Avropa Birliyi cəfəngiyyatı

avropa-birliyi-cefengiyyati
Oxunma sayı: 725

Avropalılar fikirləşirlər ki, əgər müsəlman Türkiyəsini yaxın buraxsalar, səlib yürüşləri zamanı Fələstin torpaqlarında guya əzab-əziyyətə məruz qalmış ulu babalarının ruhlarını “təhqir etmiş” olacaqlar. Hindistanın görkəmli siyasi və dövlət xadimi, ilk baş naziri Cəvahirləl Nehru (1889-1964) yazır ki, o zamanlar Xristian Avropasının təxəyyülünü bir hadisə təşvişə salırdı. Bir çox dindar xristianlar inanırdı ki, İsa Məsihin anadan olmasından düz min il sonra dünyanın qəfildən sonu çatacaq “Millenium” sözü min ili bildirir. O, iki latın sözündən əmələ gəlib: milli (min) və annus (il). O vaxt dünyanın sonunu gözlədikləri üçün “Millenium” minillik müddət sözü daha yaxşı dünyaya qəflətən keçmək mənası kəsb edib. O zaman Avropada böyük səfalət hökm sürürdü, odur ki, minillik səltənətin kəlməsi, perspiktivi bir çox əzabkeş adamlara rahatlıq bəxş edəcəyi ehtimalını bildirirdi. Ona görə də Avropada çoxları torpağını sataraq Fələstinə getmişdilər ki, dünyanın sonu çatanda öz müqəddəs torpaqlarında olsunlar.

Di gəl ki, dünyanın sonu çatmadığına görə, Yürusəlimə (Qüds) səyahət etmiş minlərcə zəvvar guya onlara rahatlıq verməyən türklərin pis rəftarına məruz qalıblar. Lakin nədənsə “Millenium”u ortaya atan Papa-Gilbrand (VII Qriqori) özü Yerusəlimə getməmiş, əvəzində sağ əli olmuş məşhur zəvvar Səhranişin Pyotru göndərib.
Səhranişin Pyotr ən çox canfəşanlıq edərək Yerusəlimdə (Qüds) zəvvarları guya türklər tərəfindən təhqirlərə məruz qaldığına görə, qızışdıraraq minlərlə xristianı Avropaya qaytarmağa müvəffəq olur. Hər yanda da zəvvarlar “müqəddəs torpaqda” çəkdikləri müsibətlərdən danışırdılar. Xristian aləmində hiddət yaratmağa nail olan Papa VII Qriqori müsəlmanlara əlindəki Yerusəlim (Qüds) şəhərini azad etmək üçün hərəkata şəxsən özü başçılıq etməyə qərar verir. Təqribən bu zamanlar Konstantinopoldan (İstanbul) dinsizlərə qarşı köməyə çağıran xahiş səsləri eşidildi. Həm Roma katolik xristianlığı, həm də yunan pravoslav xristianlığı yaxınlaşmaqda olan türklərə qarşı sıx birləşərək 1095-ci ildə müqəddəs Yerusəlim (Qüds) şəhərinin azadlığı uğrunda müsəlmanlar əleyhinə “müqəddəs müharibə” elan etdilər. Səlib yürüşləri islama qarşı xristianların mübarizəsi – hilal (ay) əleyhinə xaç yürüşü belə başladı.

Nə müsəlman, nə də ki, xristian olan C. Nehru təbii ki, öz tarixi araşdırmalarında “tərəf” tuta bilməzdi. Dəqiq desək həm islam, həm də xristian dininə görə, “bütpərəstlik” küfürdür. Amma C.Nehru kimi bir büdpərəstin tarixə düzgün yanaşması insanda heyrət doğurur. Onun “o zaman Avropada Milli şüur yox idi, amma müəyyən bir şüur – Avropanı, xüsusən yüksək sinifləri başdan başa bürüyən xristianlıq ideyası, yəni Avropanın xristian millətlərini birləşdirən bir ideya mövcuddur” fikirləri vardır.
İndiki “Avropa Birliyi”nin o zamankı forması.

