Türkiyənin Bursa şəhərində qətl hadisəsindən sonra 11 il boyunca qaçan şübhəlinin inanılmaz gizlənmə planı üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, o, tanınmamaq üçün 9 dəfə plastik əməliyyat etdirib və qardaşının şəxsiyyət vəsiqəsindən istifadə edərək yeni həyat qurub.
Hadisə 2011-ci ildə Bursa şəhərində bir kazinoda baş verib. Təhlükəsizlik işçisi olan A.K. müdiri ilə birlikdə bir nəfərin ölümünə səbəb olub. Hadisədən sonra o, qaçaraq izini itirib, digər şübhəli isə həbs edilib və hər ikisinə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.
İddialara görə, A.K. hadisədən sonra İzmir şəhərinə gedərək, qardaşının şəxsiyyət vəsiqəsi ilə yaşamağa başlayıb. O, illər ərzində tanınmamaq üçün çoxsaylı estetik əməliyyatlar etdirərək, üz cizgilərini tamamilə dəyişdirib.
Polisin məlumatına görə, şübhəli burnundan çənəsinə qədər müxtəlif əməliyyatlar etdirərək, görünüşünü köklü şəkildə dəyişib və bu yolla illərlə ələ keçməyib.
Bursa Vilayət Polis İdarəsi tərəfindən illərlə davam edən araşdırmalar nəticəsində iş yenidən açılıb. Yüzlərlə saatlıq kamera görüntüləri təhlil edilib və toplanan məlumatlar müqayisə olunub.
Nəticədə, texniki və fiziki müşahidə A.K.-nın yeni kimliyini ifşa edib. O, İzmirdə mebel emalatxanasında işləyərkən saxlanılıb və həbsxanaya göndərilib.


Son xəbərlər
Son Xəbərlər