Aldanmış ulduzlar - Ədəbi gəncliyə

aldanmis-ulduzlar-edebi-gencliye
Oxunma sayı: 960



İkinci yazı


Yazının birinci hissəsi dərc olunandan sonra Aysel xanım bir dəstə cavanı da başına yığıb banket keçirdi və bununla da, yüksək səviyyəli bir jurnal buraxdığını restoran səviyyəsində “təsdiq etdi.” Yaxşı elədi, yeyib-içmək, şənlənmək insana, xüsusən də cavanlığa çox yaraşır. Amma bir aydan bəri Ayselin “Ulduz”u və “ulduzları” ilə məşğul olan, jurnalın məlum nömrəsi ilə bağlı az qala ümummilli müzakirələrə əvvəlcə impuls, sonra da ton verən birisi kimi mən niyə o banketə dəvətlilər sırasında olmadım, bunu anlamadım. Yəqin ki, tənqidlərimdən narazı qaldılar. Və bununla da, söz azadlığından, tolerantlıqdan, bir sözlə, Avropa dəyərlərindən danışan bu cavanlar bəyənmədikləri Şərqin yavruları olduqlarını, demokratik dəyər anlayışının isə onlar üçün avtobusda özündən böyüklərə yer verib-verməmək məsələsindən o yana keçmədiyini bir daha təsdiqlədilər.

Amma yazımın birinci hissəsinə münasibətin antiqütbü də oldu. Deyənlər oldu ki, obyektivsən, hətta yumşaq yazmısan, amma ilk qələm məşqləri edən gənclərə bu qədər vaxt ayırmağa, onları uzun-uzadı antireklam etməyə nə lüzum var ki? Yazının birinci hissəsi fikrinin ifadəsi üçün yetərlidir. Tanınmış yazıçı Kamil Əfsəroğlu bu haqda fikirlərinin hətta mətbuatda açıqlanmasına belə etiraz etmədi.

Amma bu yazıda söhbət sadəcə olaraq A.Əlizadə və onun dərc etdiyi gənclərdən yox, insanın iddiası ilə imkanı arasındakı uçurumdan gedir. Biz bəzən “gənclik, gənclik” deyə-deyə cavanları layiq olduqlarından (və lazım olduğundan!) artıq dəyərləndirir və bununla da onlara ziyan vurmuruqmu? Əgər ədəbi gəncliyimiz avtobusda böyüklərə yer verməyi gerizəkalılıq sayan aysellərdən, “Freydin, Borxesin, Mopassanın zatının ağzını” o söz eləyən (Allah, sən saxla!) nahidlərdən, ilk ala-babat uğurundan sonra “eyni vaxtda iyirmi qızla yatmaqdan” danışan qaraqanlardan, istedadı ancaq özünü güldürən anekdotlar düzüb-qoşmağa yetən ayxanlardan və daha neçə-neçə belə qızlardan, oğlanlardan, günellərdən, xəzəllərdən, gözəllərdən, qəzəllərdən, lərdən, lərdən və nələrdən ibarətdirsə, ədəbiyyatımızın sabahı necə görünür? “Ulduz” jurnalının 2012-ci il iyul sayını vəsilə edərək mən bu suallara cavab axtarmağa çalışmışam və hesab edirəm ki, bunlar heç də önəmsiz məsələlər deyil. İndi isə icazənizlə, konkret mətləbə qayıdaq, görək cavanlar özləri nə deyir.


***

Elxan Yurdoğlunun Eynəli bəy Sultanovdan təqdim etdiyi “Zəmanə ədiblərindən nələr tələb etmək lazımdır” yazısı gənclik dərgisindən daha çox Akademiyanın Ədəbiyyat İnstitutunun toplusu üçün yararlı ola bilərdi. Bu, Elxan üçün bir aspirant kimi yəqin ki, maraqlıdır, Ədəbiyyat İnstitutunun müvafiq dövrlə bağlı araşdırmalar aparan işçiləri üçün də müəyyən önəmi ola bilər. Amma, doğrudanmı, “Ulduz” jurnalı oxucuları üçün də eyni dərəcədə diqqətçəkəndir? Məncə, yox. İnanıram ki, bu yazını Elxanın özündən, məndən, bir də ola bilsin, Ayseldən başqa heç kim oxumayıb. Ona görə “ola bilsin” deyirəm ki, jurnalın başdan-başa redaktə və korrektə səhvləri ilə dolu olması materialların redaktor süzgəcindən keçməsinə şübhə oyadır.

