Heç vaxt, heç bir xarici ölkəyə səfərdə olmamışam - Rusiyanı çıxmaqla - ki, səfər yazısı da yazmış olam. Ama Rusiya heç xarici ölkə sayılmaz da bizlər üçün. Məsələ onda deyil ki, o bizə çox doğma, çox yaxındı. Şübhəsiz, SSRİ adlı nəhəng “qardaşlıq dövləti” dağılıb, vaxtilə vətən saydığımız, hüdudlarından kənarda olan istənilən yeri xaric bildiyimiz o ölkənin özü indi bizimçün rəsmən xaricdi. Lakin Rusiyada sürgündə olduğum beş ildə hiss elədim ki, bütün mədəni, tarixi, etnik fərqlərimizə baxmayaraq, nə biz özümüzü oralarda yabançı hiss edirik, nə onlar bizə xaricdən gələn qonaq kimi baxırlar. Qarşılıqlı nifrətə qalanda isə, bunu uğurla bakılının qaçqına, kənd adamına və ya gəlmələrin yerlilərə nifrəti ilə eyniləşdirmək olar. Bizim onlara, onların bizə olan nifrətinə (illa onların bizə) baxmayaraq, arada bir eynilik var, o da bu: biz sovet adamıyıq! Tarixdən silinmiş bir xalqın hələ də yaşayan canlı izləri. Hətta Sovet quruluşunun, SSRİ-nin arxivə verilməsindən sonra dünyaya gələnlər belə, irsi şəkildə ictimai-siyasi quruluş daşıyıcıları kimi həmin sovet xalqının övladı olaraq qalırlar və bunun hələ indən belə nə qədər sürəcəyini də kimsə deyə bilməz. Bu fikrim priblatları çıxmaqla yerdə qalan bütün “qardaş” xalqlara aiddi. Zənnimcə, bu “qardaşlıq” hissləri tam itməyənə qədər heç bir əski sovet respublikası və o respublikaların vətəndaşları əsil özgürlüyə qovuşa bilməyəcək...
Animasiya roman
20 il mətbuatda olan biri kimi media xəttilə və ya hansısa təşkilatın dəvəti ilə heç vaxt heç bir xarici turlara, yalançı, yalnız zahiri effekti olan tədbir səfərlərinə adım düşmədi. Görünür, bu sahənin də öz fərasətli adamları var və gördüyümdən bəri jurnalistikaya dəxli olan, olmayan xeyli sayda adamın günü Avropa, Amerika və başqa xarici ölkələrdə keçir. Təşkilatlar büdcələrindən pul silir, jurnalistlər bundan yararlanır, öz borclarını səfər təəssüratları formatında reklam yazısı yazmaqla ödəyir və təbii ki, növbəti səfərlərə vəsiqə qazanırlar.
İnişil əsas hadisələri bir Avropa ölkəsində baş verən roman yazdım. Mənə romanı yazana qədər sadəcə gedib o ölkəni görmək, yüngülvarı duymaq gərək idi. Neçə-neçə tanış QHT rəhbərinə yarızarafat, yarıgerçək bu istəyimi dedim: “Onsuz da səfərə apardığınız jurnalistlərin kim olmasının sizinçün bir önəmi yoxdu, barı bir xeyirxah iş görmüş olarsınız. Onsuz da bu tip fəaliyyətinizlə nə ölkəni, nə cəmiyyəti azad edəcək, nə də marifləndirəcəksiniz. Yenə də ədəbiyyata bir yaxşılığınız dəyərdi”. Təbii ki, hər kəs söz verdi. Və təbii ki, ö sözlər bu günəcən söz olaraq qalır. Söz çürümür ki... Məcbur olub aylarla əziyyət hesabına həmin ölkəni internetdən öyrəndim, videolar izlədim, məqalələr oxudum, xəritəsini əzbərlədim, yollarını, nəqliyyatını, iqtisadi durumunu, tarixi yerlərini, iqlimini, əhalisinin tərkibini, mətbəxini... hər şeyini öyrəndim. Bu gün də həmin ölkənin dəmir yolu vağzalına düşsəm, oradan qəhrəmanımın getdiyi yollarla rahatca gedə bilərəm. Lakin... Görmək, nəfəsini dərindən hiss etmək ayrı seydi. Oxumaqla, öyrənməklə diri təsvirlər yarada bilməzsən. Həm də xaricdə olmaq ona deyilir ki, sən oradan öz ölkəni görə, kəşf edə bilirsən. Xaricdən öz ölkəsini görə bilməyib qayıdan adam, demək, heç xaricdə olmayıb. Nə isə, bütün məhrumiyyətlərə baxmayaraq, romanımı bitirsəm də, ilk oxuda onu alınmamış saydım. Mənə animasiya təsiri bağışladı...
