Aİ-nin müşahidə missiyası erməniləri məyus edib

ai-nin-musahide-missiyasi-ermenileri-meyus-edib
Oxunma sayı: 6419

Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhəd zonasında yerləşdirdiyi müşahidə missiyası erməniləri məyus edib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistan parlamentindəki “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan Aİ missiyasının yerləşdirilməsi nəticəsində vəziyyətin daha gərgin və qeyri-müəyyən olduğunu bəyan edib.

Erməni siyasətçi qeyd edib ki, təkcə Azərbaycan deyil, qonşu Rusiya və İran da Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə qarşı çıxıblar. Onun sözlərinə görə, Rusiya rəsmi İrəvanın bu addımını özünün Cənubi Qafqazda mövqeyinə və nüfuzuna təhlükə hesab edir. İran da bu ərazilərdə regiondan kənar qüvvələrin olmasına qarşıdır və Tehran hansısa mərhələdə onların özünə qarşı istifadə ediləcəyini düşünür.

Fraksiyanın katibi vurğulayıb ki, bütün bu proseslərin fonunda Ermənistan rəhbərliyinin xarici siyasət kursu da anlaşılmazdır. “Aİ-nin sərhəddə müşahidə missiyasının Ermənistana faydası məsələnin yalnız bir tərəfidir, amma onun yerləşdirilməsi və say tərkibinin artırılmasının gərginliyi artırdığı və qeyri-müəyyənlik yaratdığı artıq məlumdur”, -deyə erməni siyasətçi vurğulayıb.