Aİ özünü gözdən salır, atdığı addımlar bumeranq effekti verir - Şərh

ai-ozunu-gozden-salir-atdigi-addimlar-bumeranq-effekti-verir
Oxunma sayı: 1740

Son zamanlar Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı münasibətlərdə müəyyən problemlər yaranıb. Bunun da əsas səbəbi məhz Brüsselin Cənubi Qafqaz və rəsmi Bakı ilə bağlı qeyri-adekvat siyasətidir.

Doğrudur, ayrı-ayrı vaxtlarda Belçikanın paytaxtı Brüsseldə Azərbaycanla Ermənistan arasında konstruktiv görüşlər keçirilib. Amma ittifaq, bütün addımlarında öz maraqlarını güdüb. Məhz buna görə də təşkilatın atdığı addımlarda, ritorikasında açıq-aydın ziddiyyət müşahidə olunur. Bu ziddiyyət isə Azərbaycanın maraqlarına uyğun deyil. Sözsüz ki, bizə belə tərəfdaş lazım deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Avropaya ehtiyacı yoxdur, əksinə, Aİ ölkəmizə möhtacdır. Çünki məhz Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Müxtəlif vaxtlarda ayrı-ayrı Avropa rəsmiləri, o cümlədən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bunu şəxsən etiraf ediblər.

İkincisi, Brüsselin bundan sonra Ermənistanla münasibətlərin normallaşmasında da hansısa rol oynamasına ehtiyac yoxdur. Rəsmi Bakı öz işini özü görüb. Biz bundan sonra Aİ-siz də maraqlarımızı təmin edə bilərik.

Unutmaq olmaz ki, bu gün Aİ Mərkəzi Asiya ilə əməkdaşlıq üçün strategiya qurur, amma Avropadan bölgəyə yol Azərbaycandan keçir.

Aİ-nin Azərbaycana qarşı qərəzli münasibətinin əsas səbəblərindən biri məhz Fransadır. Rəsmi Parisin Azərbaycan həqiqətlərinə münasibəti aydındır. Fransa xüsusilə son illər regionun “ən zəif bəndi” olan Ermənistandan istifadə etməklə özünün bölgədəki maraqlarını təmin etməyə çalışıb. Brüsseldəki bəzi dairələr, ilk növbədə Fransa, Azərbaycanla əlaqələrə böyük zərər vururlar. Bəzi kiçik marionet ölkələr də bu istiqamətdə canfəşanlıq göstərirlər. Əgər belə demək mümkünsə, Paris təsir dairəsində olan bəzi dövlətləri də manipulyasiya etməyə çalışır.

Əlbəttə, rəsmi Bakı bu qeyri-sağlam münasibətə səbrli və dözümlü yanaşa bilməzdi. Prezident İlham Əliyevin bu yaxınlarda Qranada və Brüssel görüşlərindən imtina etməsi məhz Aİ-nin yanlış siyasətinə qarşı qətiyyətli mövqeyimizin təzahürüdür. Sözügedən görüşlərdə iştirak etmədiyinə görə rəsmi Bakını qınayanlar bunun səbəbləri barədə düşünməli, Avropa İttifaqının riyakarlığını nəzərə almalıdırlar.

Əslində Azərbaycanla münasibətlərin pisləşməsi ittifaqın strateji maraqlarına uyğun deyil. Bunu başa düşmək üçün ciddi diplomatik təhlilə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Cənubi Qafqazın əsas siyasi aktorudur. Artıq regional reallıqları diktə edən oyunçulardan biri məhz rəsmi Bakıdır. Bu isə o deməkdir ki, Aİ Azərbaycanın maraqlarını nəzərə almadan bölgə ilə bağlı heç bir layihəsini həyata keçirə bilməz. Üstəgəl, Aİ unutmamalıdır ki, bütün regional məsələlər artıq "3+3" formatında (Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, İran, Rusiya) müzakirə olunur və məhz Bakı bu platformanın təşəbbüskarıdır. Son zamanlar Tehranla Bakı arasında problemlərin həll olunması nəticəsində altılıq platforma daha da canlanıb.

Aİ nəzərə almalıdır ki, Azərbaycan regionun aparıcı, önəmli dövlətidir və Vətən müharibəsindəki qələbədən sonra regionun lider dövləti kimi öz gücünü bir daha ortaya qoydu. Bakı ilə hesablaşmadan Aİ-nin maraqları nə Qafqaz regionunda, nə də Mərkəzi Asiyada təmin oluna bilər.

Bu gün Azərbaycanın Çinlə əlaqələri də dinamik şəkildə inkişaf edir. Çinin 1995-ci ildən 2022-ci ilə kimi Azərbaycana birbaşa investisiyası 920 milyon ABŞ dolları təşkil edib. Halbuki bunu indiyədək heç bir Aİ ölkəsi etməyib. Bu gün Avropanın malik olduğu texnologiya daha ucuz və keyfiyyətli şəkildə Çində mövcuddur. Proseslərin hazırkı inkişafı, o cümlədən intensivləşən qarşılıqlı təmaslar onu deməyə əsas verir ki, Pekinlə Bakı arasında əlaqələr daha sürətlə inkişaf edəcək.

Eyni zamanda, Azərbaycanın BƏƏ və Səudiyyə Ərəbistanı ilə böyük layihələri var. Bu tenderlərdə Avropa şirkətləri də iştirak ediblər, amma rəsmi Bakı qardaş ölkələrə üstünlük verib. Azərbaycanın öz daxili investisiya resursları, eləcə də, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ kimi tərəfdaş ölkələri var. Buna görə Azərbaycanın nə ABŞ-a, nə də Aİ-yə texnoloji və iqtisadi baxımından ehtiyacı yoxdur.

Beləliklə, Aİ Azərbaycana qarşı addım atarkən iki dəfə düşünməli, hərəkətlərində daha diqqətli olmalıdır. Çünki itirən özü olacaq. Bütün qərəzli yanaşmalar bumeranq effekti verəcək. Belə demək mümkünsə, Aİ qazdığı quyuya özü düşəcək.

Report İnformasiya Agentliyi