Anar yazıçıları topa tutdu

anar-yazicilari-topa-tutdu
Oxunma sayı: 723

Anar “525-ci qəzet”ə müsahibəsində Əkrəm Əylisli ilə Aqil Abbasın onun gənc yazarlar barədə yazdığı həcvə münasibətlərinə cavab olaraq deyib: “Köhnə palan içini tökmək istəmirəm. Amma indi mənə qarşı yazanların bir çoxu bir vaxtlar hücumlarını elə vaxtiylə Aqil Abbasın redaktə etdiyi qəzetdə çap etmirdilərmi? Sonra Aqil dəfələrlə mənə peşman olduğunu deyib. Tutalım mən bu üzrxahlığın səmimiyyətinə inandım. Amma məgər Aqil Abbas, ya Əkrəm Əylisli, ya başqa susub səsini çıxarmayan ”dostlarım" mətbuatı izləmirlər, illər boyu mənə qarşı, ailə üzvlərimə qarşı ən çirkin, ən iyrənc atmacalardan xəbərsizdirlər? Niyə bir dəfə mətbuatda buna münasibət bildirməyiblər? Belə yerdə “Yəqin belə yazılar onların da ürəyindəndir” deyə düşünməyib neyləyəsən? Iyirmi-iyirmi beş il bir vəzifədə qalanlar da var, iyirmi-iyirmi beş il bu vəzifələrin xiffətini çəkənlər də... Yaxud mənə deyirlər ki, internetdəki tərəfdarlarımın bəziləri də mənim şeirimdən narazıdır, bəs mənə qarşı yazılanlardan necə, razıdırlar? Razı deyillərsə, onlara haçan münasibət bildiriblər? Illər boyu özlərini görməməzliyə, eşitməməzliyə qoyublar, indi nə üzlə mənə irad tuturlar? Gündə qətrə-qətrə zəhərləndiyimi görən xeyirxahlarım nəyi gözləyirlər, gözləyirlər ki, bu zəhərlər haçan axırıma çıxacaq, bunlar da dəsmal çıxarıb üstümdə ağlayacaqlar? “Heyf qədrini bilmədik, heyf qoruya bilmədik” qəbilindən riyakar nitqlər kimə gərəkdir?".

Anar Əkrəm Əylislinin hətta özü barədə yazılanlara cavab verə bilmədiyini deyib: “O ki qaldı özü demiş, ”köhnə dostum" Əkrəm Əylisliyə, yeri gəldi-gəlmədi ədəbi vicdandan dəm vuran Əkrəmin öz hücumları bir yana dursun, mənim kimi onun özünü də bəyənməyənlərin həyasız yazılarına bircə dəfə etiraz edibmi? Axı, son vaxtlarda mövqeyini 180 faiz dəyişənə qədər, onun özünü də mənə və ümumən altmışıncılara qatıb söyürdülər. Yəqin bu prinsiplə cavab vermirdi ki, qoy ara-sıra mənə də sataşsınlar, təki Anarı hər gün sancsınlar.

Əkrəm yazır ki, Anar mənim ümidlərimi doğrultmadı. Bilmirəm hansı ümidlərini doğrutlamamışam, onun təki deputat olanda iqtidarçı, deputatlıqdan gedəndən sonra müxalifətçi olacağımamı ümid bəsləyirmiş? Amma Əkrəm son iyirmi beş ildə mənim bütün ümidlərimi doğrultdu. Bilirəm ki, kimlə konfliktə girirəm-girim, kim mənə hansı haqsız sözü deyir-desin, Əkrəm həmişə mənim yox, onun tərəfində olur və olacaq. Mən Əkrəmdən incimirəm, o da məndən inciməsin. Əkrəm mənə dönük çıxanların nə birincisidir, nə axırıncısı. Bu da bir taledir görünür, kimə yaxşılıq etmişəmsə, bir müddət sonra onlardan bəziləri (əlbəttə, hamısı yox!) məndən bunun hayıfını çıxıb. Kimisi karyerası üçün, kimisi tamahına görə, kimisi həsəddən, kimisi kiməsə yarınmaq üçün, kimisi də elə-belə “muşğulatçün” üz döndərib.

Əkrəm “Daşlama”mı zəif hesab edir. Etirazım yoxdur. Vaxtilə köhnə dostum Əkrəm mənim haqqımda iri bir həcv yazmışdı və əlyazması şəklində “26-lar bağın”da keçib gedənlərə paylayırdı. Bu həcv doğrudan da, minillik Azərbaycan şeirinin ən yüksək zirvələrindən biriydi. Onun bu şedevri hara, mənim şeirim hara".