Ağdam Rayon Heydər Əliyev Mərkəzinin qarşısında Novruz Bayramına həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Ağdam Dövlət Dram Teatrının əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarına milli mətbəx nümunələri, qədim xalq oyunları, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgi təqdim olunub, idmançılar tərəfindən müxtəlif nömrələr nümayiş etdirilib.
Respublikanın əməkdar artisti Azad Şükürovun moderatorluğu ilə baş tutan tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayon əhalisini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, baharın gəlişini müjdələyən, təbiətin oyanışından soraq gətirən Novruzun xalqımızın mənəvi dünyasında özünəməxsus yeri olduğundan, Ümummilli Lider Heydər Əliyevin Novruza milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşmasından, Novruz ənənələrini layiqincə yaşadan Prezidenti İlham Əliyevin dövlətimizə və xalqımıza qazandırdığı tarixi nailiyyətlərin bütün dünya azərbaycanlılarına ən qiymətli Novruz hədiyyələri olmasından bəhs edib.
Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə xalq artistləri Mənsum İbrahimovun, Gülyaz Məmmədovanın, əməkdar artistlər Fehruz Səxavətin, Təyyar Bayramovun və tələbələrinin, İlkin Əhmədovun, Gülüstan Əliyevanın, Elnur Zeynalovun, kollecin müəllim və tələbə heyətinin ifasında rəngarəng musiqi nömrələri, “Nənə Qızlar” folklor ansamblının ifasında nümunəvi çıxışlar tədbir iştirakçılarına təqdim edilib. Həmçinin bayramın personajları hesab olunan kosa və keçəlin iştirakı tədbirə xoş ovqat qatıb.






Son xəbərlər
Son Xəbərlər