Azərbaycanın istedadlı yazıçısı, jurnalisti və millət vəkili Aqil Abbas yeni yazdığı “Allahı qatil edənlər” romanının elektron versiyasını “Qafqazinfo”ya təqdim edib. Və saytdan onun yerləşdirilməsini, oxucuların aktiv müzakirəsinə verilməsini istəyib. Biz də bu yeni və maraqlı əsərin tam mətnini oxuculara təqdim edirik.
ALLAHI QATİL EDƏNLƏR
Qəssabın indicə boğazına bıçaq çəkdiyi qoyun kimi fınxırır, dabanları ilə torpağı eşir və ildırım çaxmış adam necə qovrulurdusa elə qovrulur, nə baş verdiyini anışdıra bilmirdi. Və yəqin ki, anışdırmağa heç vaxtı da çatmayacaqdı, ömrünün son dəqiqələrini yaşayırdı. İlk anda ildırım sandığı güllə sağ çiynini parçalamışdı. Yaradan buğlana-buğlana axan qanın barıt iyinə qarışmış qəribə bir qoxusu gəlirdi. Amma artıq o bu qəribə qoxunu hiss edəcək, duyacaq halda deyildi.
Çox çətinliklə gözlərini açmaq istədi, qanı üz-gözünə dağıldığından kipriklərini zorla aralaya bildi, amma heç nəyi aydın görə bilmədi. Ağacların arasından süzülüb gələn gün işığının qarşısını nə isə kəsmişdi. İldırım sandığı qəfil güllə zərbəsindən sonra hissi yavaş-yavaş özünə qayıdırdı. Və nəhayət başa düşdü ki, onu ildırım vurmayıb, güllə dəyib. Əlini silahına atmaq istədi, amma nə illah elədi əli sözünə baxmadı, elə bil bədəninin bir tərəfi yox idi. Buğlanan qanının və barıtın qoxusunu da indi duymağa başladı. Alnına dayadılmış tüfəngin hələ soyumamış isti lüləsini də hiss elədi. Hissi özünə qayıtdıqca gözlərini bir az da geniş aça bildi və gördü ki, ağacların arasından süzülüb gələn gün işığının qarşısını kəsən nə isə yox, onun canını almağa hazırlaşan Əzrayıldı və qonub sinəsinə. Və bu Əzrayıl onun canını bir anda alıb ona öldüyünü bilməmək xoşbəxtliyini qismət etmək istəmirdi. Və sanki Əzrayıl bu əzablı ölümü ona yaşatmaqdan bir zövq, bir ləzzət alırdı.
Amma sinəsinə qonmuş Əzrayıl Allahın insanların içində həmişə vahimə ilə gəzdirdiyi və heç vaxt qaçıb qurtula bilmədiyi mələyinə qətiyyən oxşamırdı- nə əlində alma vardı, nə də qılınc. Adicə insan idi, üz-gözündən də zəhər-zəhrimar yağan bir insan. Və bu insan çox soyuqqanlılıqla tüfəngi onun alnına dayamışdı, amma atmırdı, ovunun ölüm qabağı çəkdiyi əzabı seyr edərək ürəyini soyudurdu.
Amma qan içində çabalayan ovunun əzab içində ölümünü sonadək izləməyə gücü çatmadı. Ürəyi ağzına gəldi, qusmaqdan özünü zorla saxladı. Və gördü daha dözə bilmir, tüfəngin lüləsini ovunun alnından sinəsi aşağı sürüşdürdü. Və kişilərin həmişə böhtan atmağı xoşladığı və öyündüyü yerdə saxlayıb, tətiyi çəkdi.
***
Qan iyinə bir sürü çaqqal qaçıb gəlmişdi və meyidin ətrafında fırlanırdılar, barıtın qoxusundan qorxduqlarından hələ ki, cəsədə toxunmurdular. Barıtın qoxusu çəkildikcə çaqqallar ürkək-ürkək cəsədi didişdirməyə başladılar, pay üstə bir-birinə mırıldayır və hərdən də boğuşurdular. Əgər əsgərləri tikintidən hərbi hissəyə qaytaran maşın bir az da gec gəlsəydi yəqin ki, çaqqallar cəsədi parça-parça edəcəkdilər. Amma maşının qəfil gəlişi çaqqalları ömürlərində indiyədək görmədikləri belə dadlı yeməkdən məhrum elədi.
Sürücü yolun ortasında «Cip»i görcək tanıdı və maşını saxladı. Əyləc səsinə çaqqallar bir an başlarını qaldırıb maşına tərəf boylandılar, amma əvvəl-əvvəl heç nəyi veclərinə almadılar. Kabinədəki zabit dərhal qapını açıb yerə sıçradı və «Cip»ə tərəf qaçdı. Qaça-qaça da çaqqalları qorxutmaq üçün havaya güllə atdı. Güllə səsindən qorxan çaqqallar vaqqıldaya-vaqqıldaya öz dillərində zabitə söyə-söyə narazı-narazı götürüldülər. Və zabit çaqqalların dağıtdığı meyidi görəndə yerindəcə dondu…
***
İstidən günəş də yaxasını-başını açdığından göydən od yağmırdı ey, od tökülürdü. Bəziləri göydən tökülən oddan qorunmaq üçün özlərini vermişdi ağacların kölgəsinə, köynəklərini bürmələyib başlarının altına qoyub mürgü vururdu, üç-dörd nəfər başqa bir ağacın altında kart oynayırdı. O isə dörd-beş əsgərlə birlikdə çörək yeyirdi. Daha doğrusu yemirdi, qarşısındakı borşla midilənirdi.
İt kimi yox, itdən də betər yorulmuşdu. Onu yoran iş-güc deyildi, onu yoran çəkdiyi əzab da deyildi. Onu yoran əsgər yoldaşlarının mütiliyi, komandirlərin buyurduğu ən murdar işləri görməyə hazır olmaları və görmələri idi. Nə müddət idi o da başqa əsgər yoldaşları kimi komandirlərin bütün murdar əmrlərini yerinə yetirirdi. Amma içində bu əmrlərə qarşı bir qiyam vardı. Düzdü, bu qiyamı hələ içindən bayıra çıxara bilmirdi, hərdənbir deyinirdi. Və deyinəndə də əsgər yoldaşlarının arasında özünə bir həmfikir axtarırdı, amma tapa bilmirdi. Və hətta görürdü ki, əsgər yoldaşları nəinki təhqir olunmalarına dözürlər, əksinə özlərini daha rahat, daha xoşbəxt hiss edirlər.
Onların batalyonu o biri batalyonlardan fərqliydi. Hissəyə gecədən-gecəyə yatmağa gələrdilər. Nə təlimə çıxırdılar, nə posta gedirdilər. Şənbə-bazar günləri də günortadan sonra yemək-içməklərindəydilər. Telefonla çağırdıqları taksilərə doluşub şəhərə qız dalınca da gedirdilər. Bu batalyonu hərbi hissədəki əsgərlər qibtə ilə «bəxtəvərlər batalyonu» adlandırırdılar. Amma bu batalyon onun gözündə alçaldılmış və təhqir olunmuşların batalyonu idi. Və onu da bilirdi ki, əsgər yoldaşlarının ataları övladlarını bu alçaldılmış və təhqir olunmuşların batalyonuna saldırmaq üçün komandirlərə rüşvət də veriblər.
Əslində elmi işi üçün burda çox gözəl material vardı. Amma daha elmi işi də onu maraqlandırmırdı. Hər şeydən iyrənmişdi – qırmızı diplomundan da, həvəslə başladığı elmi işindən də, əsgər yoldaşlarından da.
Və artıq sevdiyi qıza məktub yazmaqdan da iyrənmişdi, nə yazaydı ona…
Fəlsəfə müəllimi həmişə ona deyirdi ki, səbr bir dağdı, üstünə gəlir, əgər özünü saxlaya bilsən o dağın zirvəsinə qalxacaqsan, amma özünü saxlaya bilməsən o dağ səni altına alıb əzəcək. Yaratdıqlarının çoxdan boğaza yığdığı Tanrının onlara yazığı gəlib, bəşəriyyəti xilas eləmək üçün göndərdiyi sonuncu kitabı – «Qurani-Kərim»i də oxumuşdu. Səbr haqqında onlarla hədis də bilirdi, tələbəlik illərində səbrsizlik edən yoldaşlarına da o, səbr və dözüm aşılayardı.
Və indi də neçə ay idi səbr edirdi. Amma day ona hədislər də kömək edə bilmirdi və bu səbr onu dağın zirvəsinə qaldırmır, əksinə altına alıb əzirdi. Və artıq səbr eləməkdən də iyrənmişdi və yorulmuşdu.
Yorulmuşdu, özü də elə yorulmuşdu ki, qarşısında bir boşqab borşu yeməyə də ərinirdi, midilənirdi.