Redaktorun seçim qabiliyyəti olmalıdır ki, müəlliflərin arzusunu bir kənara qoyub, onlarla materialın arasından ən vacibini seçsin. Əgər jurnalı sənə bir redaktor olaraq sınaq kimi veriblərsə, seçim işinin məsuliyyəti də ikiqat artmalıdır. Təəssüf ki, Aysel xanım nə kvadrata yüksəltmə əməliyyatı (ikiqat!), nə də felin vacib formasına (artmalıdır!) o qədər də önəm vermir.

“Bu mənim dostum, o mənim qohumumdur” yox, redaktorun bir prinsipi olmalıdır: “Jurnal oxunmalıdır!” Və, təbii ki, indi çox dəbdə olan şou-biznes qalmaqallarına, “Azadliqradisou” saytının keçirdiyi müzakirələr sayağı dopinq vurulmuş polemikalara, vulqar jestlərə, bulvar mətbuatı elementlərinə yol vermədən...

Seçim məsələsi ilə bağlı bir yazının – yazıçı-tərcüməçi Kamran Nəzirli ilə müsahibənin üzərində özəl olaraq dayanmaq istəyirəm. Müsahibə söhbət, yəni ekspromt olaraq yaranan, şifahi janrdır. Ayselin hər cür dinamikadan, canlı söhbət aurası, qarşıdurma enerjisi, bir sözlə, dramaturgiyadan məhrum “müsahibəsi” isə yazılı surətdə verilmiş suallara yazılı cavabları xatırladır.

Ciddi qələm adamı kimi tanıdığımız Kamran bəyin bədii tərcümə sənəti sahəsindəki fəaliyyətinin önəmini danmırıq. Məsələn, yazıçının ötən il C.Qolsuorsidən, bu il isə O.Uaylddan elədiyi və hər ikisi “Azərbaycan” jurnalında işıq üzü görən “Alma ağacı” və “Dorian Qreyin portreti” romanları son illərin uğurlu bədii çevirmələrindəndir. Onun O.Uaylddan elədiyi və Aysel xanımın da dərc etdiyi, müəyyən leksik, qrammatik, sintaktik xətalardan xali olmayan tərcüməsi də (“Xoşbəxt şahzadə” nağılı) formaca əsasən uğurludur. Və məzmunca da aktualdır - xalq acından qırılır, bunlar qızıldan heykəl yapırlar.

Bütün bunlarla yanaşı, müsahibədə elə bir məqam var ki, çağdaş Azərbaycan ədəbi-bədii prosesinə az-çox bələd olan hər kəs, yəqin ki, bunun üstündən sükutla keçə bilməzdi. Sözü Aysel xanım və Kamran bəyə verək:
“A.Əlizadə: Dünya ədəbiyyatının ən böyük yazıçısı kimdi sizə görə? Və nədən?
K.Nəzirli: Biz içi yazıçı və şairlər qarışıq, ta inqilabdan bu yana öyrəşmişik boğazdan yuxarı ibarələrə və yalançı təriflərə. Bir də görürsən ki, biri durub deyir ki, Dostoyevski bilirsən nədir, dahi! ... Amma nə üçün dahidir, izah edə bilmir. Sən düz sual verirsən ki, “dünya ədəbiyyatının böyük yazıçısı kimdi?”. Mən də cavab verirəm ki, böyük yazıçılar bizim aramızda da var, dünən də olub, sabah da olacaq. İndi səni oxuyuram. Heyrətamizdi. Səninlə yanaşı oxuduğum indiki cavan yazarlardan Fərid Hüseyn, Qismət, Günel, elə Aqşinin özü, onu da oxuyuram. Maraqlı yazarlardır... Böyük yazıçıların... xırda yazıçılardan fərqi bircə şeydədir – mövzunun bədii həllini vermək bacarığında...”.