Biz üç kişiydik...
Amerika yazıçısı Tomas Vulf yazırdı ki, mən Amerikanı Parisdə yaşayanda tanıdım. Mənə isə Azərbaycanı tanımaq 20 gün əvvəl qismət oldu. On günün içində. Allah heç kəsə belə səfər qismət eləməsin. Şübhədən çıxanacan adamkı adama gəlir...
Beləcə, bir gün dostumuzun sağlıq durumu 20 illik buzu əritdi. Bir sevimli dostun xəstəliyi belə yüz sağlam QHT-dən xeyirxahmış. Mən gərəklidən gərəkli səbəb üzündən Türkiyəyə gedəsi oldum.
Türkiyənin başkəndi Ankaraya burdan üç kişi yola düşdük - xoşagəlməz diaqnozla Azərbaycan onkoloji cərrahlarının az qala dəhlizdəncə sürüyüb əməliyyat otağına salmaq, ağ ciyərini kəsib-doğramaq istədiyi istedadlı yazar Zakir Sadatlı, başı eyni mərəzli doğmasıyla 10 ay müsibət çəkmiş, az qala bir xərçəng uzmanına çevrilmiş, qısası – faciəvi təcrübə toplamış biri kimi dostuna Ankara müayinələrində yoldaşlıq eləyəcək mən və... əlacsız xərçəngə tutulmuş Azərbaycan...
Təbriz, ya Ankara?
Təbrizin və bütövlükdə Güneyimizin hər bir Azərbaycan türkü üçün nə demək olduğunu hansımız bilmir ki... Lakin nədənsə mənə həmişə elə gəlirdi ki, mən öz ölkəmdən ayrılası olsam, öz doğma Güney Azərbaycanımda, onun Təbriz adlı Ərk qalasında deyil, Türkiyədə, onun İstanbulunda, Ankarasında öz evim kimi yaşaya bilərəm.
Ankara xüsusi olaraq pişvazımıza çıxmadı, ayağımıza xalça-xalı döşəmədi, bizi qonaq yerinə belə qoymadı, boynumuza sarılmadı. Özü də qaşqabaqlıydı. Topa-topa buludlar dolaşırdı üzündə. Elə onda dərk elədim ki, Ankara bizi öz doğması, öz ev adamı kimi qarşılayır: “Öz evindi, gəlibsən də. Keç içəri...” Atam da məni belə qarşılardı həmişə. Guya gəlişimdə özəl bir şey olmamış kimi. Sadə, adi. Hətta bir az acıqlı: ”Məgər səni Bakı üçün dünyaya gətirmişdik?..” Əsənboğa hava limanını qapı kimi açıb evimə girdim.
Dərmanla toxdadılan azadlıq ağrısı
Zakir Sadatlının iş yoldaşı, Humay bəy bizi qarşılayıb hava limanından şəhərə doğru hərəkət eləyən geniş, səliqəli avtobusa əyləşdirdi. Avtobus qısa vaxtda dolub yola düşdü və mənim Azərbaycanla, bəli-bəli, Azərbaycanla tanışlığım başladı. Artıq hər küçə, hər tin, hər körpü, hər keçid, hər tualet, hər insan, it-pişik, hər dükan, hər xəstəxana, hər aptek, hotel, hotel personalı, hər yemək - “dana şiş”, “toyuq şiş”, “Adana dürmək”, “təbiyəli kabab”, hər “bardak” çay, qəhvə, toz şəkər, kəsmə şəkər (ah sevgili kəllə qənd!), Anıt-kabir..., Ankara Büyük Şehir Bələdiyyəsinin məzarlığında uyuyan Məmməd Əmin Rəsulzadənin qəbri... kəsəsi, Ankara Azərbaycanı mənə qarış-qarış tanıdacaq, onun xəstəliyi haqda dəqiq bilgi verəcəkdi.
