ABŞ Venesuelada nə qədər qalacaq? - Trampdan açıqlama

abs-venesuelada-ne-qeder-qalacaq
Oxunma sayı: 2246

“ABŞ-nin beynəlxalq arenadakı səlahiyyətlərinin hüdudları öz əxlaqım və öz ağlımdır. Beynəlxalq hüquqa ehtiyacım yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə “New York Times”a qəzetinə verdiyi müsahibədə deyib.

O, iqtisadiyyat və xarici siyasət də daxil olmaqla, bir sıra mövzularda açıqlamalar verib. Tramp ABŞ-nin beynəlxalq hüquqa münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

ABŞ-nin beynəlxalq arenadakı səlahiyyətlərinin hər hansı məhdudiyyətinin olub-olmaması ilə bağlı suala cavab verən Tramp bu sərhədlərin yalnız “öz əxlaqı və öz düşüncəsi” ilə müəyyənləşdiyini bildirib.

“Məni dayandıra biləcək yeganə şey budur. Beynəlxalq hüquqa ehtiyacım yoxdur. Məqsədim insanlara və digər ölkələrə zərər vermək deyil. Beynəlxalq hüquqa əməl edib-etməmək məsələsi bu anlayışın necə tərif edilməsindən asılıdır. ABŞ, adətən, beynəlxalq hüquqa əməl edir, lakin ölkəni məhdudlaşdıran hüquqi vəziyyətlərdə son qərarı şəxsən özüm verirəm”, - Ağ Ev rəhbəri vurğulayıb.

Rusiya-Ukrayna müharibəsinə də toxunan Tramp Avropanın təhlükəsizliyinə və NATO-ya sadiq olduğunu bildirib:

“Mən Avropanın təhlükəsizliyi ilə bağlı məsələyə sadiqəm və bu sahədə yaxşı iş görmüşəm. Mən olmasaydım, Rusiya hazırda Ukraynaya tamamilə sahib olardı. NATO ölkələrinin müdafiə xərclərini artırmasına məhz mən nail olmuşam”.

Tramp Venesuela ilə bağlı açıqlamalarında ölkə Prezidenti Nikolas Maduronun hərbi əməliyyatla hakimiyyətdən uzaqlaşdırılmasını dəstəklədiyini bildirib. O, Venesuelanın ABŞ-yə çox sayda cinayətkar və böyük həcmdə narkotik maddə göndərdiyini dilə gətirib.

Tramp Venesuelanı nə qədər müddətə nəzarətdə saxlayacaqları ilə bağlı suala cavabında “zaman göstərəcək” deyə bildirib.

O, Vaşinqtonun Venesuela üzərində birbaşa siyasi və iqtisadi təsirinin illərlə davam edə biləcəyini vurğulayıb. Ağ Ev rəhbəri ABŞ-nin ölkəni effektiv şəkildə idarə edəcəyini və neft gəlirlərini nəzarətdə saxlayacağını söyləyib.

Tramp hazırda həbsdə olan Nikolas Maduroya yaxın şəxslərdən ibarət müvəqqəti hökumətin Vaşinqtonla tam əməkdaşlıq etdiyini deyib:

“Onlar bizə lazım olan hər şeyi verirlər”.

Tramp Venesuelanın geniş neft ehtiyatlarının ABŞ tərəfindən istismar olunacağını dilə gətirib:

“Biz Venesuelanı yenidən quracağıq. Biz neftdən istifadə edəcəyik, nefti götürəcəyik. Biz neft qiymətlərini aşağı salırıq və Venesuelaya çox ehtiyac duyduğu pulu verəcəyik”.

Tramp bu prosesin qısamüddətli olmayacağını vurğulayıb.

O, ABŞ-nin Venesuelada nə qədər qalacağı ilə bağlı konkret zaman çərçivəsi açıqlamayıb. “Üç ay, altı ay, yoxsa bir il?” sualına isə “Çox daha uzun” cavabını verib.

Tramp Venesuelanın vitse-prezidenti Delsi Rodrigezi ölkənin yeni lideri kimi tanımasının səbəblərini açıqlamayıb.

Tramp ABŞ-Venesuela münasibətlərinin Çin-Tayvan əlaqələri ilə müqayisə edilə bilməyəcəyini deyərək, Venesuelanı ABŞ üçün real təhlükə adlandırıb. O, Çin lideri Si Cinpinin Tayvana müdaxilə edəcəyini gözləmədiyini də bildirib.

ABŞ Prezidenti “Qrenlandiyanı əldə etməyin, yoxsa NATO-nu bir yerdə saxlamağın daha vacib olduğu” sualına birbaşa cavab verməkdən yayınsa da, Qrenlandiyanın strateji əhəmiyyətini vurğulayıb.

“Qrenlandiyaya sahib olmaq çox vacibdir”, - Tramp əlavə edib.