Borş uşaq vaxtları onun ən çox sevdiyi xörək idi, qırmızı zılxla, özü də qoyun ətiylə. Onların evində heç vaxt borş bişirməzdilər. Bu rus xörəyi sayılırdı. Amma borşu rus xörəyi olduğuna görə yox, borş bişirmək ənənələri olmadığına görə bişirməzdilər. Və ailədə ondan başqa heç kimin bu xörəyə marağı olmadığına görə də anası borş bişirməyi öyrənməyə maraqlı olmamışdı. O borş yeməyi Bakıya olimpiadalara gələndə öyrənmişdi. Müəllimləri onları ucuz yeməkxanalara aparar və zorla borş yedirdərdi ki, həm çox xeyirlidi, həm də bədəni üşüməkdən qoruyur. O da ilk dəfə borşu həmin ucuz yeməkxanalarda yemişdi və çox xoşuna gəlmişdi.
Ürəyindən tez-tez borş keçərdi. Anası deyərdi ki, «ay oğul, bu urus yeməyini xalan yaxşı bişirir, get onlarda ye».
Xalası uzun müddət Rusetdə yaşadığından doğrudan da gözəl borş bişirirdi, həm də qaynanası bakılı idi. Bakılı olmaq o deyildi ki, bakılılar rus idilər, sadəcə olaraq bunu ruslardan öyrənmişdilər.
Xalası da bilirdi ki, o, borşu sevir, onun xətrinə hərdən borş bişirərdi və xəbər göndərərdi ki, gəl bizə. O da sevinə-sevinə qaçardı xalasıgilə. Sokratın bir sözündən xoşu gələrdi: «Mən yemək üçün yaşamıram, yaşamaq üçün yeyirəm». O da Sokrat kimi yeməkdən ləzzət almırdı, istəyir plov olsun, ya kolbasa, fərq etməzdi, təkcə borşdan ləzzət alırdı.
Əsgərliyə gələn günü borş verdilər, çox sevindi, az qalırdı borşu gözünə təpsin. Hətta əsgər yoldaşları onun bu ətsiz borşu belə ləzzətlə yeməyinə təəccüblə baxırdılar:
- Ə, elə bil bu aclıqdan çıxıb!
İkinci gün, üçüncü gün, onuncu gün və artıq borşdan da iyrəndi.
Və indi qarşısındakı borşdan bir-iki qaşıq almışdı, boğazından keçmirdi və midilənirdi.
Boşqabı bir kənara itələdi, başını qaldırıb gah mürgü vuranlara, gah kart oynayanlara, gah da onunla bir stolda çörək yeyən əsgər yoldaşlarına baxdı. Onların bəzilərinin üzündə təkəbbür də vardı, özündən razılıq da, mənasız sifətlər də çox idi. Amma bu təkəbbürlüyə, özündənrazılığa baxmayaraq ona elə gəldi ki, Dostoyevski «Alçaldılmış və təhqir olunmuş insanlar»ı onun bu əsgər yoldaşlarına yazıb. Həmin alçaldılmış və təhqir olunmuş insanlardan da biri elə onun özüdü, özündən də iyrəndi. Qalxdı ayağa və hirslə qarşısındakı borş dolu boşqabı götürüb tulladı həyətin ortasına və bağırdı:
- Bəsdi!
Bir anda qaşıq-boşqab davası dayandı, ortalığa bir sükut çökdü, kart oynayanlar da əl saxladı, bağırtı mürgü vuranları da oyatdı, başlarını tənbəl-tənbəl qaldırdılar və hamı təəccüblə ona baxdı.
O isə bir az da bərkdən bağırdı:
- Bəsdi!
Təəccüblə ona baxan uşaqlar:
- Nədi, ə? Dəli olmusan?
- Nə bəsdi?
- Niyə bağırırsan? Qoy zəhrimarımızı yeyək də!
O bir daha hamını diqqətlə süzdü və dedi:
- Deyirəm bəsdi! Bəsdi bizi bu qədər təhqir elədilər. Bu qədər alçaltdılar!
Kimsə yerdən:
- Ə, yenə nə özündən çıxmısan?! Kimdi bizi təhqir eləyən, bizi alçaldan?
Əlini vurdu stola:
- Alçaldılmaq, təhqir olunmaq necə olur?! Biz bura Vətəni müdafiə eləməyə gəlmişik, yoxsa hansısa komandirə villa tikməyə, tualet tikməyə, it damı tikməyə?!
Dədə əsgərlərdən biri:
- Akademik, bu olmadı də, sən yenə başladın? Deyəsən qarın, yağışın altında sitildəyə-sitildəyə səngərdə oturmaqdan xoşun gəlir. Get otur də, qabağını kəsən var?! Day niyə bağırırsan?
Yaxınlaşdı Dədənin yanına:
- Sən o səngərdə qarın, yağışın altında sitildəyən, yayda bişən uşaqlardan artıq oğlansan?
Dədə:
- Hə, artıq oğlanam ki, burda ağacların kölgəsində mürgü vururam də! Ayrı sözün var?
- Var! Nə sən, nə də bizim heç birimiz o səngərlərdəkilərdən artıq oğlan deyilik. Onları da bizim kimi ana doğub, inək doğmayıb. Mən də heç kimi nə təhqir eləmək istəmirəm, nə də alçaltmaq. Amma mən də istəmirəm ki, heç kim nə məni, nə də sizi alçaltsın. Siz də sizi alçaldanlardan əskik kişinin oğlu deyilsiz. Biz bura əsgərlik eləməyə gəlmişik, kimə isə nökərçilik eləməyə, qoyun otarmağa yox.
Kimsə gülüb dedi:
- Sevin ki, hələ donuz otartmırlar, mən donuzdan iyrənirəm.
Çiçəyi Burnunda olan əsgərlər susmuşdular, onların böyüklərin söhbətinə qarışmağa nə hüquqları vardı, nə də hədləri, gözləyirdilər görsünlər bu söz-söhbətin axırı necə olacaq, kimin xeyrinə qurtaracaq.
Əslində o da çiçəyi burnunda əsgər sayılırdı. Amma həm yaşına, həm də təhsilinə görə dədələr, ağsaqqallar ona hörmət göstərib öz sıralarına almışdılar və «Akademik» deyə müraciət edirdilər.
Ağsaqqallardan biri qabağındakı boşqabı əli ilə kənara itələyib dedi:
- Ə, Akademikin sözünü niyə qəribçiliyə salırsız?! Kişinin oğlu düz deyir də! Bizi qul kimi işlədirlər, biz də bunu hörmət kimi qəbul edirik, bundan ləzzət alırıq. Hər ay da komandirin bığının altından keçirik. Nədi, nədi, posta getmirik, səngərdə üşümürük. Nə qalxın deyən var, nə yatın.
Akademik dəstək aldığından bir az da ürəkləndi:
- Qardaşlar, biz bura Vətəni qorumağa gəlmişik, komandirlərə fəhləlik eləyib gün keçirməyə yox! Evə dönəndə sevdiyiniz qızlara, analarınıza, balaca bacı-qardaşlarınıza nə deyəcəksiz? Nə ilə lovğalancaqsız? Sement qarışdırmağınızla, daş daşımağınızla?! Yoxsa axşamlar ucuz araqlardan içib şellənməyinizlə? Sizi bilmirəm, mən daha heç kimə nökərçilik edən deyiləm. Sizə də məsləhət bilmirəm.
Bu vaxt darvazanın ağzında bir maşın dayandı, sonra darvaza açıldı və Batalyon Komandiri girdi həyətə.
Çavuş onu görcək yerindən dik atıldı və bağırdı:
- Batalyon, düzlən!
Əvvəl Çiçəyi Burnunda olanlar, sonra Qarasaqqallar düzləndi. Ağsaqqallar da ərinə-ərinə yerlərindən qalxdılar. Dədələr isə heç qımıldanmadılar da.
Akademik də qalxmaq istəyəndə dədələrdən biri əlini qoydu onun çiyninə:
- Əyləş, sənə aid deyil.
Batalyon Komandiri:
- Azad! Əyləşin! – dedi və özü də oturdu; – Sərin suyunuz yoxdu?
Çiçəyi Burnunda olanlardan biri tez qaçıb eyvandakı soyuducudan bir butulka mineral su gətirdi, ağzını açıb stəkana tökmək istəyəndə batalyon komandiri butulkanı alıb suyu çəkdi başına, qalanı ilə də boyun-boğazını islatdı:
- Oxxaay! Siz burda kef edirsiz. Qədrimizi də bilmirsiz. Hə, Akademik yenə nə mühazirə oxuyurdu?
Akademik:
- Yoldaş leytenant, mən mühazirə oxumurdum. Deyirdim, biz bura əsgərlik etməyə gəlmişik, yoxsa fəhləlik etməyə?
Batalyon Komandiri gözləmədiyi cavabdan tutuldu:
- Nə dedin? Bir də təkrar elə!
- Deyirəm, biz bura Vətəni müdafiə etməyə gəlmişik, yoxsa Komandirə nökərçilik etməyə?
Batalyon Komandiri əsəbi halda yerindən elə qalxdı ki, Çiçəyi Burnunda olan əsgərlər qorxdu və bağırdı:
- Qalx! Farağat! Sənə on gün qauptvaxt elan edirəm!
Farağat vəziyyət almış Akademik:
- Yoldaş Leytenant, deyəsən akademiyanı zəif oxumusuz, nizamnaməni yaxşı bilmirsiz. Sizin mənə on gün həbs verməyə səlahiyyətiniz çatmır. Siz mənə yalnız iki gün həbs elan edə bilərsiz.
