31 Oktyabra doğru - “Həyatımın hekayətləri” X hissə

31-oktyabra-dogru-heyatimin-hekayetleri-x-hisse
Oxunma sayı: 811

Məlumat üçün bildirək ki, XX əsr Azərbaycan tarixinin ensiklopediyası adlandırılan bu əsər çox ciddi və maraqlı faktlarla zəngindir. Əsərdə XX əsin əvvəllərində Cənubi Qafqazda, İranda və Türkiyədə baş verən proseslər əks olunub. Kitabda Əziz Alpoudun Məhəmmədəmin Rəsulzadənin, o cümlədən digər demokratik respublika qurucularının ünvanına şok ittihamları, onları satqınlıqda ittiham edən fikirləri yer alıb. Olduqca maraqlı və qalmaqallı məqamların yer aldığı kitabın elektron versiyası müəllif tərəfindən “Qafqazinfo”ya təqdim olunub. Biz kitabı bu gündən hissə-hissə çap etmək fikrindəyik. Kitabda yer alan fikirlərlə bağlı müzakirələrə qoşulmaq istəyənlər öz rəylərini göndərə bilərlər.

Əvvəli BURADA



Nağı bəyin qaçırılması

Mən dəmiryolu məntəqəsində vəzifəmi davam etdirirdim. Bir gün günortadan sonra, işimlə bağlı Telefon küçəsindən gedərkən,qarşıma Nağı bəygilin qohumu və ya həmyerlisi olan, “Çeka”da işləyən bir “hakim” çıxdı. Məni tanıyırdı. Qəflətən qarşılaşdıq və məni ins-cins olmayan bir küncə çəkdi. Əlindəki bir dəst açarı mənə uzatdı:
-Bu açarları, mümkünsə Nağıya verə bilərsinizmi? Mən onlara gəlmək istəmirəm... Bu açarlar onun böyük qardaşı Məmmədbağır bəyindir... Onu bu gün güllələdilər...
Bunu deyər-deməz, o adam məndən uzaqlaşdı. Bir maşına minib, Məmmədbağır bəygilin evlərinə getdim.Onlar da Əli bəygilin binalarında qalırdılar.
Nağı bəyi qardaşı arvadı Həcər xanım və bacısı qızı Qumru ilə yemək otağında çay içərkən tapdım. Mənim gəlişimi gözləmirdi, çünki, get-gəlimiz yox idi.
Oturmağımı xahiş etdilər.Oturdum və bir an əvvəl bəd xəbəri deyib, getmək istəyirdim. Faciəli hadisəni onlara çatdırdım və açarları da verdim. Hamısı çaşqınlıq içindəydi. Bu acı xəbrədən sonra, icazə istəyib,vidalaşmaq üçün ayağa duranda, Nağı bəyin Səlimənin həyat yoldaşı olduğu ağlıma gəldi. Mütləq Nağı bəyi də ruslar güllələyəcəklər... Milli Təhlükəsizlik təşkilatının başqanıdır... Tələsik Əli bəyə xəbər verməliyəm: Bu adamı qurtaraq deyə...
Ağlımdan keçənləri Nağı bəyə söylədim. Həcər xanım söhbətə qarışdı:”Nağı bəy məhbus deyil ki, onu öldürsünlər!”dedi.
Qadına heç cür vəziyyəti başa salammadım. Elə bil ruslar təkcə məhbusları öldürürdülər...
Evdən çıxdım və birbaşa Əli bəygilə getdim.Yaxşı ki, Səliməni də evdə tapdım. Dərhal məsələni onlara danışdım,vəziyyətin ciddi olduğunu onlara izah etdim. Yubanmadan telefonla Nağı bəyi çağırdıq.O gələnə kimi, qərar verdik: Bir neçə gündən sonra mən, Nağı bəyi gizlicə Mərdəkandakı yay evinə götürüb, aparacağam. Planı mən hazırlayacaqdım. Bir kimsə bilməyəcəkdi. Dərhal, Nağı bəyin aradan çıxarılması hazırılığına başlandı.Sonra Nağı bəy hər üçü ilə vidalaşıb, mənimlə evdən çıxdı. Mənim xüsusi dairə jandarmam (Dəmiryolu hakimi olduğum üçün mənə verilmişdi) Əli adında çox düzgün bir oğlandı.Özü də bizim küçədə yaşayırdı.Onu evindən bayıra çağırdım: Anası bilməsin deyə. Necə olsa da, avam qadındı... “Baş üstə!”dedi.Əli, artqı bir şey soruşmadı.
Əliyə vəziyyəti başa saldım və:
-Bu adam bu gecə sənin otağında yatacaq!-dedim.
-Baş üstə!- dedi.
Əli artıq bir şey soruşmadı. Məsələnin ciddi olduğunu anladı.
O gecəni Nağı bəy orada keçirTdi. Nə yaxşı ki, mənə qulaq asmışdılar. Sən demə, elə mənim düşündüyüm kimi də olmuşdu.Gecə rusların gizli təşkilat adamları Nağı bəyi evində axtarmışdılar. Orada kimisə tapa bilməyib,Əli bəygilə dəymişdilər.Səlimə ilə Əli bəy gələnlərLə danışmışdılar və demişdilər ki, Nağı bəyin haraya getdiyini bilmirlər, üç gündən bəri evə gəlməyib.Başında bir qəza olduğundan çox narahatdırlar.Və beləcə gələnləri aldatmışdılar.
Gecə çox sakit keçmişdi. Əli bəy bir neçə dəfə məxsusi küçəyə çıxmış, lakin şübhə doğuran bir hadisəyə şahid olmamışdı...
İşdən evə qayıdarkən,eyni küçədə yaşayan Qubad qardaşıma baş çəkdim və otaqlarından birini bir gecəlik mənim qonağıma verməsini xahiş etdim.Təbii ki, vəziyyəti də ona başa saldım. Gecə axtarış apardıq... Sabah tezdən işə gedərkən Əlini çağırdım və mənim, həmişə tədqiqata gedəndə kirələdiyim və çox yaxşı atları olan faytonçunu tapıb, yanıma gətirməsini tapşırdım.
Əli getdi və az sonra faytonçu ilə birlikdə gəldilər:
-Bax,oğlum, bu axşam və ya sabah sübh tezdən Balaxanı, Sabunçu ərazilərində tədqiqatlar aparmağım lazımdır. Axşam saat yeddi radələrində bizim evin qapısında hazır ol!
Faytonçu hörmətlə:
-Baş üstə hakim bəy! Narahat olmayın, vaxtında gələcəyəm...”dedi.
-Di, yaxşı, görüm də səni. Katibim də gedəcək bizimlə.
Faytonçu mənə birtəhəri baxdı:
-O xəstə qızmı?..-dedi.
-Yox canım, gecə qızlarla yola çıxmıram... Onlar silah ata bilmirlər.Əli silah tutanı götürürəm.
Faytonçu məmnun idi.... Mən də... Əli də...
Günorta vaxtı Əli mənə telefon etdi:
-Bizə yeməyə gəl.Sevdiyin südlü plovumuz var... Quru balıqla!..
