“Avropa Parlamenti maraqlarla idarə olunur”

avropa-parlamenti-maraqlarla-idare-olunur
Oxunma sayı: 1943

Avropa Parlamenti yaxın günlərdə Azərbaycanın əleyhinə növbəti, Ermənistanın irəli sürdüyü əsassız iddia və ittihamlardan ibarət böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Erməni yalanlarından qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana “hərbi təcavüz etməsi”, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də “Minsk qrupu”, “status”, “Dağlıq Qarabağ” və sair bu kimi son istifadə müddəti illər öncə tükənmiş, çürümüş, iylənmiş sərsəmləmələr yer alıb.

“Qafqazinfo” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə, 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüz minlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə, on minlərlə günahsız insanın, o cümlədən uşaqlar və qadınların, ahılların xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin – kəndlərin, qəsəbələrin, şəhərlərin vəhşicəsinə dağıdılmasına seyrçi qalan, imkan düşdükcə təcavüzkara birbaşa və dolayısı ilə dəstək verən Avropa Parlamentinin ölkəmizi növbəti dəfə “Ermənistana hərbi təcavüz etməkdə” günahkarlandırmağa hazırlaşması siyasi əxlaqsızlığın və simasızlığın bariz nümunəsidir. Belə görünür, Avropa parlamentariləri öz klassik ənənələrini davam etdirirlər.

“Hələ qədim Roma dövründə qəbul edilən mahiyyətcə riyakar, əsassız, böhtan və yalan xarakterli qərarlara etirazını bildirən böyük filosof, natiq və siyasətçi Siseron “Heyf ki, kağız qızarmır” deyirdi və bildirirdi ki, əgər Roma siyasətçilərinin zərrə qədər də həya etmədən qəbul etdiyi qərarların yazıldığı kağız canlı olsaydı, onların əvəzinə utanıb-qızarardı. Görünür, “Qoca Qitə”nin böyük bir hissəsini əhatə edən Avropa Parlamentinin durumu Siseronun dövründəki parlamentdən daha acınacaqlıdır. Çünki Avropa Parlamentində həyasızcasına uydurulmuş yalanlardan ibarət kağız parçalarına etiraz edə, həqiqəti söyləyə biləcək bircə nəfər belə yoxdur.

Çirkli pullar müqabilində Ermənistan və erməni diasporu da daxil olmaqla ayrı-ayrı ölkələrin, təsisatların nüfuz müvəkkilliyini yerinə yetirən parlamentarilərin “meydan suladığı” Avropa Parlamenti öz nüfuzunu çoxdan itirib və parlamentarizm prinsipləri ilə deyil, maraqlarla idarə olunur”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Ötən ilin dekabrından həbs edilən Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiyada hallanması məsələsinə də toxunan siyasi ekspert bildirib: “Bu fakt sözügedən təsisatın “gerçək missiyası”nın hansı əməllərdən ibarət olduğunu bir daha sübuta yetirir. Qeyd edim ki, Eva Kailin ifşa olunanadək Avropa Parlamentində həm də erməni lobbisinin fəal üzvlərindən biri kimi çıxış edirdi. Onun adının, həbsindən bir ay əvvəl Avropa Parlamentinə ölkəmiz əleyhinə qətnamə layihəsi təqdim edən 33 parlamentarinin siyahısında yer alması E.Kailinin lobbiçilik fəaliyyətinin nə qədər çoxşaxəli və genişmiqyaslı olduğunu sübuta yetirir. E.Kailin də Avropa Parlamentindəki Ermənistanla “dostluq” qrupunun digər üzvləri kimi, erməni separatçılarının və ASALA da daxil olmaqla erməni terror təşkilatlarının hamisi, ultramillətçi “Daşnaksütyun”un Avropadakı “ədalət və demokratiya uğrunda erməni federasiyası” adı altında gizlənmiş təsisatının rəhbəri, erməni lobbisinin rüşvət və korrupsiya şəbəkəsinin əsas fiqurlarından olan Kaspar Karampetyanın yaxın ətrafına daxil olan şəxslərdən sayılır. Karampetyan Avropa parlamentarilərini “dirijor çubuğu” ilə, istədiyi kimi idarə edir. Onun yaxın dostu, Şimali Kiprdən olan deputat, AP-dəki “erməni dostluq qrupunun rəhbəri” Lukas Furlasın qalmaqallı seçki kampaniyası ilə bağlı məlumatlar, onun Avropa Parlamentinə “Daşnaksütyun”un çirkli pulları ilə yol tapdığını təsdiqləyən amil kimi dəyərləndirilə bilər. Belçikada Afrikadan əldə etdiyi çirkli və qanlı pullar hesabına brilyant şəbəkəsinin sahibi olan Kaspar Larampetyanın maliyyə vəsaitlərinin bir hissəsi Şimali Kiprdə - offşor zonasında saxlanılır və Lukas Furlas kimi şəxslərin vasitəsilə Avropa siyasətçilərinin ələ alınmasında istifadə edilir.

