“Ağlasam görərsənmi göz yaşlarımı leysan yağışda”

aglasam-gorersenmi-goz-yaslarimi-leysan-yagisda
Oxunma sayı: 889

Seymur Baycan demişkən, bu fədakar insan dayanmadan dilimizə maraqlı kitablar qazandırır. Bir kitabın nəşr üçün müəyyən edilməsi, yayım haqqının kimdə olduğunun müəyyənləşdirilib bu haqqın Azərbaycan üçün alınması, kitabın tərcüməsi, redaktəsi, dizaynı və nəşri asan başa gəlmir. Çox parametrli bu işi planlamaq və reallaşdırmaq üçün Rasimin təşkilatçılığı köməyə çatır. Robinzon Kruzo kimi prosesdəki əksər mərhələləri özü tamamlayır.

Bizim oxucular olaraq etməli olduğumuz isə daha sadədir, bu maraqlı kitabları oxumaq. Son dövrlərdə ”oxumağa kitab yoxdur” bəhanəsini əlimizdən alaraq bir çox maraqlı kitabı Rasim Qaraca dilimizdə nəşr edib, misal olaraq təkcə Stefan Zveyqin ”Bəşəriyyətin ulduzlu saatları”, “Dünənin dünyası”, “Rotterdamlı Erazmın qələbəsi və faciəsi” kitablarının nəşrini göstərmək kifayətdir. Bu kitablar bəşəri düşüncəyə və təcrübəyə açılan qapılardır və öz dilimizdədir, istəsək bunları oxuya və israrla başqa dildə yaşayanlar qarşısında intellektual üstünlük qazana bilərik. Son dövrlərdə yazan və oxuyan sayısı artsa da, azərbaycanlılar hələ də hindistanlılar kimi eşq-məhəbbət mövzusunu aşa bilməyiblər. Daha çox ovqat yazıları və şeirləri rəğbət görür.

“Ağlasam görərsənmi göz yaşlarımı leysan yağışda” kimi sentimental bir sətir avtomatik olaraq müəllifini heyranlarının gözündə dahilik mərtəbəsinə qaldırır.

Sonra masonları günahlandırmamaq, təfəkkürdə orta əsrlərdə ilişib qalmamaq üçün heç olmasa var olan təcrübə ilə tanış ola, Avropanın keçdiyi mərhələlər haqqında məlumatlı ola bilərik. Şeylərin təbiətini doğru anlamaq üçün bilgi şərtdir, bilgi isə bilinməyən kosmik obyektdən gəlmir, Beykon demişkən “təbiətdən soruşulur”, təcrübədən qazanılır, təcrübə ilə doğrulanır və korrektə edilir. Təcrübə, artıq sosial elmlərdə də öz yerini almağa başlayır.

Rasim Qaracanın son nəşr etdiyi kitab “Kon-Tiki səyahəti” belə bir təcrübə haqqındadır. Kitabın müəllifi ölkəmizdə də yaxşı tanınan Norveç etnoqrafı Tur Heyerdaldır. Maraqlı film tövsiyyə edib və özünü unudaraq bütün süjeti danışan insanlara oxşamamaq üçün qısaca demək lazımdır ki, kitab Tur Heyerdalın Polineziya adaları sakinlərinin orijinlərinə dair öz tezisini doğrulamaq fəaliyyəti haqqındadır. Tur Heyerdal Polineziya yerlilərinin əfsanələri və heykəlləri kimi sənət işləri ilə Cənubi Amerika ölkəsi Peru əfsanələri və antik sənət nümunələri arasındadkı oxşarlıqlardan yola çıxaraq polineziyalıların Perudan getdiklərini irəli sürür. Bu tezis, o vaxta qədər irəli sürülən tezislərdən fərqlidir. Çünkü Peru ilə Polineziya adaları arasında 8000 km-lik məsafə var və alimlər antik dövrdə okeanda bu məsafəni qət etmək üçün gəmiçiliyin yetərli olmadığını düşünürdülər. Öz tezisini doğrulamaq üçün Heyerdal ibtidai bir salla bu məsafəni qət etməyə qərar verir. Onun bu addımı kəşf etdiyi turşunun fiziki-kimyəvi xassələrini müəyyən edib dadına da baxmaq istəyən və zəhərlənib ölən, özünü xəstəliyə yoluxdurub kəşf etdiyi vaksini öz üzərində sınayan, gilyotində edam olunmadan öncə kəsilmiş baş hələ də düşünərsə dostuna göz vuracağını deyən Avropa alimlərinin ənənəsidir. Bilgi cəsarətli olanlar tərəfindən yaradılır.

Layihəsini reallaşdırmaq üçün planlama və hazırlıq, komanda yoldaşlarının yığılması, üç aylıq okean səyahəti zamanı gözlənilən və gözlənilməyən çətinliklərdən və müşahidələrdən bəhs edən kitab olduqca maraqlıdır. Norveç, ABŞ və Peru dövlətlərinin, hərbi və diplomatik bir çox qurumun həvəslə kömək etdiyi səyahətə, yeni ixtira etdikləri alət və məhsullarını Heyerdalın səyahətində sınaqdan keçirməsi üçün ona təqdim edən şirkətlər də maraqlıdır. Hər zamankı kimi səyyahları ağıllı olmağa, bu səyahəti sağ-salamat tamamlaya bilməyəcəklərinə inandırmağa çalışanlar da var. Bütün bunlar və kitabın adının qaynağı kitabın mövzusudur.

Oxucu olaraq bizə düşən isə ayağımıza gədər gələn belə dəyərli kitabları oxumaqdır. Başımızı qumdan çıxarmanın yolu budur. Yoxsa cəmi bir neçə il sonra “Ə” hərfinin uğursuz olduğu haqqında müzakirələri həqiqi elmi müzakirə kimi qəbul edən, Harun Yahyaya Nobel mükafatı verilməməsini mason əməli sayan bir nəsillə qarşılaşacağıq. Tərtibatı və tərcüməsi gözəl, kitab çox maraqlıdır. Qalır oxumaq. Amma naşiri “Robinzon Kruzo” filmindəki dəhşətli sınaqlara məcbur etmədən.

Yalçın İslamzadə