Dədələr pıqqıldaşdılar, digər əsgərlər də onlara qoşuldular. Batalyon Komandiri əyri-əyri pıqqıldaşanlara baxdı:
- Hırıldamıyın, ə! - dedi və səhvini düzəltdi: - Yaxşı, Akademik! Mən sənə iki gün qauptvaxt elan edirəm. Eybi yox, beş gün də Komandir verir.
Akademik güldü:
- Oldu, iki gün qauptvaxt! Amma yoldaş leytenant, burda qauptvaxt yoxdu, generalın zirzəmisinə salacaqsız, yoxsa tikdiyimiz it damına?!
- Yox! İndi hərbi hissədən maşın çağıraram, gəlib səni aparar.
Bayaq Akademikə dəstək verən Ağsaqqal başını buladı:
- Akademik, sənə bu lazım idi?!
***
Qan iyinə çaqqallar qaçıb gəlmişdi və meyidin ətrafında fırlanırdılar. Hələ qoxusu çəkilməmiş barıtın qorxusundan meyidə toxunmurdular. Barıtın qoxusu çəkildikcə çaqqallar ürkək-ürkək cəsədi didişdirməyə başladılar. Və əgər şəhərdən qayıdan içi əsgərlərlə dolu maşın gəlib çıxmasaydı, yolun ortasında qalmış cəsədi çaqqallar parça-parça edəcəkdi. Maşın dayandı, amma deyəsən çaqqallar çox həyasız idilər, qorxub qaçmadılar. Zabit çaqqalları qorxutmaq üçün havaya bir-iki əl atəş açdı. Çaqqallar da vaqqıldaya-vaqqıldaya öz dillərində Zabitə söyə-söyə götürüldülər. Zabit yolun ortasındakı meyidi görəndə yerindəcə dondu, sonra yavaş- yavaş meyidə yaxınlaşdı, əvvəl-əvvəl elə bildi Komandirin sürücüsüdü, amma kiteldəki ulduzları görəndə...
Əsgərlər də maşından töküldülər, amma Zabit əsgərləri meyidə yaxınlaşmağa qoymadı, əmr elədi:
-Yaxın gəlməyin! Heç nəyə də toxunmayın!
Sonra Zabit təcili hərbi hissəyə telefon açdı:
- Komandiri vurublar!
Bu xəbər təkcə hərbi hissədə deyil, şəhərdə də bomba kimi partladı. Yarım saat keçməmiş şəhərin bütün rəhbərliyi hadisə yerində idi.
Yemək-içmək məclisindən yarımçıq qalxmağa məcbur olmuş Şəhər Meri dilxor-dilxor dedi:
- Hamımız zibilə düşdük, günümüzü göy əskiyə bükəcəklər!
Prokuror heç nə olmamış kimi soyuqqanlıqla:
- Niyə? Biz öldürmüşük?!
Mer:
- Elə danışırsan, elə bil adicə bir adam öldürüblər. Hamımızın başı ağrıyacaq.
Prokuror Zabitə göstəriş verdi:
- Heç kəsi əraziyə buraxmayın. Əsgərləri dağıt meşəyə, qabaqlarına kim çıxsa şapparlayıb gətirsinlər bura! – sonra üzünü maddım-maddım meyidə baxan Polis Rəisinə tutdu: - Sən niyə atıla-atıla gəlmisən? Hanı sənin itin.
Rəis:
- Yoldadı, indi çatır.
Meyidi incələyən Kriminalist elə bil zərgər idi, brilyantın xalis olub-olmadığını öyrənmək istəyirdi, neçənci dəfə idi ki, əlindəki lupa ilə güllə dəyən yerlərə baxırdı. Başını qaldırıb əsgərlərin meşəyə dağıldığını görəndə soruşdu:
- Bunlara kim əmr verdi?
Prokuror:
- Mən! Qoy meşədə kim qabaqlarına çıxsa tutub gətirsinlər.
Kriminalist başını buladı:
- Cənab Prokuror, əvvəla ölümün üstündən bir saat, bəlkə də daha çox vaxt keçib. Hansı axmaq bu vaxta qədər oturub gözləyər ki, gəlib onu tutsunlar. Bəs onda iti neyləyirsiz? Kimin izin götürəcək? Əsgərlərin?! – sonra üzünü Zabitə tutdu; - Çağır əsgərləri geri.
Zabit bilmədi kimin əmrini yerinə yetirsin, gah Kriminalistə, gah da Prokurora baxdı.
Prokuror Zabitə:
- Yaxşı, əsgərlərini geri çağır,- dedi, sonra Kriminalistdən soruşdu; - Nə öyrənə bildin?
Kriminalist:
- Ov tüfəngi ilə vurublar, özü də təklülə olub: - meyidin yaxınlığında tapıb kiçik salafan torbaya qoyduğu dəmir gilizi göstərdi;- Gilizi çıxarıb atıb, tüfəngi təzədən doldurub. O biri giliz yoxdu, deməli silahda qalıb. Birinci güllə çiyninə dəyib. Öldürücü olmasa da vaxtında yardım edilməsə qanaxmadan yəqin ki, öləcəkdi. İyirmi-iyirmi beş metrdən, təxminən, - əlilə yoğun gövdəli bir palıd ağacını göstərdi;- bax o ağacın arxasından atıblar. İkinci gülləni isə kişiliyinə vurublar, özü də dayayıb atıblar. Bu güllədən dərhal sonra keçinib.
Prokuror:
- Pahatonnan, gör harasından vurublar ey, adamın orasına təpik dəyəndə az qalır nəfəsi kəsilsin, ondakı güllə ola – dedi və meyidə yaxınlaşıb diqqətlə güllə dəyən yerə baxdı, dağım-dağım olmuşdu.
Mer Kriminalistdən soruşdu:
- Dedin harasından vurublar?
- Kişiliyindən.
Mer əlini-əlinə vurdu:
- Sən öl, namus məsələsidi. Rəhmətliyin oğlun nə vaxt axtarırdın, saunada tapırdın.
Prokuror ətrafdakılara göz vurub Merə dedi:
- Ehtiyatlı ol, sən də saunaya yaman tez-tez gedirsən ha.
Mer Prokurora gözünü ağartdı:
- Zarafat vaxtı deyil!
Sürücü Prokurora yaxınlaşdı:
- Şef, sizi yuxarıdan istəyirlər, - dedi və telefonu ona uzatdı.
Prokuror telefonu alıb ətrafdakılara:
- Başladı! – dedi və bir kənara çəkildi.- Eşidirəm.
Telefondakı adam:
- Sizinlə general danışacaq.
On-on beş saniyə keçməmiş telefondan Generalın səsi eşidildi:
- Salam!
- Salam, cənab General.
- Hardasan?
- Hadisə yerində.
- Nə baş verib orda?
Prokuror çevrilib bir daha meyidə tərəf baxdı:
- Hərbi hissənin Komandirini atıblar. Kriminalist işləyir. Mer də burdadı, Polis Rəisi də. Korpus komandiri də yoldadı. İşləyirik.
- Bunu bil, bu cinayətin açılmasına başınla cavabdehsən. Xətrini çox istəyirəm, yerində olan kadrsan. Amma bu cinayətin üstünü açmasan, məndən incimə. Mən də yuxarıların qarşısında başımla cavabdehəm. Başa düşdün də! Nə kömək lazımdı edəcəm. Kriminalistin təcrübəlidi?
- Bəli. Kriminalistimizdən bəlkə də ölkədə yoxdu. Bu günədək elə bir cinayət olmayıb ki, aça bilməsin.
- Ona de, əgər bu cinayətin üstünü açsa, səni mərkəzə gətirdəcəm, onu da sənin yerində oturdacam. Allah köməyiniz olsun! Di sağ ol!
-Sağ olun, cənab General!
Prokuror telefonu qapatdı, döndü Merin yanına.
Mer başı ilə göyə işarə elədi:
- Yuxarıdandı?
Prokuror:
- Hə,- dedi, sonra üzünü tutdu Kriminalistə; - Yuxarıdan zəng eləmişdilər. Dedilər ki, əgər bu cinayəti açsan, səni mənim yerimə qoyacaqlar.
Kriminalist işindən ayrılmadan:
- Cənab Prokuror, Allah sağlığınıza qismət eləsin, mənim sizin yerinizdə gözüm yoxdu. Öz yerim də pis deyil, buna dəyməsinlər, Əzrayılın balası mənə lazım deyil.
Prokuror:
- Dostum, sən bu işi aç, ən böyük hədiyyəni məndən alacaqsan. Qorxma, məni çıxarmayacaqlar ey, işi açsan, məni də yuxarı aparacaqlar.
Mer:
- Qəribə adamlarsız ey, meyid qalıb ortalıqda, vəzifə bazarlığı edirsiz.
Prokuror:
- Neyləyək, hərənin çörəyi bir şeydən çıxır, bizimki də meyiddən.
Nəhayət Kriminalist işini tamamladı:
- Cənab Prokuror, meyidi götürə bilərlər. Meyid yarılandan, bir də ballistik ekspertizadan sonra əsas rəyə gələ biləcəyik, –bıçaqla qazıb torpaqdan çıxardığı gülləni də kiçik bir salafan torbaya qoydu və verdi ekspertə; - O biri güllə bədənində qalıb.
