Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirdi - Fotolar

anar-eliyev-naxcivanda-vetendas-qebulu-kecirdi
Oxunma sayı: 1196

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbuldan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Anar Əliyev və Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə ilə birgə Naxçıvan şəhərində özünüməşğulluq proqramı çərçivəsində daha 50-dən çox şəxsə kənd təsərrüfatı və xidmət sahələri üzrə kiçik ailə bizneslərini yaratmaları üçün aktivlərin verilməsi tədbirində də iştirak edib.

Həmçinin özünüməşğulluq proqramının dəstəyi ilə Naxçıvan şəhər sakini, əlilliyi olan şəxs İsmayılov Elbəyi İqbal oğlu üçün avtomobil şinlərinin bərpası və təmiri üzrə qurulmuş kiçik təsərrüfata baxış keçirilib.

Proqram iştirakçısı işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını  ifadə edib.

Qeyd edək ki, ötən dövrdə Naxçıvan MR-də özünüməşğulluq proqramı çərçivəsində 3200-dən çox şəxs üçün kiçik ailə təsərrüfatları qurulub.

Əməyin mühafizəsi sahəsində nümunəvi müəssisələrdən biri – “Cahan Holding”ə daxil olan ENNA şirkətində yaradılmış sağlam və təhlükəsiz əmək şəraitinə də baxış keçirilib.