95 il həyat, 75 il zəhmət...

95-il-heyat-75-il-zehmet
Oxunma sayı: 5499

“Günay Bank” ASC 95 yaşlı əməkdaşı Ağayev Sabir Mirələm oğlu haqqında nekroloq yayıb. 

“Qafqazinfo” sözügedən məlumatı təqdim edir:

Bu yazıda sizə ölkəmizin iqtisadi həyatında böyük və tarixi bir yol keçmiş, sadiqliyi, səmimiyyəti və təcrübəsi ilə ictimaiyyətimizin xüsusi marağında olan şəxsiyyət - Ağayev Sabir Mirələm oğlu barədə qısa da olsa məlumat vermək istərdim. 

Sabir Ağayev 1928-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş və doğulduğu kəndin orta məktəbinini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1945-ci ildə paytaxta üz tutmuş və Bakı şəhəri, Qaradağ rayonu 3 saylı Balıq vətəgəsində anbardar işləmişdir.

Zəhmətkeş fəaliyyətini artıq elmə doğru yönəldən Sabir Ağayev 1948-1952-ci illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda  Maliyyə Kredit fakültəsində “Pul və kredit” ixtisası üzrə təhsil almış və Bakı Vilayəti Komsomol Komitəsində Təlimatçı kimi çalışmışdır. 

İllər ötdükcə öz ixtisası üzrə fərqlənməyə başlayan Sabir müəllim, ilk öncə SSRİ Dövlət Bankının Salyan şöbəsində, sonra isə AR Dövlət Bankının Ağır Sənaye şöbəsində kredit müfəttişi işləmişdir.

O, 1952-ci ildən iş fəaliyyətini genişləndirərək AR Dövlət Bankının Sumqayıt şöbəsində müdir, İranda Rus İran Bankının İdarə Heyətinin Sədr müavini, Dövlət Bank Kontorunda müdir müavini, Aqrar Sənaye Bankının İdarə Heyəti Sədrinin  müavini, “Deka Bank”- ın İdarə Heyətinin Sədri, AR Xalq Təsərrüfatı İnstitutunda Maliyyə Kredit fakültəsi üzrə Dövlət Komissiyasının sədri vəzifəsində çalışmışdır. 

Bundan əlavə Sabir müəllim, Sumqayıt Şəhər Sovetinin  deputatı seçilmiş, Şəhər Partiya Komitəsində Təftiş Komissiyasının sədri, sonradan həmin Komissiyanın üzvü, Sumqayıt Şəhər Həmkarlar Təşkilatının, həmçinin  AR Sülh Müdafiə Fondunda Təftiş Komissiyasının sədri işləmiş və digər  yüksək vəzifələrdə çalışmışdır.

Sabir Ağayev “Əməkdə Fərqlənmə”, “Fəxri Orden” Fərmanı, AR Ali Sovetinin “Fəxri Fərman”-ı, AR Ali Sovetinin Rəyasət Heyətinin  fərmanı ilə “Əməkdar İqtisadçı” fəxri adı ilə  təltif olunmuşdur.

Geniş həyat və artıq 53 il bank  təcrübəsi olan  Sabir müəllim 2001-ci ildən bugünə kimi “Günay Bank” ASC-nin əməkdaşı kimi bankın İdarə Heyətinin üzvü, Kredit Departamentinin direktoru və Müşahidə Şurası Sədrinin müşaviri vəzifələrində çalışmışdır.

23 mart 2023-cü il tarixində Sabir Ağayev qəfil xəstəliyə tutularaq 95 yaşında dünyasını dəyişib. Sabir müəllimin iş prosesində  ətrafındakı hər kəsə diqqət və qayğı göstərməsi, eyni zamanda qocaman bir “bank məktəbi” keçmiş zəngin təcrübələrini əməkdaşlarımızla həzin bir etiketlə bölüşməsi daim yaddaşlarımızda qalacaq, xatirəsi onu tanıyan hər bir işçimizin qəlbində əziz tutulacaq.

“Günay Bank” ASC İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Altay Səfərov