Vəssəlam, sitat tamam! İndi keçək şərhə! Əvvəla, sualın qoyuluşu doğru deyil – ədəbiyyatın nə olduğunu bilən adam nə belə primitiv sual (“Dünya ədəbiyyatının ən böyük yazıçısı kimdir?”) verər, nə də ona cavab axtarar. Bu, uşaq sualıdır! Bu qəbil çözümsüz sual bir yana, hətta neçə əsrdir ki, ədəbiyyatşünaslar “Firdovsi böyükdür, yoxsa Nizami?” kimi konkret suala belə cavab tapa bilməyib, axır ki, hind ədəbiyyatşünası Ş.Nemaninin aşağıdakı barışdırıcı mövqeyi üstündə durmaq zorunda qaldılar: “Firdovsi Firdovsidir, Nizami də Nizami”.

İkincisi, Aysel və adıkeçən digər cavanları, nəinki Azərbaycan, hətta dünyanın böyük yazarları (?!) elan edən K.Nəzirli bu “böyüklüyü” onun özünün təbiri ilə desək, görəsən, nə ilə izah edərdi? Kamran bəyin məntiqi ilə desək, Aysel xanımın həcmcə ən iri yazısı olan “Erkəklər”ində, yaxud Aqşinin “Göləqarğısancan”ında “mövzunun bədii həlli çoxmu bacarıqla” verilib? Cavab birmənalıdır: yox, yox və yenə də yox! Bəs, yenə də Kamran bəyin təbiri ilə desək, bu “boğazdan yuxarı ibarələrə və yalançı təriflərə” nə ehtiyac var ki? Ritorik sualların cavabı olmur və mən burda Kamran bəydən dördüncü dəfə sitat çəkməklə axır ki, onunla “razılaşacam”: doğrudan da, “heyrətamizdir”.

Üçüncüsü, məsələnin etik tərəfi ilə bağlıdır. Tutaq ki, müsahib nəzakət xatirinə (ya da elə doğrudan-doğruya, səmimi qəlbdən) sənin haqqında ifrata varıb, amma, doğrudanmı, sən bütün təvazö etiketini pozaraq bu fikri mətndə hökmən saxlamalısan? Bəyəm bilmirsən ki, nəinki dünyanın böyük, heç Azərbaycanın kiçik yazıçısı da deyilsən? Yox, əgər sən də müsahibin kimi düşünürsənsə, artıq tənqidçi yox, psixoterapevt sözünə ehtiyacın var.

Dördüncüsü, son iyrmi ildə ədəbi gəncliyin bir neçə dalğasını şəxsən görən bir adam kimi, Misir fironundan üzü bəri çoxlarının çoxdan elədiyi bir “kəşfi” mən də eləmişəm: gənclərin böyük əksəriyyəti nəinki tənqid, hətta tərifə də psixoloji cəhətdən hazır (dözümlü!) deyil. Onları layiq olduqları dərəcədə (nə az, nə də çox) qiymətləndirmək, şübhəsiz ki, lazımdır. Amma hiperbolik, mübaliğəli, əsassız təriflər gəncləri ancaq çaşdırmaq və nəticə etibarilə onlara ziyan vurmaqdan başqa bir şeyə gətirib çıxarmır. Hər şey bir yana, bu, ən azı pedaqoji baxımdan düz deyil.

***

Ədəbiyyatın ən böyük təsir mənbəyi həyatın özü, istedadın ilkin əlaməti orijinallıqdır. Aysel xanım “seçmə mətnləri” dərc etdiyini iddia edir. Bəs onun “seçdiyi” mətnlər nə deyir? Elxan Yurdoğlunun 3-4 misrasını oxuyan kimi R. Rzanı eşidirsən. Ramil Colavdarlının şeirlərindən XVI əsr aşıqlarının səsi gəlir.

Ruslan Mollayevin bir “üstünlüyü” var. Onun orijinaldan daha çox uğursuz tərcümələri, şeirdən daha çox cansız nəzm parçalarını xatırladan şeirlərində artıq rus, yaxud Avropa şairlərinin aksenti duyulur, epiqonçuluq milli şeir sərhədlərini aşır. Nə Aşıq Veysələ şeir həsr etməsi, nə də S.Babullaoğlunun uğurlu yol qəbilindən olan səhifə yarımlıq tərifi bu effekti yuyub apara bilmir. “Uşaqlığın son gecəsi” filmində baş mühəndisin tikintiyə təzə göndərilmiş gənc mühəndisə dediyi sözlər yada düşür: “Elə hey göndərirlər, göndərirlər. Deyən də yoxdur ki, axı bunları niyə göndərirsiniz, hara göndərirsiniz?”.