Anladım, yemək məsələsi deyil:
-Yaxşı ! Gəlirəm! Sağ ol!..
Evlərində görüşdük.Gəncədən Nağı bəyin bir qohumu gəlmişdi. Etibar olunası adammış.”Axşam saat beş radələrində bizə gəlsin”dedim. Adı İsrafildi... Bu arada da Nağı bəyə baş çəkdim.O çox sevindi. O, silahsız olmamalıdır, mənim üçün də tapar...” Mən faytonçuya İsrafili də jandarmam kimi tanıdaram”-dedim. Nə isə, hələlik qaydasındadır, deyə , sevindik.
Axşam İsrafil bizə gələndə, məsələni anama açmaq məcburiyyətində qaldım.Gözlərini yerə dikdi və:”Oğlum, sən nə vaxt ağıllanacaqsan?..”dedi.Onun mənə nə demək istədiyini anladım, lakin dava şəxsi deyildi, milli davaydı. Milli bir iş idi gördüyüm... Anama, bizim üçün bir az yol tədarükü hazırlamağı xahiş etdim.”Bəlkə,yolda acarıq”-deyə, düşündüm.
Əli faytonçunun bizim qapıya gəldiyini dedi.Yapıncımı geyib, Nağı bəyi aparanda ona:
-Bax ha, bığların görünməsin, sonra səni tanıyarlar, başımıza bəla olar!-dedim.-Yaxşısı budur, bığlarını qırxaq-deyəndə:
-Elə şey olarmı? Bığları da heç qırxarlarmı”-deyə,etiraz etdi.(İllər keçəndən sonra İstanbulda görüşdüyümüz vaxt, o bığlar yox idi...)
Anamla vidalaşıb, arabaya mindik.”Bismillah” deyərək, yola düşdük.Şəhərin içindən keçməyimizi istəmirdim. Arabaçıya, məhəlləmiz yerləşən Çəmbərəkənd təpəsidən aşıb, qəbristanlığın içiylə Balaxanı-Sabunçu istiqamətində sürməyi tapşırdım.Güclü atlardı, qısa vaxtda təpəni aşıb, dar bir yola çıxdıq.Artıq ətrafa qaranlıq çökmüşdü.Sabunçu-Balaxanı yoluna çıxdığımız vaxt, mülki geyimli bur neçə milisoner bizi dövrəyə aldı:
-Siz kimsiniz?.. Arabanın fənərləri niyə yanmır?-deyə sorğu-suala tutdular.
Mən arabadan endim:
-Necəsiniz, uşaqlar, buralarda sakitlikdirmi?.. Yaxşı nəzarət edə bilirsinizmi?-deyə, sorğu-sual yağışına tutanda, milisonerlər fağırlaşdı. Bu dəfə suallarımı cavablandırmaqla bərabər, həm də xahişə keçdilər:
-Əgər, fənərlər sönük olarsa, sizi şəhərdən qaçan “burjualardan” bilib, atəş açarlar...
Bu vaxt arabaçımız aşağı enib fənərləri yandırmışdı. Bir daha milisonerə, diqqətli olmalarını tapşırandan sonra... hərəkət etdik.Yaxşı azdırdıq...
Axşam saat 9-10 radələrində, Sabunçu- Balaxanı neft ərazisinə girmişdik.Yolumuz üstdəki asayiş idarəsini yenicə geridə buraxıb, qaranlığa girmişdik ki, Baş Asayiş İdarəsinin alabəzək (ağ-qırmızı) avtomobilinin canavar siqnalının səsini eşitdik...”Vay, vay! Bizimi izləyirlər?..” Faytonçuya “Dur!” dedim ,”bəylər bir az dincəlsinlər”. Faytonçu da güldü:”Təbii, bəyim! Uzun yol gəlmişik”.
Əlimlə işarə verdim ki, biriniz sağa, biriniz də sola keçin.Onlar qaranlığa çəkildilər, əli silahlı hazır vəziyyətdə dayandılar. Mən gözlədim.Əgər asayiş idarəsinin maşını bizi izləyirsə, deməli, yaxınlaşacaq... Mən özüm üçün rəsmi vəzifə uydurdum. Xüsusən arabaçıya da bunu öncədən demişdim. Dəqiqələr keçdi, maşın asayiş idarəsinin yanından keçdi, bir az irəlilədi, lakin sonra yenə geri dönüb, əcaib siqnalını verə-verə qaranlıqda gözdən itdi... Yoldaşlarıma işarə verdim, gəldilər.”Necədir, rahatlana bildinizmi?..” Güldülər. Amma çox vaxtındaydı... Hamımız gülüşdük. Az sonra qaranlıqda Balaxanı kəndinin üstü qırla örtülən birmərtəbəli evləri göründü. Qarşımıza iki milisoner çıxdı. Bizi silahla görən kimi salam verdilər. Onlardan:
-Buralarda vəziyyət necədir? Sakitlikdirmi?-deyə soruşdum...
-Əlbəttə, yoldaşlar, sakitlikdir! Di, haydı gedin diqqətli olun!.. Bəs karakol hardadır?
Biri mənə sol tərəfi göstərdi.
-Oldu, qayıdanda baş çəkərik... Sür, arabaçı... sağdan!.. Bu da üç!- deyə,öz-özümə düşündüm...
Kənddən xeyli keçib getmişdik. Nağı bəyin səsi gəldi:
-Ayə, bir az yemək yeyəkmi?
-Dayan, hələ tezdir, yeyəndən sonra su da istəyəcəksən... Bu çöl-biyabanda suyu ancaq ovdanda tapmaq olar.
Fikrimi təsdiqlədi.Gecənin ulduzlu olmasına baxmayaraq qaranlıqda qumlu təpələrdən aşaraq ovdana çatdıq. Bunun adı “Usta-şəyird” idi.
Bir rəvayətə görə, iki ovdandan birisini usta, o birisini şəyirdi düzəltmişdir.Aylar, illər keçəndən sonar ustanın quyusu quruyur, şəyirdinki qalır. Bax biz də həmin ovdana çatdıq. Hamımız çöl adamları kimi qumun üstündə oturduq. Bağlamaları açıb, iştahla yeməyə başladıq. Mənim dediyim kimi oldu. Nağı bəy sonuncu tikəsini udar-udmaz, su istədi... Qaranlıqda nərdivanla bir neçə addım aşağıya enib, suyu tapdım.Ovuclarımı doldurub gətirdim. Bunu bir neçə dəfə təkrarlamaq lazım gəldi...
Gülə-gülə yola düşdük. Bir-iki saat sonra, uzaqdan qərənfillərin gözəl qoxusunu Xəzərdən əsən yellər bizə çatdıranda sevindik. Artıq bağlara yaxınlaşırıq. Həqiqətən də, qaranlıqda evləri seçə bildik... Allaha çox şükür!..
Bağbana yuxarıda üç yataq hazırlamasını dedim.Arabaçı üçün də aşağıda-tövləyə bitişik otaqlardan birini açdırdım. Atları da tövləyə saldılar. Hamımız çox yorğunduq. Həm də həyəcanlı dəqiqələr keçirdiyimizdən, hələ özümüzə gəlməmişdik...
