“Valve” şirkəti “Steam” rəqəmsal satış platformasında regional qiymət siyasətinə yenidən baxdığını və konversiya sistemində mühüm yeniliklər etdiyini elan edib.
“Qafqazinfo” platformanın rəsmi saytına istinadən xəbər verir ki, yeni təkmilləşdirmələr 35 müxtəlif valyuta üzrə qiymət təyini prosesini tərtibatçılar üçün daha sadə və çevik etmək məqsədi daşıyır.
Yenilənmiş sistem qlobal bazar şərtlərini və müxtəlif regionların alıcılıq qabiliyyətini daha dəqiq əks etdirən məlumatlara əsaslanır. Şirkət tərtibatçılara yerli iqtisadi vəziyyəti və valyuta məzənnələrini birləşdirən çoxvalyutalı metodlardan istifadə etməyi tövsiyə edir.
Xüsusilə MDB regionu, habelə Rusiya və Azərbaycan üçün edilən tövsiyələr diqqət çəkir. Belə ki, “Valve” 60 dollarlıq oyunların təxminən 35-40 manat civarında satılmasını təklif edib ki, bu da hazırkı bazar qiymətlərindən iki dəfə ucuzdur. Bu dəyişikliklərin avtomatik tətbiq olunmadığı və son qərarın oyun nəşriyyatlarından asılı olduğu vurğulansa da, “Valve” öz oyunlarında artıq bu tənzimləmələrə başlayacağını açıqlayıb.
Qeyd edək ki, “Steam”in bu addımı alıcılıq qabiliyyəti aşağı olan ölkələrdə oyunların əlçatanlığını artırmağa xidmət edir. Bu, “Sony” şirkətinin bu yaxınlarda “PlayStation 5” konsollarının qiymətini kəskin artıraraq təxminən 900 dollara (təxminən 1.500 AZN) qaldırması fonunda istifadəçilər üçün müsbət yenilik kimi qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər