“Qarabağ”ın kapitanı Abdullah Zubir komandasının Çempionlar Liqasının əsas mərhələsindəki çıxışı və turnirdə oynamaq məqsədinə şəxsən necə yaxınlaşması barədə fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, “UEFA”ya danışan təcrübəli futbolçu komandasının inkişafından da bəhs edib:
“Qarabağ”a gələndə məqsədim Çempionlar Liqasında oynamaq idi. Avropa Liqasında və Konfrans Liqasında oynamaqdan zövq alırdım, amma Çempionlar Liqası tamamilə fərqlidir. Bu atmosferi, stadionları, azarkeşləri, ətrafda baş verən hər şeyi, xüsusən də evdə oynadığımız zaman həvəs inanılmazdır. Son bir neçə ildə klubun peşəkarlığı bir çox sahədə artıb:qidalanma, məşq, eyni zamanda iş yükü baxımından. Klub çox dəyişib və bu gün bir neçə illik işdən sonra əldə edilən nəticələri görürük”.
Fransalı futbolçu uşaqlıqdan bəri bu məqsədə necə çatdığını da izah edib: “Mən çox oyunçunun peşəkarlaşmadığı işçi sinfi məhəlləsindən gəlirəm. Futbolçu olmaq şansları çox az idi. Məhəlləmdə oynayanda həmişə öz-özümə deyirdim: "Bir gün Çempionlar Liqasında oynayacam”. Axı Çempionlar Liqası futbolun zirvəsidir. “Qarabağ”a gələndə isə şansımın olduğunu anladım. “Qarabağ”ın kapitanı olduğum üçün çox qürur duyuram. Bu, unudulmaz təcrübədir, bunu heç vaxt unutmayacam. Bir dəfə atamla birlikdə “Lill” və “Mançester Yunayted” arasında Çempionlar Liqası matçını izləməyə getmişdim. İndi isə şəxsən bu turnirdə oynamaq imkanım olduğuna görə atam böyük qürur hissi keçirir və mənə onun arzusunu gerçəkləşdirdiyimi deyir”.
Abdellahın böyük qardaşı Muad da çox emosional danışıb: “Onun “Qarabağ”da gördüyü işlərlə fəxr edirəm. Ailəmizdən birinin dünyanın ən yaxşı turniri olan ÇL-də oynaması hamımızı çox sevindirir”.
Son xəbərlər
Son Xəbərlər