Axı bu müharibəni müsəlmanlar, türklər başlamayıbdır. Avropalılar özləri başladılar. Fikir verin C.Nehrunun qeydlərinə: “Təhqir olunmuş zəvvarlar Avropaya qayıdaraq türklər tərəfindən pis rəftara məruz qaldıqlarını bildirirlər”. Axı C.Nehru yazmır ki, müsəlmanlar, türklər xristianları öldürüblər-doğrayıblar və s.
Bəli, ola bilər ki, Avropadan gəlmiş zəvvarlar dil baxımdan hakimiyyət orqanları və yerli camaatla ünsiyyət qura bilməyərək geri dönüblər. Elə indinin özündə də hər hansı bir şəxs, hansısa bir ölkəyə gedirsə və orada yaşamaq istəyirsə, təbii ki, o xalqın dilini bilməlidir. Dili öyrənirsə, rahatlıqla məskunlaşır, yox öyrənə bilmirsə, öz ölkəsinə qayıdır.
Beləliklə, bizim Avropa Birliyində yaşayan xalqlar bilməlidirlər ki, müsəlman türklərin Səlib müharibələrinin baş verməsində qətiyyən günahları yoxdur. C. Nehru kimi nəhəng bir siyasətçinin bu bəhanəyə cavabını şübhəsiz ki, avropalılar qəbul etməlidirlər.
Növbəti bəhanələrdən biri isə bəzi avropalıların türkləri savadsız-mədəniyyətləri olmayan bir xalq kimi təsəvvür etmələridir. Şübhəsiz ki, avropalıların beyninə belə cəfəng fikirləri erməni təbliğat maşını yeridib. Ermənilər neçə illərdir ki, Avropada türkləri “bar-bar” kimi qələmə verərək öz qədim mədəni irslərini hamının gözlərinə soxmaqla məşğul olurlar.
Təbii ki, bir türk milləti olaraq bizlər də ermənilərin bu cəfəng təbliğatına cavab verməyə borcluyuq. Təbii ki, elmi sübutlarla ermənilərin avropalılaırn beyninə yeritdiyi fikirlər alt-üst etmək olar.

1875-ci ildə Həsən bəy Zərdabi iyulun 22-də milli qəzetimiz olan “Əkinçi”ni çap etdirməklə, mənfur ermənilərin ürəyinə ox sancdı desək yanılmarıq.
Axı Azərbaycanda hələ milli mətbuat olmadığı dövrdə erməni mətbuat orqanları müntəzəm olaraq meydan sulayırdılar. O dövrlərdə Bakıda erməni Qriqori Arzruni “Mışak” adlı qəzet buraxırdı. Çar Rusiyasının kəsəkəs vaxtında ermənilərə hər cür yardımlar edən ruslar nədənsə Azərbaycanda türklərə öz qəzetləriniçap etdirməyə imkan vermirdilər.

H. B. Zərdabi və digər azərbaycanlı ziyalılar məcbur olaraq erməni qəzetləri ilə əməkdaşlıq edirdilər, hətta Zərdabi 1870-ci ildə “Mışak” qəzetinin redaktoru, özünə dost bildiyi Qriqori Arzruniyə Bakıda türk dilində bir qəzet nəşr etmək istədiyini bildirir. Q. Arzruni isə guya Zərdabinin bu ideyasını dəstəkləmək adı ilə özünün “Mışak” qəzetinin 1870-ci il 8-ci nömrəsində yazır: Ali təhsilli bir türk (azərbaycanlı) Zərdabi bütün maneələri qıraraq Bakıda türk dilində qəzet nəşr etmək istəyir. Yəni, ay ermənilər,sizə müraciət edirəm ki, imkan verməyin bu türk oğluna ki, qəzetçiliyə başlasın.
H.B. Zərdabinin Q.Arzruni kimi “mənfur dostuna” ürəyini açması arzusunu nə az, nə çox düz 5 il ləngitdi.

Təbii ki, H. B. Zərdabi erməni hiyləsini başa düşərək artıq öz sirlərini heç kimə etibar etməyərək 1875-ci il iyulun 22-də “Əkinçi”nin nəşrinə başlamağa nail oldu.
1877-ci ildə ermənilərin “eybəcər paxıllıqları” ucbatından “Əkinçi” bağlanır.

