Azərbaycandan Körfəz ölkələrinə raket atılması ilə bağlı - İddialar əsassızdır

azerbaycandan-korfez-olkelerine-raket-atilmasi-ile-bagli
Oxunma sayı: 1989

Medianın İnkişafı Agentliyi Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində raketlərin atılması ilə bağlı xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, Agentliyin açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığı qeyd olunub.

“Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır. Bu kimi cəhdləri qətiyyətlə pisləyirik. Bu növ iddialar ya qəsdən təxribat xarakteri daşıyır, ya da tamamilə məsuliyyətsiz və əsassız yanaşmanın nəticəsidir. Müasir texnoloji imkanlar şəraitində raket və ya digər uçuş vasitələrinin hansı istiqamətdən buraxıldığını müəyyən etmək çətin deyil.

Region və Körfəz ölkələri müasir radar və müşahidə sistemlərinə malikdir və bu sistemlər vasitəsilə obyektlərin mənşəyi və trayektoriyası aydın şəkildə müəyyən olunur”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və regional sabitliyin qorunmasına daim sadiqdir: “Bütün tərəfləri yalnız yoxlanılmış və etibarlı mənbələrə istinad etməyə, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq”.Media subyektlərini və sosial şəbəkə istifadəçilərini informasiya yayımı zamanı yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirməyə, yalnız rəsmi və etibarlı mənbələri əsas götürməyə, şübhəli və manipulyativ xarakterli məlumatların yayılmasına yol verməməyə səsləyirik”.