Yəqin, ölkəmlə ilk tanışlıqdanca rahatsız olmağa başlamışdım ki, başımda dəhşətli ağrı at oynatmağa başladı. Guya iki xəstəni Ankaraya gətirən adam özü onlara yük olmağa başladı. Yol yoldaşım, AĞSAQQAL dostumuz Zakir bəy ağrıdan əyiş-üyüş olmuş sifətimə baxıb dedi: “Nə olub, abi, elə bil türmədən qaçıbsan”. Məgər elə deyildimi? Mən ilk dəfə azadlıqla qarşılaşmışdım və hələ ki, nə ruhum, nə cismim bu havanı götürə bilirdi. Görünür, özgürlük də qəfil gəlişiylə adama acı verə bilərmiş; bəylərlə aptekləri dolaşıb dərman axtarmağa başladıq. Adlarını sadaladığım dərmanların bircəciyi türk əczaçılarına tanış gəlmədi. Sonunda bir ortaq adlı dərman tapıldı – Aspirin. O da bizdə soyuqdəymə üçündü, onlarda ağrıkəsici. Təəccüblə bir-birimizin üzünə baxsaq da, ad eyniliyi öz işini gördü və aspirin götürdük. Elə bil, Dədə Qorquddan gələn ortaq bir türk sözü tapmışdıq. Bəzən bizim türkcələrimiz də belə çaşdırır adamı – baxırsan, söz eynidi. Ama məna tam ayrı. Elə türkiyəlilərin dilində lətifə kimi dolaşan “düşmək” sözü kimi...
Bir azərbaycanlı avtobusda sürücüyə deyir: “Abi, saxlayın, mən düşürəm”. “Oğlum, düşməzsin, bir yerdən sıkı dut!” “Yox, abi, saxlayın, düşəcəm!” “Oğlum, söylədim ya, korkma, düşməzsin”. Bizimki israrla, düşəcəyəm, deyir bir də və sürücü: “Tamam, sən bilirsin, o zaman nə halin var, gör!”
Kılıçdaroğlu – başbakan
Gözüm Əsənboğa hava limanından şəhərə doğru gedən yolda Körpülərin üstündəki yazıları qaçırmadan izləyir. Aman Tanrım, məgər Atatürkdən başlayaraq heç bir Türk cumhurbaşqanı, heç bir başbakan bir körpünün, bir yol ötürücüsünün, bir keçidin salınması üçün sərəncam verməyibmi? Bəs onlar nə işlə məşğulmuşlar və ya məşğuldurlar?..
Yol qıraqlarında nə Atatürkün, nə Ərdoğanın, nə Abdullah Gülün rəsmi, nə müdrik kəlamları var. Bəs axı bura Ankaradı! Axı Çankaya köşkü, Başbakanlıq burada yerləşir. Hər gün bu yollardan keçmirmi onlar? Nədən başbakanlar dura-dura hər yerə Ankara Büyükşehir Bələdiyyəsinin adı yazılıb? Hacıbala qudurub-nədi?..
Elə bil, gedəndən-qayıdanacan boynuma düşdü: şəhəri ələk-vələk elədim ki, Türkiyənin ümummillilərinin rəsmini, heykəlini, kəlamları yazılmış iri lövhələri tapım. (Atatürk xaric – o, büt deyil, yaşam tərzidi Türkiyədə, ancaq yenə də bütün ölkə onun adına deyil.) Qismət olmadı. Əvəzində ana müxalifət partiyası CHP-nin başkanı Kılıçdaroğlunun divarlarca sıralanmış rəsmləri, bilbordları, partiyasının yolların başı üstündən asılmış rəngbərəng, üçkünc bayraqları... Deməyəsən, yaxında qurultayları olacaqmış. Şəhər bələdiyyəsi eləyirmiş bu işləri. Bələdiyyənin hesabına.
Polifonik ölkə
...sahi herkes uyumuşmuydu
nerdeydi o insan seli
neredeydi içimdeki sen
ille de sen ankara, ille de sen ankara...
Mahmut Şeker yazıb bunu. Onun Ankaraya günün hansı vaxtı gəldiyini bilmirəm. Ancaq şairin dediyinin əksinə, orada qaldığımız sürədə mənə elə gəldi ki, Ankarada nə gecələr, nə gündüzlər uyuyurlar, nə də başqalarına uyumaq imkanı verilir.