Bayaqdan heç bir söhbətə qarışmayan, kənarda dayanıb siqareti siqaretə calayan Qərargah Rəisi, sanki ona da güllə dəymişdi, nəhayət dilləndi:
- O gərək çoxdan yerini dəyişib başqa hissəyə gedəydi. Mən bilirdim bunun axırı yaxşı olmayacaq. Yüz dəfə özünə də demişdim. Eşitmədi. Bu da sonu.
Prokuror:
- Düz deyirsən. Yeddi-səkkiz ayda üç çepe, bu da dördüncü.
Qərargah Rəisi:
- Hələ ikinci hadisədən sonra, dedim ki, yerini dəyiş. Yuxarıya dedim də, yazdım da. Amma töhməti mən aldım. Əslində çepe çox olub, gizlətmişik, özümüz yoluna qoymuşuq. Hərbi hissə deyil ha, dəlixanadı. Biri özünü asır, biri özünü atır, biri avtomatı posta tullayıb qaçır, biri əsgər yoldaşlarını güllələyir. – sonra tərs-tərs Prokurora baxdı; - Sizlərin də sayeyi-mərhəmətinizdən heç kim də cəzalandırılmır.
***
Polkovnik:
- O Akademik yenə nə qələt eləyib?
Batalyon Komandiri:
- Əsgərlərə yenə mühazirə oxuyurdu. Keçən dəfə yeməklə bağlı az qala qiyam qaldırmışdı. Guya evlərində bütün günü plov yeyirmiş itoğlu. Öyrənmişəm, bir həsirdilər, bir məmmədnəsir. Kolbasa yeməkdən bağırsaqları qurumuş bir aspirant gəlib qarnı isti yemək görüb qudurub. On gün qauptvaxta qalmaq görünür ona azlıq eləyib. Deyir ki, biz bura kimlərəsə villa tikməyə gəlməmişik, fəhlə deyilik. Səsinə səs verənlər də getdikcə çoxalır. Mən qauptvaxta salıram, Qərargah Rəisi çıxarır.
Polkovnik:
- Elə ona dil verib yoldan çıxaran Qərargah Rəisidi. Eybi yox, onun ulduzunun birini qopartdırıb dalına yapışdırtmasam mən də, mən deyiləm. Yerimə göz dikib, boynunun dalın görər. Sən belə elə, qauptvaxtdan sonra o Akademikdi, professordu, nədi bas sonuncu posta. Mən deməyənədək də dəyişmə. Qoy ağlı başına gəlsin. Yaxşı bunlar öz yerində, tikintidə vəziyyət necədi? Vaxtım yoxdu deyə bir həftədi dəyə bilməmişəm.
-Normal gedir, yoldaş Komandir, üç-dörd aya başa çatar. Bir də yoldaş Komandir, fabrik tikdirən dostumuz iyirmi-otuz əsgər istəyir, nə deyirsiz, göndərim?
Polkovnik qalxdı ayağa:
- Əlli işimizə yarayır, bir on-on beş nəfər göndər. Özün də o Akademiki gözdən qoyma. Yenə ora-bura yazsa səni cəzalandıracam.
***
Həyətin ortasında iri gövdəli şah tut ağacı vardı. Bir budağından da yelləncək asılmışdı, amma neçə illərdi bu yelləncəkdə yellənən görünməmişdi. Uşaqların yelləncəklə yellənmək yaşları lap çoxdan keçmişdi, amma söküb atmırdılar, nəvələrinə saxlayırdılar. Ağaclar tumurcuqlayıb çiçəkləri çırtlayandan, arandan yaylağa köçən kimi…
… neçə illər idi dağlar düşmən əlində olduğundan yaylağa həsrət qalmışdılar…
… köçürdülər bu tutun altına, yemək-içməyi də burda yeyərdilər, çox vaxt qonağı da burda qarşılayıb, burdan yola salardılar.
Ağacın altında şitili çıxmış bir dəmir çarpayı da vardı ki, qışda da burda olardı, üstünə bir köhnə palaz sərmişdilər, palazın da üstə bir döşək, bir dənə də böyük mütəkkə atmışdılar. Havanın qırışığı açılandan qaş-qabağı tutulana qədər Ata bəzən gecələr burda yatardı.
Oturmuşdular tutun altında. Evin xanımı günortadan asdığı lıqlama bozbaşdan bir boşqab çəkib qoymuşdu ərinin qabağına, özü isə çay içirdi:
- Ay kişi, uşaq dörd-beş aydan çoxdu əsgərlikdədi. Burdan-bura bir dəfə də olsun yanına getməmisən. Odur ey, qonşunun uşağı da onunla bir vaxta gedib. Hər həftə arvadı da vurur qoltuğuna gedirlər uşağa dəyməyə. Hələ məzuniyyətə də gətirdilər, düz bir həftə qaldı evdə. Sən də bir get komandiriylə tanış ol. Görüm-baxım elə, qoy uşaqdan muğayat olsun. Yoxsa elə bilərlər yiyəsizdi. Allaha şükür imkanımız da hamınınkından yaxşıdı.
Ata əlindəki çörəyi boşqaba doğraya-doğraya:
- Sən canın, qoy çörəyimi yeyim, yenə başlama. Ordan bir baş soğan gətir, soğansız da bozbaş olar?
Ana deyinə-deyinə gedib soğan gətirdi:
- Özün soğansız bozbaş yemirsən, amma heç vecinə deyil uşaq orda nə yeyir, nə içir.
Ata yumruğu ilə soğanı vurub əzdi, özəyini çıxartdı, alma dişləyirmiş kimi dişlədi:
- Hamı nə yeyir, o da ondan yeyir. Sanatoriyaya getməyib ey, əsgərliyə gedib. Mən iki il Çitada qulluq edəndə atam-anam yanıma gəlirdi?! Yoxsa bizə səhər xaş, axşam bozbaş yedirirdilər? Qışda yazdığım məktubun cavabı yazda zorla gəlib çıxırdı.
Ana deyinməyindən əl çəkmədi:
- Onda zamana başqaydı. Burdan Çitaya bir aylıq yoluydu. Amma uşağın yanına getməyə bir saat lazımdı, – və gördü deyinməkdən bir şey çıxmır, keçdi qılığa; - Sənə qurban olum, elə bil otuz beş il bundan qabaqdı, məni görmək üçün qaçıb Bakıya gedirsən. İndi də elə fikirləş ki, məni görmək üçün darıxmısan. Mən də Bakıda deyiləm, odur ey, o görünən dağın o biri tərəfindəyəm. Vallah, gecə yuxuda görmüşəm.
Deyəsən kişinin boş damarını tutdu, Ata gülümsədi:
- Yaxşı, sabah uşağı göndərərəm, istərsən sən də gedərsən.
Ana yenə başını buladı:
- Komandirlə mən danışacam?
- Gedib görüşərsiz, vəssalam. Nə komandir, uşaqdı?! O boyda universitet qurtarıb, aspirantdı. Darıxmısan, get gör. Mənim hansısa bir komandirin quşun götürməyə nə həvəsim var, nə də halım.
Bu vaxt darvaza cırıldaya-cırıldaya açıldı, Böyük Qardaş darvazanı açandan sonra yenidən qayıdıb oturdu maşına və sürdü evin qabağına. Ana oğlunun maşından düşməsini gözləmədən özü qalxıb gedib darvazanı örtdü. Böyük Qardaş əlində bir topa qəzet maşından düşdü, darvazanı bağlayıb qayıdan anasını qucaqlayıb öpdü:
- Özüm bağlayacaqdım də. – dedi və yaxınlaşdı stola, əlindəki qəzetləri də atdı stolun üstə; - Ata, axşamın xeyir, - sonra əlavə etdi; - Ana, bir boşqab da mənə çək, acından ölürəm.
Ata:
- Dünyada nə var, nə yox.
-Qardaşımgilin hissəsində bir əsgər özünü güllələyib.
Ananın stola qoymaq istədiyi boşqab əlindən düşdü, yemək dağıldı və özü də çökdü yerə:
- Buy, anan ölsün!
Böyük Qardaş yerindən sıçrayıb anasını qaldırdı və ehtiyatla çarpayıda oturtdu.
Ana nəfəsi darala-darala:
- Ay kişi, gördün?! Sənə demədim axşam pis yuxu görmüşəm?
Ata:
- Yaxşı, ay xanım, bəsdi görüm! - oğluna da acıqlandı, - Başına söz qəhət idi? - iştahı küsdü deyin yeməyi bir tərəfə itələdi və qəzetlərdən birini götürdü, manşetdə iri hərflərlə yazılmışdı: «Əsgər özünü güllələdi!», yazını oxumadı və təzədən qəzeti atdı stolun üstə; - Özün niyə güllələyib ki?
Böyük Qardaş:
- Biri yazır, komandirləri incidirmiş, biri yazır, guya sevdiyi qız başqasına nişanlanıb ona görə. Birində də yazırlar ki, güllələyiblər, işin üstün örtmək üçün adını intihar qoyublar.
