İranda əhaliyə yod həbləri paylanıb

iranda-ehaliye-yod-hebleri-paylanib
Oxunma sayı: 1489

İranın Buşehr şəhərinin sakinlərinə 180 000 yod həbi paylanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Iran International” Buşehr Tibb Elmləri Universitetinin nümayəndəsinə istinadən məlumat yayıb. 

Bu qərarın ölkənin yeganə atom elektrik stansiyasının yerləşdiyi Buşehrdə böhrana hazırlıq planı çərçivəsində həyata keçirildiyi bildirilir. Məlumata görə, yod həblərinin paylanması ilk növbədə atom elektrik stansiyasının ətrafında yaşayan sakinlər üçün nəzərdə tutulsa da, sonradan qərar bütün şəhər sakinlərinə şamil edilib.  

Sakinlərə həbləri radiasiya sızması baş verdiyi təqdirdə qəbul etmək tövsiyə olunub.

Bildirilir ki, radiasiya sızması halında radioaktiv yod sərbəst buraxıla, qalxanabənzər vəzi isə yodu asanlıqla uda bilər. Yod həbləri qəbul edildikdə qalxanabənzər vəzi sabit yodla doyur, radioaktiv yodu udma qabiliyyəti azalır və qalxanabənzər vəzinin zədələnmə riski aşağı düşür.