Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - Fotolar - Yenilənib

agdamdaki-turkiye-rusiya-birge-monitorinq-merkezi-fealiyyetini-dayandirdi
Oxunma sayı: 3357

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində təntənəli mərasim keçirilir.

Bununla əlaqədar bir qrup media nümayəndəsi üçün media-tur təşkil olunub.

***

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi ölkəmizin tam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatıb.

“Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən, atəşkəs rejimi elan olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli memoranduma əsasən, yaradılmış Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Birgə fəaliyyət nəticəsində mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi, Qarabağ İqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəmədi”.

Baş Qərargah rəisi qeyd edib ki, Azərbaycan Respublikasının Qarabağ İqtisadi rayonu üzərində tam nəzarətinin bərqərar olunması məqsədilə 2023-cü il sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tamamilə çıxarıldı: “Bu səbəbdən, Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir. 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycan Respublikasının Qarabağ İqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası Sülhməramlı Kontingentinin də ölkə ərazisindən tam çıxardılması prosesinə başlanılıb. Regionda sülhün və sabitliyin rifahı naminə, vicdanlı və cəsarətli xidmətlərinə görə, Türkiyə və Rusiya hərbi qulluqçularına xüsusi təşəkkürümü bildirir, onlara gələcək xidmətlərində uğurlar arzu edirəm”, - K.Vəliyev bildirib.

Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.

2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununla əlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağ bölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə də ehtiyac qalmayıb.

Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə Türkiyə Milli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.