“Qızılay”da qəhvəxanalar, lokantalar, restoranlar, fəst-fudlar bir-birinə bitişik sıralanıb gedir. Hələ binaların yuxarı mərtəbələrində yerləşən restoranları demirəm. Lokantaların qarşısında dayanan işçiləri yoldan ötənləri min-bir şirin dillə tovlayıb yeməyə dəvət edirlər. Saat 9-dan sonra Ankaranın gecə həyatı başlayır. Bütün yeməkxanalarda da canlı musiqi: rok, pop, türkü, arabesk, caz, solçuların sevimli brendləri... Səs səsə, musiqi musiqiyə qarışır. Sənətçilər ağız-ağıza verib oxuyurlar. Bir-birini duymadan, hiss etmədən hərə öz havasını çalır. Hərə özünü eşidir. Müştərilər də, necə deyərlər, hərə öz fitini tanıyır. Üstəgəl gündə beş kərə bütün səslərə dov gələn azan... Türkiyə, Türkiyə toplumunun şəkli budu. Yüz havanın eyni vaxtda çalındığı ölkə. Bu ölkədən baş çıxarmaq hər oğulun işi deyil. Bu ölkə bəlkə də dünyada ən polifonik ölkədi. Orxan Pamukun anlatdığı Türkiyə Avropa ilə Şərqin sintezidi. Əslində isə, bu ölkə Avropadan ayrı Şərqin min bir çalarını özündə cəmləyir.
Şam yeməyi zamanı tovlanıb oturduğumuz türkü lokantasını solçuların obyektindən adi bir “çəpər” ayırır. Səs isə sərhəd tanımır. Bir böyrümüzdə Əhməd Qayanın şarkılarını səsinin aşırı xırıltılı yerinə salıb oxuyan biri, bir böyrümüzdə türkü, başımızın üstündə pop, qənşərimizdə caz... Bir tərəfdə hörüklü, sırğalı gənclər, bir tərəfdə nəzəri çəkməyənlər. Zakir Sadatlı gecə barlarından birinin qənşərində növbə gözləyənləri şirin və xoş bir ədayla Türkiyənin ayoçuları adlandırdı. Heç fərq etmədi ki, toplaşanlar ayoçu yox, nidaçı və dalğaçılardı. Yaşlı nəsil ancaq AYO-nu tanıyır da...
Adamlara kənardan baxdıqca, dindirməsən, deyərsən elə Azərbaycandasan. Kəlmə kəsdinmi... cavablardakı mehribanlıq, hədsiz nəzakət, ayrıca xidmət sektorunda çalışanların müştəriyə necə sayğıyla yanaşması bir daha Azərbaycanı yada salır və səni bənzərlik yuxusundan ayıldır. Böyük bir restoranın müdiri şəxsən qonaqları salamlayır, hətta qulluq da göstərir.
Süleyman Dəmirəlin iki qatlı sadə evinin qarşısında yerləşən restoranın müdiri bizi şəxsən salamladı, hal-əhval tutdu, sifarişdən əlavə təamlara qonaq elədi və Azərbaycandan gəldiyimizi bilib, xüsusi olaraq yuxa bişirtdirib masamıza göndərdi, təqdimat üçn özü də gəldi. İçi hava dolu yuxanın üstündə çörəkotuyla “Azərbaycan” yazılmışdı. Azərbaycanın ötən əsrin əvvəllərinə aid böyük vətənpərvər, başı müsibətlər çəkmiş oğlu, dönməz istiqlalçı, evinə Atatürkün gəlib-getmiş olduğu, MHP-nin ilk qurultayında başqanlığa Alparslan Türkeşlə bərabər aday olmuş Əziz Alpoudun (yeri gəlmişkən, Türkeş və qadını öz səslərini Əziz bəyə veriblər) qızı, kimya professoru Gülər xanım və nəvəsi, doktor, məşhur göz cərrahı Dəniz xanım bu hədiyyədən çox sevindilər, biz “şaşırdıq”. Sevgi acı olan adamlar kiçicik sevgi görüncə həmişə mütəəssir olar, “şaşırar”lar. Beləcə bu sevgidən ayrı, məni heyran eləyən restoran personalının mədəniyyəti, nəcibliyi, gülərüzlüyüydü. Restoran sahibi yeməkdən sonra bizi adlı-sanlı Anadolu çay dəsgahına qonaq elədi. (Dəsgahın tərkibində qarpızın da olduğunu yazmasam ölləm...) Bu, həmin restorandı ki, Süleyman Dəmirəl hər il burada iftar süfrəsi açır. Yeri gəlmişkən, “dostum-qardaşım” ayamalı Dəmirəlin hasarsız-çəpərsiz evinin sadəliyi mənə bir daha villalı, qəsrli, saraylı Azərbaycanı xatırlatdı... Adi bir çayxana müdirinin özünü prezident kimi apardığı Azərbaycanı.
