Ayı ilə bağlı Şəki sakinlərinə - Müraciət

ayi-ile-bagli-seki-sakinlerine
Oxunma sayı: 7000

“Görüntülərdən də görünür ki, ayı hələ təzə qış yuxusundan ayılıb və sakitdir. Bu səbəbdən vətəndaşlarımıza hazırkı müddətdə sakit yanaşmağı və heyvanı hürkütməməyi məsləhət görürük”.

Bu sözləri “Qafqazinfo”ya Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Şəkidə küçədə dolaşan ayı ilə bağlı açıqlamasında deyib. 

Bildirib ki, mütəxəssislər əraziyə çatana kimi şəhər sakinləri təmkinli davranmalıdır:

“Görüntülərdən müşahidə etmək olur ki, insanlar da ayıya qarşı sakit davranır, ayı da insanlara qarşı sakitdir. Əsasən qış yuxusundan yeni oyanmış ayılar yaxın ərazilərə qida axtarmağa çıxır və zibil qutularını eşirlər. Bu, dünyada da rast gəlinən bir haldır. Xüsusilə də, karantin müddətində insanlar meşələrdən kənar olduğu, evdə qaldığı üçün vəhşi təbiət bir qədər sakitliyə doğru gəlirlər. Ola bilər ki, xəstədir. Bunu müayinələrdən sonra bilmək olacaq. Yaxşı olar ki, mütəxəssislər əraziyə çatana kimi insanlar ayıya qarşı ehtiyatlı və sakit davransınlar”.

***

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, ayı Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq:

"Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman  müşahidə olunur. 

Qeyd edim ki, qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir. Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, eyni zamanda qonur ayıya da zərər dəyməsin. Ayının sağ-salamat Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”.

Günel Hacı