Sübh tezdən ,çox erkən vidalaşdıq. Nağı bəyin gözləri yaşardı, məni qucaqladı:
-Mənə elədiyin bu yaxşılığı heç vaxt unutmaram-dedi.
Bizə yaxşı yol arzuladı. Məni gözləyən arabaya mindim, ürəyim arxayın geriyə döndüm. Bakıda məni gözləyən vardı:Vəzifəm və... nəticəni səbirsizliklə öyrənmək istəyənlər.

Təqib

Səlimə indi tək qalmışdı.Çolma-çocuğa baxırdı.Vəziyyəti Əli bəylə danışdıqdan sonra, doktor qardaşım Əli ilə görüşə getdim.Evdən çıxdım və Zavedeniya küçəsi istiqamətində addımladım. Ətraf xeyli qaranlıqdı. Qaranlığın və səssizliyin təsiridəndimi, nədəndi bilmirəm, içimdə qəribə bir şübhə oyandı... Sanki kimsə mənə:”Səni izləyirlər!” deyirdi...
Həm yeriyir, həm də dinşəyirdim... Görəsən?.. Doğrudurmu?.. Niyə?.. Həqiqəqtən də, bir ara arxadan bərkdən ayaq səsələri eşidildi...Yubanıb, gələnin qabağa keçməsini təmin etməliyəm... Bu fikir ağlıma gələr-gəlməz, əyildim və bir ayağımı səkinin hündür yerinə qoydum. Bir tərəfdən ayaqqabımın bağını açdım,o biri tərəfdən də bağlamağa başladım.Sonra gördüm ki, çox məqamında etmişəm bu hərəkəti.
Birisi yanımdan bayaqkı sürətlə gəlib keçdi.Uzun boylu, sarı saçlı, başında Qırmızı rus əsgərlərinin geydiyi qırmızı ulduzlu-xalqımızın “şeytan əməli” dediyi, sivri uclu bir şapka, əynində xına rəngli palto olan bir əsgərdi.
Öz-özümə:”Aydındır! İzlənirəm!..”-dedim və qabaqda, kobud ayaqqabıları ilə axşamın səssizliyində “trap-trup!” səsləri çıxararaq, yeriyən xəfiyyəni keçməyi qərara aldım.İndi əsgər yenə də arxamca eyni addımlarla gəlirdi: Trap-trup... İçimdə əcaib bir kin oyandırırdı bu rus çəkməsinin səsi... Adam öldürməyi xoşlamıram, amma yurdumu işğal edən bu rusları hər halda öldürsəm də “uf” deməzdim.
Qardaşlarımın evlərinə yaxınlaşanda ağlıma bir oyun gəldi: Həmişəki kimi alaqapıdan deyil, qaraqapıdan evə girmək... Girəcəyim həyət qapısının düz üstündə,yan dalan içində küçəni işıqlandıran bir elektrik lampası vardı. Həyətə keçdim və nərdivanlarla yuxarı çıxmağa başladım, baş girişdən qapını açaraq içəri girdim.Qaranlıq dəhlizin kiçik pəncərə şüşəsindən küçə tərəfə baxdım.Rus xəfiyyəsi oradaydı. Kölgəsi də görünürdü.
İçəri girdim. Anam,qardaşım və bacıuşağı ilə bir az söhbət edəndən sonra, bu dəfə alaqapıdan aşağı endim, yavaş-yavaş addımladım. Rus yenə də məni izləyirdi.Bu dəfə eyni küçədə yaşayan ortancıl qardaşım Qubadın evinə getdim.Orada lap az qaldım.İzləndiyimə tam inanmaq istəyirdim. Küçəyə çıxıb, addımladım. Küncdəki evin tinindən bir kölgə ayrıldı. Ayaqqabıların səsini tanıdım-eyni yerişdi... İçimdəki əsəbdən dəli olacaqdım:”Ay sizi, donuz otaran kafirlər, öz yurdumuzda da rahatlığımız yoxdur. Bir gün inşallah bizim də üzümüz gülər”.
Birdən ağlıma gəldi ki, bu rusu tələyə salım... Çəmbərəkənd məhəlləmizdəki bizim dar dalana salıb orada başına oyun açmaq... Lakin məni izləməsini mütləq mərkəzlərində bilirdilər. Məlumdu ki, öldürsəm, özüm üçün də pis ola bilərdi və bəlkə, yoldaşlarım da bu üzdən ziyan çəkərdilər...
İzləndiyimi mütləq, həm də təcili yoldaşlarıma bildirməliydim. Amma necə?Artıq onlarla əlaqə yaratmağım da onlar üçün təhlükəli ola bilərdi.Çox yaxınlığımda yaşasa da “Quş” Həsəngilə gedə bilmərəm.Dalanda (ucsuz br küçə) olurdu. Kimin evinə getdiyim dərhal bəlli olardı. Ən yaxşısı yenə də anbardır.Oraya da gündüz gedilməlidir... Beləcə, düşünə-düşünə evə yaxınlaşdım.”Sabah gəlsin, xeyir olsun “ deyə qərarlaşdıraraq, alaqapıdan içəri keçdim. Rus haraya getdiyimi anlayandan sonra, izləməyi dayandırmışdı.Ürəyim sıxılırdı.Otağıma gedib, tək qalmaq istəmədim-yuxarı Ruqiyyəgilə qalxdım. Hamısı evdəydi. Bir az ordan-burdan danışdıq. İşlərimiz barədə heç nə demədim.Əli bəyi bu işlərə qatışdırmaq istəmirdim, bütün ailə onun əlinə baxırdı. Bir ara Ruqiyyə çay hazırlamaq üçün çıxdığı vaxt mən tək qaldım.Əli bəylə Səlimə iş otağında böyük qardaşım Əli ilə telefonla danışırdılar.Öz-özümə düşünürdüm:”Görəsən ruslar necə izimizə düşə bilərdilər? Əllərində hər hansı bir dəlil varmı? Varsa, hansıdır? İçimizdə satqınmı var? Belə şey ola bilərmi? Bəlkə də, bir təsadüfdü... İnşallah heç bir şey yoxdu və ayın 31-nə qədər qarşımıza hər hansı bir əngəl çıxmaz!”
O vaxt!.. O vaxt qurtuluş, sevinc bayramı olacaq Yurdumuzda!.. Ulu Tanrı! Sən özün bizə kömək ol!Qurtaraq gözəl Vətənimizi bu pis, qəddar Ruslardan!..
Birdən qarşımda Ruqiyyə göründü, sinini uzatdı. Çayı götürdüm və ona təşəkkür etdim. Bir neçə qurtum içdim. İsti çay əsəblərimi bir az sakitləşdirdi. Xeyli üzümə baxdı, sonra həyəcanla soruşdu:
-Nə olub ki... Niyə bu qədərə fikirlisən? Yoxsa, işlədiyin ərazidə bir hadisə olub? O qədər dalğısan ki, hətta, qarşında məni belə görmürdün!
Təşkilatda and içmişdik. Hətta, yaxınlarımıza da heç nə deməyəcəkdik- mütləq zərurət olmayınca...
