Pakistanın Baş naziri Şahbaz Şərif rəsmi “X” hesabı vasitəsilə Azərbaycana qarşı həyata keçirilən hücumu kəskin şəkildə pisləyən bəyanat yayıb.
“Qafqazinfo” xəbər verir ki, Baş nazir Pakistanın qardaş Azərbaycan dövləti və xalqı ilə tam həmrəy olduğunu bir daha təsdiqləyib.
O, paylaşımında bu cür hərəkətlərin regionda sülh və sabitliyi ciddi şəkildə təhdid etdiyini bildirib:
“Pakistan Azərbaycanın rəhbərliyi və xalqı ilə həmrəy olduğunu bir daha təsdiqləyir və regionda gərginliyin daha da artmasına, sülh və sabitliyin pozulmasına səbəb ola biləcək bu cür qəbuledilməz hərəkətləri qətiyyətlə pisləyir”.
Bəyanatda həmçinin tərəflərə maksimum təmkin nümayiş etdirmək çağırışı edilib. Baş nazir vurğulayıb ki, yaranmış gərginliyin azaldılması üçün dialoq və diplomatiya yeganə çıxış yoludur.
Xatırladaq ki, bu gün İran ərazisindən Naxçıvan istiqamətində həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) hücumundan sonra bir çox dost ölkə, o cümlədən Türkiyə və Pakistan Azərbaycana dəstək nümayiş etdiriblər.
Son xəbərlər
Son Xəbərlər