Mən Ruslanı görməmişəm, ola bilsin ki, Səlimin diliylə desək, “onun bütün antropologiyasından”, doğrudan da, “istedad və hüzn yağır”. Amma “Ulduz”da dərc olunmuş, bəzən nə linqvistik, nə də poetik məntiqlə çözülə bilməyən şeirlərindən istedad yağmadığını (“hüzn” məsələsində Səlimlə razılaşmaq olar”) əminliklə deyə bilərəm:

Kilsə divarında Quran ayəsi
keşiş yuxusunu yuxuda yozur,
Şamları söndürüb oturur diz üstə
Durub azan səsinə yozumun pozur.

Bir qurtum su içir, əlləri əsir,
Şüşəli lampada yandırır şamı,
Çardağından çıxıb kilsəyə gedir,
Şəkk-şübhə doğurur haqqa inamı
Çovğun, yağış, leysan, yuyur şəhəri
Ildırım səsi də başqacür sanki
Yol boyu qocanın gözündən getmir
Divarda yazılar gördüyü an ki...

Hər şey bir yana, sonuncu misranın axırında qafiyə xatirinə işlənmiş “an ki” nə deməkdir? Bəyəm, bu, Azərbaycan dilidir? Səlimin bütün təriflərinə, Ayselin “seçmə mətn” adıyla təqdiminə rəğmən, Ruslanın təkcə “Ayasofya” şeirindən sitat gətirdiymiz bu parça yox, istənilən bir şeiri nəinki tərifə, hətta tənqidə belə gəlmir.

Elmar Şahmar isə epiqonçuluq məsələsində yaşıdlarını əməlli-başlı toza basır. Elə bu zərbəçiliyinə və daha bir neçə səbəbə görə Elmarın şeirləri üzərində bir qədər geniş dayanmaq istəyirəm.

A.Əlizadə jurnalın üz qabığına Elmarın iki şəklini birdən yerləşdirir. “Azadliqradiosu” saytının “Oxu zalı”nda keçirilən şeir yarışmalarında bir qayda olaraq, paradoksal nəticələriylə seçilən münsiflər öz ənənələrinə sadiq qalaraq Kapitolinin şöhrət kürsüsünə bu dəfə məhz Elmarı çıxarır və dəfnə çələngini məhz onun başına qoyurlar. Tərifləmək məsələsində xüsusi səxavəti ilə seçilməyən Salam facebook yazışmalarında Elmarı “Azərbaycanın istedadlı şairi” (?!) elan edərək, oxucuları məhz onu dəstəkləməyə çağırır. Və bu ümummilli yalana zorla inandırılan Elmar “Ulduz” jurnalının məlum sayı ilə bağlı polemikaya “Şair müzakirəyə öz şeirləri ilə qoşulmalıdır!” iddiası ilə çıxır. Haqlı deyilmi? Nə demək olar, mövqe məntiqi, iddia gözəldir. Bir şərtlə - bu iddianın arxasında duran şeirlər ona əsas verməlidir.

Elmarın jurnalda dərc olunan və modernist forma axtarışlarına cəhd etdiyi, amma nəticə etibarilə tapmaca effekti doğuran ilk şeirini (“Sevgiyə elegiya”) zor-güc oxuyub başa vurur və Salamın məlum mövzuda yazdığı adsız bir şeirini xatırlayırsan. Neynək, cavandır, yaxşı-pis yenilik etmək istəyir, gəlin bunu alqışlayaq. Alqışladıq!

İkinci şeir (“Bağışla”) öz ritmi, taktı, heca quruluşu və ümumən ruhu ilə V.Səmədoğlunu yada salır. V. Səmədoğlu bizim canlı klassikimizdir, şeir yazmaq istəyən gənc özünü ona yox, daha kimə bənzətməlidir ki? Onu alqışladıq, Elmarın diliylə desək, bunu da bağışlayaq. Bağışladıq!

