəyin ailəsiylə köhnədən yaxın olması onu Azərbaycanın Milli Əmniyyət Nazirliyinə gətirmişdi. Böyük qardaşı Məmmədbağır bəy də Gəncədən millət vəkiliydi. Səlimənin elçiliyinə şəxsən Nəsib bəy Yusifbəyli özü gəlmişdi.Toy Əli bəygilin böyük salonunda keçirildi. Başda Nəsib bəy, bir çox nazirlər, millət vəkilləri, ordu generalları və Bakı şəhərinin sayılıb-seçilənlərindən, tanınmış şəxslər toyda iştirak edirdilər.Toy səhərə qədər davam etdi. Mən coşdum və böyük masanın üstünə çıxaraq,”Şeyx Şamil” oynadım. Başımda kiçik, saçaqlı qara papaq, əynimdə yeni tikdirdiyim milli qiyafə və əlimdə, qınından çıxardığım iti xəncərim masanın üzərində quş kimi uçurdum.Bu vaxt xəncərin ucunu dizimdən aşağı soxduğumu hiss etdim. İgidliyi əlimdən vermədim, axıra qədər oynadım. Alqışlar,öpüşlər arasında masadan endikdən sonra, gizlicə, Ruqiyyədən bir az yod, bir az da pambıq istədim. Narahat olmağa dəyməzdi, bir az qanamışdı.
Nağı bəy də, ağ papaq və ağ rəngli milli qiyafədəydi.O da bizim milli oyunlarımızdan birini Səlimə ilə üz-üzə oynadı.Çox şuxduq.Yazıqlar olsun ki, çox keçmədən qəddar ruslar əhvalımızı korladılar. Bir gün gəldi, Nağını da ruslar yox edəcəkdilər- eynilə, qardaşı kimi... Onu qaçırdım.


Ardı var