Bir ovuc vətən
Dediyim kimi, mən Rusiyada olmuşam. Bu isə elə Şəkidə, Qazaxda olmaq kimi bir seydi. Ona görə də Azərbaycan adamının necəliyi üzə o qədər də çıxmır. Türkiyə isə, bütün doğmalığıyla bərabər xaricdi və sən gəl, bir də adamlığımızı burada gör! AzTv-nin Türkiyə təmsilçisi (öperator) var qüvvəsilə Zakirin əlindən tutdu, bizi yanınca xəstəxanaları, aptekləri gəzdirdi, ta son günümüzə kimi. Fikirləri sağlam, dövlətçiliyə yanaşması sağlam və düzgün; hansı rakursdan baxırsan bax, Humay bəyi düzgün gördüm!
Hələ Seymur Həzi! Qəzetimizin Türkiyə təmsilçisi Aydın Taş! Biri arabasıyla, biri yoldaşlığıyla, biri öz kirayə eviylə...
Seymur üçün apardığım kəklikotundan dəmlənmiş ilk çayımızı içərkən, əslində vətənin bir ovuc kəklikotuyla belə dünyanın hər yerinə aparmağın mümkün olduğuna inandım. Vidalaşdığımız gün gördüm ki, artıq onuncun apardığım “vətəni” içib tükətmişəm. Ona yenidən vətən yollayacağıma söz verdim...
On gün Ankaranı dolaşdıq, bir polis maşını, bir polislə qarşılaşmadım. Mənə elə gəldi ki, polislər yalnız öz idarələrində oturur, başlarını dışarı çıxmırlar. Ancaq anındaca cinayət yerinə necə yetişdəklərini “merak etdim”... Tinlər, dalanlar, ağac daldaları, döngələrdə gizlənmiş polis maşınlarını görməyincə sevgili ölkəmi xatırladım.
“Anıt Kabir” isə bir ayrı aləmdi. Neçə kərə gözlərim doldu-boşaldı. Adi bir gündə kompleksə doğru başıaşağı (plitələr elə döşənib ki, başı dik tutmaqla yerimək çətin olur) irəliləyən yüzlərlə böyüklü-kiçikli insan selini, qarovulda heykəl kimi, göz qırpmadan dayanmış əsgərləri görmək, əlil arabasında 70-80 yaşlı nənələrin ziyarətə gəlişini seyr etmək, gələnlər arasında yüzlərlə hicablı qadının varlığı, gənc, modern cütlüklər, qarovul əsgərləri ilə ailələrcə şəkil çəkdirənlərlə qarşılaşmaq... Vallah dayanılır şey deyil! Vallah, bu ölkənin düzənini kimsə poza bilməz! Tanrım, nədən mənim ölkəmə belə bir sərkərdə qismət eləmədin?.. Bu ziyarətdə şəxsiyyətə pərəstişdən əsər-əlamət belə yoxdu. Zakir Sadatlı çox dəqiq söylədi: “Atatürk artıq Türkiyənin mədəniyyətinin, mövcudluğunun ayrılmaz bir parçasına çevrilib!..” Hava kimi, su kimi.
Rəsulzadənin qərənfilləri
Cümhuriyyətimizin banisinin (onun məzarı üstə elə beləcə də yazılıb) uyuduğu məzarlığa gedəndə elə yerindəcə qərənfil alacağımızı düşünmüşdük. Çatanda aydın oldu ki, buralarda ən yaxşı halda ancaq süni güllər tapmaq olar. Aydın Taş arkadaşımız özünü oda-közə vurdu. Yox ki, yox. Ama ürəyimə dammışdı...