-Yorğunam!-dedim.- Bu gün çox işləmişəm. Evə gəldikdə isə... başqa dərdlərimiz də var yurdumuz bu vəziyyətə düşdü. İşğaldan sonra edamlar başlanıb...
-Hansımız dərd çəkmirik ki?..
Ruqiyyə ilə razılaşdım:
-Haqlısan.Vəziyyətimiz çox pisidr...Hayıf!..
Bu vaxt Əli bəylə Səlimə içəri girdilər. Qardaşım Əli ilə arvadı Aliyə xanım onlara, bu gecə bir yerə çıxmayaqcaqlarını demişdilər:”Narahat olmayın, ehtiyac olarsa, mütləq xəbər verin, mütləq gələrik!..”-deyə bildirmişdilər.
Buna çox sevindik.Çayımızı içəndən sonra, mən icazə alıb, otağıma keçdim...
Gecə qapının açıldığını hiss etdim.Gözlərimi açanda qarşımda Əli bəyi gördüm. Məsələni anladım. Demək, Səlimənin sancısı tutub... Mən ağzımı açmamış o mənə:
-Sən allah, Əziz, ayıb olmasın, mamaça lazımdır. Evində telefonu yoxdur. Sən qaç oraya, onu gətir.
Dərhal geyindim və küçəyə cumdum. Xeyli qaranlıq gecəydi. Küçə lampaları ətrafı zəif işıqlandırırıdı.
Ebenin (mamaça) evi çox da uzaqda deyildi. Buna baxmayaraq, iti addımlarla yeriyirdim.Qəfildən arxada eyni sürətli addım səslərini eşitdim.Qəsdən yerişimi bir az yavaşıtdım, arxadan gələn də yavaşıtdı. Arxaya baxmadan, bu dəfə yenə də sürətlə addımlayıb, aralıq küçəyə döndüm və qəfildən dayanıb ayaqqabım ilə əlləşməyə başladım. Arxamca gələn sürəti bilmədiyindən ,az qala mənimlə toqquşacaqdı. Böyrümdən keçərək irəlilədi... Ürəyimdə: ”Axmaq!-deyə düşündüm.Quş beyninlə mənimi aldatmağa çalışırsan? Məni izləyən bir vətən xaini türk idi.Gənc, qaraşın bir adamdı.Əynində İtaliyadan əsgərlərimiz üçün gətirilən və geyinmək nəsib olmayan, tünd mavi rəngli qumaşdan tikilmiş əsgər paltosu vardı... “Sosial ədalət” verəcəkdi ona vəzifəli ruslar! Nadan adam! Bur gün gözlərin açılacaq, amma çox gec... Quşbeyin hərif!..
Bu vaxt qarşıdan bir gecə növbətçisi gəldi.Ondan ebenin (mamaça) harada yaşadığını soruşdum.Bildiyim yeri, qəsdən soruşdum.Məqsədim, məndən sonra xəfiyyənin gecə növbətçisi ilə danışıb-danışmayacağını öyrənməkdi.Gecə növbətçisi əli ilə qarşıdakı evi göstərdi:
-Üçüncü mərtəbədə yaşayır-dedi.
Təşəkkür etdim və evə girdim. İri addımlarla birinci mərtəbəyə qalxıb, böyük pəncərərdən küçəyə baxdım. Eyni adam gecə növbətçisi ilə danışırdı. Növbətçi ona mənim girdiyim evi göstərirdi... Qurtardı, hər şey aydındı...
Üçüncü mərtəbədə mamaçanın qapısının üstə lövhəni görüb, zəngi basdım.Uzun müddət kimsə qapını açmadı.Bir daha zəngi sıxdım.Nəhayət, mamaça başını çölə çıxartdı, məni görən kimi gülümsədi:
-Xeyir ola?!-dedi.
Ona Səlimənin vəziyyətini başa salanda:
-Bir az göləyin, gəlirəm-deyə qapının arxasında yox oldu və həqiqətən də çox qısa bir vaxtda geyinib,əlində böyük çantası bayıra çıxdı.
Çantasını mən götürdüm.Bayırda heç bir araba tapa bilmədik. Faytonların çoxu rusların əlinə keçmişdi. İti addımlarla yeridik. Mən qəsdən gəldiyim küçə ilə deyil,o biri küçə ilə getdim.O şəxsin məni izləməyinə bir daha qəti əmin olmaq istəyirdim.Lakin yolda kimsə yoxdu. “Eh, bəlkə də,yanıldım, kim bilir arxadan nə üçün gəlirdi. Bəlkə o da mənim kimi həkim və ya mamaça axtarırdı, buralara nabələddi...” Amma bu düşüncəmin yalnış olduğunu sonra anladım. Bir ara mamaça ilə başımız söhbətə qarışmışdı. Xüsusən, gecənin səsizliyində, arxadakı ayaq səslərini açıq-aydın eşitdim.”Görəsən odurmu?” deyə düşündüm, ancaq geriyə baxmağı doğru bilmədim. Bir azdan rus kilsəsinin yanından keçərkən, şişman mamaçanın qollarının arasından gələni görüm deyə, başımı əyib geri baxdım. Mamaça yeriyərkən gombul qollarını bədənindən aralı tuturdu. Bu, işimə yaradı.Gələn eyni adamdı.Ürəyimdə:”Yaxşı xidmət eləyirsən, xain!”dedim.Səni indicə o dünyaya göndərərdim, lakin bütün işlərimiz məhv olar... Mamaçanı Əli bəygildə qoyub,otağıma endim.Bütün gecəni yatağımda qıvrıldım, gözümə yuxu getmədi. Artıq məlumdu:İzlənirəm!...
Sübh tezdən buz anbarına getdim. Bəhanə vardı-buz alırdım. İçəridə İsmayıldan başqa heç kim yox idi. Buna baxmayaraq, qaş-gözlə kimsənin olub-olmadığını soruşdum:
-Yox –dedi- Heç kim yoxdu.
Vəziyyəti ona danışdım.İsmayıl diqqətlə mənim dediklərimi dinləyəndən sonra:”Oldu”-dedi.”Dünən gecə bizim Bazar küçəsində Quş Həsənlə rastlaşdım. Böyrümdəm keçəndə salam vermədi. Az sonra döndü və arxamca danışdı”:
-İsmayıl, qulaq as! Başını geri çevirmə, düz yeri və qulaq as. Məni izləyirlər. Görüşməyək. 31-nə hazır olun-məlum yerdə... Bunu deyəndən sonra sürətlə keçib getdi.
İsmayılla vidalaşdım. Pilləkənləri yuxarıya çıxarkən, aşağı tərəfə qışqırdım:
-Yenə də buzu bahalaşdırdın,İsmayıl əfəndi!
