Azərbaycan Yazıçılar Birliyinin üzvü, ANS Şirkətlər Qrupuna məxsus “El” jurnalının şef-redaktoru Südabə Sərvi vəzifəsindən yenə də azad olunub. Xatırladaq ki, Südabə Sərvi AYB əleyhinə və ANS-in reqlamentinə əməl etməyərək “Qafqazinfo”ya verdiyi müsahibəsindən sonra vəzifəsindən çıxarılmışdı. Lakin AYB sədri Anar Rzayevin xahişi ilə ANS-in prezidenti Vahid Mustafayev onu işinə bərpa etmişdi. Bu gün “Qafqazinfo”ya daxil olan məlumata görə isə, S. Sərvi “El” jurnalındakı vəzifəsindən yenidən uzaqlaşdırılıb.
Məsələ ilə əlaqədar Südabə Sərvi ilə əlaqə saxladıq və o, bu xəbərin doğru olduğunu bildirdi. Əlavə etdi ki, əslində belə olacağını gözləyirmiş: “Mən Mirşahindən bunu gözləyirdim. Baxmayaraq ki, Yazıçılar Birliyinin sədri Anar müəllim ondan mənim işimə bərpa olunmağımı xahiş etmişdi, Mirşahin də mənə zəng vurub işimi davam etdirəcəyimi bildirmişdi. Mirşahin mənə zəng edəndə doğulduğum Göyçayda idim. Bu əhvalat ötən həftənin üçüncü günü oldu. Mən ona dedim ki, birinci gün işdə olacağam. Elə işə gəldiyim ilk gündən mənə dedilər ki, Mirşahin müəllim sənin işdən azad olunmağın üçün tapşırıq verib. Çünki, mən yenə də reqlamenti pozmuşam. O, məni işə bərpa edəndən sonra “Qafqazinfo”ya müsahibə vermişəm. Halbuki, o müsahibədə onlara təşəkkür etmişdim. Bir işçinin işindən razı olub, onu verdiyi müsahibəyə görə işindən uzaqlaşdırırlarsa, hansı ədalətdən söhbət gedir? İşçisini kefi istəyən vaxt işə qaytarıb, kefi istəyən vaxt işdən uzaqlaşdıran bir insan millətə hansı “ədalət” dərsi keçir. Mən “El”ə redaktor gələndən sonra jurnalın səviyyəsi, abunəçilərin sayı artdı. Amma bunlar mənim bütün əziyyətimi bir anın içində yerə vurdular. İşdən çıxarılmağıma qətiyyən peşman deyiləm. Nə yaxşı ki belə oldu. Bəzi insanların yalançı maskaları yırtıldı. Anar müəllimə qoyulan hörmət də göz qabağındadır. Bir şeyi başa düşə bilmirəm ki, “El” jurnalının baş direktoru Vahid Mustafayev olduğu halda, nəyə görə məni işdən “Hesabat” jurnalının baş direktoru olan Mirşahin Ağayev uzaqlaşdırdı?”
Nigar Məmmədli
Son xəbərlər
Son Xəbərlər