Yerdə qalan şeirlərdən üçündə (“Gəlmə, səhər, getmə gecə”, “Məni bitirdin, eybi yox, bitmə, gecə... bitmə, gecə...”, “Unutdu... unutdu”) Elmar öz epiqonçuluğunda bir addım üzü bəri gəlib Aqşinin uğurlu təkrirlər üstündə qələmə alınan, son iyirmi illik poeziyamızda peyzaj şeirinin ən yaddaqalan örnəklərindən olan “Kənd” şeirinə çatsa da, hələ də kəndisinə çatmır ki çatmır. Mövzu, məzmun, qafiyə sistemi, ritm etibarilə bir-birinin solğun təkrarından ibarət bu şeirlərdə bəzən artıq poeziya yox, sadəcə məntiq və qrammatika axtarmalı olursan:

Bu bədəni, bu da qanı,
Övladını yaxşı tanı,
Sənə tapşıracaq canı,
Ötmə, gecə...ötmə, gecə...

“Sənə tapşıracaq canı” nə deməkdir? Tapşırmağına gecəyə tapşıracaqlar, burası aydın, amma kim tapşıracaq? Bu kəkələməyə vəzn və qafiyə xatirinə mətnə zorla pərçimlənmiş anlaşılmaz söz yığınından başqa nə ad vermək olar?

Xüsusi primitivliyi ilə seçilən, yalnız əlinə ilk dəfə qələm alan adamların yaza biləcəyi “Sevdim səni” şeirində Elmar axır ki, özüdür. Bu, “Azərbaycanın istedadlı şairinin” artıq ən “seçmə” şeiridir:

Oxunmamış şeir bildim,
Həyəcanla hey oxudum,
Kəlmə-kəlmə sevdim səni...
Bər-bəzəksiz xalı bildim,
Naxış vurdum, hey toxudum,
İlmə-ilmə sevdim səni...

Mən bu şeiri “Ulduz”da dərc etməkdənsə, qızıl hərflərlə yazıb xalçaçılıq muzeyinin divarından asardım!

İki-üç il əvvələ - Elmarın Azərbaycan Yazıçılar Birliyinə ilk dəfə gəldiyi vaxtlara qayıdıram. Onun “həsrətindən göz yaşlarım sel kimi axır, ah-fəryadım isə göyləri yandırır” tipli heyrətamiz naşılıq örnəkləri olan ilk şagird çızmaqaralarını oxuyub, tənqidi fikirlərimi desəm də, “bala, bunlar xatirə dəftəri yazılarıdır, səndən şair olmaz, get özünə başqa iş tap” deməyə dilim gəlmədi. Məncə, ümumən, kiminsə kiməsə belə deməyə haqqı çatmır. Biz yazı yazırıq, alın yazısı yazmırıq. Tale, xüsusən də yaradıcılıq taleyi isə gözlənilməzliklərlə doludur. Və dediyim sözlərin ciddi bir effekt verəcəyinə o qədər inanmasam da, Elmara çoxlu şeir oxumağı məsləhət gördüm.

O vaxt naşı bir inadkarlıqla mənimlə əksərən razılaşmayan Elmar üstündən iki il keçəndən sonra səhvini etiraf etməyi də bacardı (və bunun özü təqdirəlayiq bir cəhətdir). Çünki ən azı təqlid etdiyi şairləri oxudu və şeir haqqındakı təsəvvürləri genişləndi. Sizə qəribə gələcək, amma onun “Ulduz”da dərc olunan şeirləri iki il öncəki “xatirə dəftəri” yazıları ilə müqayisədə əməlli-başlı irəliləyişdən xəbər verir. Amma bu, sözün ciddi mənasında şeirə yox, hələ sadəcə Elmarın özünə dəxli olan irəliləyişdir. Və bəlkə də hər müəllif yalnız özünə dəxli olan belə irəliləyişi elə öz daxilindəcə keçirib mətbuat səhifələrinə çıxarmasa, yaxşıdır. Bəlkə də belə deyil, mən yanılıram, Elmar haqlıdır...

Bu tənqidi qeydlərimlə, iki il öncəki kimi, yenə də Elmara “yazma” demirəm. “Oxu zalı”nın müzakirəsinə “öz şeirləri ilə” çıxması göstərir ki, iki il öncəki kimi Elmar yenə də tənqidi fikirlərimlə razılaşmayacaq. Amma bir şeyə əminəm – daha iki il keçəcək, gənc qəhrəmanımız özünün növbəti mənəvi-intellektual irəliləyişindən xəbər verən növbəti də etirafda bulunacaq. Və Slavyan Universitetinin Yaradıcılıq kursları fakültəsinin dərslərində Şekspirdən xüsusi kurs keçmək istəyən müəllimə “Şekspir çətin ki, bizə bir şey versin” (?!) deməyəcək, dərs gedə-gedə oturduğu yerdəcə ayaqlarını ayaqlarının üstünə aşırıb, qollarını sinəsində çarpazlayıb yatmayacaq... Qərəz, Elmar hekayəti bitdi!