Yuxarı səkiyə çıxan kimi , guya ağır olan çantamı qoltuğuma vurub getdim.Gediş-gəlişli küçə qələbəlikdi.Gedəndə yenə də əcaib ayaq səsləri arxadan eşidilirdi. Haraya dönürdümsə, o səsləri eşidirdim... Düz evə getdim, sevinclə gözləyirdilər. O gün sübhdən bütün əsgər kazrmaları, önəmli rəsmi dairələr və xüsusən də komissarlar (nazirlər) diri-diri ələ keçiriləcəkdilər.Adamlarımız hər tərəfdə hazırdılar.Gözlədiyimiz gün vardı:Oktaybrın 31-i. Səlimənin oğlu oldu. Ruqiyyə heyfsilənirdi:
-Atası burda olsaydı, nə qədər sevinərdi... deyirdi.
-Üzülmə, canım. İnşallah yaxın günlərdə yenə də görüşərlər.
Ruqiyyənin milli davamızda göstərdiyi narahatçılıq məni çox sevindirirdi. Nişanlım həqiqətən millətçiydi:
-Sənin vətənpərvərliyin, milli davalarımızı düzgün anlamağın, həyəcanın məni çox sevindirir, Ruqiyyə!-dedim-İnşallah yaxın vaxtlarda vətənimiz rus boyunduruğundan qurtular. Yenə də bir yerdə, yurdumuzda bəxtiyar yaşayarıq!.. O gün gələcək, Ruqiyyə! Küçələr, meydanlar sevinən, bir-birini qucaqlayıb öpüşən insanlarla dolacaq.Gözlərdən yalnız sevinc göz yaşları axacaq. Hər tərəfdə :Yaşasın Müstəqil Azərbaycan!.. nidaları eşidiləcək.O günə az qalır, Ruqiyyə! Əlini uzatsan o günə çatar...
Mən bunları deyərkən, Ruqiyyənin iri qara gözlərindən yaş axırdı...
Lakin o anda küçənin qarşı tərəfindən keçən, şeytan sifətli rus nəzarətçisini görəndə, gözlərindəki sevinc silindi:
-Ah, Əziz, bunları kaş bir daha, bir daha... görməyəydik!..
Ona təskinlik verməyə çalışdım:
-Fikir eləmə, canım.Bunların hamısı rədd olub gedəcəklər yurdumuzdan!..

31 Oktyabra doğru


Oktayabr ayının 30-u da gəldi.Səhərə yaxın yatağımın içində üşütmüşdüm.Öz-özümə: Amma havalar necə də tez soyudu-dedim... Pəncərəm açıqdı. Hər halda gecə şiddətli əsən xəzri küləyi açmışdı.Tez yataqdan qalxdım,yuyundum, idman elədim və geyindim.Öz-özümə sevinə-sevinə danışırdım:”Bu gün ayın otuzu... sabah... sabah!..”
Bu arada fikrə getdim.Görəsən, Quş Həsəni , məni təsadüfənmi izləyirlər?.. Görəsən aramızda şeytanmı var?.. Mütləq Həsəni görməliyəm,əks təqdirdə məsələ aydınlaşmaz. Amma onu necə görə bilərəm?Ağlıma bir şey gəldi. Bir neçə gün əvvəl məhəlləmizin yuxarı tərəfində bir kasıb adamın evi yanmışdı,ona kömək etməyi fikirləşmişdik, lakin araya bu izlənmə məsələsi düşəndə, sonraya qaldı. İndi tam işimə yarayırdı. Dərhal bir yardım vərəqi hazırladım-ianə toplayacaqdıq... Siyahıya bir neçə tanıdıqlarımın adını yazdım.Təbii ki, özümü və Həsən bəyi də unutmadım.Vərəqi qatlayıb cibimə qoydum və düz Həsən bəyin evinə getdim.Qapını liseydə oxuyan qızı Ceyran açdı. Atası ona “Don Kixot” ləqəbi vermişdi və ona sadəcə “Don” deyirdi. İçəridən səsi gəldi:
-Don, kimdi gələn?..
Ceyran cavab verincə, Həsən bəy özünü yetirdi və məni tez-tələsik iş otağına apardı. Orada bir nəfər də vardı. Mən geri çəkilmək istərkən, içəridəkinin yad olmadığını, Qazax bölgəsindəki təşkilatımızdan Yolçu bəy olduğunu dedi.
Yolçu bəy hazırlığın tam başa çatdığını bildirirdi. Birdən uzun gümüş zəncirə bağlı saatını arxalığının cibindən çıxartdı və:
-Yolçu yolda gərək!-deyərək,vidalaşdı və inşallah yaxın günlərdə görüşərik!-dedi.
Yolçu bəy çıxmamış Həsən bəy Ceyrana işarə etdi.Ceyran bir az sonra qayıdıb:”Hə!”-dedi. Bu, bayırda kimsənin olmadığına işarəydi.
”Afərin Ceyrana! O da Ruqiyyə kimi milətçidir. Atası onu yaxşı tərbiyələndirirb, böyütmüşdür...”-deyə düşündüm.
Onlarada mən divardan asılan, Füzulinin gözəl bir portretini seyr edirdim. Həsən bəy içəri girdi və danışmağa başladıq.
-Bir məsələ üçün gəldim , Həsən bəy! Gəlməyə cəsarət etməyəcəkdim, lakin bizim kasıb qonşu üçün pul yığma vərəqini hazırladıqdan sonra, buraya gəlməyə cəsarət etdim. Bir şeyi başa düşmürəm, içimizdə gizlilik mövcuddu. Düşmənin diqqətini cəlb etmək üçün, əlimizdən gələn bütün tədbirləri görmüşdük. Hərəkətə keçəcəyimiz gün yaxınlaşdlqca, izləndiyimi başa düşdüm. Şübhəm də qalmayıb.
Fikrimdən keçənlərin hamısını Həsən bəyə danışdım. Həsən bəy sözümü kəsirmiş kimi:
-Bəli, mən də izlənirəm.
-Belədirsə, demək, içimizdə bir nəfər satqın var!..
O, mənə təskinlik verməyə çalışdı:
-Yox canım, içimizdə belə birisi ola bilməz. Bolşeviklərin əlinə hər hansı bir sənədin keçməsinə qətiyyən inanmıram.Bu gün əks bir şey olmazsa, demək, artıq qorxusu yoxdur.Sabah, inşallah hər şey əlimizə keçəcəkdir.O vaxt rus çapoulçularını da buradan qova biləcəyik.Sabah Qurtutluş Günümüz olacaqdır!Azərbaycan azad olacaq.Haydı! Dan ağarmamış iş başın!...
Həsən bəy bunları söyləyəndə gözləri bir uşaq üzü kimi sevincdən parıldayırdı.Əslində Həsən bəyin ürəyində tükənməz bir sevgi vardı: Hər şey qurtuluş üçün! Hər şey türk milləti üçün! Hətta, canımız, malımız, övladımız!.. Ən ağır dəqiqələrimizdə Həsən bəy bizə cəsarət verib, yıxılmağa qoymamış və ümidimizi itirməyə imkan verməmişdi. Bu gün də həyəcanlanmadan, izlənməyi təsadüf bilirdi:
-İçimizdə satqın ola biləcəyinə inanmıram. Düşməni əzəcəyik!Qovacağıq yurdumuzdan!..
Mən müdaxilə etmək istədim.
