“Qafqazinfo”da son iki ildə adı övladına qoyulan bir neçə şəhidlə bağlı videoreportajlara baxmışam. O süjetlər- öz adı və ata adı eyni olan, atalarının adı ilə böyüyəcək körpələrin taleyi məni bu şeir silsiləsini yazmağa ilhamlandırıb. Atamı uşaq yaşlarımdan itirdiyim üçün o ağrıların bir çoxu mənə yaxşı tanışdır.
Bu poetik silsilə ana bətnində olarkən ataları Vətən uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olan və dünyaya gəldikdən sonra şəhid atalarının adları qoyulan uşaqlara ithaf edilir:
Şəhid oğlunun dilindən…
Atam mən doğulanda
bir də gəldi dünyaya.
Sıxdı məni adıyla –
qucağına, qoynuna.
O bükülən bayrağa
anam məni bələdi.
Kəfəninin ağlığı
bələyə nur ələdi
Nə gözəldir, İlahi, –
atamın adaşıyam.
Mən bu fani dünyada
əbədiyyət daşıyam.
Hamı mənə baxaraq
atamı çağırır hey.
Mənim hər doğum günüm –
atam üçün “yubiley”.
Onun hərbi forması
qışda qalın yorğanım.
Geyimin sığalından
əcəb isinir canım.
Şəxsiyyət vəsiqəmdə
adlarımız qoşadır.
Ömrüm ömrünə davam –
adım adın yaşadır.
Böyüdülmüş şəkili
divarlara qazılıb.
Öz adının içinə
mənim adımı yazıb.
Nənəm öpür şəklini,
babam sıxır bağrına.
Atam mənim dilimlə
tapşırır ki: “ağlama!”
Evdə bircə sözümü
yoxdur iki eləyən.
Kim olacaq atamın
sözü üstə söz deyən?
Hər aynaya baxanda
mən atamı görürəm.
Bir bədəndə iki can –
Nəymiş dərk eləyirəm.
Çətinliyi qoymadın
miras mənə, – oğluna
Sahibəm sərvətinə –
əziz, uca adına.
Şəhid atanın dilindən...
Adım tək doğma, balam,
qurban olum adına.
Məni salırsan hər an
sevənlərin yadına.
Əgər sən olmasaydın
adımçün darıxardım.
Cənnətdən, oğlum, sənin
adını çağırardım.
Adım unudulanda
bəlkə, xiffət edərdim.
Adım yükə çevrilərdi –
adımı dərd edərdim.
Adım bayraqdır sənə
ucaldırsan adımı.
Mən səni tanıdıram,
sən də məni – atanı...
Səni tanıyan bilir
mənim də kimliyimi.
Məni tanıyan duyur
qartək təmizliyini.
Mən ki, sənin ömründə
ahıl, baba olacam.
Saçlarım ağaracaq,
səninlə qocalacam.
Vətən Cənnət olanda
biləcəksən hardayam.
Tək deyilsən, ay oğlum,
adıntək yanındayam!
Azad Vətənin dilindən...
Bütün şəhid adları
Vətən adıyla adaş.
Kimdir adını atan -
addır hamıya yoldaş.
Azad Vətəndə daşı,
şəhid oğlu, adını.
Ən tez atan eşitdi
Vətənin fəryadını.
Qoymadı ki, ocaqlar
fəğan edə, ah çəkə.
Fərarilər ordusu
bizlərə silah çəkə.
İstədik ki, sülh olsun –
qurd quzuyla otlasın.
Göylərin sinəsində
çərpələnglər oynasın.
Dağlarda yurd salmadı
yad ruhların nəfəsi.
Düşmən üçün o yerlər –
xarabalar qəfəsi.
Torpağı sahibinin
ləpirləri bəzəyir.
Hamı şəhid iziylə
– Zəfər Yoluyla gedir.
Qucaqladı Vətəni
igid, mərd, oğulların.
Qovuldu torpaqlardan
səadət oğruları.
Adaşlar – qoşa adlar.
əl üstündə əlsiniz.
Gedən addır, qalan ad –
əbədlə əzəlsiniz.
Fərid Hüseyn,
xüsusi olaraq “Qafqazinfo” üçün