“Ancaq sonda sənə bir sözüm var, Avropa” - Müraciət

ancaq-sonda-sene-bir-sozum-var-avropa-muraciet-
Oxunma sayı: 718




Azərbaycan “Eurovision” a hazırlaşır. Vur-çatlasındı. Ölkədə yamanmıyan yırtıq, dolmayan deşik qalmayıb. Təzədən şəhər salırıq. Ey Avropa, Qafqazın ən qalmaqallı, başıbəlalı ölkəsinə xoş gəlirsən! Burda səni heyrətləndirəcək çox şey görəcəksən. Biz – Xəzərin sahilində çarpışa-çarpışa yaşayan, torpağından cırmaq-cırmaq yapışan, gözü dolu, qəlbi boş, yüklü dəvələrə oxşayan azərbaycanlılar sizi həmişəki qonaq-qara sevərliyimizlə qarşılayıb, ədəb-ərkanla yola salacıyıq. Əmin ol!

Hər şey gözəl olacaq. Hətta sən mat qalacaqsan. Deyəksən ki, gör aa, gör Avropayla Asiya öpüşüb qucaqlaşan yerdə necə bir ölkə gizlənib. Türkiyənin məşhur senaristi Qani Müjdənin sözü olmasın “Bu kadar içde ve bu kadar Ak Deniz gibi bir yer.”

Avropa, sən heç bilmirsən biz necə həyəcanlıyıq. Bilmirsən. Biz sənin qarşına qabiliyyətlə çıxmaq üçün nələr etmirik. Əziz Avropa, Biz əslində oxumağı-çalmağı hamıdan yaxşı bacaran bir toplumuq-xalqıq, millətik. Ancaq nə məsələdisə sənə gələndə bir adam tapmadıq bu çalıb oxuyanlar ölkəsindən çıxıb düz-əməlli bir mahnı səsləndirsin. Yarışmalar keçirdik, sms-lərə üz tutduq. Nə bilim həngamə açdıq.

Biz sənə qədər də bu işlə məşğul idik. Özümüzə elə hey müğənni seçirdik. Hələ də seçib başa çatdırammamışıq. Ancaq söz konusu sən olunca həyəcanımız, məsuliyyətimiz birə beş artır.

Əvvəlcə iki oğlanı bir-birinə qoşub göndərdik. Onlar da sağ olsunlar üzümüzü ağartdılar. Vicdanla, yaxşı çıxış elədilər. Qürurlandıq. Dedik həə, indi qayıdıb burda xeyli iş görərlər. Biz axı illərdi bu qara taleyi olan musiqi məkanımızda bir ciddi sənət göstərəcək adam arayırıq. Olmadı. O oğlanlar gəlib burda yoxa çıxdılar. Nə bir xit mahnılarını eşitdik, nə bir əzəmətli konsertlərini izlədik. Nə də ondan sonra dünyaya çıxa bildilər. Gəlib burda hamı kimi toy müğənnisi oldular. O vaxtdan cəmi bir dəfə gündəmə gəliblər, o da bir-birlərini yortmaqla...

Sonra bir gözəl qızı bir yabancıya qoşub göndərdik. O qız da üzümüzü qara eləmədi. Getdi, oxudu, oynadı gəldi. Gözlədik. Dedik bundan nəsə çıxar yəqin. Onun da uğuru elə keşmişdə qaldı. Bir iş ortaya çıxartmadı. Ya da çıxarda bilmədi. Sonra daha bir gözəli üfləyib-püfləyib yolladıq üzü qərbə. Bu ondan da həvəsli görünürdü. Bunu hamıdan çox əzizlədik, öpüb gözümüzün üstünə qoyduq. Boğazımızdan kəsib ona paltar tikdirdik, əyin baş aldıq ki, yaxşı görünsün səhnədə. Getdi gəlməz oldu. Dedilər xarici şirkətlərlə sövdələşməsi var. Bizi dünyada tanıdacaq. Gözümüz yollardadı o vaxtdan. Bircə klipi çıxdı ortaya . Day xəbər-ətər olmadı. Ardıyca bir yarışma da keçirib özümüzə təzə aday seçdik. Dedik iki oğlan getdi olmadı. Bir qızı bir yabancıya qoşduq olmadı. Sonra təkcə qızı göndərdik. O da uzaqlarda qeybə çəkildi.