-Narahat olma!-dedi Həsən bəy!-Biz bu işə qatılarkən şəxsi mənafeyimizi düşünməmişik. Hamımızı bu yola sövq edən Vətən və Millət eşqidir! Bütün yurdumuzdakılar da eyni hisləri daşıyır.Tutuduğumuz yolda son nəfəsimizə kimi döyüşəcəyik. Ulu Tanrı köməyimiz olsun!Sabah fürsət verərsə,Türkün adına yaraşırcasına döyüşəcəyik!..
Həsən bəyin gözləri yaşarmışdı, boynuma sarıldı, qucaqlaşdıq.
-İnşallah!-deyərək , evdən ayrıldım.
Dalan, Ceyran işarə etdiyi kimi, boş idi.Çıxanda heç kəsi görmədim. Addımlaya-addımlaya yoldaşlarımızı xəyalımda bir-bir gözümün qabağına gətirirdim.Yox! Heç biri xəyanət edən insan deyildi! Hamısı da namuslu və fədakar millətçiydilər.
Otağıma keçməzdən əvvəl Əli bəyə baş çəkdim.Danışdıqlarımızı öz otağında eşidən Səlimə, bizi yataq otağına dəvət etdi.Orada keçmiş günlərimizi, ilk tanışlıq anlarımızı xatırladıq, deyib-güldük və gecə yarısı icazə istəyərək, qalxıb vidalaşdım.Ruqiyyə ürəyimdə bir sirr olduğunu sezərək, məni alt mərtəbənin dəhlizinədək yola saldı.Ona ürəyimdəkiləri danışmağı lazım bildim:
-Mənə qulaq as, sən daha yetkin bir qızsan. Bax sən çay hazırlamağa getdiyin vaxt “Mavzer” tapançamı otağında yastığının altına qoydum. Sabah tezdən lazım olarsa, qapınıza gəlib, zəngi çalacağam və səndən onu götürəcəyəm.İndi daha məndən heç nə soruşma. Oldumu? Bax məndən incimə. Hər şeyi demirəm, çünki, and içmişəm!..
Ruqiyyə önəmli bir şeyin, bir təhlükənin olduğunu sezdi.Heç nə soruşmadı:”Yaxşı!”-dedi. Sakitcə boynuma sarıldı. İki sirr dostu kimi görüşdük.Gözləri yaşla doldu,dönüb iti addımlarla yuxarıya qalxdı.
Otağıma girdim.Öz-özümə:”Kim bilir, sabah kim öləcək, kim qalacaq.Lakin Vətən və Millət yolunda ölmək, gözəl yaşamaqdan heç də fərqli deyildir.Ulu Tanrı mənə on əl versəydi, onu ilə də bu qəddar rusların hülqumundan yapışıb boğardım!”
Belə fikirləşərkən,ayağımdan çıxardığım ayaqqabının sıxdığını gördüm. İşığı söndürüb,yatağıma girdim və həmişəki kimi dua oxudum... Həmişəki kimi qapını kilidləmədim.Əslində oğrunun götürə biləcəyi bir şey də yoxdu. Əsas oğru olan ruslardan millətə nə qalmışdı ki, oğurlansın... Hər şeyi talan edib götürmüşdülər. Yalnız namusumuz qalmışdı. Bu qatillərdən Onu qurtarmağa çalışırdıq! Əlbəttə, dan yeri ağaracaq, bizim də Günəşimiz doğacaqdı!
Beləcə yuxuya getdim...
Oktyabr ayının 30-u gecəsi, yurdumuzda yuva quran Rusiyanın 11-ci Qırmızı ordusuna bağlı ”Xüsusi Şöbə” (Osobıy Otdel) Bakıdakı Polis binasına yerləşmişdi.Buralar işğalçı ordunun bir növ həbsxanasıydı,qarışqa yuvası kimi qaynayırdı. Buraya girənləri çox nadir hallarda bir daha görmək mümükün olurdu... Buradan keçənlərin dediyinə görə, Xüsusi Şöbədə tez-tez güllə səsləri eşidilirdi. Xüsusən də gecələr... O dövrlərdə “Osobıy Otdel”də keçmiş sıravi dənizçi, hal-hazırda isə “Osobıy Otdel”in rəisi olan, məhşur insan qəssabı Pankratov iş otağında çox əsəbi bir halda var-gəl edib,sonra telefondan yapışıb əmrlər verirdi. Bəzən də köməkçisi-“baş qəssab” adıyla tanınan Bondaryevin üstünə qışqırırdı:”Yoldaş Bondaryev! Bu necə işdir? İndiyə qədər əlimizdə agentlərimizin quru izləmə raportlarından və öz şəxsi qənaətlərindən başqa, dəlil təşkil edə biləcək hər hansı bir sənəd yoxdur.Ən çox məlumat verənlər yenə də mülki erməni xəbərçiləridir. Lakin onlara da bir o qədər inanmaq olmaz.Burada,onların Türklərə qarşı olan düşmənçilikləri daha çox rol oynayır. Bizim üçün önəmli olan cəhət,Türklərin təşkilat halında fəaliyyət göstərən mərkəzini tapmaqdır.Onların başçılarını tapıb, köklərini kəsməliyik!.. Əvvəlkilər asandı: Əlilmizdə varlıların, zabitləri sənədi vardı”.
Bu vaxt istintaq hakimi Qubin və yoldaşı Aşukin içəri girdilər. Pankratov indi də onlara xitabən:”Yoldaşlar! İndiyə qədər biz hər yerdə inqilab düşmənlərinin yuvasını tapıb, onları dərhal məhv edirdik. Bu balaca Azərbaycanda fəaliyyət gösətərən təşkilatı hələ üzə çıxara bilməmişik.Üsyan günündən başqa bir şey bilmirik. Bu təşkilatı kimlər idarə edir- mütləq və təcili öyrənməliyik!..”
İndi də telefon dirəyinə bənzəyən, pəvəzəng Qubin deyir:”Biz tapdığımızı zənn edirdik...”
Pankratov sərt şəkildə onun sözünü kəsdi:”Zənn etməklə iş bitmir, yoldaş Qubin!.. Biz şübhələndiyimiz,”zənn etdiyimiz” bir neçə yüz Türkü məhv edə bilərik, amma bunların arasında həqiqi günahkarları da yox edə bildikmi, bilmədikmi, əslində bunu yaxşı bilməliyik.Əks təqdirdə, onlar sabah ,o biri gün yenə də bizim üçün təhlükə olaraq qalacaqlar...”
Bu dəfə sözə Aşukin qarışdı:”İndi hələlik əlimizdə əsaslı bir dəlil yoxsa da, hazırladığımız sənədə görə, yaxalayacağımız insanlardan çox şey öyrənə bilərik.Onların çoxu da, bu və ya başqa səbəbdən şübhəli görünənlərdir”.
Pankratov qanlı gözlərini danışana tərəf çevirdi:”Yenə şübhə! Əlimizdə kiçik bir sübut olmalıdır ki, bu qanqalların kökünü dibindən qaza bilək!Yoxsa, Azərbaycan höküməti bizim səmimiyyətimizdən şübhələnə bilər... Bunlar bizi bir xilaskar kimi tanımalıdırlar”.