Məzarlığın gözətçilərinə Rəsulzadəni soran kimi üzlərində bir isti təbəssüm hiss elədim. Dərhal qəbrin yerini başa saldılar. İçəriyə də piyada yox, elə “arabayla” girə biləcəyimizi söylədilər. Məzarlığın quruluşu avtomobillərin hərəkəti üçün tam imkan verirmiş. Bütün məzarlar eyni – sadə, təvazökar. Gerçəkdən hər kəsin bərabər olduğu məkan buna deyərlər. Bizdə isə, elə bil, bu dünyada yarışa girməkdən usanmayıb, bir də o dünyada rəqabətə girirlər. Kimin baş daşı daha bahalı mərmərdən, daha uca, daha çəkici olacaq. Sanki qəbirlərə İnkir-Minkir yox, gəlin gələcək...
Öndərin qəbrini anladılan yolla rahatca tapdıq. Bir az irəliləyən kimi, müqəddəs bayrağımızın dalğalandığı hissə göründü. Çatdığımızda nə görsək yaxşıdı – sinə daşı üstündə dörd dənə təzə-tər qərənfil...
Atamızın uyuduğu torpaq elə bizim evimizdi. Keşkə bir gün Azərbaycan da evimiz olsa...
Türk Tv-lərindən çıxan Azərbaycan
Küçələrdə şıq geyimli adamlarla qarşılaşmaq çox zor. İnsanların geyimindən belə özgürlük və işgüzarlıq yağır. Yerişdə, duruşda, oturuşda! Bir də görəcəksən hicablı bir xanım yolüstü keçidin pillələrində və ya səkinin bir küncündə oturub arın-arxayın siqaretini tüstülədir. Bir də görəcəksən kişi dolu lokantada, kafedə bir qadın təkbaşına oturub siqaret çəkə-çəkə pivəsini, ya çayını-qəhvəsini içir, özündən başqa kimsəni görmür və maraqlısı bu ki, heç başqaları da o tək qadını hiss eləmir. Hər kəs sanki öz dünyasında, öz azadlığının içində yaşayır. O boyda Ankarada, hətta diskoların önündə bircəcik açıq-saçıq geyimli qız-qadın görə bilmədim. Bakını, “Tarqovı”nı xatırladım. Bizim Türkiyə tv-lərində gördüyümüz elə bil, Bakı küçələriymiş də, başqası deyilmiş.
Ankara – Bakı: 1993
Səhər azanı veriləndə axır ki, gecə həyatı bitir, Ankara yuxuya gedir... Yerdəyişmənin, qarışıq səslərin ucbatından yuxusuzluqla çarpışa-çarpışa sabahacan uyuya bilməyib yerinin içində vurnuxan mən də axır ki, özümü Ankaranın qoynuna atıb yuxuya getməyə çalışıram. Gecə qurduğum saatımızın zəngi bir saat sonra çalacaq və biz – üç kişi yenidən xəstəxanaların yollarını ölçəcəyik.
Sabah açılınca küçələrə çıxıb 1993-ün Bakısına düşəcəyəm – küçələrə döşənən daşı, “kommersiya dükanları”nın vitrinləri, səkiləri, adamları və özgürlüyü ilə yadımda qalan gözəlim Bakıya. Görəsən Ankaranı da bir qiyam təhlükəsi-filan gözləmir ki?.. İraq olsun!
Nə var ki yolçuluqda...
Ayrılıq saatı yaxınlaşanda Ankaranın üzü gülürdü, mən dolmuşdum... Atalardan ayrılmaq həmişə çox acı. Ruhun şad olsun, Orhan Veli...
“Ne var ki yolculukta,
Her sefer ağlatır beni,
Ben ki yalnızım bu dünyada?
Bir sabah kızıllığında
Yola çıkarım Uzunköprüden;
Yaylının atları şıngır mıngır;
Arabacım on dört yaşında,
Dizi dizime deger bir tazenin,
Çarşaflı, ama hafifmeşrep;
Gönlüm şen olmalı degil mi?
Nerdee!..
Söyleyin, ne var bu yolculukta?”
“Heydər Əliyev” hava limanında məni xoşbəxt eləyən ilk şey – aeroportun içindəcə siqaret çəkənlər üçün quraşdırılmış xüsusi şüşə kabinələr oldu. Yaşasın bə, azadlıq varmış! Şahvülüd, tüstü...
Pərviz Cəbrayıl, xüsusi olaraq “Qafqazinfo” üçün
Ankara-Bakı