İndi bir qız bir oğlan özümüzdən seçib göndərək hərçənd bu qız da bizim ölkənin vətəndaşı deyildi, ama olsun. Təki vətən sağ olsun! Dallarıyca su səpdik, daş atdıq, öpüş yolladıq. Tanrı canlarına dəyməsin. Gedib qalib oldular. Birinci yeri qazandıq. Eh Avropa, sən bilməzsən bu bizim üçün nə anlama gəlir. Ömrü boyu özünü ifadə etməyə çalışan, özgürlüyə can atan, didişə-didişə sonunda Müstəqil Azərbaycana çevrilən bizim üçün bu-dünyanın ən populyar yarışmasında bayraq yelləmək, dünya insanı üçün mahnı oxumaq, dünya sənətinə qatılmaq nə anlama gəlir. Biz həmin gün səhərə qədər yatmadıq. Qarabağımızı geri almışdıq sanki. Həmin gün burda qan düşmənləri də bir-birini duz kimi yalayırdı sevindiyindən. Gözlədik qaliblərimizi. Başımızın üstünə qoyduq. Şənlərinə gül əkdik, şeir yazdıq, çıldağa apardıq birdən yolda qorxub eləyiblər deyə, üzərlik yandırdıq göz dəyməsin. Onlar da gələn kimi təəssüratlarını bölüşdülər. Zaman keçdi. Hələ də təəssürat bölüşürlər. Hələ də müsahibə verirlər yarışmayla bağlı. Ondan sonra da bir xit mahnı, bir iş, bir əməl görmədik.

Baxdıq Türkiyəli Sertapa klassik musiqi qoymayıb, pop qoymayıb, jazz qoymayıb klass göstərir illərdi ölkəsində. Baxdıq Hadisəyə dayanmadan işləyir. O qədər gözəl popçudu adamın paxıllığı tutur. Baxdıq Ruslanaya, Rıbaka, Kənana, Dmitriyə... Həsəd apardıq. Bizimki hələ də ordadı. Orda-yarışmada. Ayrılıb sənətiylə məşğul ola bilmir sevindiyindən.

Elə bilmə ki, bizim ciddi sənətlə uğraşan müğənnimiz yoxdu. Var. Məsələn , mən Sevda Ələkbərzadəni, Tünzaləni, Çingiz Mustafayevi və başqasını arzulayardım sənin səhnəndə. Ən azı ona görə ki, bu sənətçilər yarışmalı yarışmasız öz işləriylə məşğuldular. İynəylə gor qazıllar. Fanatıdılar sənətin. Sonrası da ona görə ki, istedadlıdılar. Ancaq bu bir adamın fikridi. O adama deyəllər: “otur yerində” Xalx burda dambadurumla, sms-lə özünə sənətkar seçir Avropaya ötürmək üçün. TV qazanır, mobil operator qazanır, tamaşaçı əylənir. Sənə nə düşüb?!

Nə bilim əşşi ..yazıdı da yazdıq...

Ancaq sonda sənə bir sözüm var, Avropa. Bu dəfə biz sənə yox sən bizə gəlirsən. Lütfən, özünü evindəki kimi hiss elə. Çəkinib eləmə. Oppan, düş, oxu-oyna, gəz-toz. Bu dəfəki adayımız qonaq yox, ev yiyəsidi. Sənin təcrübən böyükdü. Gələndə ona de ki, sənətindən muğayat olsun. Əsas hansısa yarışmada iştirak etmək lap elə qalib olmaq deyil. Əsas seçdiyin sənəti dəlicəsinə sevməkdi. Öyrət Avropa, gələndə bildiklərindən ona da öyrət.

Aysel Əlizadə