Ata əslində Anaya təskinlik üçün dedi:
- Qəzetlərdi də ağızlarına gələni yazırlar. Heyif deyildi Sovet hökuməti, qəzetdə yalan yazmaq olardı, adamın şalvarın başına geydirərdilər. İndi hərə bir qəzet açıb. Bizim o traktor briqadiri vardı ey, heç adın da yaza bilmirdi, indi onun da qəzeti var. Qapıdan qovurlar, bacadan girir. İndi bir bədbəxt hadisədi də olub. Camaat yolda getdiyi yerdə yıxılıb ölür. İnişil qonşunun oğlunun əlində tüfəng hamının gözünün qabağında açılıb poçt müdirinin oğluna dəymədi?! Amma qəzetlər yazdı ki, guya qan düşməni imişlər, nə bilim pul söhbətləri varmış.
Ana bir stəkan su içəndən sonra azacıq özünə gəldi:
- Sən yenə hər şeyi yasalayırsan. O gün Aenesdə özüm gördüm. Stariklər salaqaları döyürdülər. Telefona çəkmişdilər. Bizim uşaq da salaqadı.
Ata:
- Ay arvad, sən nə bilirsən straik nədi, salaqa nədi?
-Niyə, mən bu ölkədə yaşamıram?! Qəzet oxumuram?! Qonum-qonşunun da uşaqları əsgərlikdə deyil?!
Ata bir siqaret yandırdı, əslində içi bu siqaretdən betər yanırdı, amma özünü onda qoymadı, üzünü yenidən xanımına tutub dedi:
- Əsgərlik kişilik məktəbidi, ona görə də ora arvadları aparmırlar. Adamı söyərlər də, döyərlər də! Tualet də yuduzdurarlar. Məni də söyüblər, döyüblər, o qədər tualet yuduzdurublar. Sənin də oğlun heç kimdən artıq deyil! – böyük oğlunu göstərdi; - Budu ey, kişi kimi əsgərliyini çəkdi, özü də desantda, heç bir dəfə də nə gileyləndi, nə də yanına getdik.
Ana yenə geri addım atmadı:
- Bu, nəmxuda pələng kimidi.
Ata da geri addım atmadı:
- İgidlik boy-buxunla deyil, ürəklədi, mən ona da qurd ürəyi yedirtmişəm.
***
Qərargah Rəisinin sözü Prokurorun xoşuna gəlmədi:
-Bura bax, Polkovnik, sən də mələk deyilsən. Batalyon Komandirini döyəndə gərək səni məsuliyyətə cəlb edəydik. Bir həftə xəstəxanada yatdı. Onda bax bu rəhmətlik girdi sənin qanıyın arasına, yoxsa indi uzağı batalyon komandiriydin.
Qərargah Rəisi Prokurorun qabağından qaçmadı:
- Elə bilirsiz Komandir məni çox istədiyinə görə müdafiə edirdi. Heç maraqlanan oldu ki, Batalyon Komandirin niyə döymüşəm. Əgər onda mən də içlərində olmaqla, hamı cəzasını alsaydı, nə sonrakı faciələr baş verməzdi, nə də bu gün Komandiri atmazdılar. O özün asan uşaq vardı ey, adın qoydular ki, qıza görə intihar edib, qanı batdı getdi, bax o uşağın anasının qarğışı tutub hamımızı. Hələ bu nədir ki? Bəlkə biz bundan da betər olacağıq?!
Mer gördü vəziyyət tündləşir, girdi araya:
- Köhnə saman içi qurtdalamayın. Bu boyda kişini vurub öldürüblər, respublika bir-birinə dəyib, siz də mübahisə edirsiz. Hələ səhər qəzetlər nə yazacaq Allah bilir. Köpəyuşağı elə bil it kimi iy bilirlər. Bayaq postda üç-dördü dayanmışdı, yaxşı ki, buraxmadılar.
Prokuror:
- Ağzında köpəyuşağı deyirsən!
Kriminalist nəhayət, işini başa çatdırdı və onlara yaxınlaşdı:
- Cənab prokuror, biz işimizi bitirdik.
Prokuror:
- Hələ gözləyək. Korpus Komandiri indicə çatacaq, postu keçib.
Elə bu vaxt Korpus Komandirinin avtomobili döngədən çıxdı, onlara yanaşdı, amma bir az aralıda saxladı. General cangüdəninin qapısını açmağı gözləmədi, özü qapını açıb düşdü, generallara məxsus yerişlə onlara tərəf gəlməyə başladı.
Qərargah Rəisi yüyürüb Generalın önündə farağat dayandı, hərbi salam verdi:
- Yoldaş General…
General əli ilə işarə elədi ki, azad.
Merlə Prokurordan başqa hamı farağat dayanmışdı. General heç kimlə əllə görüşmədi, başı ilə salam verib keçdi meyidin yanına, çöməldi və başını aldı əllərinin arasına, getdi fikrə və xeyli beləcə oturdu, birdən yadına düşdü ki, ətrafda əsgərlər var və ona baxırlar, qalxdı.
Diqqətlə yanında dayanmış Qərargah Rəisinə baxdı, başını buladı və əlini onun çiyninə qoyub günahkarcasına peşiman-peşiman dedi:
- Bağışla Polkovnik! Bağışla məni! Vaxtında sənə qulaq assaydım başımıza bu bəla gəlməzdi. Hələlik hissəni qəbul et.
Sonra geri qayıdıb hamı ilə birbəbir görüşdü.
Mer Generala başsağlığı verdi:
- Başınız sağ olsun.
Elə bil güllənin biri də Generala dəymişdi, əlini Prokurorun çiyninə qoyub dedi:
- Mənim yox, öz başınızın da sağ olmasını istəyirsizsə bu cinayəti açın. Yoxsa, Komandiri hardan vurublarsa, bizi də oramızdan asacaqlar.
***
Akademik boşqabı qabağına çəkdi, bəxtindən yenə borş idi, amma bu dəfə xörəyin rəngi-rufu xoşuna gəldi, xalasının bişirdiyinə oxşayırdı, içində ət də vardı, təəccüblə soruşdu:
- Bu gün bayramdı?
Adətən bayramlarda süfrə daha zəngin, yeməklər daha dadlı olurdu.
Kim isə zarafatla:
- Sən qauptvaxta düşəndə hissədə bayram olur də. Komissiya gəlmişdi. Sənin Nazirliyə yazdığın məktubu yoxlayırdılar. Komandiri dirəmişdilər divara. Sənin acığını bizdən çıxır. İki gündü gecə saat üçdə həyəcan siqnalı verir.
O biri stolda dədələr oturmuşdu, onu çağırdılar:
- Akademik, keç bizim stola, söhbət var. Uşaqlar, bir yer düzəldin.
Akademik boşqabını götürüb keçdi onların stoluna.
Dədələrin dədəsi:
- Xoş gördük, Akademik. Deyəsən kurortda sənə yaxşı baxmayıblar, rəngin solub. Borşu o tərəfə qoy, evdən yemək göndəriblər. Uşaqlar, Akademikə yemək çəkin.
Akademik:
- Xoş gördük hamınızı, təşəkkür edirəm. Tikintidə nə var, nə yox, tualet yarımçıq qalmışdı.
Dədələrin Dədəsi:
- Akademik, bilirsən biz hamımız sənin xətrini çox istəyirik. Biz xidmətdə səndən böyük olsaq da, sən də həm başda bizdən böyüksən, həm də yaşda. Amma elə şeylər var ki, onu sənə başa sala bilmirik.
- Nədi o şeylər, ded?
- Sən yavaş-yavaş çörəyini ye.
Akademik qarşısındakı kələm dolmasından birini qoydu ağzına, dolma ağzında əridi və dadı bütün bədəninə yayıldı:
- Kim bişiribsə, əllərinə sağlıq, çox gözəl bişirib. Əsgərlikdən sonra sizi kəndə qonaq çağıracam, görəcəksiz anamın əllərinin dadını. Sizə bir lığlama bozbaş bişirsin ki! Hə, eşidirəm.
Dədələrin Dədəsi:
- Dediyimiz odu ki, biz səni başa düşürük, haqlısan. Amma sən heç nəyi dəyişə bilməzsən. Bu, dünyanın hər yerində belədi. Dünyanın hər yerində zelyonu da var, salaqa da, starik də, ded də! Amerikada da belədi, heç kinoya-zada baxmamısan? Mən də, burda oturanlar da salaqa olmuşuq. Tualet də yumuşuq, kartof da təmizləmişik, həyət də süpürmüşük.
Akademik:
- Ded, mən hər şeyi başa düşürəm. Onu da bilirəm ki, sizin mənə hörmətinizə görə, mənim ən böyük cəzam qauptvaxtdı. Yoxsa komandirin çaqqalları məni çoxdan didik-didik eləmişdilər. Buna görə sizə borcluyam. Amma mən neyləyim, belə doğulmuşam, belə tərbiyə almışam. Mən nə salaqa olmaq istəyirəm, nə də ded! Əsgər olmaq istəyirəm. Vallah-billah!
Dədələr Dədəsi:
- Görürük ola bilmirsən. Özün dedin ki, bizə görə çaqqal-çuqqal sənə dəymir. Biz iyirmi-iyirmi beş günə gedirik, uzağı bir aya. Biz gedəndən sonra sənin üçün çox çətin olacaq. Dərəni xəlvət görən tülkülər bəylik edəcək. Səni cəzalandıracaqlar, sındıracaqlar. Biz səni stariklərə tapşırmışıq. Amma onlar biz deyillər, onların da içində çaqqallar var. Özünü gözlə, çalış tək gəzmə. Bir şey bilməsək, danışmarıq. İndi səni ölüm postuna salıblar. Özün də bilirsən, o postdan neçə əsgər geri dönməyib.
