Astarada torpaq sürüşməsi təhlükə yaratdı - Fotolar

astarada-torpaq-surusmesi-tehluke-yaratdi
Oxunma sayı: 1421

Torpaq sürüşməsi Astara rayonunun dağ kəndi olan Sipiyəpartda on beşə yaxın ev üçün təhlükə yaradıb.

Bu barədə “Qafqazinfo”ya sakinlər məlumat veriblər. 

Onların sözlərinə görə kəndin Hörün məhəlləsində payız və qış mövsümündə düşən intensiv yağıntılardan sonra ərazidə torpaq qatının sürüşməsi aktivləşib:

“Məhəllənin fərqli nöqtələrində 15-ə yaxın fərdi yaşayış evi üçün təhlükə yaranıb. Vəziyyət o həddə çatıb ki, kənddə yaşamağa heç bir şərait yoxdur. Yağış yağanda uşaqları götürüb qohumların evində qalmağa məcbur oluruq. Çünki evimizdə yaşamaq təhlükəlidir”.

Kənd sakinləri, həmçinin sürüşmənin əkin sahələrinə, sitrus bağlarına da ciddi ziyan vurduğunu bildiriblər.

Kənddə yaranan mövcud durumla bağlı yerli ərazi icra nümayəndəliyindən bildirilib ki, Fövqəlada Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə məlumat verilib. Əraziyə baxış keçirdikdən sonra Sipiyəpart kəndində yaranan təhlükə ilə bağlı qərar veriləcək.

Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Xanverdi Şirinov saytımıza açıqlamasında hazırda kənddə ciddi problemin olmadığını bildirib:

“Hazırda həmin kənddə vəziyyət yaxşıdır. 1-2 ay əvvəl yağışlar yağarkən ərazidə sürüşməyə meyllilik yaranmışdı. Sakinlərin təxliyəsi üçün ciddi problem olmalıdır. Kənddə isə hazırda elə ciddi problem yoxdur”.

Surxay Şahbazov