Xəbər verdiyimiz ki, ötən gün tanınmış jurnalist, müharibə iştirakçısı Rəşad Baxşəliyev dünyasını dəyişib. Bununla bağlı sosial şəbəkələrdə onun dostları, tələbə yoldaşları öz xatirələrini bölüşüb. Belə yazılardan birini də tanınmış jurnalist, Rəşadın tələbə yoldaşı və yaxın dostu Yadigar Cəfərli yazıb.
“Qafqazinfo” Y. Cəfərlinin paylaşımını təqdim edir:
… Allah ona olmayan yerdən qaravəllilər, lətifələr düzüb-qoşmaq istedadı vermişdi. Üstəlik, eyni istedadla da danışmaq.
Mühiti olsaydı, bəlkə dünyanın adlı-sanlı ssenaristlərindən, ya da stəndəpçi aktyorlarından biri kimi yetişərdi. Onunsa belə istedadı, əfsus ki, dost-tanış çevrəsindən o yana keçmədi.
Ətrafındakılar danışdıqlarına uğunub getdikcə, təxəyyülü bir az da “fontan vurardı”. Özün də bilirdin bu eşitdiklərinin çoxu uydurmadır, di gəl o qədər bacarıqla nağıl edirdi ki, yenə özünü gülməkdən saxlamağı bacarmırdın.
Amma bir dəfə o, dünyanın ən gerçək və ağrılı hekayələrindən birini danışdı:
“Döyüş ərazilərindən şəhidlərimizin nəşini çıxarırdıq. Olurdu ki, sviterimizin qolu qana batırdı. Yuyub təmizləmək imkanı yox idi. Yemək yeyəndə görürdük, qolumuzda qan ləkələri quruyub qalıb”.
Elə hekayələr var, onu yaratmaq mümkün deyil.
Bu hekayəni də o, zabit kimi könüllü iştirak etdiyi Vətən müharibəsində özü yaşamışdı.
Dünən jurnalist, Vətən müharibəsi döyüşçüsü Rəşad Baxşəliyevi torpağa tapşırdıq.

Onunla bağlı 1997-ci ilin xoş bir sentyabr günü Bakı Dövlət Universitetinin ikinci korpusunun qənşərindəki tanışlığımızdan başlanan xatirələrimə Masazır qəbiristanlığında nöqtə qoyuldu.
Bizim qrupa köçürmə ilə ikinci kursdan qoşulmuşdu. Bir il əvvəl Jurnalistika fakültəsinin qiyabi şöbəsini nədənsə müvəqqəti ləğv edib əvəzində qəbulu iki qrup üzrə aparmışdılar. Üstəlik, 12-dən çox tələbə də Türkiyədən gəlmişdi. Ona görə ikinci kursun əvvəlində sayımız 65-i ötürdü. Bu, yəqin, fakültənin tarixindəki rekord tələbə sayı idi.
Adətən, yeni tələbələrin yad mühitə öyrəşməsi bir az sürür. Rəşadsa ilk günlərdən pozitiv enerjisi ilə o qədər uşağa elə qaynayıb-qarışmışdı ki, çoxumuz elə bilirdik, nəinki birinci kursdan, bəlkə lap birinci sinifdən bərabər oxuyuruq.
Onun insanlarla ünsiyyət qabiliyyətini, düşdüyü mühitlərə tez uyğunlaşmaq bacarığını, olduğu hər yerdə müsbət ab-hava yaratmaq istedadını sonralar birgə çalışdığımız “Şərq” qəzetində də sezirdim. O, dost qazanmağı və qazandığı dostluqları qorumağı bacarırdı.
Tənəffüslərdə tələbə yoldaşlarımızı tez-tez Rəşadın başına yığışan görərdin, bildiyi lətifələri bir-birinə calayardı.
Bir dəfə maraqlı əhvalat baş verdi.
Üçüncü kursdan dekanımız dəyişmişdi. Xoş rəftarlı, demokratik prinsiplərə meylli Akif Rüstəmovu keçmiş kommunist kimi ciddi nizam-intizam tərəfdarı olan mərhum Yalçın Əlizadə əvəzləmişdi. O, tələbələrin davamiyyət problemini həll etməyə çalışırdı. Ən çox dərs buraxanlar isə Türkiyədən olan tələbə yoldaşlarımız idi.
Yalçın müəllim dərslərin birində auditoriyaya gəlib jurnal üzrə kimin dərsdə olub-olmadığını bir-bir yoxlamağa başladı. Türkiyəli tələbələrdən dərsdə cəmi ikisi iştirak edirdi: Mustafa Karapınar, bir də Hüseyn Gürhan Tuncer. Dekan digər tələbələri onlardan xəbər alanda hərəsinin dərsdən qalması ilə bağlı bir səbəb səsləndirdilər. Bir tələbə yoldaşımınızın da adı Ali Qalib İgit idi.