Akademik:
- Mən belə şeylərdən qorxan deyiləm. Düşmən gülləsindən ölmək alçalmaqdan şərəflidir.
Dədələr Dədəsi ondan yaşca çox kiçik olsa da, elə danışırdı, elə bil ata oğluna öyüd verirdi:
- Akademik, bir az ağıllı ol. Biz istəmirik ki, sənin kimi bir oğlan nə səfeh düşmən gülləsindən ölsün, nə də gecələrin birində tualetdə özün assın.
Akademik güldü:
- Qardaşlar, Şopenhauer deyir ki, insan özünü ona görə öldürmür ki, yaşamaqdan doyur, özün ona görə öldürür ki, arzularından doyur. Mən hələ arzularımdan doymamışam.
Dədələr Dədəsi:
- Şopenhauer kimdi tanımıram, nə deyib onu da bilmirəm. Mən də sənə deyirəm, ya özünü dəyiş, ya da valideynlərinə xəbər göndər, gör sənin hissəni dəyişdirdə bilərlərmi.
Başqa bir dədə:
- Akademik, incimə, sən universitet bitirsən də, aspirant olsan da başın qarışıb kitab-dəftərə, həyatdan uzaq düşmüsən, bu dünyadan xəbərin yoxdu. Dörd-beş aydı burdasan, iki dəfə komissiya gətirtmisən, nə dəyişib, on dəfə gətirtsən nə dəyişəcək?!
- Niyə borşda ət var ki!
- Bu da on gün, sonra?
Akademik:
- Bilirəm, mənə görə çox narahatsız, bir daha sizə təşəkkür edirəm. Amma mən o qədər zəif adam deyiləm ki, özümü asam. Assam, komandiri asacam! – dedi və güldü.
Qonşu stoldan kimsə dedi:
- Suka gəlir.
Gələn Batalyon Komandiri idi, yaxınlaşdı dədələrin stoluna, salam verdi və sonra dedi:
- Akademik, sənə hələ tez deyil bu stolda oturmaq?
Dədələr Dədəsi Akademiki dillənməyə qoymadı, gözünün birini qıyıb aşağıdan yuxarı Batalyon Komandirinə baxıb dedi:
- Komandir, get işinlə məşğul ol, qabağımızdakını zəhərə döndərmə. Yoxsa, bu boşqabı başına keçirərəm.
Batalyon Komandiri:
- Ded, sən niyə hirslənirsən? Mən Akademiklə danışıram.
- Dedim də sənə! Eşit, biz gedəcəyik, bizdən sonra eşitsək ki, şəxsən sən Akademikin xətrinə dəymisən… Səni harda olsa tutub xoruz kimi banladacağıq. Qandın?!
Batalyon Komandiri özünü yığışdırdı:
- Qandım!
***
Kriminalist otağa girəndə Prokuror telefonla danışırdı və çox pərt görünürdü:
- Dedim ki, əlimizdən gələni edirik, üstündə işləyirik. Rəhmətliyin oğlu, o boyda Amerika əlli ildi Kennedinin ölümünün üstünü aça bilmir, indi sən istəyirsən üç günün içində bu boyda qətlin üstünü açaq? Heç Şerlok Holms da üç-beş günə cinayəti aça bilməyib. Özü də mənimlə belə danışmayın, nə sizin tabeçiliyinizdəyəm, nə də uşağınız, otuz ilin prokuroruyam. Mən prokuror olanda sən salaqa idin, tualet təmizləyirdin. İndi general olmusan, gəl çıx çiynimizə. Əgər qoysaydınız vaxtında həmin hərbi hissədə baş verən ölüm hadisələrinin üstünü açaq, vəziyyət gəlib bu həddə çatmazdı. Bəs əsgərlər öləndə niyə belə sinənizi cırmırdız?! Onlar adam deyildi? Ağızlarından süd iyi gələn gül kimi uşaqlardı. Onların qanı tutub Polkovniki. Darıxmayın, o uşaqların qanı bir gün bizi də tutacaq. Bizi tutmasa da, balalarımızı tutacaq! – telefonun dəstəyini atdı, elə həmin əsəblə də Kriminalistə dedi: - Qolundan tutub oturdacam, otur də.
Sonra yenə həmin əsəblə də düyməni basıb çığırdı:
- Ay qız, gəl bu zəhrimarı dəyiş. Allahın bir stəkan çayını da rahat içməyə qoymurlar – dedi və stolun üstəki stəkanı götürüb divara çırpdı.
Kriminalist ilk dəfə idi ki, Prokuroru belə özündən çıxmış görürdü.
Prokuror:
- Papirosun var?
- Siz çəkən deyilsiz axı?!
- Çəkənəm, çəkən deyiləm, deyirəm papirosun var?
Kriminalist Prokurora bir siqaret verdi, özü də yandırdı. Amma iki qurtumdan sonra Prokuroru öskürək tutdu, siqareti Kriminalistin qabağındakı külqabıda söndürdü və xeyli öskürdü:
- Ə, bu zibili necə çəkirsiz?!
Katibə iki stəkan çay gətirdi, sonra istədi yerdən stəkanların qırıqlarını yığsın, Prokuror qoymadı:
- Sonra yığarsan. – dedi və gəlib Kriminalistlə üzbəüz oturdu; - Hə, oğul, özün eşitdin də, məruzə elə görək.
Prokurorun oğlu yox idi. İki qızı vardı, ikisi də ərdəydi, işçilərinə də «oğul» deyə müraciət edərdi.
Kriminalist qovluğunu açdı:
- Cənab Prokuror, bir neçə versiya var. Hamısının üzərində işləyirik. Amma xeyli vaxt aparacaq.
- Oğul, vaxtımız çox azdı. Eşitdin. Bu üç-beş gündə bəlkə otuz dəfə zəng ediblər. Bu işi aça bilməsən ikimiz də yandıq. Mənim onsuz da yaşım keçib, yükümü də təpəyə yığmışam. Sənə heyfim gəlir. İndi versiyaları de görüm.
- Birincisi, namus məsələsidi. Üstündə işləyirik. Amma mənə görə bu qətlin namusa dəxli yoxdu.
Prokuror:
- Bəs niyə… - sözü ağzından qaytardı, - nədi, hə, orasından atıblar?
Kriminalist güldü:
- Cənab Prokuror, bura İtaliya deyil, ağzına gül də qoyalar. Ya təsadüfdü, ya da öldürən adam yandığından ordan atıb ki, kişi deyilsən. Mən onun bütün qadın əlaqələrini öyrənmişəm. Elə bir ciddi şey tapmadım. Telefon kitabçasında heç qadın nömrəsi də yoxdu. Sürücü də deyir ki, yalnız bazar günündən başqa həmişə Komandirlə olub, amma indiyədək Komandirin hansısa bir qadınla görüşdüyünü, ya əlaqəsi olduğunu hiss eləməyib.
- Bəs, Mer deyir nə vaxt axtarırdın saunada tapırdın.
- Mer öz ağlıyla ölçür, elə bilir saunaya elə qadınlarla görüşmək üçün gedirlər. Siz də hər həftə saunaya gedirsiz, qadınla gedirsiz?
Prokuroru gülmək tutdu:
- Bəlkə gedirəm, nə bilirsən?
- Getsəydiniz, camaat sizin haqqınızda da danışardı.
Prokuror qalxdı, otaqda bir az var-gəl elədi, pəncərədən xeyli bayıra – küçədə futbol oynayan uşaqlara baxdı. Bu uşaqlar dəfələrlə kabinetin pəncərələrini qırmışdılar, amma o buna heç vaxt qızmamışdı. Hər dəfə qaravulçu uşaqları qovmaq istəyəndə qoymamışdı:
- Dəymə, qoy oynasınlar, sən usta çağır gəlib şüşə salsınlar.
İndi uşaqlar pəncərədən onlara baxan Prokuroru görəndə dayandılar və ona sevinclə əl eləyib çığırdılar:
- Prokuror əmi! Prokuror əmi!
O da gülümsəyib uşaqlara əl elədi, sonra yenidən qayıdıb oturdu kreslosunda:
- Düz deyirsən, o keçmişdəydi, indi adamlar qadın üstə bir-birini öldürmürlər, pul üstə öldürürlər. Bəs biznes əlaqələrini necə? Bəlkə şərikləri ilə problemləri olub.
- Öyrənmişik. Heç bir obyekti yoxdu.
Prokuror:
- Necə yəni yoxdu? O boyda hərbi hissə obyekt deyil? Hər əsgərin yeməyindən gündə bircə dollar kəssə ayda otuz min dollar eləyir. Hələ benzini-menzini, ayrı şeyləri demirəm. O Qərargah Rəisi ilə də həmişə dava-dalaşları bunun üstündəymiş.
- Qərargah Rəisi əsl zabitdi. Komandirin əyri işlərinə dözmürdü.
- Yaxşı, davam elə.