Artıq türklərə qarşı kinini qəzetində belə gizlətməyən “Mışak”ın baş redaktoru, Arzruni (“Mışak” qəzeti 1877, 27 oktyabr, №79) dərhal görün nə yazır: “Əkinçi” qəzetinin bağlanmasına öz təəssüfümü bildirirəm və qəzetin bağlanmasının başlıca səbəbini “ərəb əlifbası”nda görürəm. Bakıda nəşr olunan yeganə türk qəzetinin bağlanması bizə isbat etdi ki, ərəb hərfləri ilə nəşr olunan türk qəzetləri heç zaman heç nəyə nail ola bilməyəcəklər.

Türk dilinin özünəməxsus hərfləri yoxdur. Türklər öz dillərində ərəb yazılarını işlətməyə məcburdurlar. Daha sonra özünün türklərə canı yandığını qeyd edən Q. Arzruni təklif edir ki, türklərə tamamilə yeni latın, erməni və rus hərflərinin qarışığına malik bir əlifba yaratmaq lazımdır.
Erməninin 135 il bundan əvvəl yazdığı bu cümlələr təbii ki, insanın damarlarında qanı dondurur. Pərvərdigarə bunların məkrinə bir bax.

Q. Arzruninin 1877-ci ildə verdiyi bu təklifi Sovetlər İttifaqı dövründə bolşeviklər böyük həvəslə yerinə yetirdilər.

Özü də çox qəribədir. Həm Azərbaycan, həm də Türkiyə də təzə əlifbaya keçid sanki mahir bir “Drijorun çubuğuyla” mükəmməl sürətdə yerinə yetirildi. Nəticədə türk dünyası 1000 il boyu yazıb yaratmış olduğu əlifbadan məhrum edildi ki, gələcək nəsillər öz tarixlərini oxuyub qavraya bilməsinlər.

Təbii ki, ermənilər və avropalılar nə qədər çalışsalar da türklərin əlifbası olmayıb fikirlərini həyata keçirə bilmədilər. Çox qədim tarixə malik olan bir əlifba ilə yazılmış V-X əsrlərin zaman kəsiyində meydana gəlmiş “Kul Tigin” abidəsi bütün dünyanı heyrətə saldı. “Orxan-Yenisey” əlifbasının Avropa tarixçiləri oxuyaraq dəhşətə gəldilər. Onlar bu abidələrin qədim türklərə mənsub olduğunu bütün dünyaya car çəkdilər. Bütün xristian aləmi bilir ki, İsa Məsih qədim Arami dilində danışmışdır. Avropa tədqiqatçıları sübut etməyə çalışırlar ki, “Orxan-Yenisey” əlifbasının Arami əlifbası ilə bağlılığı var.
Artıq neçə illərdir ki, türklərin əlifbası olmayıb, cəfəng fikirlərə, elə Avropa alimləri özləri son qoydu.

Ona görə də bəzi avropalılar iddia etdikləri qədim mədəniyyətə malik olmayan bir millətin “bizim möhtəşəm Avropa Birliyinə, onun mədəniyyətinə qovuşa bilməz” fikirləri cəfəngiyyat bəhanələrdən başqa bir şey deyildir.

Böyük türk dövləti neçə illərdir ki, latın əlifbasını qəbul edərək Avropaya meyl etməkdədir. Yəni şərqli mentalitetindən hardasa 80 ildir Türkiyə dövləti qərb mentalitetinə üstünlük verir. Bu bəhanələrə tutarlı cavab verildi deyilmi?

Növbəti bəhanə: Avropalıların çox qəribə bir şakəri var. Avropanın təhlükəsizlik məsələsi. Bu vasvası fikirlər artıq onların qanlarına yeridildiyindən, onlar dostları ilə düşmənlərini “doğru-dürüst” ayıra bilmirlər.

