Arayikin Bakıda and içdiyi yer...

arayikin-bakida-and-icdiyi-yer
Oxunma sayı: 28851

“Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir!”.

Prezident, Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində bu fikirləri səsləndirərkən 4 oktyabr 2020-ci il, Vətən müharibəsinin 6-cı günü idi.

Həmin vaxt dövlət başçısı xalqa Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi xəbərini çatdırırdı.

4 oktyabr eyni zamanda, erməni vandallarının Gəncəyə ilk dəfə raket atdığı gün idi. Ümumilikdə beş dəfə təkrarlanan bu hərbi cinayətlərin ilkində bir mülki vətəndaşımız şəhid olmuş, 30-dan çox şəxs isə yaralanmışdı.

Bu gün yenə 4 oktyabrdır. Amma aradan 3 il vaxt keçib və dəyişən çox şey var...

Məsələn, bir vaxtlar Cıdır düzündə rəqs edən Paşinyan, indi İrəvanda öz taleyi ilə oynayır.

Qaçıb siçan deşiyində gizlənən Arayik Arutyunyan isə digər terrorçular - Ruben Vardanyan, Levon Mnatsakanyan, David Babayan, Arkadi Qukasyan, Bako Saakyan və David İşxanyanın ardınca tutulub Bakıya gətirilib.

Üç il əvvəl Şuşada “andiçmə mərasimi” keçirən Arayik, yəqin ki, indi də and içir. Amma bu dəfə DTX-nin dindirilmə otağında... Arayikin o otaqda yeganə görəcəyi, əlini basacağı dəftər-kitab isə yalnız və yalnız ona qarşı irəli sürülən çoxsaylı ittihamlar və veriləcək suallar toplusundan ibarətdir. Bir də içsə-içsə, su içər...

Bu, o Arutyunyandır ki, 28 sentyabr 2020-ci ildə keçirdiyi brifinqdə “Bir neçə günə düşmən diz üstə çökdürüləcək!” demişdi. İndi özü Bakıda hansı vəziyyəti alıb, yenə biz bunu nə bilə, nə də görə bilərik.

Bu məqamda Prezident İlham Əliyevin “Xocalı soyqırımında, dinc şəhərlərin borbardman edilməsində, mülki şəxslərə qarşı terrorda əli olanlar cəzasını mütləq alacaq” bəyanatını da xatırlamaq yerinə düşər. Gedən bu proseslərin və qazanılan uğurlar sayəsində, nəinki Azərbaycan xalqı, hətta dünya da İlham Əliyevin sözünün imzası qədər dəyərli olduğunu bir daha görmüş oldu.

Və sonda bunu da xüsusi qeyd edək: Azərbaycan İsraildən sonra ikinci ölkədir ki, xalqına qarşı hərbi cinayətlər və terror törətmiş şəxsləri tapır və həbs edir! Və Azərbaycan təhqiri bağışlamır!

Emin Səfərov