- Son səkkiz ayda hərbi hissədə üç ağır cinayət hadisəsi baş verib. Bir əsgər özünü asıb, biri özünü güllələyib. Biri də batalyon komandiri ilə üç əsgəri güllələyib, sonra da özünü öldürüb. Bu cinayətlərin hamısının da üstünü ört-basdır ediblər. Komandirin ölümünü burda axtarmaq lazımdı.
- Axtar də!
- Məsələ ondadır ki, bu cinayət işlərini bizim prokurorluq aparmayıb. İşlər bizdə deyil. Gərək məktub yazasız həmin işləri Bakıdan göndərələr bizə.
- Get məktubu hazırla gətir, qol çəkim.
***
Oturmuşdular Qərargah Rəisinin kabinetində, qarşılarında da bir stəkan çay.
- Rəis, komandirlə niyə tez-tez mübahisəniz düşürdü, hətta bir-birinizə silah da çəkmisiz?
Qərargah Rəisi güldü:
- Deyəsən, məndən şübhələnirsiz. Bu adi söhbətdi, yoxsa istintaq?
Kriminalist:
- Qətiyyən, sadəcə olaraq mən müəyyən həqiqətləri bilməliyəm.
Qərargah Rəisi qalxdı ayağa, pəncərəni açdı, həyətdə təlim keçən əsgərlərə xeyli baxdı, dağlara baxdı, bu dağların o üzündə doğulduğu, indi isə həsrətində qaldığı kəndlərini xatırladı, bir siqaret yandırdı:
- Bilirsən, dostum, biz bu Vətəni, o görünən dağları, meşələri, o göy üzünü, bu dağların bulaqlarını, quşlarını da əsgərlərə etibar etmişik. Bu dövlət də, bu millət də əsgərləri bizə etibar edib. Əgər biz bu əsgərləri qoruya bilmiriksə, deməli, bu Vətəni də, o dağları, o meşələri, o göy üzünü də qoruya bilmirik. Yəqin bilirsən son altı-yeddi, nə bilim səkkiz ayda bu hərbi hissədə neçə ölüm hadisəsi baş verib. Bunlara görə ən azı Komandir vəzifədən götürülməliydi, mən də cəzalanmalıydım. Nə oldu? Kim cəzalandı? Taqım komandiri, batalyon komandiri, uşaq-muşaq. Bu hadisələr elə-belə baş verməmişdi ha. Hamıya ruhi xəstə diaqnozu qoyub işləri bağlayıb atdılar arxivə. Çox cəsarətli bir müstəntiq vardı, arada o yazıq yandı, orqandan xaric etdilər. Mən o uşaqların dəfnində iştirak eləmişəm. Mən o valideynlərin gözlərinə baxa bilməmişəm. Onlar övladlarını mənə etibar etmişdilər. Mən onların övladlarını qoruya bilmədim!
Qərargah Rəisi soyuducunu açıb bir butulka araq çıxartdı, qoydu stolun üstünə, stəkandakı çayı götürüb pəncərədən atdı çölə, araq süzdü:
- İçirsən?
- İçirəm.
Kriminalistin çayını da pəncərədən çölə atdı və stəkana araq süzdü, heç nə demədən arağı çəkdi başına, bir siqaret də çıxarıb qoxuladı, sonra yandırdı.
Kriminalist də arağı götürdü, amma Qərargah Rəisi kimi başına çəkmədi, su kimi ehmalca içdi və o da bir siqaret alışdırdı.
- Dostum, o qədər haqsızlıq görürsən ki, bu araq olmasa çoxdan mən də o uşaq kimi özümü atmışdım. Bilirsən, mənim də oğlum var, o da cəbhə bölgəsində əsgərdi. Ölən uşaqlardan biri də o ola bilərdi. Məndən ötdü, qardaşıma dəydi. Hamımız elə bilirik, bizim övladımızdan ötsün kimə dəyir-dəysin. Xeyr, elə deyil, sonda özünə qayıdır. Buyur, Komandirin özünə dəydi. Kim zəmanət verə bilər ki, sabah o güllənin biri sənə, mənə dəyməyəcək? Axı buna biz hamımız günahkarıq. O cavanların qanını batıran müstəntiqlər də, prokurorlar da, nə bilim, daha hansı şərəfsizlər. Elə bilirlər elə belə gedəcək, onlara heç nə olmayacaq?!
Qərargah Rəisinin gözləri dolmuşdu, hiss olunurdu ki, ürəyi doludu və çoxdandı ürəyini boşaltmağa adam tapmır, ona görə də Kriminalist mane olmaq istəmədi, dedi, qoy ürəyini boşaldıb sakitləşsin.
- Bu necə ola bilər, iki ay bundan əvvəl bura sağ-sağlam gələn uşaq dəli olur, özünü asır, ya yoldaşların güllələyir?! Əgər bu dəli idisə niyə əsgərliyə yararlı sayıblar. Yox, burda dəli olubsa, niyə dəli olub? Onları kim dəli eləyib, adam durduğu yerdə dəli ola bilməz ki!
Kriminalist:
- Yaxşı, bütün bunları bildiyiniz halda siz niyə susurduz?
- Mən susmuşam?! Bəs bayaq sən deyildin soruşan niyə Komandirlə yola getmirdin? O şərəfsiz Batalyon Komandirini kefimdən döymüşdüm? Dəfələrlə yuxarı yazmışam, həmişə də altın çəkmişəm. Mənim taylarım korpus komandiridi. O gördüyün general mənim zabitim olub. Mən isə hansısa bir hərbi hissədə heç bir səlahiyyəti olmayan qərargah rəisi, belə danışdıqlarıma görə. Günlərimi sayıram ki, nə vaxt təqaüdə çıxacam.
- Dedin Batalyon Komandirini döymüşdün. Sirr deyilsə nə məsələydi?
- Belə şeylərin üstə. O batalyon komandirliyindən daha çox komandirin qanunsuz tapşırıqları ilə məşğul idi. Elə bil bu millətin oğlu deyildi. Əsgərlərə əsgər kimi deyil, pul kimi baxırdı. Bir cəza dəstəsi vardı, xoşu gəlməyən, Akademik kimi oğlanları cəzalandırırdı, sındırırdı. İntiharlar onun günahından idi, badına da getdi, Akademik onu bağışlamadı. Bilirsən, dostum, əgər bu cinayəti açmaq istəyirsənsə, onda gərək bütün düyünləri açasan. Sən Akademikin Batalyon Komandirini, əsgərləri öldürdüyü həmin cinayət hadisəsini araşdıran o müstəntiqi tap. Bayaq dedim, orqandan xaric ediblər. Çox savadlı, həm də çox cəsarətli müstəntiq idi. Polkovnik bir-iki dəfə xəlvətə çəkdirib döydürmək istəmişdi, mən qorudum, yoxsa Allah bilir nə olardı. İndi səninlə elədiyim söhbətləri onunla da çox eləmişdim. Düyünləri təmiz açıb hər şeyi ortalığa qoymuşdu ki, cinayət işini ondan alıb başqasına verdilər, özünü də… Hələ də onun əvəzinə mən yanıb tökülürəm. Heyf elə müstəntiqdən. Yeni gələn müstəntiq də cinayətlərin üstünü ütülədi, Akademikə də ruhi xəstə diaqnozu qoyub işi atdı arxivə.
***
Atı bağladığı səmtə gedirdi. Gələndə ona quş kimi yüngül görünən tüfəng indi elə bil bir pud daş idi və çiynindən sallanmışdı. Və bu ağırlığın altında əzilirdi. Bir az əvvəl indi bir pud daşa dönmüş bu tüfənglə insan öldürmüşdü. Tanrıya yalvarır, onu bağışlamasını xahiş edir, dua oxuyurdu. Bu tüfənglə kəndi qorumuşdular, neçə düşmən vurmuşdular, indi o həmin tüfənglə özününkünü öldürmüşdü, düşmənə atılası gülləni özününkünə atmışdı, əllərini qana batırmışdı, Tanrının yaratdığı, ömür verdiyi insanı öldürməkdən dəhşətli bir günah yox idi və indi o bu dəhşətli günahı işləmişdi. Tanrıdan onu bağışlamasını xahiş edirdi, amma Tanrı onu bağışlayacaqdı-bağışlamayacaqdı, bunu o dünyada biləcəkdi. O dünyaya çox uzun bir yolu qalmasa da, ölənədək bu günahı daşımaq da çətin idi.
Bu ağırlığın altda gəlib çatdı atı bağladığı yerə, atın sinəsini bir-iki dəfə sığallayıb qalxdı belinə.
***
Dayanmışdı qəbrin önündə, sonra diz çökdü və məzarın hələ qurumamış torpağını oxşamağa başladı. Xeyli beləcə oxşayandan sonra qəbri bağrına basıb üzünü qoydu sinəsinə, meşədə çəkdiyi ağrı-acı hamısı getdi. Bədəninə xoş bir duyğu yayıldı. Və bu duyğudan qəribə bir ləzzət aldı və bu ləzzətlə də dedi: «Oxxaay!»