XIV əsrin ikinci yarısı – XV əsrin əvvələrində yaşayıb yaratmış Əbdürrəşid Saleh ibn Nuri əl - Bakuvinin "Kitab Təlxis əl-asar və əcaib əl-malik əl-qəhhar" ("Abidələr" haqqında kitabın ixtisarı və qüdrətli şahın möcuzələri") adlı gözəl bir əsəri vardır. Bakuvinin bu əsərinin günümüzə çatmış yeganə tam nüsxəsi Paris milli kitabxanasının əlyazmalar bölməsində saxlanılır ( №585). Onun bu əsəri orta əsrlər üçün “coğrafi ensiklopediya” olmuşdur. Əl-Bakuvi bu kitabda yazır: Orada (indiki Roma şəh) Beyt əl – Muqəddəsdə olan Sihyun kilsəsinə oxşar Sihyun kilsəsi vardır. Kilsədə qızıldan düzəldilmiş 10 min qədəh və 10 min çıraq var. Səcdagahın ətrafında isə 7 yüz qızıldan çıraq mövcuddur. Kilsədə 130 min zəncir var, hərəsinin üstündə çıraqlar asılıb və s. Bu kilsədə Adəm peyğəmbərdən başlamış İsa Məsihə qədər bütün peyğəmbərlərin təsviri var. Məryəm ananın da təsviri var. Kilsənin içində çarlar üçün xüsusi yer və onun da ətrafında üstlərində “büt olan 100 sütun” var. Hər bütün əlində zınqırov və zınqorovların üzərində bir xalqın adı yazılıb. Bunlar tilsimdir. Əgər bu xalqlardan biri hərəkətə gəlsə, o saat büt də hərəkətə gəlir və bunlar bilirlər ki, həmin xalqın çarı bunların əleyhinə nə isə hazırlayır və buna görə lazımi tədbirləri görürlər.
Bu qeydləri öz əsərində müfəssəl şəkildə izah edən əl-Bakuvi bizim ulu babalarımızdan olduğu üçün ona inanmalıyıq. Axı əl-Bakuvinin əsli-kökü bizim doğmaca şəhərimiz olan Bakıdandır.

Yəqin ki, oxucular əl-Bakuvinin bu əsərində söhbətin Vatikan kilsəsindən getdiyini çox gözəl bilirlər. Nəzərə alsaq ki, Vatikan kilsəsində min ildən çoxdur ki, adət-ənənə dəyişmir və günümüzün bu saatına qədər həmən adət-ənənəyə itaət davam edir.

Şübhəsiz ki, üstündə türk xalqı yazılan büt onların gözünə hərəkətdə gəlmiş halda görünür ki, nəticədə Türkiyə Dövləti Avropa Birliyinə yaxın düşə bilmir. Yəni o qədər beyinlərində ancaq və ancaq türkləri düşünürlər və onlara elə gəlir ki, “büt” tərpənmir.
Türkiyəni mədəniyyətsiz “bar-bar” ölkə sayan avropalıların bu qədim adət-ənənəsi fikrimizcə elə “bar-bar”lıqdır.

Əvvəla köhnə fikirli avropalılar bilməlidirlər ki, məhz onların təhlükəsizliyini 50 ildən yuxarıdır ki, qoruyanlardan biri Türkiyə dövlətidir. Nato-hərbi bloku Avropanı düşmənlərindən qoruyan hərbi təşkilatdır və Türkiyə də bu qurumda ən qüdrətli ordusu olan dövlətlərdən biridir. Türkiyənin ordusunu ən müasir silahlardan təchiz edib quran da, məhz avropalıların özləridir. Bu saat yaxın şərqdə Liviya, Suriya, İran, Tunis, Livan, Fələstin və digər ölkələrdə baş verən prosesləri nizamlamaq üçün Türkiyə dövləti AB ilə eyni cəbhədədir.

Türkiyə Avropa Birliyinin tələblərini-maraqlarını ən yüksək dərəcədə təmin edir, lakin yenə avropalılar qane olmrular.

Bütün bunlardan ancaq belə qənaətə gəlmək olur ki, Avropa Birliyi Türkiyəni öz “Satrabları” qismində görmək istəyirlər və görürlər, lakin avropalılar bircə şeyi unudurlar ki, “kənək gözü” sındırmaq olmur, sındıranda isə yemək olmur. Vəssalam.

Adil Əliyev
Millət vəkili