Amma düz yarım əsrdir ki, ədəbiyyatımızdakı Təhminə-Zaur hekayəti bitmək bilmir və istər-istəməz düşünürsən - görəsən, bu biolokasiyanın sirri nədədir? G.Anarqızı romanın davamını yazır, H.Herisçi romanı dekonstruksiya edir, S.İskəndərli roman əsasında film, Z.Xanbabayeva klip çəkir...Hamı oğlunun adını Zaur qoyur, “milli mentalitetə uyğun gəlmədiyi üçün” heç kəs qızının adını Təhminə qoymur... Birdir, ikidir, hansını deyəsən?

Anarın artıq klassika örnəyinə çevrilmiş məşhur məhəbbət romanı xüsusən də gənc oxucuların sevgi hisslərinin cilalanmasında bu gün də öz rolunu oynamaqda davam edir. Çimərlik, islanmış əzələlərin rəqsi, Zaur qumlara baxır, Təhminə ulduzlara... Rəbiqə Nazimqızı da modern üslubda yazdığı “Qum dənəsi” hekayəsində plyaj romantikasına, qadın-kişi münasibətləri, ümumən məhəbbətə Anarın beşmərtəbəsinin altıncı mərtəbəsindən baxır. Halbuki indi Bakıda 20, 30, hətta 40 mərtəbəli göydələnlər inşa olunur. Daha inşa vaxtı deyil.

Ədəbiyyatda, ümumən sənətdə kiməsə heyranlıq, hansısa əsərə vurğunluq xüsusən də gənclər üçün zəruri mərhələdir. Amma illər keçir, yaşının üstünə yaş gəlir, mütaliən dərinləşir, dünyagörüşün genişlənir və anlayırsan ki, vurulduğunun da öz vurulduqları olub - B.Konstanın “Adolf”u, Q.Floberin “Madam Bovari”si, S.Moemin “Teatr”ı... Və özünə gəlirsən. Məncə, istər mütaliəsi, istərsə də yaşı Rəbiqə xanıma liftin düyməsini basıb altıncı mərtəbədən yuxarı qalxmağa, Xəzər çimərliklərini daha ucadan seyr etməyə imkan verir. Daha göydələnlər imkan vermir, daha altıncı mərtəbələrdən dəniz görünmür. Əlqərəz, Rəbiqə hekayətinə də nöqtə qoyaq!


***

Hər ədəbi nəsil öz tənqidçisi ilə birlikdə meydana çıxır və o tənqidçi sözügedən nəslin düşünən beyni olur. Nə Aysel xanımın gənc şairə Qumru Zeynallıya yazıdığı ön sözdəki səmimiyyət, nə də Tünzalənin teatr-tamaşaçı probleminıə həsr olunmuş “Antrakt” yazısındakı kifayət qədər ağıılı və obyektiv münasibət hələ belə bir tənqidçinin varlığından xəbər vermir. Ümumən götürəndə, jurnalda ən yeni ədəbi nəslin yaradıcılığını təhlilə çəkən gənc, heç olmasa qoca tənqidçi imzasına ehtiyac varıydı. Çünki hər hansı bədii fakt analitik süzgəcdən keçəndən sonra özünün təsdiqini tapır.

***

Jurnalda dərc olunmuş bədii materiallar, xüsusən də şeirlərlə bağlı iki cəhətin tənqidini xüsusən önəmli sayırıq. Birincisi, mövzu qıtlığı - ah məhəbbət, of məhəbbət, uf, uf, uf, məhəbbət! Doğrudanmı, gəncliyin bədii təxəyyülü öz fərdi hisslərinin təsvirindən, özüylə oynamaqdan o yana keçmir. Əslində isə ədəbiyyat yazıçının özü qurtaran yerdə başlayır.