Və nəhayət, bu ləzzətdən doyandan sonra qalxdı ayağa, məzarı bir də əzizlədi və yendi qəbristanlığın yanından axan çaya, əllərini yudu, üzünü yudu. Sonra gəldiyi yolla da qayıdıb qəbristanlıqdan çıxdı. Çıxanda çevrilib geri boylandı və ona elə gəldi ki, bu toran qovuşan vaxtda başdaşı işıq saçır…
***
Müstəntiq oturmuşdu və başını da almışdı əllərinin içinə. Qarşısında iki yol vardı, lap nağıllarda olduğu kimi: biri it hürən tərəfə, biri də işıq gələn tərəfə. Bütün nağıllarda məsləhət görülürdü ki, heç vaxt işıq gələn tərəfə getməyin, it hürən tərəfə gedin. Həmişə fikirləşirdi ki, niyə babalar bircəcə dəfə də olsun işıq gələn tərəfə deyil, həmişə it hürən tərəfə gediblər? Niyə özlərində bir kişilik, bir cəsarət tapıb gedib o işığı divin əlindən almayıblar. İndi o, divlərdən qorxan qorxaq babalar kimi it hürən tərəfə getmək fikrində deyildi, işıq gələn tərəfə gedəcəkdi. Ordakı divlər onu parçalasalar da gedəcəkdi, ya divlərə verən Allah, ya ona, gedəcəkdi və işıq gələn tərəfə gedən ilk nağıl qəhrəmanı olacaqdı.
İş ona tapşırılanda da yuxarıdan demişdilər ki, yubatma, burda elə bir şey yoxdur, açıq işdi. Əslində də elə bir ağır iş deyildi: Postdan qayıdan bir əsgər üç yoldaşını və bir zabiti güllələmiş və sonra da özünü öldürmüşdü. Ona qalırdı şahid ifadələrini almaq və cinayət törədən intihar etdiyinə görə işə xitam vermək və geri – şəhərə qayıtmaq. Bu boyda cinayət baş verib, beş ailənin işığı sönüb, orduya bu boyda bir ləkə düşüb – amma cəzalandırılacaq kimsə yoxdu.
Axı bu necə ola bilər ki, bu boyda cinayətin qarşılığında kim isə cəzalandırılmasın, kim isə məsuliyyətə cəlb edilməsin?! Özü də bu son yeddi-səkkiz ayda eyni hərbi hissədə ölümlə nəticələnən üçüncü ağır hadisə idi.
Özünü asan əsgərə ruhi xəstə diaqnozu qoyulub, bununla da məsələ bitib. Və heç kəs işıq gələn tərəfə gedib aydınlaşdırmaq istəməyib ki, iki ay əvvəl tibbi müayinədən keçib orduya sap-sağlam gələn bu uşaq niyə birdən-birə dəli olub? Çox axmaq bir səbəb göstərilib – sevdiyi qız başqasına nişanlanıb və bu cavan da bundan sarsılıb və özünü asıb. Bu yaşda gənclərdə belə hallara rast gəlindiyindən, bu dəlil inandırıcı görünüb.
Silahla ehtiyatsız davrandığına görə həlak olan əsgərin də ölümü müəmmalı idi. Belə bir söhbət dolaşırdı ki, həmin əsgər tez-tez döyülürmüş,təhqir olunurmuş. Sonda da bu təhqirlərə dözməyərək intihar edib.
Burda ən maraqlı və ciddi bir məsələ də hadisə baş verəndən sonra Qərargah Rəisinin Batalyon Komandirini hamının gözü qabağında möhkəm döyməsi və döyülən zabitin xəstəxanaya düşməsi idi. Həmin hadisə ört-basdır edilmişdi.
Qərargah Rəisi əsgərin ölümündə Batalyon Komandirini təqsirli sayırmış və tələb edirmiş ki, onun haqqında cinayət işi qaldırılsın.
Və ən qəribəsi bu idi ki, Qərargah Rəisi ilə hərbi hissə komandirinin münasibətləri kəskin olsa da, Polkovnik dava məsələsinin böyüməsinə imkan verməmiş, heç sənədləşdirməyə də qoymamışdı.
Təbii ki, Akademikin öldürdüklərinin içində döyülən Batalyon Komandirini çıxmaq şərti ilə hərbi hissədə əvvəllər baş vermiş hadisələrin onun apardığı işə heç bir dəxli yox idi. Onun payına daha ağır bir cinayət hadisəsini araşdırmaq düşmüşdü. Amma açıq-aydın hiss edirdi və başa düşürdü ki, onu bura cinayət işini araşdırmağa yox, yola verməyə göndəriblər.
O isə bir müstəntiq kimi görürdü ki, Akademikin öz yoldaşlarını güllələməsi heç də təsadüfi deyil, hərbi hissədə əvvəllər baş vermiş ölüm hallarının məntiqi nəticəsidi. Bu cinayət işinin açılması əvvəlki hadisələrin araşdırılmasından sonra mümkündü.
Bu isə babaların həmişə üz tutduğu yoldan imtina edib it hürən tərəfə deyil, işıq gələn tərəfə getmək demək idi. Və indiyədək babalardan heç biri işıq gələn tərəfə üz tutmadığından hələ də orda nə olduğu nəvələr üçün sirr idi. İndi onun nəinki nəvələr, elə babaların özləri üçün olan bu sirri açmaq və işıq gələn tərəfdə nə olduğunu görmək və bilmək şansı vardı.
O uşaq deyildi və bu yolda onu nələr gözlədiyini, qarşısına kimlərin çıxa biləcəyini və qarşısına çıxacaq olanların heç də nağıllardakı divlərdən zəif olmadıqlarını da yaxşı başa düşürdü. Onu da başa düşürdü ki, iş ona verilənədək yuxarılar məsələni artıq həll edib. Elə həmin gün cəsədlər ekspertizadan keçirilmiş, rəylər alınmış, ölənlər hərbin tələblərinə uyğun dəmir tabutla ailələrinə göndərilmiş və hərbçilər tərəfindən də dəfn edilmişdi. Ona işin yalnız formal tərəfləri qalmışdı. Amma ortada beş nəfərin kimlərinsə günahı, daha dəqiq desək, cinayətləri hesabına nöqtə qoyulmuş taleyi vardı. Bunun üstündən necə sükutla keçmək, bir əsgərin ruhu sarsıntısına bağlamaq və sonra vicdan əzabı çəkmədən yaşamaq, övladlarıyın boyunu sevmək, xanımıyın yanında özünü kişi saymaq və ya bir qoyun oğrusunu beş il həbsə göndərmək olardı?!
Başı əllərinin arasında, qarşısında da iki yol: biri it hürən tərəfə, biri də işıq gələn.
Nəhayət, qərarını verdi, qovluğu bağlayıb qoydu seyfə, otaqdan çıxdı və düşdü həyətə.
Axşam yeməyinin vaxtı idi, əsgərlər mahnı oxuya-oxuya düzənlə yeməkxanaya gedirdilər. Yanından keçərkən tağım onu salamladı, o da farağat vəziyyəti alıb nümayiş qəbul edirmiş kimi tağımı salamladı.
Əsgər çəkmələrinin eyni anda yerə dəyməsindən xoşu gəlirdi, sanki yer silkələnirdi və o bu yer silkələnməsini hiss edirdi və bundan bir ləzzət alırdı.
Və indi ayağının altındakı yerin silkələndiyini hiss etdikcə bayaqkı gərginliyi və yorğunluğu bədənindən çıxmağa başladı və bir xeyli yüngülləşdi. O da acmışdı, əsgərlərin arxasınca getdi yeməkxanaya. Amma zabitlər üçün ayrılmış bölməyə girmədi, keçdi əsgərlərin yanına.
İçəri zabitin girdiyini görən əsgərlər ayağa qalxmaq istəsələr də, əli ilə işarə elədi ki, yemək zamanı qalxmağa ehtiyac yoxdu.
Çavuşdan soruşdu:
- O əsgər hansı stolda otururdu?
Çavuş söhbətin kimdən getdiyini bildiyindən suala-sualla cavab vermədi, əli ilə həmin stolu göstərdi.
Stola yaxınlaşdı:
- Nuş olsun!
- Sağ olun!- deyə əsgərlər xorla cavab verdilər və onlardan biri qalxıb yerini Müstəntiqə vermək istəsə də, əlini onun çiyninə qoydu ki, otur.
Stullardan biri boş idi, o dəqiqə başa düşdü ki, bu Akademikin stuludu, yoldaşları hörmət əlaməti olaraq hələ ki, stulu boş saxlayırlar, keçib həmin stulda oturdu.
Bu vaxt əsgərlərdən biri:
- Yoldaş mayor, o stulda…
- Bilirəm, narahat olmayın. Mənə də yemək çəkin. – dedi və Akademikin boşqabını qazanın yanında oturmuş əsgərə uzatdı.
Stoldakılar tərəddüdlə bir-birlərinə baxdılar:
- Yoldaş mayor, bəlkə ayrı boşqabda…
- Yox, elə bu boşqabda.
Ona da yemək çəkdilər, şorbaydı, bir-iki qaşıq ağzına qoyandan sonra soruşdu:
- Hə, əsgərlik necə gedir?
- Vətənə qulluq edirik.
- Çətin deyil ki?
- Əlbəttə çətindi. Amma bizi bura sanatoriyaya göndərməyiblər ki!
Bu vaxt çavuş ona yaxınlaşdı:
- Yoldaş mayor, yoldaş Polkovnik sizi zabit yeməkxanasında gözləyir.
Müstəntiq:
- Deyin ki, yeməkdən sonr