Tramp və oğlunu öldürməklə hədələyən şəxs həbs edildi

tramp-ve-oglunu-oldurmekle-hedeleyen-sexs-hebs-edildi
Oxunma sayı: 427

ABŞ-də Prezident Donald Tramp və onun oğlu Barron Trampın həyatına qəsd etməklə hədələyən şəxs polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” “CBS” telekanalına istinadən xəbər verir ki, Çikaqo sakini Maykl Kovço Ağ Evin rəsmi veb-saytı vasitəsilə dəhşətli hədələr göndərməkdə ittiham olunur.

İstintaq materiallarına görə, Kovço martın 17-də göndərdiyi mesajda Barronun başını kəsəcəyini və prezidenti snayper tüfəngi ilə vuracağını bildirib. O, mesajın sonuna öz telefon nömrəsini və e-poçt ünvanını əlavə edərək, “Cənab – mən sənin uşağını öldürəcəyəm – Kovço” deyə imza atıb.

Məktubunda sui-qəsd planını həyata keçirməkdə “ciddi şəkildə qərarlı olduğunu” vurğulayan şəxs martın 19-da Gizli Xidmət agentləri tərəfindən ziyarət edildikdən sonra daha da aqressivləşib. O, həmin gün zabiti “ovlayacağına” dair yeni mesaj göndərib və Vaşinqtonun müxtəlif yerlərinə əldəqayırma bombalar yerləşdirəcəyi ilə hədələyib. Keçən həftə həbs edilən şübhəlinin məhkəmə prosesi aprelin 10-da baş tutacaq.

Qeyd edək ki, bu, son aylarda Trampın təhlükəsizliyinə qarşı qeydə alınan yeganə insident deyil. Fevral ayında Məxfi Xidmət agentləri Trampın Floridadakı “Mar-a-Laqo” iqamətgahına silahlı müdaxilə cəhdinin qarşısını alıb. Əlində ov tüfəngi və benzin qutusu olan şəxs silahını yerə qoymaq əmrinə tabe olmadığı üçün güllələnərək öldürülüb. Hadisə zamanı Tramp iqamətgahda olmayıb.