Ailəsinin tək əllə doğulan Diləyi... - Fotolar

ailesinin-tek-elle-dogulan-dileyi
Oxunma sayı: 8544

Xəbər verdiyimiz kimi, 2 gün əvvəl Azərbaycanda qeyri-adi doğum hadisəsi baş verib. Abşeron rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Günel Əliyevanın uşağı tək əlli doğulub.

“Qafqazinfo” xəbər verir ki, bu gün azərbaycanlı idmançı, taekvondo üzrə ikiqat dünya çempionu Aynur Məmmədova həmin ailəyə baş çəkib. Bu barədə idmançı özü məlumat verib. O, yeni doğumuş Dilək adlı qızı görmək üçün evlərini axtarıb tapdığını qeyd edib:

“Bu uşağı görməkdə məqsədim onun ailəsinə mənəvi dəstək olmaq üçün əlimdən gələni etmək idi. Amma onlar məni tanıyandan sonra sevindiklərindən bilmədilər neyləsinlər. Nənəsi dedi ki, “Aynur, sən bizim ailəyə bu uşağa görə gələn ilk gələn qonaq oldun. Və həyat, nur gətirdin gəlişinlə... Nənəsi onu da bildirdi ki, sən gələndən sonra oğlumun bu neçə gündə üzü indi güldü”.

İdmançı sözügedən ailənin maddi vəziyyətinin aşağı olduğunu da qeyd edib:

“Şəkildən gördüyünüz kimi uşağın sağ əli dirsəkdən aşağı yoxdu. Mən onlara özümü tanıtdım ki, baxın mənə və Diləyin gələcəyini indidən görün. Dilək gələcəyin bir idmançısıdır, olimpiya çempionudur İnşallah....

O uşağa görə heç kim təəssüf etməsin. Amma əzizlərim, şəkildən də göründüyü kimi bu ailə gənc və kasıb bir ailədir. İki qiz uşaqları var, kirayə yaşayırlar. Ata tikintidə fəhlə işləyir, maaşını vaxtlı-vaxtında ala bilmir. Hətta 3 aya yaxındı ev kirayəsinin pulunu da ödəyə bilmir. Həqiqətən də bu ailənin mənəvi və maddi dəstəyə ehtiyacı var. Diləyin yaxşı şəraitdə böyüməsi üçün bu ailənin maddi durumu yaxşı deyil.

Mən o, uşaq böyüyüncə gücüm çatan qədər əlimdən gələn köməkliyi edəcəm. Kimsə bu ailəyə az da olsa kömək etmək istəsə pis olmazdı. Dünyanın malı dünyada qalır... Amma yaxşılıq heç vaxt itmir”.

Xatırladaq ki, Dilək Araz və Günel Əliyev ailəsinin ikinci övladıdır. Qolunun birinin anadangəlmə qüsurlu olmasına baxmayaraq, həkimlər körpənin ümumi vəziyyətini qənaətbəxş hesab edirlər.

Həkimlərin fikrincə, yeni doğulan uşaqlarda bu cür fiziki qüsurlar bir neçə amildən yarana bilər ki, onların da bəzisi irsi xəstlik və ya ananın antibiotik qəbul etməsi ilə bağlı ola bilər.