Yalçın müəllim əsəbiliklə soruşdu:
-Yaxşı bunları bildik, bəs Aliyə nə oldu?
Bu zaman arxa cərgədən Rəşadın səsi eşidildi:
- Ali öldü, Ali öldü!
Bu ifadə bir neçə il əvvəl nümayiş etdirilən məşhur “Yuva” serialının əqli qüsurlu personajı Tekinin rolundan hamıya çox tanış idi.
Rəşadın bu yerinə düşən yumoru auditoriyada necə gur qəhqəhə qopardısa, təbiətcə çox ciddi adam olan Yalçın müəllim də özünü gülməkdən saxlaya bilməyib çıxıb getdi.
Bizim dost itirən vaxtımız bir az tez başlamışdı. Hər cəhətdən çox gözəl bir oğlan olan tələbə yoldaşımız Dəyanət Söhbətov birinci kursun son günlərində Buzovnada, dənizdə çiməndə həlak oldu. Bakalavrı bitirməyimizdən bir neçə ay ötəndəsə, yazqabağı daha bir unudulmaz tələbə yoldaşımız Şəlalə Kərimovanın Tərtərdən qara xəbəri gəldi. Zob xəstəliyi varmış, adicə əməliyyatdan dünyasını dəyişmişdi.
Hüzr yerində rəhmətlik Şəlalənin ata-anası, bacıları əsl qarabağlı qonaqpərvərliyi ilə içəridə ayrıca süfrə açıb nə qədər təkid eləsələr də, sarsıntıdan heç kimin boğazından loxma keçmirdi.
Qayıdanda Rəşad avtobusu Tərtərdən Mingəçevirə sürdürdü. Anası iki daşın arasında yemək hazırladı, Rəşadın 30-a qədər tələbə yoldaşı onlarda qonaq oldu. Bütün sovet mənzilləri kimi evləri o qədər adam üçün darısqal idi. Amma ürək genişliyi bunu hiss etdirmirdi. Elə sanırdıq öz evimizdə, atamızın-anamızın süfrəsi başındayıq.
Rəşad belə bir ailədə böyümüşdü.
Əməksevərlik, halallıq, saflıq, etibarlılıq, yurda sevgi dəyər kimi onun da şəxsiyyətinə hopmuşdu.
Hərbi dərslərə böyük marağı vardı. Universiteti bitirəndən az sonra orduda zabit kimi xidmət edib yenidən “Şərq” redaksiyasındakı işinə qayıtdı. Bir neçə ildən sonra “Azərbaycan” qəzetinə keçdi. Daha eyni yerdə çalışmasaq da, onun yazıdan-yazıya necə püxtələşdiyini, jurnalistlər çevrəsində qazandığı hörməti duymaq, haqqında yaxşı sözlər eşitmək həmişə çox xoş idi.
Sosial şəbəkələrdəki paylaşımlarından ara-sıra hərbi paltarda şəkillərini, “Azərbaycan” qəzetində təcrübəli zabit kimi cəbhə bölgəsindən yazılarını görürdüm. Hərbi hissələrdə keçirilən tədbirlərdə həvəslə iştirak edirdi. Adi həyatda heç kiminlə dava-şavalıq bir işi olmayan, əksinə olduğu hər yerə xoş ovqat, əmin-amanlıq havası gətirən bu qara oğlanda bir döyüşçü ruhu da vardı. Hərbçilərin arasında sanki özünü tapırdı.
Vətən müharibəsi başlayanda əlinə silah alıb hərbi əməliyyatlara qatıldı. Müharibədən qalib döyüşçü kimi qayıtdı. Digər döyüşçü tələbə yoldaşlarımız Rasim Bayramovla, Amil Məhərrəmovla birgə hamımızın qürur yerimiz oldu.
Söz vermişdi ki, müharibə xatirələrini yazıb kitab kimi çap etdirəcək. Bir az yazdı, amma sonra, deyəsən, davam etdirmədi. Bəlkə gündəlik iş-gücdən vaxtı çatmadı, bəlkə sonradan səhhəti əl vermədi. Keşkə yazsaydı. Bu kitab da ondan qalan ən unudulmaz xatirələrdən olardı.
Dünəndən bəri onun iştirakı ilə ömrümə yazılmış anlar gözlərimin önündən çəkilmir. Tələbəliyimiz, redaksiyadan birgə müsahibələr, reportajlar dalınca getməyimiz, qatarda, avtobusda, avtomobildə yol yoldaşlıqlarımız, iştirak etdiyimiz məclislər, onun qeyri-adi rəqsləri, Rəşadın öz toyu...
Çox yaxşı oğlan idi Rəşad.
Heyf ki az yaşadı. 48 yaş nədir ki?!
Allah ömrünün davamını ailəsinə, iki gül balasına bağışlasın, ruhunu onların uğurları ilə sevindirsin.