İkincisi, əksər gənc yazarların ifrat “ciddiyyəti”, gülüş ruhundan, yumor hissindən az qala məhrumluğu, bezdirici bədbinliyi, intihar düşüncələri, melanxolik tutqunluq, bir sözlə, işıqsızlıq! “Ciddi” söz bu gün qeyri-ciddi görünür, kədərli söz gülüş doğurur, bir sözlə, duzsuz çörək kimi yeyilmir. Zamanın mentallığı belədir. Və istedadın vacib əlamətlərindən biri də zamanı duymaqdır.
Bəs, gənclik bu mentallığı necə duyur? Sevgilisindən ayrılan Qumru Zeynallı “bax, indi ağlamağa başladı sərçələr, gör necə də qatilsən, hamısı ölüdür bu şəhər” deyə bir oğlanın acığına bütün şəhəri ölü zona elan edir. Nərmin Hüseynzadəyə görə, guya bütün “qəfil zənglər ölüm xəbəri üçündür”. Aygül Qurbanova sevgilisini bir tərəfdə qoyub, “ölümün boynunu qucaqlayır”.

“Yaralarından qan daman” Nəcibə Bağırzadə isə “intihar edəcəyi günü hələ seçib-sonalamasa da”, “bu yasaq sevginin ağrısını çəkməyə gücüm yetmir daha, məni yanına apar, ilahi, yanına apar” deyə ağlamalı şeir yazmaqda yerdə qalanların qabağına Naxçıvan qozu qoyur! Əhsən! Nizami demişkən, “məhəbbət yolunda ölüm budur, bax!”

Elə güman etməyin ki, bu sözlərlə ümumən ölüm düşüncəsinə ironiya edirik. N.Hikmətin təbiri ilə desək, “nə ölümdən qorxmaq ayıb, nə də düşünmək ölümü”. Ölüm duyğusu insanı heyvandan ayıran ən vacib hissdir. Həyatın həqiqəti ölümün qarşısında açılır. Buna görə şaman mərasimləri, antik misteriyalar ölüb-dirilmə motivi üstündə qurulurdu. Buna görə Həzrət Əli “Ölməmişdən öncə ölün” deyirdi. Buna görə ekzistensialistlər ölüm qorxusunu özünüdərk prosesində ən həlledici moment kimi qəbul edirdilər.

Amma təəssüf ki, cavanlarımızın ölüm düşüncələri bizə fərdi yaşantıdan doğan hansısa həqiqəti açmır və sadəcə, söz oyunu təsiri bağışlayır. Niyə? Çünki hətta səmimi olsalar belə, “yüksək materiya” məsələlərinin bədii təsvirini verməyə nə intellektləri, nə istedadları, nə də yaşları hələ imkan vermir. Onlar mənə beynəlxalq yarışlarda başını başlara qoşub gücləri çatmadığı çəkini sifariş verən, sonra da ştanqı az qala tamaşaçıların başına atmaq zoruna qalan Azərbaycan ağırlıqqaldıranlarını xatırladır.


***

Sənət dünyanı xilas edə bilməz! Onun gücü olsa-olsa, insandakı gülüş ruhunu oyatmağa yetərlidir! Bunu mən demirəm, XX əsr dünya estetik fikrinin öndərlərindən O.Qasset deyir. Bunu çağdaş dünya bədii fikrinin patriarxlarından sayılan U.Ekonun “Qızılgülün adı” romanından doğan ən ümumi qənaət deyir.

Milli ədəbiyyatımızın son iyirmi illk mənzərəsi də bunu təsdiq edir. Məsələn, uzağa getməyək, Salamın 90-cı illərdəki bədii uğurlarının əsasında, məncə, onun şeirlərindəki yumor, ironiya, bir sözlə, gülüş ruhu durur. Oxucunun, ümumən insanın kədər limiti dolub. Qoy Füzluli baba bizi bağışlasın, çağdaş sənətin mayəsi nəinki sadəcə qəm deyil, hətta onun ən böyük ciddiyyəti elə “qeyri-ciddiliyindədir”.

Bu baxımdan jurnaldakı bir müəllif - “Dolmafobiya” hekayəsinin müəllifi Aslan Cəfərli haqqında ayrıca danışmaq istəyirəm. Dünyaya milli mətbəxlə (dolmayla!) çıxmaq cəhdinin iflası mövzusunda yazılmış hekayə istər fərdi və milli özünüifşa ideyası, istərsə də fraqmentar üslubu ilə postmodern təfəkkürün məhsuludur. Ən başlıcası, hekayədəki iddiasız gülüş ruhu, sirayətedici yumor duyğusudur. Hətta hekayənin dil və üslubundakı açıq-aşkar qüsurlar belə onun yaratdığı xoş ovqata üstün gələ bilmir. Təəssüf ki, müasir ruhla aşılanmış, aktual problem qaldıran belə yazılar jurnalda çox deyil.