“Belçikanın “Le Soir” nəşrinin son araşdırmalarından birində yer alan Avropa parlamentarilərinin 13 faizinin üçüncü şəxslərin dəvəti ilə müxtəlif səfər və ziyafətlərdə iştirak etməsi ilə bağlı faktlar isə şübhəsiz ki, aşkarlanan faktların cüzi bir hissəsini təşkil edir. Lakin bu faktlar da Avropa Parlamentindəki real durumun anlaşılması üçün yetərlidir. “Le Soir”in araşdırmasında belə səfər və ziyafətlərin, əsasən Ermənistan və erməni diasporu tərəfindən təşkil olunduğu bildirilir.

Karampetyanın təşkil etdiyi ziyafətlərdə Lukas Furlasın, Fransadan olan digər parlamentari Fransual-Ksavye Bellami ilə ön sıralarda olması, Kaspar Karampetyanın Lukas Furlasa “Avropa institutları ilə 20 illik əməkdaşlığa görə” təşəkkürünü bildirməsi Ermənistanla “dostluq qrupu”nun rəhbərinin Avropa Parlamentarilərinin satın alınmasında əsas fiqurlardan biri olduğunu sübuta yetirir. Lukas Furlas Avropa Parlamentində, həm də Karampetyanın casusu kimi fəaliyyət göstərir. Avropa parlamentarilərinin zəif yerlərini öyrənir, məlumatları Karampetyana ötürür və sonra isə qızıl həvəskarı olanlara qızıl üzüklər, daş-qaş sevənlərə brilyantlarla süslənmiş hədiyyələr, bəzilərinə isə oriyentasiyalarına uyğun olaraq canlı “mükafat”lar göndərilir. Bütün bunlar dünyaya “demokratiya, insan hüquqları” dərsi keçməyə çalışan Avropa parlamentarilərinin gerçək və iyrənc simalarını gün işığına çıxaran məqamların sadəcə, cüzi bir hissəsidir. Görünməyən, üzə çıxmayan iyrəncliklərin sayı isə bundan dəfələrlə çoxdur və belələrindən ədalət gözləməyə dəyməz”, - deyə E.Mirzəbəyli qeyd edib.

O təəssüflə bildirib ki, gözləri qatı irqçilik, islamofobiya və ksenofobiya pərdəsi ilə örtülmüş Avropa parlamentariləri, nədənsə erməni vəhşiliyinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki qanlı izlərini görmür, bəşər tarixinin ən utancverici mənzərəsinə nəzər salmaq, münasibət bildirmək istəmirlər.

Qırx dörd günlük müharibədən sonra 300-ə qədər Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Onların arasında öz peşə borclarını yerinə yetirən media nümayəndələri də var. Maraqlıdır, görəsən nədən öz maraqlarına uyğun gəldiyi halda, “söz və fikir azadlığı”ndan saysız-hesabsız sabun köpüyü üfürən Avropa parlamentariləri azərbaycanlı jurnalistlərin, günahsız insanların erməni terrorunun qurbanına çevrilmələrinə seyrçi qalırlar?

Siyasi ekspertin sözlərinə görə, bəlkə ermənilərə Avropa Parlamenti tərəfindən xüsusi status verilib və onlar günahsız insanları qətlə yetirə, başqalarının torpaqlarını mənimsəyə, evlərini, ziyarətgahlarını dağıda bilərlər? Bu necə təfəkkürdür? Bu ibtidai icma düşüncəsinin, qəbilə təfəkkürünün daşıyıcısı olan insanlar hansı haqla Azərbaycana qarşı ittihamlarla çıxış edirlər?

“Avropa Parlamentinin qəbul etməyə hazırlaşdığı növbəti “qətnamə” də bizim üçün əzik-üzük, simasızlığa, riyakarlığa, siyasi əxlaqsızlığa bulaşmış kağız parçasıdır və heç bir halda Azərbaycan dövlətinin iradəsinə, Azərbaycan xalqının mövqeyinə, ölkəmizin öz qanuni hədəflərinə çatmasına maneə yarada bilməz”, - deyə Elçin Mirzəbəyli əminliyini ifadə edib.