Qubin söhbətə qarışmaq istədi.Lakin Bondaryev mane oldu, özü danışmağa başladı:”İki həftə əvvəl, Nargin adasında güllələdiyimiz “Ya ölüm-Ya Vətən” təşkilatına mənsub on doqquz nəfərdən biri bizə bir təşkilatın mərkəzini göstərməyi vəd etdi. Buna görə də onu şəhərə gətirdik. Milli Məclis küçəsində bizə bir buz anbarı göstərdi və:”Bura gizli bir ətşkilatın mərkəzidir”-dedi.Oranı gecə-gündüz nəzarətdə saxladıq.Yoldaş Qubin və başqalarına buraya nəzarət etməyi tapşırdıq. Bax əlimizdəki sənədlərdə oraya daim gedib-gələnlər qeyd olunubdur...Onları ələ keçirə bilsək, çox şeyləri öyrənə bilərik.Onların yoxlanması üçün bu gecə hökmən əmr verilməlidir ki, aşağıdakı anbarlara dolduraq...”
Bu vaxt Pankratovun ağlına:”Ya ölüm-Ya Vətən” təşkilatı gəldi:
-Bəs onlar nooldu?-deyə soruşdu Bondaryev:
-Hamısı güllələndi!
-Günahları nə idi?
-Bir təşkilat möhürü düzəltdirib və bununla da pul toplayaraq, qumar oynayırdılar-dedi, Bondaryev...
Pankratov güldü:
-Nə isə...Yaxşı edib güllələmisiniz... İndi mənə qulaq asın,yoldaşlar. Bu axşam saat 10-dan sonra, XI Orduya məxsus bütün hərbçilər şəhərin hər tərəfini axtaracaqlar. Azərbaycan hərbçiləri kazarmadan bayıra buraxılmayacaqlar.Bu saatdan etibarən, kiməsə nə şəhərə girməyə, nə də şəhərdən çıxmağa icazə verilməyəcək.Buna riayət etməyənlər dərhal həbs ediləcəklər.
Sonra dönüb Bondaryevə:
-Ver görüm, sənin siyahındakı adamların hamısının bu axşam həbs olunması üçün imzalayım.
Bondaryev imzalanmış vərəqi otağına apardı və katibəsi gənc qadına uzadaraq:”Cəld ol, bir həbs qərarı hazırla”-deyə əmr etdi.
Artıq bir tərəfdən həbs orderləri hazırlanır, o biri tərəfdən də rus əsgərləri, mülki agentlərlə birlikdə Bakı şəhərinin hər tərəfinə səpələnmişdilər. Həbslər siyahıya görə aparılırdı.Gecə yarısına doğru “Osobıy Otdel”in (“Xüsusi Şöbə”)Polis binasındakı qapının qarşısında bir məhşərdi... Faytonlara, avtomoillərə doldurulub gətirilən, həbs edilmiş zavallı “qurtulmuş” Türkləri içəri doldurub, yenidən rus əsgərləri və agentlərin müşayiətilə ova çıxırdılar.
”Osobıy Otdel”in böyük salonu həbs edilənlərlə dolmuşdu.Bu gecə yüzlərcə evdə yaxınlarının arxasınca pərdənin dalından qorxu içində baxan qadın və uşaqların gözlərindən yaş axdıqca, hey axdı... axdı...
O anlarda mən hər şeydən xəbərsiz yatağımda uzanıb yatırdım.Sabahkı günün Qurtuluş günü olacağına inanırdım... Halbuki, bu arada evimizin qaraqapı nərdivanının həndəvərini artıq silahlı rus əsgərləri bürümüşdü.Bir qrup əsgər də mülki geyimli siyasi komissiyanın başçılığı ilə-uzun sarı saqqallı yəhudi Osnos, baş müstəntiq Qubin, idarə rəisi... yəhudi mühəndis kilidlənməmiş otağımın qapısından əli tapancalı içəriyə doluşdular... Otağın elektrik işığını yandıranda mən gələnlərə baxdım və başımda şimşək çaxdı: İtirdik!...
Gələnlər qapımın kilidli olmadığını görəndə, məni əldən qaçırmış olduqlarını zənn ediblər, lakin işığı yandırıb məni yatağımda görəndə çaşmışdılar.Özlərinə gələn kimi, biri “Naqan”, o biri isə “Mavzer” tapançalarını sinəmə dirədilər:
-Siz həbs edilirsiniz!..
-Səbəbi?
-Onu biz bilirik!
-Yataqdamı?-deyə onlara istehza etdim.
-Xeyr!..
-Elə isə sinəmdən tapancalarınızı kənara çəkin, geyinə bilim barı...
Osnos:
-Geyinin!-dedi.
Bu vaxt hər ikisi tapançasını yatağımın üstünə atdılar. Bunun bir oyun olduğunu anladım:
-Zəhmət olmasa, tapançalarınızı yatağımın üstündən götürün ki, mən rahat geyinə bilim-deyən kimi, tapançalarını götürdülər.
Bu hiylələri baş tutmadı. Hər halda tapançaların darağı çıxarılmışdı. Başqa cür davransam, qapıdakı əsgərlər dərhal məni vuracaqdılar və məsələ də bitəcəkdi...” Bir türk hakimini vurduq, çünki özümüzü müdafiə etmək məcburiyyətindəydik!..”
Beləcə də məsələ qapanacaqdı.
Stulda asılı olan paltarımı rahatca geyindim. Bu vaxt gözüm masadakı, Annaya yazdığım məktuba ilişdi.Özümü onu götürmək istəyirmiş kimi göstərdim. Amma Osnos məndən qabaq tərpənib, məktubu götürdü:
-Yox , buradan götürüləsi şeyləri biz götürəcəyik!-deyə, məktubu çantasına qoydu.
Sonra da paltar rəfimi, masamı, rəsmi məhkəmə sənədlərimi, ələk-vələk elədilər. Yazılı hər nə vardısa, nə tapa bildilərsə, hamısını yığışdırdılar... Məktuba görə sevindim. Eynən arzu etdiyim kimi olmuşdu.
Birdən Osnos, daim yanımda gəzdirdiyim xidməti “Mavzer” tapançamı istədi.
-Hə!-dedim- dairədən aldığım Mavzer tapançam yalnız işimlə bağlı kəndlərə getdiyim zaman üstümdə olur. Hazırda iş yerimdədir, arzu edirsinizsə götürə bilərsiniz-deyə cavab verdim.Və Osnosa tərəf döndüm:
-Siz axtarış aparıb, işinizi bitirdiniz.Əcaba, mən indi sizlərdən soruşa bilərəmmi ki, bir hakimin evində hansı əsasla, hansı əmrə görə axtarış edirsiniz? Bu barədə mənə, lütfən, məlumat verə bilərsinizmi?
Osnos gülümsədi:
-Təbii –dedi və cibindən çıxardığı orderni mənə uzatdı. Bu,”Osobıy Otdel”in əmriydi... “Çox pis!”-deyə düşündüm, lakin narahatçılığımı büruzə vermədim.Bu qatillər müəssisəsindən evinə qayıdan olmamışdı-ya ölüm, yaxud da Sibir düşərgələrində aclıq, səfalət və... axırda yenə də ölüm... Bu həqiqəti yaxşı bilirdim...