Yəqin ki, müəllif tərəfindən verilən çıxarışları hekayənin sonunda iki dəfə təkrarən verməklə Aysel xanım özü də mətnin önəminə oxucunun diqqətini cəlb etmək, hekayənin ruhuna uyğun zarafat etmək istəyib (?!). Amma bu çıxarışlar üçüncü dəfə, özü də R.Mollayevin Kiplinq haqqında yazısının sonuna necə gedib çıxıb, bunu başa düşmək çətindir. Bircə yol qalır – yalan-gerçək hər şeyi “sübuta yetirməyi” sevən Aysel xanım şərqə qarşı fobiyası olan amerikan yazıçısına mili mətbəximizin qüdrətini göstərmək, dolmamızı Amerikaya çıxarmaq istəyib.

Mən Tapdıq Türksoyun imzası ilə dərc olunmuş “Mənim xəyalım başqa imzada” hekayəsindən danışmayacağam. Çünki Tapdıq bəyin özünün də təsdiq etdiyi kimi, hekayənin müəllifi o deyil, tamam başqa şəxsdir və müəlliflərin adını bilərəkdən qarışıq salmaq Aysel xanımın Azərbaycana mətbuatı tarixinə gətirdiyi daha bir yenilikdir.

Kənan Hacının “Rikaşet sindromu” və “Evli qadını sevməyin bədəli”, Mirmehdi Ağaoğlunun “Fikirlərimi yazan cihaz” və “Fasilə” hekayələrindən də danışmaq istəmirəm. Çünki neçə illik dostum kimi Kənanın xətrinə dəymək, Mirmehdiyə isə “Küləyi dişləyən” kimi uğurlu bir hekayədən sonra “Geriləmisən!” demək mənə bir az çətindir. Ceyhun Musaoğlunun “Qürurlu dilənçi” yazısının adını isə bircə şeyə görə çəkmək olar – bu, jurnalda verilən yeganə publisistika nümunəsidir.

Ən nəhayət, Pərvinin “Bankomat” hekayəsi. Problemlərin müasirliyi, psixoloji detalçılıq, insanın daxilində gedən proseslərin zahiri olaylarla vəhdətdə götürülməsi, əhvalatçılıqdan qaçmaq... Bütün bunlar modernizmə meyllli Pərvinin ciddi nəsr iddialarından xəbər verir. “Bankomat” hekayəsi də bu yöndən istisna deyil. Çağdaş həyatın sosial tələbləri insanı maşına, robota, bankomata çevirib. Qaçqhaqov içində olan insan yaşamır, sadəcə mövcuddur! Gənc yazıçı bizə urbanistik həyatın getdikcə kəskinləşən bu sindromundan yumor qarşıq vahimə ilə danışır. Yaxşıdır ki, Pərvin bu məsələdə öz qəhrəmanını qınaq pafosundan uzaqdır. Ədəbiyyat insan naminədir və insanı qoruyur. İnsan zamanın qarşısında acizdir və robotlaşma onun günahından daha çox faciəsidir. Hekayədən alınan ən umumi təəssürat belədir.

Bununla belə, Pərvinin bir çox hekayələrinə xas bir cəhətdən “Bankomat” da xali deyil – finalın sönüklüyü! Bütün hekayə boyu gözlənilən effektin sonda alınmaması, estetik həzzin son həddə qalxmaması.

Hə, gəlib çatdıq sözümüzün sonuna. Ümid edirik ki, jurnalın növbəti sayını buraxmağa məsul olan gənc yazar Kəramət Böyükçöl tənqid olunan bacı-qardaşlarınbdan nəticə çıxaracaq və biz, axır ki, “Ulduz”un arzu etdiyimiz variantını vərəqləyə biləcəyik. Üç dəfə aldanan “Ulduz” jurnalının da canı bu qalmaqallardan qurtaracaq. Nə bilmək olar, bəlkə, şağdaş dövrdə atalar artıq üçə yox, dördəcən deyirlər....

Əsəd Cahangir - “525-ci qəzet”