Birdən Osnos mənimlə zarafata başladı:
-Sizin ucbatınızdan bu axşam teatra gedə bilmədim. Elə bildim təşkilatınızın yığıncağına getmisiniz. Evdə yatdığınızı bilmiş olsaydım, teatr gedib, qayıdanda sizə baş çəkərdim!..
Bu namussuz yəhudinin üzünə tərs-tərs baxdım:
-Əcaba, hansı təşkilat barədə söhbət getdiyini bilmək olarmı?.. Mən dövlət məmuruyam, hər hansı bir təşkilatla işləmirəm, yalnız kimsəsiz uşaqlara, fəqir-füqəraya yardım etməkdən xoşlanıram.
Bu sözləri o qədər ciddi söylədim ki,Osnos və Qubin inanırmış kimi göründülər. Buna rəğmən, hər halda bir şey öyrənmək ümidilə ağzımı aramaqda davam etdilər. Birdən Qubin:
-Bizim hər şeydən xəbərimiz var.Yoldaşlarınızı da yaxaladıq. Bundan xəbəriniz varmı?..-dedi.
-Elə isə, mənim hər hansı bir təşkilata mənsub olmadığımı da hər halda öyrənmiş olarsınız- deyə cavab verdim.
Osnosun:
-“Osobıy Otdel”də yoldaşlarınızıla görüşərsiniz!-sözünə, mən də:
-Yoldaşlarım, qohumlarım,dostlarım çoxdur, lakin mən onlarla “Osobıy Otdel”də görüşməyi arzu etməzdim!..-deyə cavab verəndə, hamısı gülüşdü.
Söz dueli bitən kimi,yazı masasının arxasına keçdilər, siyirmələri sıra ilə açdılar, yazılmamış ağ kağızlar və rəsmi məhkəmə sənədlərindən başqa heç nə tapa bilmədilər... Rus əsgərlərinin evimizi mühasirəyə alması xəbəri bütün binadakı mənzillərə yayılmışdı. Hər kəs artırmaya çıxan balkona toplanıb, pilləkənlərin üstündə papaqlarına ulduz taxılan şeytan xislətli Rus əsgərlərini seyr edirdi. Bəd xəbəri ilkin öyrənən Ruqiyyə Sürəyya bacıma və qardaşım Əliyə çatdıra bilmişdi. Bacım ağlaya-ağlaya gəlib və koridorla otağıma tərəf qaçanda, silahlı rus əsgərləri ona mane olmuşdular. Böyük qardaşım Əlinin evə girmək istərkən yolunu kəsmişdilər. Amma həkim vəsiqəsini göstərəndən sonra içəri buraxmışdılar. Xəstə üstünə getdiyini mülki məmura söyləmişdi. Bizimkilərə bu acı xəbəri çatdıran Ruqiyyənin qorxusundan ürəyi getmişdi. Halsızlaşıb yatağa düşdükdən sonra, göz yaşı tökərək danışa bilmirmiş.Yalnız ürəyində Allaha yalvarırmış...
Osnos ilə Qubin ağ kağızlardan və sənədlərdən başqa bir şey tapa bilməyincə, getməyə qərara verdilər.Osnosun gözü yazı masasının üstündəki gözəl dəri çantama sataşdı.Əl atıb onu götürdü, Anna Andreyevnaya yazdığım məktubu onun içinə qoydu və çantamı qoltuğuna vurdu. Artıq bu oğurluq sayılmazdı, çünki otağımdan tapılnn “sənəd” vardı... Ürəyim sızladı, amma etiraz etmədim.Əslində nəyimiz qalmışdı ki... Çölə çıxdığımız anda, pəncərənin çıxıntısının üstünə qoyulmuş saxsı qabdakı fidan gülə gözüm sataşdı.Qurumuş sandığım fidanın üstündə yaşıl tumurcuqlar vardı.”Xeyirdir inşallah!”-deyə düşündüm. İçimə bir rahatlıq doldu. Saxsını qaldırıb pəncərənin çöl tərəfinə qoydum. Bəlkə, Ruqiyyə görüb, otağına aparar... susuz qalmasın...
Osnosun başı otağımı möhürləməyə qarışmışdı, bacım mənə yaxınlaşa bildi:
-Səni niyə həbs edirlər? Neyləmisən ki?..-deyə soruşdu.
Rusca danışdığımız üçün Osnos etiraz etmədi.
Yazıq bacımın heç nədən xəbəri yox idi. Evimizdə də kimsə bunu bilmirdi. Bacım durmadan ağlayırdı.Ona təskinlik verməyə çalışırdım:”Ağlama, heç nə yoxdur, yəqin ki, nəsə bir səhvlik var. Aydınlaşar və məni buraxarlar... Anlaşılmamazlıq var!..”
Qaranlıq dəhlizin o başında qardaşım Əli dayanıb mənə baxırdı.Başımla ona, yaxınlaşmasın deyə, işarə verdim. Artıq gedirdik. Bacımı öpdüm, anamı, qardaşlarımı, Ruqiyyəni mənim yerimə öpməyi, məni düşünməməyi, heç nəyin olmadığını, sadəcə bir anlaşılmazlıq olduğunu onlara deməyi tapşırdım. Papağımı geyindim,yapıncımı çiynimə atdım; qırmızı rus əsgərlərinin əhatəsində,Osnos ilə Qubinin arasında aşağı artırmaya endik. Qaraqapıdan evin qabağına çıxdıq. Küçədə-qapının ağzında ətrafı əsgərlərlə əhatəli bir cüt qara at qoşulmuş gözəl bir fayton dayanmışdı. Kim bilir bu, bizim varlıların hansının idi...
Faytona mindik, Osnos yanımda oturdu, pilləkəndə bir əsgər ayaq üstə dayandı, bir əsgər də arabaçının böyründə oturdu.Qubin o biri əsgərləri də götürüb, piyada getdi. Kim bilir indi də kimi tutmağa gedirdi... Bu gecə neçənci ov idi?..
Bizimkilər Ruqiyyəgilə yığışıb, bütün gecəni ağlayıb-sızlayaraq, fərziyələr yürütmüşdülər.”Osobıy Otdel”in necə cəhənnəm olduğunu az-çox hamısı bilirdi...
Araba bir qədər gedəndən sonra sağa-İran küçəsinə döndü, sonra sola burularaq Milli Məclisin olduğu küçəyə çıxaraq, aşağıya tərəf getdi.
Aydındır! ”Osobıy Otdel”ə gedirik!.. Bu arada öz-özümə düşünürdüm: “Bu Allahsızların əlində nə kimi sənədlər ola bilərdi. Bizim yazılı heç bir şeyimiz yox idi.Hər şey ağızdan-ağıza çatdırılırdı. Başqa nə ola bilərdi? Bir adamın sözü də yetərli ola bilməzdi.Uydurma bir şey də bu rusları razı sala bilməzdi.Onlar fakt,dəlil axtarır, həqiqi vəziyyəti bilmək istəyirdilər.”